Bayram İbrahimxanlı: “Xaricdə təhsil alan gənclərimizin sayı durmadan artır”
“Almaniyada təhsil alan tələbələrimiz bacarıqlı və bilikli gənclərdirlər”
Azərbaycandan dünyanın bir sıra ölkələrinə üz tutaraq təhsil almağa gedən gənclərimizin sayı ilbəil artmaqdadır. Təhsillərini aparıcı universitetlərdə davam etdirib, yeni-yeni biliklər öyrənməyə cəhd edən bacarıqlı, istedadlı gənclərimiz bununla həm də dünyaya inteqrasiya edib, Azərbaycanın da tanınması, təbliği istiqamətində addımlar atmış olurlar. Belə gənclərdən biri də Bayram İbrahimxanlıdır. Bayram İbrahimxanlının “Palitra”ya verdiyi müsahibəni oxuculara təqdim edirik.
- Öncə
ondan başlayaq ki, xaricdə təhsil
almaq ideyası sizdə haradan yarandı?
- Mən orta məktəbdə oxuyarkən ingilis dili xarici dil kimi tədris olunurdu. Lakin xarici dili öyrənmək baxımından 2002-ci ildən etibarən bir neçə dəfə Almaniyada olduğum üçün mən Almaniyanı, alman dilini seçdim. O vaxtlar biz ailəliklə Almaniyada olarkən dil bilməməyimiz müəyyən çətinliklər yaradırdı. Alman dilini 2009-cu ildən tam öyrənməyə başladım. Valideynlərim məsləhət gördülər ki, alman dilini yaxşı öyrənməyim üçün Almaniyada dil kursuna yazılım. Beləcə Haydelberq şəhərində alman dili kursuna yazıldım. Valideynlərimlə 2010-cu ilin yay aylarında Almaniyaya getdik. Atam bizi universitetin ərazisinə- kitabxanaya apardı. O, əsasən kitabxanalara önəm verdiyi üçün burada kitabxanadakı şəraitdən razı qaldı. Atam mənə dedi: “Bakı Dövlət Universitetində oxuyanda mən dərslərimi kitabxanada hazırlayırdım". Bax, bu fikirlər mənə bir növ yol göstərdi ki, gələcəkdə necə oxuyum və hansı formada uğurlara nail olum. Beləcə dil kursunu da uğurla keçdim. Haydelberq şəhəri çox xoşumuza gəlmişdi. Lakin mənim seçdiyim ixtisas orada olmadığı üçün ali təhsil üçün Köln Universitetini seçməli oldum. Həm də Köln Universiteti mənim ixtisasım üzrə Almaniyada 2-ci pillədədir. 2011-ci ildə Köln Universitetinə qəbul oldum. Növbəti il isə xaricdə təhsil üzrə dövlət proqramına qoşuldum. Hər il yayda Təhsil Nazirliyinə gedirik və müəyyən məsləhətlər alırıq. Onu da qeyd edim ki, Təhsil Nazirliyi xaricdə təhsil alan tələbələrə həmişə yüksək diqqət və qayğı göstərir. Buna görə də mətbuat vasitəsilə nazirliyimizə öz dərin təşəkkürümü bildirirəm.
- Almaniyada
təhsil
almağın özəllikləri
nədən
ibarətdir?
- Almaniyada təhsil bütün sahələrdə yüksək peşəkarlıqla təşkil olunub. Müəllimlər dərs dedikləri fənləri yüksək səviyyədə bilirlər, tələbəyə xüsusi bir hörmətlə yanaşırlar. Bununla belə, müəllimlər tələbələrə neqativ hallarla bağlı heç bir güzəştlər də etmirlər. Burada, sözün həqiqi mənasında tələbəni dinləyirlər. İmtahanlar üçün məsləhət saatları təşkil olunur. Bilmədiyimiz suallar ətraflı izah edilir. İmtahan vaxtını özümüz seçirik. Proqramı oxuyub çatdıra bilmədikdə imtahanın vaxtını bəzən dəyişə bilirik. Qiymətimizdən narazı olduqda vaxt təyin edib cavablarımızı araşdırırıq. Müəllimlər səhvlərimizi düzəltməyə kömək edirlər. Bu sistem tələbədən böyük məsuliyyət tələb edir. Bax beləcə alman təhsil sisteminin özəllikləri hər yerdə təriflənir.
- Bəs
azərbaycanlı
tələbələrin
Almaniyada təşkilatlanma işləri
nə
yerdədir?
