Doqquz ölkənin kukla teatrları Bakıda bir araya gəldi

Cırtdanın adını daşıyan II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı öz missiyasını uğurla başa vurdu

Son illər ölkəmiz bir çox festivallara ev sahibliyi edir. Belə festivallardan biri də bugünlərdə Bakıda təşkil olunan “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı oldu. Artıq başa çatan bu festival balaca tamaşaçılarımız üçün əsl teatr bayramı idi. Həmçinin bu festivalda doqquz ölkənin teatr, sənət üçün yaşayan və bu əsrarəngiz dünyanı uşaqlar üçün daha yaxın və maraqlı edən kukla teatrlarının təmsilçiləri bir araya gəldilər.

Körpələrə yüksək dəyərlər aşılayan festival

"Cırtdan" II Bakı Beynəlxalq Kukla Teatrları Festivalının iştirakçıları ölkəmizdə kukla teatrı sənətinin keçdiyi zəngin yolla qismən də olsa tanışlıq imkanı əldə etdilər. Burada həmçinin Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq keçirilən beynəlxalq festivalda səyyar fotosərgi ilə iştirak etdi. Ekspozisiyada Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə yanaşı, Naxçıvan, Gəncə, Qax, Salyan kukla teatrlarının fəaliyyətinə də nəzər salındı. Sərgidə Azərbaycan Dövlət Kukla Teatrının 1930-cu illərə aid afişalarını, həmin dövrün truppasının bölgələrə qastrol səfərlərini, milli kukla teatrının yaradıcısı Mollağa Bəbirlinin hazırladığı marionet kuklaları özündə əks etdirən fotolar da yer almışdı.

Böyüklərə uşaqları anlamaq, onlara onların öz dünyasından baxmağı tövsiyə edən və bu işdə köməklik göstərən, balalara isə öz şirin uşaq dünyaları, xəyallarında bəşəriyyət, yüksək dəyərlər sevgisi aşılayan tədbir maraqlı teatr mədəniyyətlərinin aynası kimi də yadda qaldı. Böyük Britaniya, İtaliya, İsveçrə, Yaponiya, Bolqarıstan, Macarıstan, Rusiya (Tatarıstan) və Xorvatiyadan gələn kuklaçılar, bu janrı yaşadanları, ümumilikdə kukla teatrı anlamının yaşından asılı olmayaraq hər kəsi əhatə etdiyini, bu mənada yaş faktorunun o qədər də önəm kəsb etmədiyini aydınlaşdırdılar. Bütünlükdə teatra sevginin vacibliyini aşıladılar. Bunu nümayiş olunan tamaşaların mövzusu, əhatə dairəsi və ideyası da təsdiqləyirdi.Azərbaycanın məşhur nağıl qəhrəmanı, balacaların sevimli personajı Cırtdanın adını daşıyan II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı öz missiyasını uğurla başa vurdu, ölkənin mədəni həyatında hadisəyə çevrildi, teatr əlaqələrinə yeni töhfə verdi. Bunu festival boyu göstərilən tamaşalara olan maraq və tamaşaçı sevgisi də təsdiqləyə bilər. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında festivalın bağlanışı zamanı xarici və yerli qonaqların iştirak etdiyi tədbirdə bu sənət bayramının maraqlı məqamlarla tarixə keçdiyi vurğulanıb. Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə son illər teatrla bağlı keçirilən tədbirlərdən, bu tədbirlərin milli teatr sənətimizin inkişafında əhəmiyyətindən danışaraq Prezident İlham Əliyevin Azərbaycan teatrının inkişafına göstərdiyi diqqət və qayğıdan, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq görülən işlərdən, son illər əsaslı təmir edilən teatr binalarında aktyorlar üçün yaradılmış yüksək şəraitindən bəhs edib. Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, festivalın münsiflər heyətinin üzvləri, teatrşünaslar Aydın Talıbzadə və Şaiq Səfərov da çıxış edərək hər bir festivalı hadisə, teatr bayramı adlandırdılar, belə sənət hadisələrinin çox olmasını arzuladılar. Ən müxtəlif teatr məktəblərini bir araya gətirən festivalı tamaşaçılar üçün dünya teatr prosesinə pəncərə, teatr təmsilçiləri üçün isə daha yeni və sıx əlaqələrin bünövrəsi adlandırdılar. Sonra festivalda fəal çıxışlarına görə fərqlənən teatr təmsilçilərinə fəxri diplomlar təqdim olundu.

Fantastik marionet kuklalar

Festivalda Böyük Britaniyanın Dorset Kukla Teatrının “Asılmış vəziyyətdə” (“In Suspension”) adlı tamaşası səhnədə kuklaların hərəkət möcüzəsini yaradırdı. Kuklaçı Stefan Mottram əlində ipli kuklalar canlı məxluqların davranışını bütün incəliklərinə qədər ideal şəkildə imitasiya edirdi. Və bu an seyrçi məəttəl qalır ki, Stefan kuklaların çoxsaylı ipləri arasında necə dolaşmır, onları necə bir yüngüllüklə, necə bir məharətlə oynadır və bir an da olsun belə öz konsentrasiyasını pozmur. Stefan Mottram dahi kuklaçıdır, kuklaçı-şamandır, cadugərdir, ovsunçudur. Bu kuklaçı-sehrbaz tamaşanın müxtəlif diskret parçalarında kuklanın hərəkət dinamikasını qırmadan, oyun ritmindən çıxmadan kuklanı hamının gözü qarşısında “söküb” təzədən yığa bilir. Bir də görürsən ki, kuklanın əlləri kuklanın başını götürüb səhnə fəzasında öz xoşuna “uçdu”, kuklanın ayaqları isə öz-özünə rəqs eləməyə başladı. İpli kuklalar ştanq qaldırırlar, kəndir üzərində gəzirlər, velosiped sürürlər; və bunu elə eləyirlər ki, öz hərəkətlərində həqiqi idmançılardan seçilmirlər; turnikdə əllərilə fırlanıb ayaqlarından aşağı sallanırlar. Stefan Mottram “Asılmış vəziyyətdə” tamaşasında müxtəlif kukla texnikalarından yararlanıb səhnədə unikal bir oyun qururdu. Onun tamaşasının aparıcı oyunçuları asılmış vəziyyətdə olan kuklalardır, yəni ipli kuklalardır, marionetlərdir.

