“Qədimdə xalçaçılığın inkişafı həm də iqtisadi amillə bağlı olub

Emiliya Yanakiyeva: “Azərbaycanın xalçaçılıq yaradıcılığında namazlıq xalçalar da xüsusi yer tutur”

Müsahibimiz Rəssamlıq Akademiyasının Dizayn kafedrasının əməkdaşı Emiliya Yanakiyevadır. O, bizimlə müsahibəsində xalçaçılıq və onun xüsusi sahələri barəsində məlumat verdi.

-Emiliya xanım, Azərbaycan xalçaçılıq sənətinin xüsusiyyətləri barədə nə deyərdiniz?

- Azərbaycan xalqına dünya şöhrəti gətirən sənət növləri arasında xalçaçılıq ən öncül yerlərdən birini tutur. Ölkənin zəngin təbiəti ta qədimdən maldarlığın, bununla birlikdə xalçaçılığın da geniş yayılması üçün yaxşı şərait yaradıb. Xalçaçılığın, lap əvvələrdən başlayaraq, sevimli məşğuliyyətə çevrilməsinin səbəbi əgər ilk dövrlərdə yalnız onun məişətdə mühüm rol oynaması ilə bağlı idisə, sonrakı mərhələdə bu sənət növünün həm də insanların, obrazlı dillə desək, “çörək ağacına”, iqtisadi ehtiyaclarının təminatçısına çevrilməsi idi. Bütün bunların naticəsində Azərbaycan dünyanın ən məşhur xalçaçılıq mərkəzlərindən birinə çevrilib. Xalçaçılıq-Azərbaycanda qədim və geniş yayılmış sənət növüdür. Burada xalçaçılıq hələ tunc dövründən - e.ə.II minillikdən izlənilir və bu sənət ardıcıl inkişaf edərək bu günümüzədək gəlib çatıb. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərindən palazxalça qalıqları aşkar edilib. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdii Elian, Ksenofont və digər antik dünya tarixçiləri məlumat veriblər. Xalçaçılığın inkişaf tarixi göstərir ki, Azərbaycan xalqının milli həyat tərzi ilə sıx bağlılığı ilə yanaşı əhəmiyyətli növləri, həmçinin də xalqın həyat varlığının etik, mənəvi normaları və identikliyi ilə bağlı sənət növü olub. Xalçaçılıq orta əsrlərdə daha da inkişaf edib, əsrlər boyu Azərbaycan əhalisinin məişət, iqtisadiyyat, incəsənət və dünyagörüşü, həyat fəlsəfəsində mühüm yer tutub. Azərbaycanın ənənəvi yun məmulatı istehsalatında məişət əhəmiyyətinə və iqtisadi səmərəsinə görə xalça-palaz istehsalı mühüm yer tutub.

-Xalçaçılıq sənəti bir çox yaxın xalqlarda da geniş yayılıb...

