“Artıq gənclərimiz cəmiyyətin avanqard qüvvəsinə çevrilib

Günay Məhərrəmli: “Dövlətimiz gənclərin dünyaya inteqrasiyasına geniş şərait yaradır”

Azərbaycanda bütün sahələrdə daha çox gənclərin önə çəkilməsi, onların ictimai-siyasi proseslərdə daha fəal olmaları üçün yaradılan şərait bir sıra istedadlı və bacarıqlı gənclərimizin üzə çıxmasına səbəb olub. Belə bacarıqlı gənclərdən biri də Günay Məhərrəmlidir. Günay Gənclərin Töhfəsi İctimai Birliyində(GTİB) icraçı direktor və ictimaiyyət üzrə departamentin sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqında(ATGTİ) TGT-nin sədr müavini kimi fəaliyyət göstərir. Günay Məhərrəmli ilə olan müsahibəni oxuculara təqdim edirik.

- Təmsil etdiyiniz təşkilatların fəaliyyəti barədə nə deyə bilərsiniz? Hansı fəliyyət planların;z var?

- Öncə onu deyim ki, bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi tarixi kökdən, gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Son illərdə dövlətin gənclərə göstərdiyi qayğı artıq öz nəticəsini verməkdədir. Bir çox aktiv gənclərimiz ictimai-siyasi proseslərdə fəallıq göstərməklə yanaşı artıq Azərbaycan üçün önəmli olan təbliğat və təşviqat işlərinə da qatılırlar. Eləcə də bizim ictimai birliyimizin üzvləri olan gənclər bu yöndə fəaldırlar. Bizim çox güclu komandamız var. Hər zaman yeni layihələr hazırlayıb müxtəlif istiqamətlərdə təqdim edirik. Qarşıda bir çox planlar, layihələr, beynəlxalq tədbirlərimiz də var. Sirr deyil ki, son illərdə hökumət gənclərin ictimai-siyasi proseslərdə aktiv iştirakı üçün kifayət qədər şərait yaratdı. Bunlardan biri də gənclər təşkilatlarının fəaliyyətidir. Bu mənada biz də çalışırıq ki Azərbaycanımız üçün öz töhfələrimizi verək.

- Son illərdə dövlətin gənclər siyasətinin xeyli dinamikləşdiyini dediniz. Azərbaycan gənclərinə yaradılmış hazırkı şərait sizi qane edirmi?

- Bu gün tanıdığım bir sıra gənclər müxtəlif qurumlarda, dövlət işlərində, ayrı-ayrı vəzifələrdə çalışırlar və onlar gənc olmalarına baxmayaraq, artıq ictimai-siyasi proseslərdə, eləcə də cəmiyyətdəəyyən bir mövqe sahibləridirlər. Dövlətin həyata keçirdiyi siyasət gənc nəslin hərtərəfli inkişafına, onların problemlərinin həllinə, gənclərin dövlət idarəçiliyində, ictimai həyatda, cəmiyyətdə gedən proseslərdə fəal iştirakına, vətənpərvər, öz dövlətinin və xalqının təəssübünü çəkən vətəndaş kimi formalaşmasına tam şərait yaradır. Dövlətin həyata keçirdiyi siyasət gənc nəslin hərtərəfli inkişafına, problemlərinin həllinə, onların dövlət idarəçiliyində, ictimai həyatda, cəmiyyətdə gedən proseslərdə fəal iştirakına, vətənpərvər, öz dövlətinin və xalqının təəssübünü çəkən vətəndaş kimi formalaşmasına tam şərait yaradır. Cənab Prezident İlham Əliyev həmişə gənclərlə görüşür, onlarla fikir mübadiləsi aparır, problemləri ilə maraqlanır və bu problemlərin həlli məqsədilə müvafiq fərman və sərəncamlar imzalayır, xüsusi tapşırıqlarını da verir. Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi, savadlı, yüksək intellektli gənclərin yetişdirilməsi, onların irəli çəkilməsi və dövlət idarəçiliyində yaxından iştirakının təmin edilməsi üçün zəruri tədbirlər də görülür. 2012-ci ildə yaradılmış Gənclər Fondu gənclər təşkilatlarının müxtəlif layihələrinin maliyyələşməsini təmin etməklə onların fəallığını artırır, müxtəlif sahələrdə potensiallarının daha geniş realizə olunması üçün əlavə stimul yaradır. İnkişaf etmiş əksər ölkələrdə belə bu cür şəraitlər yaradılmır. Bir çox ölkələr gənclər üçün bizdə olduğu kimi Gənclər evləri tikmir, onların normal vərdişlərə aludə olmaları üçün idmana cəlb etmir. Bütün bunlara baxıb necə fəxr etməyəsən?