- Tələbələr arasında əlaqələrimiz sıxdır. Müxtəlif ali məktəblərdə təhsil alan soydaşlarımızla istirahət günlərində görüşürük. Tələbələrin çoxu kitabxanalardan istifadə etdikləri üçün, orada fasilələrdə söhbətləşir, müəyyən müzakirələr aparır və bir-birimizin dərdlərinə şərik oluruq. Çox vaxt bir-birimizə bilmədiklərimizi izah edirik. Ümumiyyətlə bir məqamı qeyd edim ki, adətən tələbələr gənc olduqlarından hələ siyasi cəhətdən yetkin sayılmırlar. Bu səbəbdən də çox vaxt populist fikirlər söyləməyə meyilli olurlar. Amma sevindirici haldır ki, bizim Almaniyada təhsil alan tələbələrimiz qabiliyyətli, bu sahədə çox bilikli gənclərdirlər. Bir arzum da var ki, tez-tez onların sosial və mədəni sahədə tanınmış ziyalılarla görüşləri təşkil edilsin. Bayram şənliklərini tez-tez təşkil etmək və digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə ünsiyyətin effektiv formasını fikirləşmək yaxşı olardı. Məsələn, belə bir ideya verə bilərəm: tələbələrimiz vahid mərkəzdən əlaqələndirilsinlər. Kim, hansı ixtisas üzrə təhsil alır? Oxuduğu ali məktəbin həyatında (elm, idman, musiqi, ölkəmizi tanıtmaq, universitet KİV-lərində çıxış və s.) nə kimi fəallığı var, yoxdursa səbəbi nədir? İxtisası üzrə digər ölkələrdə təhsil alan soydaşlarımızla əlaqələri varmı? Bax, bu vacib amillər tez-tez qabardılıb gənclərimizin gündəminə daşınmalıdır. Bir sözlə tələbələr arasında sıx əlaqələr qurmaq üçün müxtəlif istiqamətdə təşkilatlanma lazımdır.
- Almaniyada
Azərbaycan
həqiqətlərinin
digər
ölkələrdən
olan tələbələrə
çatdırılması istiqamətində
hansı addımlar atılır?
- Əslində xaricdə təhsil alan tələbələrimizin savadı, mədəniyyəti, davranışı, insani keyfiyyətləri ölkəmiz haqqında müəyyən təsəvvür yaradır. Biz Almaniyadakı ali məktəblərə qəbul olandan müəyyən vaxt sonra bu barədə mövzu düşəndə digər ölkələrdən olan tələbələrə lazımi məlumatları çatdırırıq. Onlar Azərbaycan haqqında bəzi suallar verdikdə, ölkəmiz barədə məlumatlar veririk. Mənim Almaniya, Yunanıstan, İspaniya, Ukrayna, Türkiyə, İtaliya, Türkmənistan, Rusiya, Avstriya, Polşa, İran, Danimarkadan əlaqədə olduğum tələbə tanışlarım var. Bir məsələni deyə bilərəm ki, bu yaxınlarda alman dostumun ad gününə dəvət edilərkən, orada yeni tanış olduğum alman tələbələr məndən ölkəmiz haqqında maraqlandılar. Mən də onlara ölkəmizdə stabilliyin olduğunu və Avropaya sürətlə inteqrasiya etməyimizi dəlillərlə danışdım.
- Bu
ölkəyə Azərbaycandan
tələbə
axını çoxalıbmı?
- Bəli. Azərbaycanlı gənclər ilbəil Almaniyada təhsilə daha çox üstünlük verirlər. Bunun da bir neçə əsas səbəbi var. Birincisi, alman dilində bakalavr təhsili alan tələbələr təhsil haqqı ödəmirlər. İkincisi, burada oxumaq istəyən üçün hər cür şərait var. Üçüncüsü isə bu ölkə dünyanın güclü iqtisadiyyatı olan dövlətlərindən biridir. Biz burada alman tələbələr kimi bütün sosial hüquqlardan da istifadə edirik.
- Bəs,
səndə
oxuduğun sahəyə
maraq haradan yarandı?
- Kiçik yaşlarımdan biznesə maraq göstərmişəm. Bir qədər gülməli səslənsə də, ilk kiçik biznesimi məktəb yoldaşım ilə qurmuşdum. O zaman Bakıda zəlzələ olmuşdu və biz zəlzələyə aid kitabçalar əldə edib, məktəbin yaxınlığında xırdavat malları satan qadına verdik ki, o bunları satıb məktəblilərdə buna maraq oyatsın. Qazancı isə bölüşdürdük. Atam bunu bildi. Düzdür, məni danlamadı, amma dedi ki, “hələ balacasan, dərslərini oxu, böyüyərsən, biznesmen olarsan”. Beləcə maraq mənə güc gəldi və mən də get-gedə dəqiq elmləri-iqtisadiyyatı seçdim.