- Xalça sənətinin meydana gəlməsi Şərq xalqlarının mədəni nailiyyətlərindən olub, çox böyük təkamül yolu keçib.            Şərqdə mənzil haqqında anlayış Avropa ölkələrinə nisbətən fərqli şəkildə mövcuddur. Bu anlayışın iki əsas cəhəti var - döşəmə müstəvisi üzərində ağaran boş məkan, bir də müstəvinin özü-yəni xalça. Mövcud Azərbaycan xalçaları məişətdə işlədilməsinə görə cürbəcürdür. Məsələn: a)həcmcə kiçik olan namazlıq xalça. Bunu dindarlar namaz qılan zaman yerə salırlar; b) xüsusi davar xalçaları ;c). Qonaq otaqlarını bəzəmək ücün bir necə xalçadan ibarət dəstə xalçalar; bunlar ölçüsünə, formasına və kompozisiyasına görə müxtəlif olur. Ortada sərilmiş iri xalça (xalı), evin yuxarı başında (kəlləyi) və otağın ortasındaki iri xalçanın yanlarına salınan (kənarı) xalçalardır. Şərq miniatürü də məkanı perspektivin qrafalara bölümü kimi deyil, dik qoyulmuş xalça səthi kimi təsvir edir. Xalça otaqda boş məkanın mütləq sahibi, hakimidir. Xalça təkcə döşəməni isitməktən ötrü toxunmur. Xalça meditasiya- dərin fikirlərə qərq olmaq üçünbir vasitədir, xalça-varlığın analoqudur. Şərqin xalçası hər şeydən qüvvətli, hər şeyi əhatə edən bir məfhumdur. Onun naxışları xalça hüdudlarını aşaraq memarlıqda kəc üzərində oymaya, metal üzərində döyməyə və divarı örtən təsvirə çevrilir. Şərqdə insan əlindən çıxan hər bir şey xalça naxışlarından törəyən sonsuz, hüdudsuz ornamentlə örtülür. Azərbaycanın xalça sənətini öyrəndikdə, Azərbaycan xalçalarının naxışını, rəngini və kompozisiyasını həmişə nəzərə almaq lazımdır. Bir-birilə sıx əlaqədə olan bu üç amil ümumiyyətlə, xalçaların, o cümlədən də, Azərbaycan xalçalarının bədii xüsusiyyətini təyin edir. Xalçalar kompozisiya cəhətdən müxtəlifdir. Xalçaların harada işlənəcəyindən asılı olaraq onun kompozisiyası, yəni göllərinin və xanalarının yeri, onların miqdarı və rəngi dəyişir. Azərbaycanda tarixən süjetli xalçalara nisbətən ornamental kompozisiyalı xalçalar üstünlük təşkil edib. Ornamental xalçaların bəzək-naxış tərtibatına görə bir-birindən seçilib fərqlənən çoxsaylı çeşniləri yaranıb. Xalça toxucularının müxtəlif nəsilləri tərəfindən dönə-dönə toxunub təkrarlanan, hər dəfə də yeni çalarlar əlavə edilən həmin çeşnilərin xeyli hissəsi zamanın sınaqlarından keçib dövrümüzə qədər gəlib çatıb.

-Xalçaçılığın inkişaf mərhələləri barədə nələri demək olar?