-Azərbaycan gənclərinin ictimai həyatdakı fəallığını qənaətbəsaymaq olarmı?

- Gənclərimiz əslində bütün ictimai-siyasi işlərdə fəallıq göstərirlər. Bu aktivlik nəinki ölkə daxilində, hətta ölkə xaricində də öz əksini tapır. Müxtəlif qeyri-hökumət təşkilatlarında təmsil olunan gənclər də ölkə rəhbərinin yürütdüyü dövlətçilik ənənələrini daim yüksəklərə doğru aparmağa çalışırlar. Bu baxımdan gənclərə böyük imkanlar və şanslar verilib. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə-gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər, toxunduqları problemlər və ümumilikdə məqsəd-məramları da kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədərdir. Xüsusilə gənclərlə bağlı son proqramın təsdiq olunması bu istiqamətdə atılan ən uğurlu addımlardandır. Əgər biz bu gün gənclər üçün yaradılan imkanları illər öncəsi vəziyyət ilə müqayisə etsək, çox böyük bir fərqin olduğunu açıq-aydın görə bilərik. Xarici ölkədə təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak üçün xaricə səfər etmək, QHT, gənclər təşkilatı kimi hər hansı layihələri icra etmək və hansısa xəbər portalına sahib olmaq kimi cəhdlər bu gün müasir Azərbaycan gənci üçün artıq heç bir problem yaratmır. İllər öncə gənclər arasında sağlam olmayan rəqabət mühiti bu gün birlik, sağlam rəqabət və anlayış mühitinə çevrilib. Bu da əlbəttə bizə yaradılan şəraitdən düzgün şəkildə istifadə nəticəsində əmələ gəlib.

- Son illərdə gənclərimizin dünyaya inteqrasiyası çoxalıb. Bunu necə dəyərləndirirsiniz?

-Əlbəttə, bu amili çox gözəl dəyərləndirirəm. Bildiyimiz kimi, dövlət bizim ölkə daxilindəki inkişafımıza diqqət yetirdiyi qədər, gənclərin dünyaya inteqrasiyasına da şərait yaradır. Bu danılmaz bir faktdir ki, dövlət gənclərimizin dünya ölkələrinə daha çox çıxması üçün hər cür yardımlarını edir. İstər tədbirlərlə bağlı, istər layihələr və ya təhsillə bağlı olsun, dövlət heç bir sahədə köməkliyini əsirgəmir. Onu da qeyd edim ki, bu yaxınlarda Türkiyədə bir lahiyədə iştirak etdim. Orada başqa ölkələrdən- Fələstin, Rusiya, Bosniya və Herseqovina, Rumıniya və İspaniyadan olan gənclər də var idi ki, onlar da öz ölkələrini təmsil edirdilər. Orada Azərbaycan gecəsi təşkil olundu ki, burada da məqsədimiz öz milli adət-ənənələrimizi, milli dəyərlərimizi, mətbəximizi əcnəbi gənclərə tanıtmaq idi. Onlara bacardığımız qədər Qarabağ, Xocalı həqiqətlərini çatdırmağa çalışırdıq. Eləcə də bu gün bizim aktiv gənclərimizin ölkə daxilində bu istiqamətdə olan fəaliyyəti göz qabağındadır və bunlar alqışa layiqdir.

- Aktiv bir gənc kimi bu gün ölkənin sürətlə inkişaf etməsini və bu prosesdə gənclərin rolunu necə görürsünüz?

- Tam haqlısız. Ölkəmiz bu gün inanılmaz sürətlə inkişaf xəttini götürüb və bu da danılmaz faktdır ki, bu işdə fəal, istedadlı, savadlı gənclərimizin rolu böyük olur. İnkişaf edən bütün sahələrdə bacarıqlı, perspektivli və savadlı kadrlara ehtiyac günü-gündən artır ki, dövlətimiz də bu boşluğu gənclərimizlə doldurmağa çalışır. Təsəvvür edin ki, bu gün bütün sahələrdə sadaladığım keyfiyyətlərə malik gənclərimizin çalışması gələcəkdə onların necə peşəkar kadrlar kimi ölkəyə xeyir verməsindən xəbər vermiş olacaq. Qısası, ünsiyyətdə olduğumuz və Azərbaycan haqda məlumatlı olan bir çox əcnəbi gənclərini dili ilə desək, Azərbaycan bu gün bir çox xarici ölkələrin həsədlə baxa biləcəyi səviyyədə çiçəklənib inkişaf edir!

 

Tural Tağıyev

Palitra.-2013.-16 noyabr.-S.7.