Zaqatalada Avropa irs günləri
Mədəniyyət müəssisələrində,
qoruqlarda “Açıq qapı” günləri, muzey və rəsm
qalereyalarında “Mədəniyyət abidələrimiz”
mövzusunda fotosərgilər təşkil olunub
Layihə
çərçivəsində təqdim etdiyimiz məqalə
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Avropa irs günləri layihəsinin Azərbaycanda ilk dəfə
olaraq təntənəli şəkildə qeyd olunması ilə
bağlıdır. Qeyd edək ki, hər il ölkəmizin
müxtəlif regionlarında keçirilməsi nəzərdə
tutulan tədbirlər bu il Şəki, Qax, Zaqatala və Balakən
rayonlarını əhatə edib.
Sentyabrın
27-də başlanan Avropa irs günləri çərçivəsində
bu rayonlarda silsilə tədbirlər, o cümlədən
ümumtəhsil məktəblərində mədəni irsin
qorunması mövzusunda dərslər keçirilib, mədəniyyət
müəssisələrində, qoruqlarda “Açıq
qapı” günləri, muzey və rəsm qalereyalarında “Mədəniyyət
abidələrimiz” mövzusunda fotosərgilər təşkil
olunub.
Zaqatala
rayon Mədəniyyət Evinin qarşısındakı
meydanda Avropa irs günləri layihəsinə həsr
olunmuş təntənəli bayram şənliyi
keçirilib. Rayon İcra Hakimiyyətinin, Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşlarının, layihənin
iştirakçısı olan rayonların mədəniyyət
və turizm şöbələri nümayəndələrinin,
şəhər sakinlərinin iştirak etdikləri bayram
şənliyində rayonların yaradıcı kollektivləri
maraqlı konsert proqramı ilə çıxış ediblər.
Şəki incəsənət məktəbinin xor, Zaqatala
rayon Mədəniyyət Evinin rəqs, Qax rayon İncəsənət
məktəbinin rəqs, həmçinin Balakən rayonunun “Nənələr”
və “Cahan” folklor kollektivlərinin
çıxışları şənlik
iştirakçılarında xoş ovqat yaradıb. Tədbir
iştirakçıları layihə çərçivəsində
bu rayonlarda keçirilmiş rəsm müsabiqələrində
qalib gəlmiş balaca rəssamların əsərlərindən
ibarət sərgilərə baxıblar.
Daha
sonra bayram iştirakçıları zurnaçılar dəstəsinin
ifa etdiyi musiqinin sədaları altında şəhərin
yenidən qurulmuş Dədə Qorqud Meydanına
yürüş edib, burada Bakı Musiqi Akademiyasının gənclər
kamera orkestrinin ifasında maraqlı konsert proqramını izləyiblər.
Konsertdən əvvəl Rayon İcra Hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə, Mədəniyyət
və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin
müdiri Rüfət Nəbiyev, Bakı Musiqi
Akademiyasının professoru, Xalq artisti Yeganə Axundova
çıxış edərək Avropa irs günləri layihəsi
və bu onun çərçivəsində həyata
keçirilən tədbirlər barədə məlumat veriblər.
