Fəzail Vəliyev: “Hər bir azərbaycanlının qarşısında öz
maddi və mənəvi dəyərlərini daha diqqətlə öyrənmək vəzifəsi durur”
Layihə çərçivəsndə müsahibimiz tarix elmləri doktoru, professor AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Fəzail Vəliyevdir
-Müstəqillik
illərində
Azərbaycan
etnoqrafiyasının inkişafı ilə
bağlı nə deyə
bilərsiniz?
-Azərbaycanın dövlət müstəqilliyinin bərpasından (18 oktyabr 1991-ci il) keçən zaman kəsiyində xalqımız və dövlətimiz bir sıra nailiyyətlər qazanmışdır ki, bu nailiyyətlərin ilk onillikdə əldə edilməsində ümummilli lider, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, azərbaycançılıq ideologiyasının banisi, milli-mənəvi və maddi dəyərlərimizin qoruyucusu və böyük təbliğatçısı Heydər Əliyevin müstəsna xidmətləri olub.Qeyd edək ki, heç bir xalqın tarixi taleyini şəxsiyyətlərsiz təsəvvür etmək mümkün deyil. Şəxsiyyətlərin xalqın taleyindəki rolunu isə onların fərdi xüsusiyyətləri və üzərinə götürdükləri missiya müəyyən edir. Bəşəriyyətin tarixi təkamül prosesi sübut edir ki, xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya, onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bilabasitə bağlıdır. Belə şəxsiyyətlərdən biri də dünya şöhrətli siyasətçi Heydər Əliyevdir.
Böyük şəxsiyyət, türk dünyasının fenomen liderlərindən biri olan Heydər Əliyev tarixçi olduğuna görə, xalqımızın möhtəşəm tarixinə, bu elmin köməkçi sahələrinə, xüsusilə də xalqımızın milli-mənəvi və maddi dəyərlərinə həmişə qayğıkeşliklə yanaşmış, onların bütöv şəkildə gələcək nəsillərə çatdırılmasında öz qayğı və məsləhətlərini əsirgəməmişdir. Akademik T.Bünyadov haqlı olaraq yazır: “Möhtərəm Prezidentimiz özünün fəaliyyəti dövrü xalqımızın mənəvi dünyasına çıraq tutmuşdur. Çoxsahəli elmimizin, zəngin mədəniyyətimizin, çoxəsrlik ədəbiyyatımızın inkişafına böyük qayğı göstərmişdir. Məhz onun Azərbaycana rəhbərlik etdiyi illərdə yeni-yeni elm ocaqları yaradılmış və inkişaf etdirilmişdir. Bu mühüm sahənin bayraqdarları öz əməyinin layiqli qiymətini almışlar. Azərbaycan Elmlər Akademiyasının inkişafı, elm adamlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər böyük qiymətə layiqdir. Xalqımızın XIX-XX əsrlər tarixinin (eləcə də etnoqrafiyasının - F.V.) əsaslı şəkildə yenidən obyektiv yazılması alimlərimizin qarşısında mühüm vəzifə kimi qoyulmuşdur”.
-Heydər
Əliyevin arxeologiya elminin
inkişafı ilə bağlı
atdığı addımları necə dəyərləndirirsiniz?
- Heydər Əliyevin böyük qayğıkeşliklə yanaşdığı, daim elmi nailiyyətlərinə dəstək göstərdiyi elm sahələrindən biri də arxeologiya və etnoqrafiya elmidir. Bəşərin əski yaranış çağlarından üzü bəri öz mövcudluğunu qoruyub saxlayan və saxlaya bilməyən hər bir xalq (etnos) dünya mədəniyyəti xəzinəsinə orijinal maddi və mənəvi dəyərlər bəxş etmişdir. Həmin xalqlar (etnoslar) etnoqrafiya elminin tədqiqat obyekti, etnosların yaratdığı və nəsildən-nəslə keçirərək təkmilləşdirdiyi mədəniyyət isə tədqiqat predmetidir. Mədəniyyət - cəmiyyət və insanın özünün inkişafının tarixən müəyyən səviyyəsi olub, formaca milli, məzmunca beynəlmiləl və ümumbəşəri, humanist, tarixi keçici, diskrutiv və sinkret xarakter daşıyır, üstqurum hadisəsi kimi təzahür edir. Dünya mədəniyyəti panteonunda özünün maddi və mənəvi dəyərləri ilə seçilən türk mədəniyyəti və onun tərkib hissəsi olan Azərbaycan mədəniyyəti mükəmməl maddi təməl üzərində pərvəriş tapmış, uzun əsrlərin əməli vərdişləri, empirik bilik və təcrübələri ilə zənginləşmiş, mədəni irsimizin mühüm sahəsi olmuşdur. Buna görə xalqımızın qədim və çoxçalarlı maddi və mənəvi mədəniyyətinin, təsərrüfat və ailə məişətinin, eləcə də etnik proseslərin öyrənilməsi etnoqrafiya elmi qarşısında duran ən vacib və aktual problemlərdən biridir. Azərbaycan etnoqrafiyası elminin bütün bu sadaladığımız problemləri xalqımızın milli-mənəvi dəyərləri sistemində əsas yerlərdən birini tutur...
-Milli-mənəvi
sərvətlərimiz
və
azərbaycançılıq
ideologiyası. Bu iki
amilə
bir yerdə necə
yanaşardınız?
