“Gənclər Prezidentin yaratdığı imkanlardan layiqincə istifadə etməlidirlər”
Kaunasın 27 yaşlı azərbaycanlı alimi:
“Dövlətin dəstəyi ilə Litvada elmi-tədqiqat aparıram”
Azərbaycanın dünya elminə, mədəniyyətinə, iqtisadiyyatına və ümumilikdə bəşəriyyətə verdiyi töhfələri saymaqla bitməz. Təsadüfi deyil ki, bu gün bütün dünyanın şəxsiyyətinə və dünya elmində etdiyi inqilaba heyrətlə baxdığı Lütfizadə kimi dünya səviyyəli alim azərbaycanlıdır. Artıq Azərbaycandan dünyaya Lütfizadənin davamçılarının çıxmağa başladığını desək, yanılmarıq. Qürurverici haldır ki, bu gün belə gənc alimlər Azərbaycanla da sıx bağlıdırlar. “Palitra”ya müsahibə verən həmin gənclərdən biri haqqında söhbət açacağıq. Fəxrimiz sayıla biləcək gənclərimizdən biri də 27 yaşlı Elnur Abbasovdur. Elnur gənc alimdir. O, iki dəfə (2010 və 2012-ci ildə) Azərbaycan Prezidentinin təqaüdçüsü adını qazanıb və Litva Enerji İnstitutunun həqiqi üzvüdür. Gənc alim hazırda Kaunas Texnologiya Universitetində alternativ və bərpa olunan enerji mənbələrinin öyrənilməsi üzrə tədqiqat aparır. Bir neçə sahədə elmi fəaliyyəti ilə əlaqədar Almaniyada 3 kitabı çapdan çıxıb.
- Öncə
ondan başlayaq ki, iki dəfə
Prezident təqaüdçüsü
olmaq, bu adı qazanmaq hər kəsə
nəsib
olmur. Necə oldu
ki, belə bir
uğur qazandınız?
- 2010 və 2012-ci illərdə Prezident təqaüdünə layiq görülmüşəm. İki dəfə bu yüksək mükafata layiq görülməyim təsadüfdən yaranmayıb. Belə yüksək dəyərlər gərgin əmək, bacarıq və savada verilir. Gənclərimizin böyük bir qismi kimi mən də vətənə olan hərbi borcumu uğurla verdikdən sonra, 2010-cu ildə Berlin Texnologiya Universitetində magistr təhsili almağa başladım. Bu universitet tarixində ən yaxşı tələbələr siyahısına qatılan birinci azərbaycanlı oldum. Beləcə, akademik nəticələrimə görə Prezident təqaüdünə layiq görüldüm. Hal-hazırda isə elmi fəaliyyətimi Litva Enerji İnstitutunda davam etdirirəm. Alternativ və bərpa olunan enerji mənbələrinin öyrənilməsi ilə məşğul oluram. Cənab Prezident isə ikinci dəfə mənə elmi fəaliyyətimə görə təqaüd ayırmışdı. Təbii ki, gənc alim olaraq bu, məni daha da ruhlandırdı və mənim gələcək uğurlarım üçün bir növ stimul verdi.
- Xaricdə
təhsilinizi
davam etdirdiyiniz
müddətdə burada
hansı uğurlarınız olub?
- Maraq üçün deyim ki, mən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olmuşam. Magistratura təhsilimi isə qeyd etdiyim kimi, Almaniyada aldım. Berlin Texnologiya Universitetinin tələbəsi adını qazanandan sonra elmi fəaliyyətlə daha dərindən məşğul oldum. Təhsil müddətimdə elmi mütəxəssis kimi Lvovda da işləmişəm, YUNESCO-nun mədəni irs abidələrilə bağlı proqramında tədqiqat aparmışam. Nəticədə Almaniyada bu məsələyə dair ingilis dilində kitabım çap olunub.