- Gələcək
planlarınız necədir? Təhsilinizi
bitirdikdən sonra vətənə
qayıdıb burada fəaliyyət
göstərməyi düşünürsüzmü?
- İnşallah, təhsilimi bitirdikdən sonra ilk növbədə vətənimizdə münasib iş axtaracağam. Əlavə olaraq buradakı tələbə tanışlarımızla işbirliyi qurmağı da planlaşdırıram. Bu il Bakıda “Port BakuTowers” Biznes Mərkəzində fəaliyyət göstərən “Ernst & Young” şirkətində təcrübə keçdim. Mən təcrübəni başqa ölkədə də keçə bilərdim. Lakin vətənimi üstün saydım.
- Gələcəyin
iqtisadçısı kimi Azərbaycan
iqtisadiyyatının sürətlə
inkişafını necə xarakterizə
edərdin?
- Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox ölkələrdən üstün inkişaf yolundadır. Azərbaycanda bütün sahələrdə misilsiz sürətlə yenilənmələr gedir. Müasir texnologiyalara əsaslanan zavodlar tikilir ki, bu da yeni istehsal sahələrinin yaranması, çoxlu iş yerlərinin açılmasına səbəb olur, ölkəmiz daha da varlanır. Bu isə insanların həyatına, yaşayış tərzlərinə də müsbət təsir edir. İqtisadçıların dili ilə desək “importdan” “eksport”a keçid Azərbaycanın dünyada reytinqinin artmasına səbəb olur. Biz də, xaricdə yaşayıb təhsil alan gənclər olaraq, bu cür siyasətə biganə qalmırıq və Prezidentimiz, vətənimizin çiçəklənməsi ilə fəxr edirik.
Onu da qeyd edim ki, bu
yay Azərbaycanın
rayonlarını gəzərkən meyvə
bağları, üzümlüklər,
ümumən kənd təsərrüfatının inkişafı
göz oxşayırdı. Bəlkə də
orada yaşayanlar buna alışıblar, amma
biz hər
dəfə vətənimizə gedəndə gördüyümüz
yeniliklərə heyran
oluruq, sevinirik, vətənimizlə
qürur duyuruq. Aqrar sahəyə qoyulan investisiya tez və
daha çox gəlir
verir. Yeri gəlmişkən, Azərbaycan
torpağının məhsulları digər
ölkələrin məhsullarından
keyfiyyəti
və
dadı ilə seçilir. Bunu əcnəbilər
də
dəfələrlə
qeyd edirlər.
- Dövlətin iqtisadi inkişafından danışdın. Bəs dövlətin
gənclər siyasətini
necə
dəyərləndirərdin?
- Dövlətimizin
gənclər siyasətini
yüksək
dəyərləndirirəm.
Qayğıya əyani
misal kimi Prezident təqaüdləri
ilə
xaricdə
təhsil
proqramını göstərmək olar.
Yüzlərlə imkansız gənc bu təqaüd
sayəsində dünyanın nüfuzlu ali məktəblərində təhsil
alırlar. Bu, çox böyük işdir. Yeni mühit, yüksək inkişaf etmiş dövlətlərdə bir neçə
il, hətta 7 il yaşayıb təhsil
almaq, ailənin arzularını
gerçəkləşdirməyə çalışmaq,
dövlətin
etimadını doğrultmaq
həm
şərəflidir, həm
də
biz gənclərdən böyük
məsuliyyət tələb edir. Yəni, məhz
ölkənin
düzgün gənclər siyasəti
sayəsində bu imkanlar yaranıb.
- Almaniyada təhsil
almaq istəyən
gənclərimizə hansı məsləhətləri verərdin?
- İlk növbədə alman dilini yaxşı öyrənsinlər. Dili öyrəndikcə seçdikləri
ixtisaslara aid mətnləri diqqətlə oxusunlar, tərcümə
etsinlər
və
qısası beləcə hər şeyin dərinliklərinə getsinlər.
Fənlərin hamısı alman
dilində
olduğu üçün
bir-iki ay çətinliklər yaranır. Buna alışmalıdırlar. Vətənimiz haqqında müəyyən biliklərə sahib olsunlar.
Ən əsası
isə
qəlbləri Azərbaycanımız
üçün döyünsün. Dövlətimizin onlara yaratdığı
imkandan elm, peşə öyrənmək şəraitindən layiqincə
istifadə
etsinlər.
Tural Tağıyev
Palitra.-2013.-21 noyabr.-S.6.