- Bir vaxtlar toxuculuq qabiliyyətini keçə və həsir toxumaqla ifadə edən qədim azərbaycanlıların getdikcə onun imkanlarını və növlərini genişləndirməsi də təbiidir. Beləcə, məişətimizə həsir, palaz, xovsuzxovlu xalçalar, onlarla birlikdə gündəlik həyatımıza da namazlıq, xurcun, heybə, kəmər,duz qabı, məfrəş, çantas. əşyalar daxil olub. Onu da əlavə edək ki, əvvəllər əsasən təbii yundan hazırlanan xalçalarxalça məmulatları məişətə rahatlıq və istilik gətirməklə yanaşı, deyilənə görə, hətta olduğu ocağı şər qüvvələrdən də hifz etmək gücünə malik imiş.Yüksək dəyərə malik sənət məhsulu olmaq etibarilə evdə xalça məmulatının çoxluğu ailənin maddi imkanını əks etdirən mühüm sosial-iqtisadi göstəricilərdən birinə çevrilmişdi. Əməli-məişət əhəmiyyətini və istehlak dəyərini uzun müddət saxlayan xalça məmulatı ailə-kəbin münasibətləri (cehiz), vergi ödəncləri, hədiyyə və digər sosial məsələlərin həllində mühüm rol oynayıb.Yüksək dekorativ məziyyəti və texniki keyfiyyəti ilə seçilən Azərbaycan xalçaları təkcə ölkə daxilində deyil, habelə beynəlxalq ticarətdə ən rəvac sənət məhsulu kimi yüksək tutulurdu. Məhz bu səbəbdən də keçmişdə Azərbaycanda xalça toxunmayan nəinki kənd və ya şəhər, hətta ailə tapmaq çətin idi. Azərbaycan qadını üçün xalça-palaz toxumaq ən adi məşğuliyyət növü, keçmiş ailə məişətinin zəruri tələblərindən biri idi. Xüsusilə, xalçaçılığın geniş inkişaf etdiyi maldar elatlar arasında vaxtilə mövcud olmuş kəbin münasibətlərində gələcək gəlinin ev işləri arasında onun toxuculuq sahəsindəki məharətinə ciddi əhəmiyyət verilirdi. Bununla belə, xalçaçılıq təkcə qoyunculuqla məşğul olan kənd əhalisi arasında yayılmamış, habelə şəhər əhalisinin istehsal məişətinə də möhkəm sirayət etmişdi.            Ərəblərin işğalları nəticəsində Azərbaycanın müsəlmanlaşması Azərbaycan etnomədəni ənənələrində çox şeyi dəyişdi.Tantrik İlana sitayiş və Zərdüşt atəşpərəstliyi islam ruhaniləri tərəfindən sərt qarşılanır və ərəb xilafəti buna qarşı ciddi mübarizə aparırdı. Lakin yerli əhali öz dinini yaymağa çalışan işğalçılara qarşı var-gücü ilə mübarizə aparırdı.İslam, nəhayət, qələbə çalır, Azərbaycan etnomədəni əlaqələrində həm islamaqədərki ənənələr, həm də islami ənənələr biri-biriylə təmasda, qarşılıqlı təsiretmə yönündə davam etdirilir. İslamaqədərki izlər azərbaycanlıların etnik ənənələrində, muğamında, mistik təfəkküründə və əlbəttə xalçalarında, xüsusən də xovsuz xalçalarında öz əksini tapıb. Azərbaycanlıların etnik və bədii ənənələri o qədər möhkəm idi ki, islamaqədərki bir çox xovsuz xalça texnologiyaları və naxışları müasir dövrə olduğu kimi keçib. Bunlara nümunə olaraq palaz, cecim və Vərnini göstərmək olar. Zili kimi digər xovsuz xalça nümunələri isə əksinə, islam adət-ənənələri ilə bağlıdır. Ola bilsin ki, bu xalçalar islamaqədərki motiv və ornamentləri də daşıyır. Xovlu xalça ənənəsi isə bir qədər başqa istiqamətdə inkişaf edib. Azərbaycan xovlu xalçalarının mərkəzi medalyonları- “göl”ləri sufi ənənələrinə görə islamın və sufizmin konsentrik simvolikası kimi başa düşülür. Təbriz xalçalarının “islimi” və “xətai” kimi nəbati naxışları isə islamın cənnət bağlarına istinad olaraq başa düşülüb.         

Xalça üzərində dünyaya gəlib onun üzərində iməkləməyə başlayan, sonda da xalça arasında bir dünyadan digərinə köçən xalqın həyatında bu sənət növünün bu cür geniş yayılması bir qanunauyğunluqdur. Hər gün Allahına ruhən pənah aparan azərbaycanlı müsəlmanın namazlıq xalçası üzərində ibadət etməsi də bu sənətə olan ehtiramın göstəricisidir. İbadət məqsədilə istifadə olunan və “namazlıq”, “canamaz”(ceynamaz) adlandırılan, xüsusi olaraq namaz qılanlar üçün nəzərdə tutulduğundan xeyli kiçik ölçüdə toxunan xalçaların (əsas xovlu) varlığını da qeyd etmək lazımdır. Namaz qılmaq ücün toxunan kiçik xalçanın uzunu, adətən, 1 arşın, eni 3 çərək ölçüdə olurdu. Ərəbcə “namaz qılmaq üçün yer” mənasını verir. Namazlıqlarda adətən, mehrab təsvir olunurdu.   Dini ayinlə əlaqədar meydana gəlib, üstündə namaz qılmaq üçün istifadə edilib. Mehrablı, tağı, canamaz, səccadə (kiçik ölçülü namazlıq xalçasının adı), səfcəccadə (eyni vaxtda bir neçə nəfərin namaz qılması üçün nəzərdə tutulan) namazlıq xalçası, Sumaxça (kiçik ölçülü Sumax çox vaxt namazlıq xalçası kimi istifadə edilir), qumras. adlarla da yayılıb. Namazlıq kompozisiyasının əsasını mehrab- kiçik tağ qurşağı yaradır, bununla yanaşı kompozisiyayaQurandan ayələr daxil edilir. Namazlıqlar müxtəlif ölçüdə toxunur və bəzən kilim toxunuşlu olurlar. Bir adamlıq namazlıq ilə yanaşı çox nadir halda Cümə məscidləri üçün “səf səccadə” adlanan kütləvi namaz qılmaq üçün çox böyük ölçüdə namazlıq xalça toxunurdu. Fərdi səciyyə daşıyan “canamaz”ın fərqləndirici əlamətlərindən biribundan ibarət idi. İlk nümunələri XVI əsrdə Təbrizdə toxunub. Orta əsrlərdən namazlıq xalçası kimi zililərdən geniş istifadə olunurdu. Hər bir xalçaçılıq mərkəzində xüsusi kompozisiyalı namazlıq xalçaları toxunur. Azərbaycanın başlıca xalça istehsalı mərkəzlərinin hamısında onun dekorativ bəzək tərtibatında mehrab kompozisiyası başlıca yer tutub. Məhz bu səbəbdən də canamaz çox vaxt həm də “mehrabi” adı ilə tanınırdı. Namazlıq həmçinin qədim Gəncə, dəmirçilər, salahlı, göyçəli xalçalarının çeşidlərindən biridir.

