Xalidə Səfərova yaradıcılığına yeni baxış...

XX əsr Azərbaycanın təsviri sənətində və eləcə də, onun qabaqcıl növü olan rəngkarlıq sahəsində inkişaf başlayıb. Həmin dövrdə rəngkarlıq məktəbi formalaşıb və bu məktəbi təmsil edən istedadlı rəssamlar yetişib. Azərbaycan rəssamlarının istedadlı kollektivinə bir çox fırça ustaları daxildir. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan,dahi Nizaminin vətəni, Gəncə şəhərində anadan olan Xalq rəssamı Xalidə Səfərova da bu sıralarda aparıcı yer tuturdu. Təsviri sənət hələ uşaq vaxtlarından rəsmlə məşğul olmağa başlayan Xalidə xanımın həyatında daha mühüm rol oynamağa başladı. İlk rəssamlıq təhsilini Ə.Əzimzadə adına Rəssamlıq məktəbində aldı. Onun oxuduğu illər Böyük Vətən Müharibəsinə təsadüf etdiyi üçün, diplom işini “Cəbhədən gələn məktub” mövzusuna müraciət etdi. Xalidə xanımın diplom müdafiəsində iştirak edən Azərbaycanın Xalq artisti Bülbül çıxışında Xalidə xanımı diplom işinə görə yüksək qiymətləndirmiş və xüsusi fəxrlə qeyd etmişdir.

Xalidə Səfərova öz lirik, poetik mənzərələri, tematik kompozisiyaları , portretləri və natürmortları ilə xalqımızın mənəvi aləmini,doğma diyarın günəşli təbiətini vəsf edib. Rəssamın əsərləri öz rəngarəngliyi, işıqlı, aydın rəngləri,valehedici çalarları ilə təsviri sənətdə silinməz iz qoyub. Hətta o, əlvan boyalar rəssamı kimi də şöhrət qazanıb.

Həyatının çox hissəsini molbert arxasında keçirən Xalidə xanım geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb. Rəssamlıq sənətinin müxtəlif sahələrində özünü sınamış Xalidə xanım Azərbaycan qadınları kimi, xalqımızın mənəvi aləmini rənglərin dili ilə fırça vasitəsilə tamaşaçıların ürəyinə yol tapıb. Onun əsərləri təkcə Azərbaycanda deyil, bir cox xarici ölkələrin sərgi salonlarında nümayiş etdirilir və muzeylərdə saxlanılır. Xalidə Səfərova 70- ə yaxın rəngkarlıq və qrafika əsərləri ilə 1947-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən sərgidə iştirak edib. Rəssamın əsərlərindən məlum olur ki, yay aylarını respublikanın rayon və kəndlərində keçirərək bir çox natürmort və mənzərələr yaradıb. Çəkdiyi rəsmlərdə kənd həyatının lirik gözəlliyini əks etdirməyə nail olub. Rəssamın “Qızılgül dəstəsi “, “Qızılgüllər və sərv ağacı”, “Yağışdan sonra”, “Çinarlarəsərləri xüsusilə diqqəti cəlb edir. Xalidə Səfərova öz yaradıcılıq siması və fərdi dəsti-xəttə malik fırça ustası kimi tanınır. O, həyati müşahidələrə maraq göstərir,naturanın, əşyaların formalarının,onların rəng uyarlığının öyrənilməsinə ciddi yanaşır. Rəngləri və əşyaları hiss etməklə ilk əsərləri olanGülabdan”, “Qızılgül”, “Çöl çiçəkləri”, “Eyvanda” adlı natürmortlarında özünü biruzə verir. Təsadüfi deyilki o, öz professional təhsilini davam etdirmək məqsədilə Moskva Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutuna daxil olub. Moskvada təhsil aldığı müddətdə vaxtının çoxunu muzeylərdə keçirirdi. Mone,Renuar, Van Qoq onun çox sevdiyi rəssamlar idi. Xalidə Səfərovanın illüstrasiyalarının quruluşu çoxmənalıdır. O, kompozisiya baxımından hər səhnəyə xüsusi quruluş verir, daha çox ənənəvi formadan, cizgilərin ahəngli plastikasından, miniatür rəngkarılığındakı obraz gözəlliyindən yaradıcı şəkildə istifadə edirdi. Demək olar ki, hər səhifədə rəssam bir-birini tamamlayan bir neçə səhnə təsvir edirdi. Xalidə Səfərova “Xosrov və Şirin”, “Aşıq Qərib” kimi məşhur əsərlərə qarışıq texnika ilə illüstrasiyalar çəkirdi. Rəssam şərti dekorativ elementlərə üstünlük verirdi.

