Seyid Əhməd Arslan: “Mən özümü Azərbaycanın övladı hesab edirəm”

Müsahibimiz Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslandır:

 

- Bu gün Türkiyə Cümhuriyyətinin səfirliyi mədəniyyət və turizm sahəsində hansı layihələr həyata keçirir?

- Biz bu suala cavab vermək üçün öncə, ötən iki ili də dəyərləndirməliyik. Qarşıda vəzifəmizin bir ili qalıb. Onu da, ayrıca dəyərləndirmək lazımdır. Geriyə dönüb mədəniyyət və turizm sahəsində görülən işlərə baxsaq, Türkiyənin turizmini ön plana çıxaran bir reklam fəaliyyətimiz var ki, bunu ilin ilk altı ayında görərsiniz. Biz bura gələndə 200 min dollar dəyərində olan reklam büdcəmizi 600 min dollara qaldırmaqla böyük bir həmləni gerçəkləşdirdik. Bu səbəbdən turizm sahəsindəki işlərimiz çox yaxşı gedir. Fəaliyyətimizdə ilk olaraq onu qeyd edim ki, çalışdığımız proyektlərdə reklam fəaliyyətləri uğurla həyata keçirilir və bundan yaxşı nəticələr əldə edilir. Daha sonra sərgi fəaliyyətlərimizdir. Azərbaycanda və Gürcüstanada gerçəkləşdirilən bütün sərgilərdə iştirak edirik. Bu sərgidə turizm ölkəsi olan Türkiyənin bütün istiqamətlərini göstərmək üçün müvəffəqiyyətlə geniş sahədə iştirakı təmin edirik. Bu səbəbdən turizmin ən vacib fəaliyyətlərindən biri olan sərgiləri də diqqətlə izləyərək, günün tələblərinə görə Türkiyənin turizm birjasını dəyərləndirdiyimiz bu sərgilərdə müştəriləri ilə turistik fəaliyyətdə olmaq istəyən hər kəslə Türkiyəni görüşdürməyə və tanıtmağa çalışırıq. Daha bir fəaliyyətimiz olan təbliğatçılığı nəzərinizə çatdırmaq istəyirəm. Həm Azərbaycanda, həm də Gürcüstanda Türkiyənin elanını həyata keçiririk. Bununla xalqın nəbzini tuturuq. Yəni, Türkiyəyə olan münasibəti hər an izləyirik. Azərbaycan xalqının Türkiyəyə olan marağını və hansı sahələrdə problemlər varsa onlara yerində müdaxilə etmək üçün təbliğat işlərini davam etdiririk.

Buna misal olaraq, həm Bakıda, həm də Tiflisdə geniş səviyyədə 3000-ə yaxın insanın iştirak etdiyi sorğu keçirildi. Bu sorğu daha çox fərqli yaş qrupları arasında keçirildi. Sorğu Türkiyə və onun mədəniyyətinə olan münasibəti təyin etmək və iştirak edənlərin bəzi sahələrdəki biliklərini kəşf etmək məqsədi ilə hazırlandı. Keçirilən sorğuda cəmi 3152 nəfər olmaqla müxtəlif yaş həddindəki şəxslərin rəyləri öyrənildi. Məsələn, 18-25 yaş qrupu arasında keçirdiyimiz bir sorğuda 1226 nəfər iştirak etdi. Bu sorğu daha çox universitetlərdə, kolleclərdə, metro girişlərində, şəhərin mərkəzi küçələrində gənclərin anketi doldurması, yaxud suallarımıza cavab vermələri şəklində keçirildi. Daha sonra 25-50 yaş qrupu arasında fərqli sorğular keçirdik. Bu sorğu 1522 nəfər arasında aparıldı. Daha bir sorğu isə 125 evdar xanım arasında Türkiyə alqısının necə olduğunu öyrənmək məqsədilə keçirildi. 50-70 yaş qrupu arasında da bir sorğu keçirdik. Bu sorğu da yaşlı insanların Türkiyə alqısını öyrənmək üçün keçirildi. Beləcə Azərbaycanda və Gürcüstanda fərqli yaş qrupları arasında Türkiyə dedikdə onların fikrində nə yaranır, niyə Türkiyəni seçirlər və s. kimi suallara cavab tapmaq üçün bir sorğu keçirdik. Bu sorğu çox uğurlu oldu. Burada bir şeyi çox rahatlıqla deyə bilərəm ki, xüsusilə turizmdə Türkiyə həm Azərbaycanda, həm də Gürcüstanda birinci sıradadır. Bu hər keçən gün artaraq davam edir. Bu çox sevindirici bir hadisədir. Turizm sahəsində xüsusi proyektlər hazırlayırıq. Xüsusilə sektor bazasında turizm şirkətlərinin önünü açmaq, kömək məqsədilə onlarla birlikdə həyata keçirdiyimiz bir çox proyektlərimiz var. Bu proyektlərin tanınması üçün reklam və təqdimat işləri də görülür.

