Təbiət fənlərinin tədrisində inteqrasiya
“Təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartları ilə uyğunlaşsın”. Bu fikri ümummilli lider Heydər Əliyev vaxtilə Azərbaycana rəhbərlik etdiyi dönəmdə təhsildə aparılan islahatlarla bağlı səsləndirmişdi.
Təsadüfi deyil ki, həmin islahatların, bu gün ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev də davam etdirilməsi üçün hər cür şərait yaradır. Ümumiyyətlə, təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik fəaliyyət sahəsidir. Bu gün Azərbaycanın təhsil sistemi milli və ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Məlum olduğu kimi, ümumi orta təhsil icbaridir. "Təhsil haqqında" qanunda onun məqsədi belə göstərilib: "Ümumi orta təhsilin məqsədi təhsil alanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir". Təhsil sistemi qarşısında duran vəzifələr Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına, “Təhsil haqqında” qanuna və müvafiq beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir. Elm və texnikanın müasir inkişaf səviyyəsi, elmdə inteqrasiyanın inkişafı orta məktəb kursunun həm məzmununu, həm də onun öyrədilmə metodlarını təkmilləşdirməyi tələb edir. Təhsildə inteqrasiya anlayışı qloballaşmanın meydana atdığı mühüm tələblərdən biri olub, müasir təhsil prosesinin keyfiyyət göstəricilərindən birinə çevrilib. Maraq üçün bildirək ki, “İnteqrasiya” latın sözü olub, "integer" - "bütöv", "bütövləşmə" mənasını verir. İnteqrasiya termini XX əsrin sonundan istifadə olunmağa başlasa da, onun ifadə etdiyi mahiyyət və məzmun həyat yarandığı gündən mövcud olub. Müasir dövrdə inteqrasiya dünyanın təhsil aləmində aparıcı yer tutur. Təlimdə isə inteqrasiyanın nəticəsi şagird təfəkkürünün inkişafında özünü göstərir. Məktəbdə tədris prosesində fənlərarası əlaqə xüsusi əhəmiyyətə malikdir. Məsələn, bir çox təbiət hadisələri ancaq bir təbiət elminin yox, bütün təbiət elmlərinin çərçivəsində öyrənildikdə daha yaxşı anlaşılır, mənimsənilir və yadda qalır. Bunu nəzərə alaraq tədris prosesinin müəyyən mərhələlərində yeri gəldikcə müxtəlif təbiət hadisələrinin qanunauyğun əlaqəsini təzahür etdirən biliklərin sintezini yaratmaq çox faydalı olar. Çünki özündə fiziki, kimyəvi və bioloji hadisələri cəmləşdirən mürəkkəb hadisə kompleks şəkildə öyrənildikdə şagirdlərdə rəngarəng təbiət hadisələri haqqında vahid bir fikir, ümumi bir təsəvvür yaranır, dünyagörüşü inkişaf edir. Təbiət hadisələrinin çoxcəhətli öyrənilməsi fənlərarası əlaqənin də inkişaf etməsi və dərinləşdirilməsi üçün əlverişli şərait yaradır. Fənlərarası əlaqənin müəyyənləşdirilməsi metodikası müasir didaktikanın on vacib məsələsindən biridir. Kimya və biologiyaya aid məlumatdan fizika dərslərində istifadə edilməsi dərsi daha da canlı şəklə salır, şagirdlərin diqqəti səfərbərliyə alınır, öyrənilən məsələyə onların marağı daha da artaraq müşahidəçilik və elmi ədəbiyyatı müstəqil öyrənmək vərdişi inkişaf edir. Fənlərarası əlaqənin inkişaf etdirilməsində iki müxtəlif elm sahəsinin sintezindən yaranmış sintetik elmlərin nailiyyətlərindən müvəffəqiyyətlə istifadə edildikdə dərsin keyfiyyəti və effektivliyi də xeyli yüksəlir. Hər bir tədris fənnindəki inteqrasiya elmin məntiqinə uyğun gəlməli və şagirdlərin təfəkkürünün inkişafına kömək etməlidir. İnteqrasiya, ümumi mənada elmi anlayışları və təlim üsulları əlaqəli olan fənləri bir yerə yığır, məzmunun dağınıqlığı şagirdlərin biliyinin səthiliyinə gətirib çıxarır. Təbiət elmlərinin tədrisində inteqrasiyanı inkişaf etdirmək üçün hər cür imkan var. Burada inteqrasiya aşağıdakı şəkildə aparılır: hər bir tədris fənninin məzmununa qonşu elmlərin elementləri və tətbiqi biliklər əlavə edilir. Beləliklə, şagirdlərdə fəndaxili və fənlərarası əlaqələr haqqında təsəvvürlər genişlənir. Məsələn, biologiyada fiziki və kimyəvi anlayışların tətbiqi üçün imkanlar yaranır, şagirdlərin elmi dünyagörüşü formalaşır. Fənlərarası əlaqənin axıra qədər aydınlaşdırılması şagirdlərin təlim-tərbiyəsi və inkişafı üçün optimal şərait yaradır. Buna görə