- Milli-mənəvi sərvətlərimiz azərbaycançılıq milli ideologiyasının əsas hissəsi kimi dövlət səviyyəsində dəyərləndirilir. Bu gün müstəqil Azərbaycan Respublikasının milli-mənəvi və maddi dəyərlərinin daha çox diqqət mərkəzinə çəkildiyi, milli-mənəvi irsə dövlət səviyyəsində qiymət verildiyi, milli-mənəvi şüura qayıdışın çağdaş milli varlığın təsdiqi kimi reallaşdığı, azərbaycançılıq milli ideologiyasının artıq formalaşma prosesi keçirdiyi bir tarixi zaman kəsiyində hər bir azərbaycanlının qarşısında özünün tarixi keçmişinə, soykökünə, maddi və mənəvi dəyərlərinə daha diqqətlə və vicdanla yanaşmaq, onları xüsusi bir yanğı ilə öyrənmək vəzifəsi durur. Ulu öndər Heydər Əliyev öz çıxış və nitqlərində daim milli-mənəvi dəyərlərimizə vətəndaşlıq mövqeyindən yanaşmış, onların həqiqi elmi qiymətini vermişdir: ”Milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.
Milli-mənəvi və maddi dəyərlərimizi elmi əsaslarla öyrəndiyinə görə ümummilli lider Heydər Əliyev cənabları Azərbaycan etnoqrafiyası və arxeologiyası elminin nailiyyətləri ilə daim qürur hissi keçirmiş, bu qoşa qanad elm sahələrinin inkişafını diqqətində saxlamışdır. Ümumilikdə götürüldükdə isə H.Əliyev cənabları bütün elm sahələrinə diqqətlə yanaşmış, onların inkişafına xüsusi dəstək göstərmişdir. 1993-cü il sentyabrın 21-də AMEA-nın rəhbərliyi, alimləri və ziyalıları ilə görüşündə, 1997-ci il yanvarın 31-də yenə də AMEA alimləri ilə görüşündə Azərbaycan tarixinin aktual problemləri haqqında irəli sürdüyü fikirləri və tövsiyələri bütünlüklə etnoqrafiya elmimizə də şamil etmək olar. Bu görüşlər Azərbaycanda etnoqrafiya elminin inkişafı üçün böyük əhəmiyyət kəsb etmişdir. 2001-ci il mayın 15-də H.Əliyev tərəfindən imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” fərmanda, eləcə də 2002-ci il avqustun 7-də “AMEA-nın Naxçıvan filialının təsis edilməsi haqqında” sərəncamda Azərbaycan elminin inkişaf strategiyası müəyyənləşdirilmiş, elmə böyük dövlət qayğısı öz əksini tapmışdır.
Mənim də əməkdaşı olduğum AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Milli Elmlər Akademiyasının sahə institutları içərisində ən cavanlarından biridir. Belə ki, 1974-cü ildə Akademiyanın Tarix İnstitutunun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmışdır. 1982-ci ildə Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyev Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılması barədə sərəncam imzalasa da, müəyyən səbəblər ucbatından bu sərəncamın həqiqətə çevrilməsi on il ləngidilmiş və nəhayət, 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə gələn H.Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun tarixli 386 saylı qərarı ilə məlum Sektorun bazasında müstəqil elmi-tədqiqat müəssisəsi kimi Arxeologiya və Etnoqrafiya İnstitutu təsis edilmişdir. Cəmi 20 yaşı olan bu İnstitutun əsas fəaliyyət istiqaməti müasir dünya elminin ən son nailiyyətlərinə arxalanaraq Azərbaycan ərazisində arxeoloji və etnoqrafik tədqiqatlar aparmaq, tədqiqatların nəticələrini elmi-tədqiqat əsərlərində nəşr etdirməkdir. Qısa zaman kəsiyində İnstitutun elmi potensialı arxeologiya və etnoqrafiya elminin müxtəlif problemlərinə dair tədqiqatlar aparmış, çoxcildliklər işləyib hazırlamış, beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş, yeni tikinti sahələrinin (Yevlax-Balakən dəmiryolu, Şəmkir və Yenikənd su qovşaqları, Mozdok-Qazıməmməd qaz kəməri, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri və s.) arxeoloji və etnoqrafik tədqiqində fəaliyyət göstərmiş, dünya səviyyəli proqramlarda (“Böyük İpək Yolu”, “İNTAS-2000” və s.) yaxından iştirak etmiş, Azərbaycan arxeologiyası və etnoqrafiyası elminin nailiyyətlərini dünya çapında təsdiqləyə bilmişlər. Bütün bu nailiyyətlərin qazanılmasında Müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin misilsiz xidmətləri və davamlı dəstəyi olmuşdur. Bu gün müstəqil Azərbaycanın Azxeologiya və Etnoqrafiya İnstitutunun sərbəst elmi-tədqiqat müəssisəsi kimi fəaliyyəti məhz ümummilli liderin adı və fəaliyyəti ilə bağlıdır. Çox şükürlər olsun ki, 1993-cü ildə xalqımızın böyük oğlu Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldi və müstəqil Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasının bütün istiqamətlərini dəqiq müəyyənləşdirdi. Burada elm sahəsində problemlərin aradan qaldırılmasına dair göstərişlər və tövsiyələr də öz əksini tapmışdır.
İlkin AĞAYEV
Palitra.-2013.-26 noyabr.-S.11.