Qış turizm sahəsində də bir çox layihələr həyata keçirilir. Alternativ turizmin də Türkiyədə inkişafı yönündə bir çox fəaliyyətlər göstəririk. Bunlara əsaslanıb deyə bilərəm ki, bizim fəaliyyətimiz yüksək nəticə alıb.

Qeyd edə bilərik ki, 2012-ci ildə Azərbaycandan Türkiyəyə turizm yönündə 593.238 nəfər səfər edib. 2013-cü ilin aylıq statistikalarına nəzər salsaq, bu rəqəmin daha da yüksəldiyini görərik. 2013-cü ilin sonunda bu rəqəmin 600 mini ötməsini gözləyirik. Hazırkı statistik məlumatlar bunu təsdiqləyər. Bu səbəbdən turizm sahəsində gördüyümüz işlərin nəticəsindən çox razıyıq. Əslində bu yetərli deyil, daha da artmalıdır. Çünki, Azərbaycan Türkiyəni çox yaxşı bilir. Biz fərqli bir ölkədə deyilik. Əslində Türkiyəyə gedəndə öz ölkələrinə gedirlər. Türkiyə onların ikinci vətənidir. Bu səbəbdən biz səy göstəririk, amma Azərbaycanın birə-bir üst-üstə düşən istəkləri də bu uğuru özü ilə gətirir.

Bir də mədəniyyət sahəsində gördüyümüz işlər var ki, bu turizmdən daha çoxdur. Çünkibir millət, iki dövlət” olmağın verdiyi bir məsuliyyətlə, onların istəklərinə qarşılıq verməyə məcbur oluruq. Bu günə qədər bir çox mədəni fəaliyyətlə məşğul olduğumuzu çox rahatlıqla deyə bilərəm. İki il ərzində təxminən hər ay konsret kimi çox böyük iki vacib fəaliyyəti qeyd edə bilərəm.

Hal-hazırda üzərində çalışdığımız bir neçə proyekt var. Bunlardan biri “Beynəlxalq Yunus Əmrəsimpoziumudur. Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutu ilə birlikdə TİKA-nın (Türkiyə İşbirliyi İnkişaf Agentlik) dəstəyi ilə ilk dəfə Bakıda “Beynəlxalq Yunus Əmrəsimpoziumu keçiririk. Bu simpoziuma Yunus Əmrə üzərində ixtisaslaşmış elm adamlarını dəvət edirik. Türkiyədən, Ukraynadan, Qırğızıstandan, Qazaxıstandan, Özbəkistandan və başqa ölkələrdən 20-ə yaxın elm adamı gələcək. Burada Yunus Əmrəni ətraflı şəkildə - onun mədəniyyətimizdəki yerini, dilimizdəki yerini, sosial hadisələrə baxışını, yaşadığı dövrü danışan bir simpozium keçirəcəyimizə inanıram. İndiyə qədər 60-dan çox məruzə gəldi. Biz bu məruzələri kitab şəklində çap etdirməyi də düşünürük. Hal-hazırda çalışdığımız ən vacib proyektimiz “Beynəlxalq Yunus Əmrəsimpoziumudur. Əsas amalımız bu simpoziumu Bakıda uğurla həyata keçirməkdir.

Daha sonra İstanbul Memar Sinan Universiteti Gözəl sənətlər fakültəsi ilə Rəssamlıq Akademiyası arasında bir simpozium keçiriləcək. İki ölkənin sənət qurumları arasında bir işbirliyi yaranacaq. Bundan əlavə Rəssamlıq Akademiyası ilə də bizim çox gözəl proyektimiz var. “Gənc rəssamların gözü ilə Türkiyə” adlı rəsm müsabiqəsi keçirəcəyik. Bu yarışmada ilk beşliyə düşən tələbələrə Türkiyədə çox gözəl bir turistik məkanda tətil imkanı yaradacağıq. Yarışmanın 19 may - gənclər günündə keçirilməsi planlaşdırılır. Əsərlər isə, həm səfirlikdə, həm də Türkiyədə sərgiyə qoyulacaq.

Üzərində çalışdığımız başqa bir proyekt isə, “Afyon-təqdimat günləri”dir. Bildiyiniz kimi, Afyon Türkiyənin termal su baxımından paytaxtıdır. Afyonda təxminən 20.000 yataq tutumuna malik dünyanın ən modern otelləri mövcuddur. Buna görə də Türkiyənin termal su potensialını tanıtmaq üçün Azərbaycanda belə gözəl işi icra edəcəyik. Afyondakı isti su otellərinin təqdimatını təşkil edəcəyik. Həm də Afyon dedikdə, insanlar qaymaq kimi çox ləziz yemək mədəniyyəti olan şəhəri təsəvvür edirlər. Onun yemək mədəniyyətini də bura gətirəcəyik. Afyon Universiteti ilə də ön plana çıxan şəhərdir. Bu səbəbdən Afyonun həm elmi istiqaməti, mədəni istiqaməti, həm də tibbi istiqamətini də burada tanıtmağa şərait yaradacağıq. Bunu da ayın sonunda keçirməyi planlaşdırırıq.