Xalidə Səfərova ilk olaraq mənzərə və natürmort janrına böyük maraq göstərib. Natürmort janrı rəssamın rəng çalarlarının təkmilləşdirilməsində mühüm rol oynayır. “Qızılgül” natürmortu yaratdığı əsərlər arasında müstəsna yer tutur. Burada kompozisiyanı süfrə üzərinə səpələnmiş meyvələr tamamlayır. İstifadə olunan sərbəst, yumşaq rənglər məkanı bütövlükdə əks etdirir. Xalidə xanımın əsərlərini, ilk baxışdan rənglərin tamamlanmasına və kompozisiya strukturuna görə tanımaq olur. Bu baxımdan onun müxtəlif illərdə çəkdiyi natürmortları müqayisə etmək kifayətdir. “Xrizantemlər”, “Yasəmənlər”, “Zanbaqlar”, “Nərgizlər” buna canlı nümunədir. Tablolarda vətənimizin zəngin təbiəti, rənglərin harmoniyası, güllərin təravəti incəliklə əks olunub. Onlara baxanda tamaşaçı qəlbində doğma hisslər baş qaldırır. Əsərlərin çoxunu natürmort janrında çəkən rəssam, kompozisiyanı dəqiq qurmaq məqsədilə müxtəlif aksesuarlardan istifadə edirdi. Xalidə xanım natürmortlarını əsasən canlı güllərdən istifadə etməklə yaradıb.

XX əsrin 60-70-ci illərində- Azərbaycan rəngkarlığında impressionizm cərəyanının yayılma ərəfəsində Xalidə Səfərovanın müəyyən bir rolu olub. Bu fikri təsdiqləmək üçün onunBahartablosuna baxmaq kifayətdir. Əsərin mövzusu yaşıl çəmənlikdə , mavi, çəhrayı, bənövşəyi çiçəklərin təsvirindən ibarətdir. Burada o, rənglərin həmahəngliyini, baharın gözəlliyini obrazlı formada ifadə edib. Xalidə xanımın güllər, mənzərə və təbiət təsvirləri sintez təşkil edirdi. Buna misal olaraq göstərə bilərik: “ Nar çiçəyi” adlı əsərində yaşıl budaqlar arasında al qırmızı rəngli nar çiçəkləri sanki canlıdır. Onun əsərləri arasında gül dəstəsinə, buketlərə geniş yer ayrılıb. Demək olar ki, bütün yaradıcılığı boyu o ardıcıl formada böyük incəliklə gülləri təsvir edib. Natürmortlarda gördüyümüz güllər, çiçəklər, meyvələr canlı formada təsvir olunub. Rəssam mənzərələrində əsasən təbiətin canlanmasını, payızın sakit əlvan gözəlliyini , dənizin ləpələrini, meyvə bağlarını əks edib. Mənzərələrində əsasən Abşeron, Qarabağ, Ağdam və Azərbaycanın digər rayonlarının təbiəti öz əksini tapıb.“Dumanlı səhər”, “Çəmənlikdə bahar”, “Payız günəşi”, “Pambıq gül açanda” belə mənzərələrdəndir.