İsveçrənin “Ginyöl” Marionet Teatrının “Mən danışmaq istəyirəm” tamaşası da balacaların ürəyincə oldu. Lefortun eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşada adi, özünə qapalı bir məktəblinin taleyindən danışılırdı. Dyuki adlı bu məktəblinin öz düşüncələrini çatdırmaq, fikrini ifadə etmək bacarığı yoxdur. Çünki onun çox əzazil və zalım bir əllimi, ustası var. Daim basqı altında olan qəhrəman mənəvi sıxıntılar keçirir və buna görə də rabitəsiz, gərəksiz hərəkətlər edir. Cudit Şpinaç və Sandrin Tonanın hazırladığı kuklaların dekorda, bir fabrikin təsvir olunduğu kiçik səhnədə əksi cansıxıcı təsir bağışlasa da, musiqi bu məngənəli mənzərəni bir qədər yüngülləşdirə bilirdi.

Tatarıstandan gələn kuklaçılar gözəl çıxışları ilə yadda qaldı. “Ekiyat” Tatar Dövlət Kukla Teatrının repertuarındakı ən məşhur tamaşalarından olan “Keçi və Qoyun” nümayiş olundu. Görkəmli tatar şairi Abdulla Tukayın əsəri əsasında ərsəyə gələn tamaşa müasir rəqs quruluşu, xoreoqrafiyada fərqli pantomima elementləri, heyvan və insan hərəkətlərinin harmonik həlli (baletmeyster - Q.Mannapova), incə, baxımlı rəssam işi (A.Qubski), tatar milli xüsusiyyətlərini, folklor və musiqisini (bəstəkar L.Batır-Bulqari) xırda detallaradək əks etdirməsi ilə maraqlı idi. İ.Zinnurovun quruluş verdiyi tamaşada klassik kukla teatr tamaşası formasının modern imitasiyası baxımlı, daha doğrusu, inandırıcı idi.

Festivalın daha bir iştirakçısı - Bolqarıstanın Tarqovişte Şəhər Kukla Teatrının təqdimatında Qrim qardaşlarının “Ağca” tamaşası göstərildi. Qrim qardaşlarının “Ağca” nağılı əsasında hazırlanan tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olundu. Dimitar Dimitrovun rejissoru olduğu tamaşa əlvan şüşə şəbəkədə qurulması da uşaqların marağına səbəb oldu.

 

Bu da sevimli “Karlson”

Festivalın son günü pərdələr yenidən açıldı və uşaqlı-böyüklü hər kəsin sevimli qəhrəmanı Karlson göründü. Hələ sovetlər dönəmində cizgi film estetikasında, eləcə də müxtəlif ölkələrin uşaq teatrlarında səhnəyə qoyulan və beləcə, tamaşaçıların yaddaşında özünəməxsus nostalgiyası olan bu tamaşa bizim kuklaçıların yeni yozumunda da maraqlı və baxımlı idi. Dövlət sifarişi ilə hazırlanan, özəl dinamikası və harmonik plastikası ilə seçilən tamaşaya Dövlət Kukla Teatrının səhnəsində Gürcüstandan dəvət olunmuş rejissor Elene Matsxonaşvili quruluş verib. Rejissorəllifin (Astrid Lindgren) uşaqlara, daha doğrusu, onların vasitəsilə böyüklərə ünvanlanan fikirlərini maraqlı bir yozumla çatdıra bilib. Bu işdə quruluşçu rəssamın (Vaxtanq Koridze) tərtibatı da öz rolunu oynayıb. Səhnə içində səhnə olan tamaşada səhnənin kənarında yazı masasında əyləşib makinasında uşaqlar üçün yeni əsərlər yazan yazıçının xitabları, izah və bölmələr arasındakı şərhli keçidləri balacaların diqqətini dağıtmır, onlara nağıl-tamaşa estetikası aşılayırdı. Şən notlarla bitən tamaşa yazıçının uşaqlara və ümumilikdə cəmiyyətə ismarışları ilə yekunlaşdı. Aktyorları alqışlayan balacalar isə səhnədən uçuşan kağız “quşlar”ı tutmağa tələsdilər. Beləcə, maraqlı hədiyyənin sevinci və tamaşanın xoş ovqatı ilə zalı tərk etdilər, təbii ki, gözlərindəki xoş təbəssümlə. Beləliklə, ölkəmizdə reallaşan bir festivalının əsas amillərindən biri də o idi ki, burada nümayiş olunan bir çox tamaşalar balaca seyrçilərin xatirində daim qalacaq.

Nigar Abdullayeva

Palitra.-2013.-23 noyabr.-S.11.