Bu ilin oktyabrında isə azərbaycanlı elmi-tədqiqatçı kimi ESRI GIS beynəlxalq coğrafi informasiya tədqiqat sisteminin kursunu uğurla başa vurdum. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mən bu nəticəni əldə etmiş ilk azərbaycanlıyam. Bu siyahıda Azərbaycanın adının digər inkişaf etmiş ölkələrlə yanaşı çəkilməsi ilə qürur duydum.
İndi isə dördüncü kitab üzərində işləyirəm, bu dəfə araşdırma Günəş enerjisi ilə əlaqədardır. Yəqin bir neçə ilə hazır olar. Bir müddət müqavilə əsasında Litvada işləyəcəyəm. Dünya şöhrətli enerji istehsalı və daşınması üzrə fransız şirkəti “Alstom-Grid” və ingilis şirkəti olan “Trans Global”da da çalışmışam. Ancaq bütün planlarım Azərbaycanla bağlıdır.
- Qeyd
etdiniz ki, elmi-tədqiqatçı
kimi ESRI GIS beynəlxalq coğrafi informasiya tədqiqat
sisteminin kursunu uğurla başa vurmuş ilk azərbaycanlısınız.
Gənc
yaşınızda belə uğurun
sirri nədədir?
- Öncə ESRI GIS beynəlxalq coğrafi informasiya tədqiqat sistemi barədə qısa məlumat vermək istərdim ki, bu sistem iqtisadi, sosial, ekoloji, konfliktli vəziyyətlərin həlli sferasında geniş istifadə olunan və hal-hazırda beynəlxalq tələbatlara tam cavab verən, məlumatların 3D formatında hazırlanıb, ötürülməsində istifadə olunan bazadır. İlk azərbaycanlı olaraq bu sistemi öyrənmək, elmi fəaliyyətimdə geniş istifadə etmək mənə qismət olub və bu, qürurverici hissdir. Ümid edirəm, gələcək nəsillər mənim bu elmi nəticələrimdən istifadə edə biləcəklər. Bu uğurun sirri düzgün və zəhmətlə elmlə məşğul olmaqdadır, yəni, qısası uğurların açarı elm, elm və yalnız elmdədir.
- Litva
Enerji İnstitutunun həqiqi
üzvüsünüz. Bir
qədər
buradakı fəaliyyətiniz
barədə
məlumat
verərdiniz...
- Bəli. Hal-hazırda Litva Enerji İnstitutunda elmi fəaliyyətimi davam etdirib elmlə məşğul olur və eyni zamanda Kaunas Texnologiya Universitetində doktorluq dərəcəsi üzrə təhsil alıram. Litva Enerji İnstitutunda alternativ enerji mənbələrinin tədqiqi, onların Azərbaycanda tətbiqi potensialının araşdırılması ilə də məşğulam. Əsas məqsədim gələcəkdə bərpa olunan və alternativ enerji mənbələrinin ölkəmizdə geniş tətbiqi prosesində yaxından iştirak etməkdir.
- Azərbaycanla
bağlı hansı aktiv fəaliyyətləriniz
olur? Azərbaycan həqiqətlərinin
tanınması istiqamətində
də
fəallıq
göstərirsinizmi?
- Mən elmi fəaliyyətimlə yanaşı, ictimai fəaliyyətə də önəm verir, bu istiqamətdə bəzi işlər görürəm. Azərbaycan həqiqətlərinin avropalı dostlarımıza, Azərbaycandan tam xəbərdar olmayan Avropa cəmiyyətinə düzgün və sağlam şəkildə çatdırılmasında aktiv fəaliyyət göstərirəm. Xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatının və Litvada yaşayan azərbaycanlı gəncləri öz ətrafında birləşdirən AYOL təşkilatının aktiv üzvüyəm. Litva və Baltikyanı ölkələr üzrə bir çox tədbirlərin həyata keçirilməsi və hazırlanması üzrə daim öz əməyimi əsirgəmirəm. Eyni zamanda Almaniyada yaşadığım dövr ərzində bir çox dövlət əhəmiyyətli günlərin, tədbirlərin qeyd olunması, hamımızın ağrılı yeri olan Xocalı faciəsinin ildönümü və Azərbaycan mədəniyyət gecələrinin təşkili və reallaşması üzrə fəaliyyət göstərmişəm. Bu istiqamətdə fəaliyyətim də davamlı olacaq. Düşünürəm ki, hər bir xarici ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı, yaşından, fəaliyyət sahəsindən asılı olmayaraq, təbliğat-təşviqat işlərində aktiv olmalıdır. Bilirsiniz, bu, mənim mənəvi borcum, məsuliyyətim və qürur mənbəyimdir.
