Azərbaycan Avropa çempionu oldu, Ermənistan medalsız qaldı

Şahmat üzrə Azərbaycan millisi 4 illik fasilədən sonra yenidən qitənin ən güclüsü adına layiq görüldü

Polşanın paytaxtı Varşavada şahmat üzrə keçirilən komandalararası Avropa çempionatına yekun vurulub. Kişilərdən ibarət Azərbaycan millisi 4 illik fasilədən sonra yenidən qitənin ən güclüsü adına layiq görülüb. Belə ki, Aleksandr Xalifmanın kapitanı olduğu yığmamız son turda Ermənistanla heç-heçə (2:2) edib. Nəticədə 37 ölkə arasında reytinqinə görə 6-cı olan komandamız 9 görüşdən 14 xal toplayaraq, rəqibləri üçün əlçatmaz olub. Aktivində 13 xalı olan Fransa 2-ci, eyni xala malik Rusiya 3-cü yeri tutub. Yığmamızın heyətində Şəhriyar Məmmədyarov (2757), Teymur Rəcəbov (2715), Eltac Səfərli (2653), Rauf Məmmədov (2647) və Qədir Hüseynov (2607) mübarizə aparıblar. Qadınların yarışında isə millimiz son turda Çexiya ilə qarşılaşıb və 1,5:2,5 hesabı ilə uduzub. 9 turda cəmi 8 xal toplayan Gülnar Məmmədova (2354), Zeynəb Məmmədyarova (2236), Türkan Məmmədyarova (2250), Xəyalə Abdulla (2255) və Nərgiz Umudovadan (2253) ibarət komandamız 31 ölkə arasında 20-ci olub.

