“Məqsədim odur ki, çinlilər Azərbaycanı ingilis və rus dilini öyrənmədən də tanıya bilsinlər”
Aliyə Həşimova: “Çin dilini öyrənən gənclərimizin sayı durmadan artır”
Azərbaycandan dünyanın dörd bir yanına təhsil almaq üçün üz tutan gənclərimizin fəaliyyətləri, uğurları barədə oxucularımızı məlumatlandırmaqda davam edirik. Budəfəki müsahibimiz dünyanın ən çətin dillərindən birinə malik və ən çox əhalisi olan ölkəsinə-Çinə üz tutmuş bir gəncdir. Aliyə Həşimova orta təhsilini Sumqayıtda alıb. Bu il Bakı Dövlət Universitetinin(BDU) Regionşünaslıq fakültəsini (Çin üzrə) üzrə bitirib. O, BDU nəzdindəki Konfutsi İnstitutunun vasitəsi ilə Çində Anxoy Universitetinin Çin dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Aliyə hazırda BDU nəzdindəki Konfutsi İnstitutu direktorunun köməkçisi vəzifəsində çalışır və Çin dili kurslarında tədris aparır.
- Gənclərimiz
xaricdə
təhsil
almaq üçün əsasən
Avropa ölkələrini
seçirlər. Ən çətin dillərdən
birinə
malik olan bir ölkədə təhsil
almaq ideyası sizdə haradan yarandı?
- Bu sual mənim
özümü də
çox düşündürüb. Çünki bildiyiniz kimi, mən regionşünasam. Karyeramı Çin üzrə
və bu sahəyə yönəltməyə heç vaxt fikrim olmayıb.
Sadəcə ailəmdə, əsasən də anam tərəfindən
Şərq mədəniyyəti
və ədəbiyyatına böyük sevgi var.
Anamın qərarı
və məsləhəti
ilə bu fakültəni seçib,
Çin dilini öyrənməyə başladım. İndi heç də
bu seçimdən
peşman deyiləm.
2011-ci ilin aprel ayında mən üçüncü kursda
oxuyarkən Bakı
Dövlət Universitetinin
nəzdində olan Konfutsi
İnstitutunun açılış mərasimində fəal iştirak etdim və demək olar ki, o andan mənim həyatım tamamilə dəyişilib. Konfutsi İnstitutu
bizə-
Çin dili üzrə oxuyan tələbələrə fürsət verdi ki Çin Xalq
Respublikasının cənub provinsiyasının ən məşhur universitetlərindən biri olan Anxoy Universitetində təhsilimizi davam edək. Beləcə, Çinə
getmək və orada təqaüdlə oxumağı
qazananlar arasında mən
də oldum.
- Çin deyəndə, ilk növbədə ora gedib yaşayan azərbaycanlı üçün
qidalarla bağlı problemlərin olacağı ağla gəlir. Fərqli mədəniyyət, fərqli mətbəx təhsil aldığınız
müddətdə sizin üçün problem olmadı ki?
- Tam
haqlısınız. Bəzi
Asiya ölkələri, o cümlədən Çin mətbəxindəki fərqliliyi ilə bir qədər seçilir. Bu
da bir çox ölkələrdən bura gələnlər üçün azacıq da olsa,
bəzi çətinliklər yaradır. Amma Çinə
getməmişdən əvvəl
mən onların mətbəx mədəniyyəti haqqında
çoxlu kitab oxumuşdum və
bir çox ora üz tutan gənclər kimi, mən də çinlilərin Bakıda olan
restoranlarına öz çinli dostlarım ilə getmişdim.
Qeyd etmək istərdim ki, Çinə maraq göstərən hər kəs bilməlidir - çinlilərin əsas 8 kateqoriyalı mətbəxi var və hər bir kateqoriyanın öz yeməkləri, dadları var. Ora getdiyim
ilk aylarda bir qədər bu məsələdə problemlər yaşanırdı. Amma
alışdım və
indiyə qədər o “da pan ci” adlı yeməyi çox sevirəm və bunu çox
dadlı hesab edirəm.
- Çinlə Azərbaycan arasında tələbə mübadiləsi haqqında bilgiləriniz varmı?