Dekabr ayında da çox böyük bir proyektimiz var. Bildiyiniz kimi UNESCO-nun hökümətlərarası iclası olan ümumi toplantısı Bakıda keçiriləcək. Dekabr ayının əvvəli UNESCO-nun mərkəzində bu günün bizə verilməsini arzu etdik və aldıq. Buna görə Bakıda 400 nəfərlik UNESCO nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə Türkiyə mətbəxinin mədəniyyəti təqdim ediləcək. Bura, da həm Türkiyə mətbəxi, həm də türk qəhvəsinin UNESCO-da tanınmasına təşəbbüs göstərəcəyik.

Bu ilin son və önəmli proyektindən biri isə 20 dekabrdaMevlana Şəb-i Arus” tədbirini həyata keçirəcəyik. Tədbirdə türk mədəniyyəti musiqisi və səma rəqslərinin çıxışları təqdim ediləcək. Bu tədbirlə 2013 ilinin planınına yekun vurulacaq. Son iki ay ərzində görüləcək işlərimiz normalda 1 il ərzində görüləcək işlərdir. Lakin Azərbaycan həm xüsusi, həm də münbit bir yer olduğu üçün, 1 ildə görüləcək işləri 1 ay ərzində həyata keçirməyi bacarırıq. Onu deyə bilərəm ki, bir il ərzində hər ay bir neçə proyektlər gerçəkləşdiririk.

-Türkiyə səfirliyinin Azərbaycan mətbuatı ilə əlaqəsindən söhbət açmağınızı istərdik...

- Türkiyə Cümhuriyyəti böyükelçiliyi Azərbaycan mediası ilə çox böyük işlər görür. Səfirliyin təşəbbüsü ilə Azərbaycan mediasının KİV-in jurnalistlərini istər televiziya, istərsə də qəzet müxbirlərini Türkiyəyə səfərə göndəririk. Bu səfərlərlə həm istirahət baxımından, həm də Türkiyənin bütün sahələrdə olan mədəniyyəti ilə tanış olub, Azərbaycan auditoriyası ilə yaşadıqları təəssüratları bölüşmələrini təmin edirik. Bu günə kimi 100-ə yaxın jurnalist göndərmişik. Məsələn, Kapadokya, Bayburt, Ərzurum, İzmir və s. şəhərlərə Azərbaycan mediasından nümayəndələr göndərmişik. Bir sözlə desək Türkiyə Cümhuriyyəti böyük elçiliyi hər zaman Azərbaycan mətbuatı ilə sıx əməkdaşlıq əlaqələri yaradır. Biz də bununla çox qürur hissi duyuruq.

- 2014-cü il üçün hansı işlər düşünürsünüz?

- İlin əvvəli yəni ki, yanvar, fevral ayları turizm sahəsində xüsusi mövsüm dövrü kimi dəyərləndiririk. Biz o aylarda mediada reklam fəaliyyətlərinin hazırlanması planlarını təşkil edirik. Mart ayında reklam üzərində çalışmağa başlayırıq. Əlbəttə ki, bu prosesi üç ay davam edər. Aprel ayında “Beynəlxalq turizm sərgisi”nə hazırlanırıq. Bu sərgidə Türkiyə böyük çıxışla iştirak edəcək. Hazırda sərginin hazırlıq prosesi də gedir. Əsasən biz ilin ilk 6 ayını turizm sahəsinə həsr edirik.

Mədəniyyət sahəsində də prosesləri də öz axarında olur. Bu sahədə də bir çox tədbirlər həyata keçiriləcək. İnşallah, gələn il “Məhmət Akif Ersoyu anma günü” tədbirimiz olacaq. 2014-cü il mənim üçün vəzifəmin bitdiyi bir il olacaq. Lakin Türkiyəyə döndüyüm zaman deyə bilərəm ki, 3 illik vəzifəmi könül rahatlığı ilə Azərbaycanda keçirdim.

- Azərbaycana olan duyğularınızı necə ifadə edərdiniz?

- Mən özümü Azərbaycanın bir övladı hesab edirəm. Həm Türkiyədə, həm də beynəlxalq arenada olsun, Azərbaycanın adı çəkildiyi zaman həyəcanlanıram. Əgər Azərbaycanın mənfəəti, hüququ məsələsi ortaya qoyulsa və təbliğat mənim üzərimə düşərsə öz vətənim kimi - Türkiyədən ayırmadan yüksək səviyyədə bunu edərəm. Mən Azərbaycanın bir oğluyam. Necə Türkiyənin bir övladıyamsa, eləcə də Azərbaycanın bir övladıyam.

Xəyalə GÜNƏŞ

Palitra.-2013.-19 noyabr.-S.7.