“Qazaxıstandakı gənclərin muğama böyük həvəsi var

Alı Bağırov: “Yaxşı olardı ki, iş adamlarımız öz imkanlarından bir az da olsa mədəniyyətimizin təbliğinə

sərf etsinlər”

 

Ölkəmizin tarixi, milli-mənəvi dəyə rləri, adət-ənənəsi, musiqisinin təbliği və yaşadılması diasporumuzun da qarşısında duran əsas vəzifələrdəndir. Digər ölkələr kimi Qazaxıstanda bu baxımdan görülən və görülməsinə hələ də ehtiyac olan işlər var. Müsahibimiz Alı Bağırov Qazaxıstanda Azərbaycan mədəniyyətini həm diaspor fəalı, həm də muğam ifaçısı kimi təbliğ edir. O, vətənə gəlib hazırda muğam təhsili alır və bu sənəti Qazaxıstanda professional şəkildə təbliğ etmək istəyir. Qeyd edək ki, A.Bağırov 1976 - cı ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olub. 1990 - cı ildən Qazaxıstanın Kustanay vilayətində yaşayır. Orada həm ticarətlə məşğuldur, həm də Heydərçi Azərbaycanlı Gənclər təşkilatında çalışır. Ailəlidir.

-Vətənə gəlməyinizin məqsədi nədir?

-Vətənə gəlməkdə məqsədim vətənimizi ziyarət etmək, qohumlarımı görməkdir. Uzun illər bu arzu ilə qərib ölkədə yaşamışam. Bir neçə sənəd problemi səbəbindən uzun illər idi ki, Azərbaycana gələ bilmirdim. Heydərçi Azərbaycanlı Gənclər təşkilatı mənə dəstək oldu. Səfirliyimizin köməyi ilə sənədlərim düzəldildi. İkinci də, ən böyük arzum Azərbaycanın xalq artisti Mənsum İbrahimovdan muğam təhsili almaqdır.

- Mənsum müəllim sizə nə vaxta kimi muğam təhsili vərəcək?

-Təşkilatımızın sədri Bəhruz Axundovun Mənsum müəllimlə görüşü oldu. Mənim muğam təhsili almağım barədə danışıqlardan sonra Mənsum müəllim səsimi yoxlayıb bəyəndi və bizə dəstək oldu. Bir neçə ay muğam kursları keçəndən sonra gedib öyrəndiklərimi həm tədbirlərimizdə ifa edəcəm, həm də Qazaxıstanın Astana şəhərində gənclərimizə öyrədəcəm. Hər il vətənimizə bir-iki aylıq muğam kurslarına gələcəm. Azərbaycandan uzaqlarda vətənimizi təmsil etdiyimizə və muğama xüsusi məhəbbətimiz olduğuna görə Mənsum müəllim dedi ki, bizə kömək edəcək. O, bizim ideyalarımızı bəyəndi və bizə çox gözəl münasibət göstərdi. Hazırda Mənsum müəllimdən muğam təhsili alıram. Belə gözəl insanlar biz gəncləri daha çox ruhlandırır.

-Qazaxıstanda musiqi istedadı olan uşaq və gənclər çoxdurmu?

- Qazaxıstanda səsi olan körpələrimiz çoxdur. Onların muğama böyük həvəsləri var. Mənim də üzərimə düşən ən böyük məsuliyyət Mənsum müəllimdən öyrəndiklərimi həmin uşaqlara tədris etməkdir. Mən çalışacam ki, muğamı layiqli təmsil edim və gənclərimizə öyrədim.

-Heydərçi Azərbaycanlı Gənclər təşkilatının nəzdində muğam dərnəyi açmaq mümkündürmü?

-Heydərçi Azərbaycanlı Gənclər təşkilatında muğam dərnəyi yaratmaq bizim ən böyük arzumuzdur və ən əsas məqsədlərimizdən biridir. Biz mədəniyyətimizi təmsil edirik. Muğam da bizim mədəniyyətin bünövrəsinin bir hissəsidir. Biz istəyirik öz mədəniyyətimizi layiqincə təmsil edək.

-Ümumiyyətlə, Qazaxıstanda gənclərimizin milli musiqimizə marağı necədir?

-Qazaxıstanda gənclərimizin milli musiqiyə marağı var, amma biz istərdik o gənclərin arasında milli musiqini ifa edənlər də çox olsun. Bunun üçün də təşkilatımızın musiqi dərnəyinə ehtiyacı var.

-Diasporumuz orada milli-mənəvi dəyərlərimizi nə dərəcədə yaşadır?

-Diasporumuz milli-mənəvi dəyərlərimizi təəssüflər olsun ki, tam şəkildə yaşada bilmir və lazım olan səviyyədə də təmsil edə bilmir. Hər bir milli diaspor nümayəndəsi çalışmalıdır ki, Azərbaycanın adına layiq olsun. Bizim mədəniyyətin, xüsusən də mətbəxin xarici ölkələrdə düşmən xalq tərəfindən oğurlanmasında mən birinci növbədə diasporumuzu günahkar görürəm. Hər kəs, o cümlədən diasporumuz mədəniyyətimizə milli qeyrətlə yanaşmalıdır və onu elə qorumalıdır ki, o oğurlanmasın.

- Qazaxıstandakı adamları bu baxımdan sizə hər hansı dəstək göstərirlərmi?

-Qazaxıstandakı adamları tərəfindən Azərbaycan gəncliyinə hələ ki, demək olar heç bir dəstək yoxdur. Təəssüflər olsun ki, bizim vətənpərvər olmağımız oradakı bəzi adamlarını hələ də maraqlandırmır. Bizim kimi sadə azərbaycanlı gənclər onlar üçün hələ də maraqlı deyil. Dəfələrlə tədbirlərimiz olanda biz müraciət etmişik, həmin insanların arasında 5-6 nəfər kömək edib. Hər dəfə də həmin insanlara müraciət etməyə də üzümüz gəlmir. Qalanları isə lazım olmayan məqsədlərə öz imkanlarını sərf edilər. Onu da qeyd etmək istəyirəm ki, Qazaxıstandakı adamlarının əksəriyyəti diaspor rəhbərləri və diaspor sahəsində olan insanlardır. Onlar Azərbaycan mədəniyyəti adı altında ancaq öz bizneslərini genişləndirirlər. Gözdən pərdə asmaq üçün hərdən tədbirlər həyata keçirirlər. O tədbirlərdə də ən çox əziyyət çəkən həmişə sadə azərbaycanlılar olur. Yaxşı olardı ki, hər bir azərbaycanlı adamı öz imkanlarından bir az da olsa mədəniyyətimizə sərf etsin. Biz bütün xaricdə yaşayan həmvətənlərimizə milli qeyrət, ulu öndər Heydər Əliyev ideyaları ilə möhkəm silahlanmağı arzulayırıq!

Fuad Hüseynzadə

Palitra.-2013.-21 noyabr.-S.7.