Teymur Rəcəbov komandalararası Avropa çempionatının qalibi olduqdan sonra fikirlərini açıqlayıb. Varşavada qitənin ən güclüsü adını qazanan yığmamızın lideri buna ikinci dəfə yiyələndikləri üçün şad olduqlarını bildirib. O, millimizdən səhhəti ilə bağlı ayrı düşən Vüqar Həşimovun yoxluğuna təəssüfünü də gizlətməyib: “Çox təəssüf ki, Vüqar Həşimov burada bizlə deyildi. Bu çempionluğun bir hissəsi ona məxsusdur. Ümid edirik ki, bizim qələbəmiz ona tez sağalmasında kömək edəcək. Hamımız Vüqarın şərəfinə tost qaldırdıq. O komandamıza qayıtdıqda yığmamız daha da güclü olacaq”. Qeyd edək ki, Azərbaycan millisi 4 il öncə Avropa çempionu olduğu zaman Vüqar da heyətdə yer almışdı. Qeyd edək ki, şahmatçılarımızın qitə çempionatında əldə etdiyi uğur ölkəmizdə idmanın inkişafının məntiqi nəticəsi kimi qəbul edilməlidir. İdmana dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan idmançıları artıq dünya arenasında ən ciddi və iddialı rəqib kimi qəbul edilir. Azərbaycanın 2015-ci ildə Avropanın ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə kimi seçilməsi ölkəmizin idman sahəsində əldə etdiyi uğurlara verilən qiymətdir. Nəzərə alsaq ki, Azərbaycan həm də planetin bir nömrəli idman yarışı sayılan Yay Olimpiya Oyunları kimi çox nüfuzlu bir yarışı keçirməyə iddiaçı dövlətdir, o halda şahmatçılarımızın Avropanın ən güclü olması təsadüfü deyil. Ümumiyyətlə, şahmat ölkəmizdə böyük nüfuza malik bir idman növüdür. Azərbaycan şahmatı dünyada özünəməxsus yerə və çəkiyə sahibdir. Əgər diqqət yetirsək, görərik ki, dünyada ən gənc milli komandalardan biri Azərbaycan yığmasıdır. Azərbaycanda şahmata hələ keçmiş SSRİ dövründən diqqət yetirilib. Müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin bütün idman növləri kimi şahmatın inkişafında özünəməxsus xidmətləri olub. Azərbaycan Prezidenti insanı yalnız fiziki cəhətdən sağlamlaşdıran idman növlərinin deyil, həm də əqli inkişafa, analitik düşüncə tərzini formalaşdırmağa, yaradıcılıq qabiliyyətinə müsbət təsir göstərən şahmatın da inkişafını həmişə diqqət mərkəzində saxlayıb. Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərin axırlarında və 80-ci illərin əvvəllərində ölkənin bütün bölgələrində şahmat məktəbləri, şahmata klubları açılıb. Nəticədə, respublikada şahmat böyük böyük sürətlə inkişaf etdi, müxtəlif yaş dərəcələri üzrə qrossmeysterlər, dünya çempionları yetişib. Ümummilli lider 1998-ci ilin fevralında "Azərbaycanın uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqındasərəncam imzalayıb. Həmin ilin sonunda isə Prezident "Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqındasərəncam verib. Uşaq şahmatçılara göstərilən bu qayğı çox keçməmiş öz bəhrəsini verməyə başladı. Teymur Rəcəbov tezliklə beynəlxalq qrossmeyster normasını doldurdu, yeniyetmə şahmatçı dünyanın məşhur şahmatçıları arasında ölkəmizi təmsil etməyə başladı. Bu gün də həmin siyasət uğurla davam etdirilir. Azərbaycan şahmatının yüksəlişi bütün dünyanın diqqətini özünə cəlb edib. FİDE ölkəmizdə görülən işləri digər ölkələrə nümunə kimi göstərir. Belə ki, Prezident "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi dövlət proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Proqramda şahmatın infrastrukturunun genişləndirilməsi, onun maddi-texniki bazasını möhkəmləndirmək, şahmat mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması sistemini təkmilləşdirmək, şahmatın tədrisinin ümumtəhsil məktəblərində dərs proqramına daxil etmək, şahmatla bağlı məlumat, maarifçilik və təbliğat işini gücləndirmək və s məsələlərin həyata keçirilməsi nəzərdə tutulur. Arxada qalan 4 il ərzində bu sahədə bir sıra işlər görülüb. Paytaxtın bir neçə orta ümumtəhsil məktəbində şahmat fənni tədris edilir. Qeyd etdiyimiz kimi, FİDE Azərbaycan şahmatı ilə bağlı yüksək fikirdədir. Qurumun rəhbəri Kirsan İlyumjinov Bakıda səfərdə olan vaxtı qeyd etmişdi ki, Azərbaycan yeganə ölkədir ki, şahmatla bağlı dövlət proqramı imzalanıb. Bu, böyük bir uğurdur. Azərbaycan dünyanın nüfuzlu idman tədbirlərinin keçirildiyi ən etibarlı ölkədir. Bu vaxta qədər ölkəmizdə keçirilən idman yarışları dünyanın diqqətini bura yönəldib. FİDE-nin qərarına əsasən, ölkəmiz Dünya Kubokunun-2015-ci ildə, Şahmat Olimpiadasının isə 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə edib. Bu, Azərbaycan idmanı və şahmatı üçün böyük və əlamətdar hadisədir. Göründüyü kimi Azərbaycan idmanı inkişaf göstəricilərinə görə dünyanın liderləri sırasındadır. Elə şahmatçılarımızın Avropa birincisi olması da bu liderliyin bariz göstəricisidir. Bütün sahələrdə işğalçı Ermənistanı üstələyən, düşməni əzən Azərbaycan şahmat da sözünü dedi. İqtisadi cəhətdən dağılmış vəziyyətdə olan Ermənistan bütün sahələrdə olduğu kimi idman da tənəzzül dövrü yaşanır. Səbəb çox sadədir-dövlətin idman sahəsini inkişaf etdirmək üçün resursu yoxdur. Hər keçən gün bir qədər də zəifləyən Ermənistan idmançıları dünyanın idman arenalarında daim Azərbaycan idmançılarına məğlub olurlar. Buna son nümunə Varşavada keçirilən şahmat üzrə Avropa çempionatı oldu. Azərbaycan komandası son turda məhz Ermənistanla oyundan sonra Avropanın ən güclü olduqlarını elan etdilər. Azərbaycanın şahmat komandası Avropa çempionu oldu, Ermənistan şahmatçıları isə turniri medalsız başa vuraraqsuları süzülə-süzüləidmançılarımızın zəfərini kənardan alqışlamağa məcbur oldular.

 

Anar Miriyev

Palitra.-2013.-19 noyabr.-S.5.