-Bu cür regionlarda olan xalçaçılıq ənənələri barədə də bir qədər məlumat verərdiniz.

- Məsələn, “dəmirçi Həsən” Qazax Xalçaçılıq Mərkəzində toxunan xalçadır. Dəmirçilər xalçasının çeşidlərdən biridir. Namazlıq xalçaları, qotazlı və s. kimi çeşidlərdə toxunur.Qazaxın Daş Salahlı, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı xalçaçılıq məntəqələrində namazlıq xalçası, kosalar, ürkməzli xalçaçılıq məntəqələrində toxunur.  “Qədim Gəncə” isə Gəncə Xalçaçılıq Mərkəzində toxunan xalçadır. Toxunduğu Gəncə şəhərinin və Fəxralı kəndinin adı ilə adlandırılıb. Gəncənin Şəmkir, Çaylı, Mollabazı, Pənahlar, Qaradağlı, Borsunlu, Şahlı, xüsusən də Qaracəmirli xalçaçılıq məntəqələrində də toxunur. Bu kompozisiyalı xalçalara mehrab (mehrabi)təsviri əlavə olunaraq ərəb dilində “ibadətgah” mənasını bildirən mehrab məscidlərdə qiblə cəhətdəki divarda düzəldilir və qiblənin - Məkkənin istiqamətini göstərir. Oyuq, taxça şəklində, tağ formasında tikilən və yarımgünbəzlə tamamlanan mehrabın önündə namaz qılınır. Mehrablı, Mehrabsız kimi çeşidlərdə toxunan namazlıqlar da var. “Qədim minarə” isə Quba Xalçaçılıq Mərkəzində toxunan xalçadır. Kompozisiyanın əsasını namazlıq xalçalarına xas olan dini xarakter daşıyan, “kufi” xəttini xatırladan naxışlı zolaqla haşiylənmiş böyükgöl” təşkil edir. Bu növ naxışlara Ərdəbil, Bərdə şəhərlərindəki orta əsr məqbərələrində rast gəlinir. Bu xalçalar Quba şəhərində və onun ətraf xalça məntəqələrində toxunur. Bir çox xalçaçılar bu xalça kompozisiyasını Darayı, Qəsəd, Salyan Xiləsi adlandırılır. Xalq sənətinin bu sahəsinin uzun əsrlər ərzində az qala milli rəmzə çevrilməsi və başqa ölkələrin də bu sənət növünə sonsuz maraq göstərməsi onun istehsalının təkmilləşdirilməsi və tətbiqi sahəsində müəyyən işlərin görülməsinə təsir edib.

İlkin AĞAYEV

Palitra.-2013.-19 noyabr.-S.11.