- Bildiyim
qədəriylə, Azərbaycan vətəndaşlarının xaricdə təhsil almaları, həm də əcnəbilərin Azərbaycanda təhsil almaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanan əsasnamə 2001-ci ildə təsdiq edilib. Təhsil Nazirliyinin ikitərəfli tələbə mübadiləsi
proqramlarını həyata
keçirdiyi ölkələrdən biri də
Çin Xalq Respublikasıdır. 2012-2013-cü tədris ilinə olan məlumata görə isə Azərbaycan ali məktəblərində 40 ölkədən, o cümlədən Çin Xalq
Respublikasından da 5440 tələbə təhsil alıb. Son bir neçə il ərzində Azərbaycanda təhsil alan çinli tələbələrin sayı böyük
dinamika ilə dəyişməkdədir və say çoxluğu baxımından
üçüncü yerdədir. Həm də 1993-cü tədris ilindən başlayaraq məhdud sayda Azərbaycan vətəndaşı Çin Xalq
Respublikasının ali məktəblərində təhsil almağa göndərilib və bu mübadilə Çin hökumətinin Azərbaycana
ayırdığı vəsaitlər əsasında həyata keçirilir. Dövlət təqaüdləri hesabına
Çində eyni
vaxtda 40 Azərbaycan
vətəndaşı təhsil ala bilər. 2013-2014–cü tədris
illində məzun olacaq tələbələri nəzərə
alaraq Azərbaycan vətəndaşlarına 26 nəfərlik təqaüd
ayrılıb. Həm
də 2011-ci ildə BDU nəzdindəki Konfutsi İnstitutunun
açılışı Çində
təqaüdlü təhsil almaq istəyən gənclər üçün
gözəl bir
fürsət
yaratdı.
- Oxuduğunuz müddətdə Çində olan tələbələrimizin aktivliyi və ümumiyyətlə, diasporumuzun fəaliyyəti sizi qane edirdimi?
-Mən Çində olduğum müddətdə Pekin, Şanxay şəhərlərində azərbaycanlı tələbələrin Azərbaycanı uğurlu şəkildə əcnəbilərə təqdim etməyi və ölkəmiz haqqında təblığat
kampaniyalarının aparılması haqqında çox
eşitmişdim. Həmçinin,
təhsil
aldığım Xefey şəhərində və universitetdə
də Azərbaycanla bağlı
olan həqiqətləri yayır, bu istiqamətdə bəzi
işlər
görürdük. Xeyli sayda festivallarda
iştirak edib Azərbaycan
gəncliyinin fəal olduğunu bir daha
sübüt edirdik. Amma təəsüflər olsun ki, olduqca böyük
Çində çoxsaylı tələbə qrupu, diaspor nümayəndələri çox az
şəhərlərdə var. Ümid edirəm ki, bu istiqamətdə də gələcəkdə işlər görüləcək.
-Azərbaycan həqiqətlərinin Çin dilində yayılmasında hansısa
töhfələrinz olubmu?
- Bəli, olub. Biz
hamımız bilirik ki, sosial şəbəkə 21-ci əsrin
gücüdür. ÇXR-də “Facebook” və “Twitter” sosial şəbəkəsi,
həmçinin
böyük “YouTube” video şəbəkəsinə
bağlıdır. Texniki sahədə öndə olan Çin “baidu.cn” ,
“qq.com”, “youku.cn” və s. sosial şəbəkələri aktiv istifadə edir. Mən
Azərbaycan
haqqında Çin dilinə
tərcümələr edib, ayrı-ayrı məqalələr və
videoları da paylaşmağa çalışıram ki, hər bir internet istifadəçisi olan
çinli Azərbaycanı
ingilis və rus
dilini öyrənmədən də
tanıya bilsin. Gələcəkdə
bu istiqamətdə fəaliyyətimi
davam etdirəcəm.
- Çində təhsil almış tələbə kimi bu ölkədə təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdiniz?
-Məsləhətlərim sadə və qısa olacaq. Birincisi, siz ÇXR-də
təhsil
almağınızı fikirləşirsizsə, nəyə əsaslanaraq
onu seçməyinizi
bilməlisiniz.