Xalidə Səfərovanın yaradıcılığı çoxşaxəli mövzuları ilə fərqlənir. Çox sevdiyi natürmort və mənzərə janrı ilə yanaşı o, bir çox tematik kompozisiyalara və portret janrına da müraciət edib. Əsasən gənclər və idman mövzusunda yaratdığı əsərlərinə görə rəngkarlıq sənətində mühüm yer tutub. İdman səpgili əsərləri bir çox muzeylərin ekspozisiyasını bəzəyir. BunlardanFutbolçular”, “Estafet” xüsusilə məhşurdur. Rəssamın fikrincə idman sağlamlıq, tərbiyə vasitəsi olub, güclü iradə və fiziki cəhətdən kamilləşməyə aparan vasitədir. Etüdlərində əsasən gənc idmançıların yarışa hazırlaşan təsvirləri əks olunur. Xalidə Səfərova əsasən idmanın milli növlərinə böyük əhəmiyyət verirdi. Belə kompozisiyalardan biri “Çövkən” əsəridir. Əsərdə milli geyimdə göstərilən altı idmançını, gərgin yarış vaxtını, dinamik formada əks etdirib.

Xalidə Səfərova xalqın müasir həyatını əks etdirən bir rəssam kimi fəaliyyət göstərirdi. Elə bu səbəbdən rəssam ən yaxşı bədii dəyərə malik əsərlərini müasir məət motivlərinə həsr edib. Azərbaycanın bir çox rayonlarında yerli həyat tərzi üçün xarakterik lövhələr müşahidə edib. Onların gündəlik qayğılarını, istəklərini əks etdirən əsərlər yaradıb. Rəssam əsasən kənddə yaşayan qadın obrazlarna daha çox maraq göstərirdi. Onun yaratdığı personajlar arasında pambıq tarlasında, meyvə bağlarında zəhmətkeş kənd qızlarının obrazı əsas yer tuturdu. “ Alma yığan qız” əsəri belə mövzuya aid olan ilk əsərdir. Xalidə xanımın məət mövzuları arasında “ Uçun, göyərçinlər” adlı tablosu nikbin ruhlu incə çalarlarla işlənib. Amma kompozisiya baxımından çox orijinal və sadədir.

Xalidə Səfərova portret janrında da yüksək nailiyyətlər qazanıb. Bu janrda rəssamı əsasən zəngin daxili aləmə məxsus, şəxsiyyət kimi formalaşan adamlar cəlb edirdi. Yaratdığı portretlərində əsasən təsvir etdiyi insanların xarakterləri hər zaman öz dəqiqliyi ilə seçilirdi. Çəkdiyi şəxslərin portretlərini əsasən iki planda yaradırdı. Rəssamın məqsədi çəkdiyi insanın daxili aləmini üzə çıxarmaq idi. Belə əsərlərindən Maral Rəhmanzadə, Leyla Vəkilova, Mahmud Tağıyev və başqalarını göstərmək olar.

1985-ci ildə Xalidə Səfərova Fransaya səfərə çıxıb. İmpressionizmin vətəni olan Fransaya səyahəti zamanı, Sena sahilinin mənzərələrini, düzənliklərini böyük ruh yüksəkliyi ilə təsvir edib. Rəssam Provans payızının valehedici gözəlliklərini incəliklə əks etdirərək “Provansda payız” , “Arl kafesi”, “Marsel limanı”, “Martinq sahili” və bir çox maraqlı əsərlər yaradır. Bir neçə variantlardaParis Notrdam kilsəsi”, “Bənövşəyi gecə”, “Site” tabloları üzərində işləyib. Fransa səfərindən olan əsərlərinin bir hissəsi Fransanın Azərbaycan səfirliyinin sərgisində nümayiş etdirilib.

Xalidə Səfərovanın yaratdığı əsrarəngiz əsərləri hazırda ABŞ, Almaniya, Rusiya, Türkiyə, Çexiya və bir sıra muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Təsviri sənətdə qazandığı uğurlara görə Xalidə Səfərova Azərbaycanın Xalq rəssamı adına layiq görülüb. Azərbaycan xalqı belə istedadlı rəssamları həmişə yaddaşlarda saxlayacaq.

Vəfa Orucova

Sənətşünas

Palitra.-2013.-23 noyabr.-S.10.