də, fənlərarası əlaqəyə təlimin tərkib hissəsi kimi baxılır. Fənnin strukturunun təyin edilməsi də, elmin əsasları haqqında şagirdlərin sistematik və möhkəm biliklər alması da bu problemin həlli ilə əlaqədardır. Fənlərin tədris proqramlarının didaktik məqsədlə qarşılıqlı razılaşdırılması kimi şərh olunur. Bu mənada fənlərarası əlaqə anlayışı, məktəb proqramları tərtib edilərkən hər bir tədris fənnindəki ardıcıllığı müəyyən etmək məqsədini güdür. Lakin təcrübə göstərir ki, fənlərarası əlaqənin funksiyası bununla bitmir. O, şagirdlərin məntiqi mühakiməsinin inkişafında, bir-birinə yaxın elmlərin öyrəndikləri anlayışların dərinləşməsində, eyni materialın müxtəlif fənlərdə təkrarına yol verməməkdə, qarşılıqlı əlaqədə olan hadisələrin öyrənilməsinə kompleks yanaşmaqda böyük rol oynayır. Didaktikanın əsas prinsiplərindən biri kimi qiymətləndirilən fənlərarası əlaqənin bütün funksiyalarının aşkar edilməsi böyük zərurət kəsb edir. Təhsilin məzmunu anlayışından danışarkən həmişə onun bilik, bacarıq və vərdişlər sistemindən ibarət olması və proqramlarda, dərsliklərdə əks edilməsi göstərilir. Təbii ki, bu, özlüyündə yaddaş məktəbinin göstəricilərindən biri olmaqla zamanında əhəmiyyətli rol oynasa da, informasiyaların sürətlə artdığı elmi-texniki tərəqqi dövrünün tələblərinə cavab vermir. Artıq müasir dövrdə insanların həyati bacarıqlara nail olmaları, idraki vərdişlər qazanmaları üçün məntiqi, tənqidi və yaradıcı təfəkkür qabiliyyətlərinə yiyələnmələri əsas tələb kimi meydana çıxır. Bu isə məktəb təhsilinin məzmununun inteqrasiya müstəvisində qurulmasını zəruri tələb kimi qarşıya qoydu və ümumi təhsilin müxtəlif səviyyələri üçün ümumi nəticələr hazırlandı. Bu nəticələr hər təhsil səviyyəsinin sonu üçün müəyyənləşdirilməklə şagirdlərin idraki, hissi və fiziki inkişafına səbəb olur. Milli səviyyədə qəbul olunmuş nəticələrin, fənlərin inteqrativ xarakterdə olması, onların şagird şəxsiyyətinin formalaşdırılmasına yönəlib.İnteqrativ fənlərin yaradılması inteqrativ proqram və dərsliklərin, eləcə də dərs vəsaitlərinin yaradılması zərurətini də doğurur. Təhsil siyasətindən irəli gələn vəzifə kimi yeni fənlər üzrə təhsil proqramlarının (kurikulumların) inteqrativ xarakterə malik olması onların şəxsiyyətin formalaşması baxımından konseptual xarakter daşıması, istiqamətverici mənbəyə çevrilməsi mühüm şərt hesab edilir. Yeni təhsil proqramlarında (kurikulumlarda) şagirdlərin siniflər, səviyyələr üzrə inkişafına qoyulan standart tələblər hazırlanıb. Ölkə miqyasında ilk dəfə hazırlanan bu standartlar inteqrativ təlim əhəmiyyəti daşıyır. Şagirdlərin təbiət, cəmiyyət və insanlar haqqında qarşılıqlı əlaqələr şəraitində qurulmuş biliklərə yiyələnməsini stimullaşdırır. Bundan əlavə, təhsil proqramlarında (kurikulumlarda) perspektiv (illik) planlaşdırma nümunələrində də inteqrasiya xüsusi komponent kimi nəzərdə tutulur. Ümumi təhsilin bu səviyyəsində şagirdlərin inkişafı ilə bağlı müəyyən olunmuş məqsədlər daha çox həyati xarakterdə olub, praktik əhəmiyyət daşıyır. Onları reallaşdırmaq üçün şagirdlərə ən zəruri biliklər əsasında idraki, hissi və psixomotor bacarıqlardan ibarət dəyərlərin formalaşmasına yönəldilib. Məhz həmin tələblər əsasında bir daha nəzərdən keçirilməli və müvafiq fənlərin birləşməsindən ibarət inteqrativ fənlər yaradılmalıdır. Bu baxımdan kimya, fizika, biologiya fənlərinin inteqrasiya olunaraq bir fənn kimi tədris planına daxil edilməsi məntiqə uyğun hesab edilir. Eyni zamanda şagirdlərin artıq təlim yükündən azad olması, onlarda inteqrativ təfəkkürün formalaşması baxımından faydalıdır. Dünya və Avropa təhsilinə inteqrasiya olunma, hər şeydən əvvəl, təhsilin bu sahələrində qlobal təhsil tendensiyalarını davam və inkişaf etdirmək zərurətini doğurur. Azərbaycanda həyata keçirilən təhsil siyasətində inteqrasiya mühüm prinsip kimi qəbul olunaraq təhsil sahəsindəki fəaliyyətlərin əsasına gətirilib.
Nübar Qayıblı
Səbail
rayonu T. Məmmədov
adına 239 N-li tam orta məktəbin
biologiya müəllimi
Palitra.-2013.-20 noyabr.-S.13.