- Azərbaycanın
enerji sahəsində
artıq lider dövlətlərdən
biri olması barədə
gənc
alim kimi hansı
proqnozları verə bilərsiniz?
Gələcəkdə
ölkənin bu sahədə
inkişafını necə görürsünüz?
- Çox doğru qeyd etdiniz ki, Azərbaycan enerji istehsalı və satışı üzrə regionun lider dövlətinə çevrilib. Həqiqətən də bu belədir ki, liderlik və ümumilikdə aparılan düzgün xarici siyasət sayəsində dünya ölkələri bizimlə hesablaşmaq məcburiyyətində qalırlar. Ölkəmiz hal-hazırda öz istehlakçılarının enerji tələbatını tamamilə təmin edir. Təsəvvür edin ki, bir vaxtlar qonşu ölkələrdən elektrik enerjisi alan Azərbaycan artıq özü daxili tələbatını tam ödəyib, qonşularını da enerji ilə təmin edir. Respublikamız üzvi mənşəli enerji mənbələri üzrə də ixtisaslaşıb və dünya bazarında öz yerini tutub. Lakin onu da qeyd etmək lazımdır ki, hal-hazırda Avropa cəmiyyəti daha ekoloji təmiz, bərpa olunan və ucuz enerji istehsalına keçir və bu tələbatdır. Təsadüfi deyil ki, cənab Prezident "Azərbaycanda alternativ və bərpa olunan enerji mənblərinin istifadəsi üzrə Dövlət Proqramının" həyata keçirilməsi üçün fərman verdi və bununla da Azərbaycanda "yaşıl idarətmə"yə keçidin əsası qoyuldu. Bu işin reallaşması biz gənclərin də üzərinə düşür.
Bütün bunlardan əlavə ölkə başçısı gənc elm adamlarına da xüsusi önəm ayırır. Şəxsən mən istər təhsil, istər elmi, istərsə də iş fəaliyyətimdə Prezident İlham Əliyevin qayğısını birbaşa hiss etmişəm. Cənab Prezident gənclərimiz üçün istər təhsil, istər elmi fəaliyyət, istərsə də mədəni, musiqi, idman fəaliyyəti və bir çox sferalarda geniş imkanlar yaradıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bunun bariz nümunəsidir. Biz gənclərin üzərinə düşən öhdəlik öz ixitisasımız üzrə savadlı kadr kimi yetişmək və vətənə layiqli şəxslər olmaqdır.
-Sonda
xaricdə
təhsil
alıb uğur qazanmaq
istəyən
gənclərimizə
hansı məsləhətləri
verərdiniz?
- İstər xaricdə təhsil almaq istəyən gənclərimizə, istərsə də ümumiyyətlə bu gün Azərbaycan cəmiyyətinin özəyini təşkil edən aktiv gənclərimizə məsləhət görmək istərdim ki, daim iddialı, pozitiv olsunlar. Özlərinə daim güvənsinlər. Heç bir iş asanlıqla, təsadüfdən alınmır. Uğurlu nəticə üçün yuxusuz gecələr, ağır zəhmət və səbir labüddür. Gənclərə məsləhət görərdim ki, savadlı, elmli olsunlar, bu gün cənab Prezidentin gənclərimizə yaratdığı geniş imkanlardan layiqincə istifadə etsinlər və heç bir zaman ruhdan düşməsinlər. İnanın ki, bu gün gənclər üçün Azərbaycanda yaradılan şərait əksər Avropa ölkələrində belə yoxdur!
Tural Tağıyev
Palitra.-2013.-19 noyabr.-S.4.