İkincisi, belə
bir böyük ölkəyə üz tutursunuzsa,
Çini sevməlisiniz.
Üçüncü məqam
- Çin dili elə
bir dildir ki, siz onu həyatınız
boyu öyrənəcəksiniz. Buna məcbursunuz. Dördüncüsü, Çinə gəlsəniz, mütləq onların mədəniyyətini
öyrənməyə çalışın. Beşinci və
axırıncısı isə,
hər bir Çin
dilini və ədəbiyyatını öyrənən və
ya Çinə gələn gənc
Azərbaycan-Çin
əlaqələrində
mühüm rol oynaya bilər.
Bu səbəbdən də
ikitərəfli əlaqələrimizi öz təhsil uğurlarınız və aktiv fəaliyyətiniz ilə möhkəmləndirin.
- Bu gün gənclərimiz Azərbaycandan dövlət proqramı ilə dünyanın dörd bir
yanına təhsil almağa yollanırlar. Hökumətin gənclərə olan bu diqqət
və
qayğısını necə
qiymətləndirirsiniz?
- Dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunmuş, amma maddi
baxımdan çətinliklə üzləşib təhsil ala bilməyən istedadlı gənclər üçün dövlət proqramı çox
böyük imkandır. Gəncliyimizin hökumət tərəfindən
dəstək ala bilməsi qürurverici hisslər oyadır. Bu tədbirlər gənclərə daim qayğı göstərməklə
Azərbaycana xeyirli
olan kadrların yetişməsində də mühim rol oynayır.
Ölkədə gənclər siyasətinin düzgün aparılması və gənclərin Azərbaycanın daxilində və ya xaricdəki ictimai-siyasi həyatında aktiv olması,
dövlət və gənclərin effektiv iş birliyinə dəstək verməsi üçün cənab Prezidentimizə-İlham Əliyevə minnətdaram.
- Azərbaycanda Çin dilini bilən gənclərin sayı kifayət qədər deyil. Bu istiqamətdə olan
boşluqları doldurmaq üçün hansı tədbirlər görülməlidir?
- Öncə qeyd etdiyim kimi,
çoxsaylı Azərbaycan gəncləri həm ÇXR-də, həm də BDU nəzdindəki Konfutsi İnstitutunun filiallarında Çin dilində oxuyurlar və indi demək olar ki, Azərbaycanda Çin dilini bilən gənclərin sayı artmaqdadır. Həm də Çin dili mərkəzində
Azərbaycanla
bağlı festivallar təşkil
olunmaqla daim Çinə
və onun mədəniyyətinə maraq göstərən gənclərlə görüşlər keçirilir.
Təhsil
Nazirliyinin təşəbbüsü ilə Çin dili mərkəzi Azərbaycanın beş nüfüzlu
universitetində filialların qapılarını açıb. Həmçinin,
bu ilin noyabr ayında açılmış Çin dili
kurslarının da bu işdə
faydalı olacağına düşünürəm. Ümid edirəm ki , gəncliyimiz dörd min illik tarixə malik olan Çinə diqqətini yönəldib, oradan Azərbaycana maraqlı və keyfiyyətli bilgilər gətirərlər.
-
Artıq başqa ölkələrdə oxuyan tələbələrimizin vətənə qayıtmamaq problemi demək olar ki qalmayıb. Xaricdə təhsil alan gənclərin böyük qisminin sizin
kimi ölkəyə qayıdıb burada fəaliyyət göstərməsi ölkənin daha da inkişafına
hansı töhfələri verə bilər?
- Tam haqlısınız. Fikirlərinizə əlavə etmək istərdim ki, uzun illər əvvəl xarici ölkələrə üz tutmuş və orada öz yerini tutan və layiqincə fəaliyyət göstərən vətəndaşlarımız arasında Azərbaycana qayıtmağa qərar verənlər də var. Gənclərimiz təhsil aldıqdan sonra vətənə dönüb Azərbaycanın hər bir sahəsində inkişafda mühüm yer tuta bilərlər. Gələcəyimiz, uğurumuz və inkişafımız Azərbaycan gəncliyinin əlindədir.
Tural
Tağıyev
Palitra.-2013.-15 noyabr.-S.7.