Bildirilib ki, Avropa Şurası və Avropa İttifaqı tərəfindən
ümumavropa bayramı elan edilən bu əlamətdar gün hər
bir Avropa ölkəsində böyük təntənə və
coşqu ilə qeyd olunur. Hər il sentyabrın sonunda Avropa Mədəniyyət
Konvensiyasını imzalamış 50 ölkədə minlərlə
abidə və tarixi ərazidə pulsuz giriş elan olunur,
sakinlərin iştirakı ilə folklor gecələri,
etnoqrafik şənliklər keçirilir. Qeyd olunub ki, 1985-ci
ildə əsası qoyulmuş layihənin bu ildən etibarən
ənənəvi olaraq hər ilin sentyabrında ölkəmizdə
də keçirilməsi nəzərdə tutulub. Hər il
respublikamızın müxtəlif regionunu əhatə edəcək
tədbirlər öz başlanğıcını məhz
ölkəmizin zəngin tarixi-mədəni irsə malik bir
bölgəsindən götürüb. Yerli və əcnəbi
turistlərin, eləcə də bölgə sakinlərinin
tarix və mədəniyyət abidələrinə sərbəst
girişini təmin etmək məqsədi daşıyan Avropa
irs günləri bəzi ölkələrdə tədbirlər
hər il müəyyən regionu əhatə edir, bəzilərində
isə bütün ölkə boyu qeyd olunur, tarix və mədəniyyət
abidələrinin qapıları hamının üzünə
açılır. Ümumiləşdirilmiş statistik məlumatlara
əsasən, son dövrlərdə Avropa irs günləri
çərçivəsində hər il Avropanın 100.000-dən
çox mədəni irs abidəsində açıq qapı
günləri təşkil olunur və 20 milyon nəfər
ziyarətçi tarix və mədəniyyət abidələrini
ziyarət edir. Bildirilib ki, Avropa irs günləri layihəsinin
əsas məqsədi ziyarətçilərin mədəni
irs obyektlərinə sərbəst girişini təmin etməklə
tarix və mədəniyyət abidələrinin qorunmasına
ictimaiyyətin diqqətini cəlb etmək və milli-mədəni
irsi geniş təbliğ etməkdir. Gənclərin Avropa irs
günlərinə həsr etdikləri fləşmob şənlik
iştirakçılarının böyük marağına
səbəb olub. Bayram tədbirinin sonunda Xalq artisti
Yalçın Adıgözəlovun dirijorluğu ilə
Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri
maraqlı konsert proqramı ilə çıxış edib.
Proqrama Üzeyir Hacıbəylinin “Arazbarı”, Müslüm
Maqomayevin “Azərbaycan”, Aqşin Əlizadənin “Cəngi”,
Niyazinin “Arzu”, “Qaytağı”, Qara Qarayevin “Adajio və rəqs”,
Tofiq Quliyevin “Sevgi valsı” və digər Azərbaycan və
Avropa bəstəkarlarının əsərləri daxil olub. Konsert
bayram iştirakçıları tərəfindən
böyük maraqla qarşılanıb. Qeyd edək ki, belə
tədbirlər bölgələrdə mədəniyyət
kollektivlərinin inkişafına, mədəni həyatın
zənginləşməsinə, turist axınının
artmasına səbəb olacaq. Son illərdə Azərbaycanda
mədəniyyətin inkişafına göstərilən
qayğı daha da artıb, bu sahədə
çalışanların iş şəraitini günün
tələbləri səviyyəsinə çatdırmaq
üçün məqsədyönlü tədbirlər həyata
keçirilib. Mədəniyyətin və incəsənətin
inkişafına diqqət yeni mədəniyyət
ocaqlarının inşasında da özünü göstərir.
Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş
vüsət alıb. Son dövrlərdə bölgələrdə
müasir tipli yeni mədəniyyət infrastrukturu
yaradılıb, çoxlu sayda mədəniyyət obyektləri
tikilib istifadəyə verilib. Balakəndə inşa olunan Mədəniyyət
Mərkəzi də bu sırada mühüm yer tutur. İkimərtəbəli
binanın ümumi sahəsi 3 min 244 kvadratmetrdir. Mərkəzin
260 yerlik tamaşa zalında müxtəlif mədəni tədbirlərin
yüksək səviyyədə keçirilməsi
üçün hər cür şərait yaradılıb. Mərkəzdə
yeməkxana, texniki və xidməti otaqlar da var. Binanın
ikinci mərtəbəsində isə müxtəlif dərnəklər
fəaliyyət göstərəcək. Burada rəsm zalı,
heykəltəraşlıq, əmək, rəqs, musiqi dərnəkləri
və müəllimlər otaqları var. Ümumiyyətlə,
Balakəndə 27 millətin nümayəndəsi
yaşayır. Milli irsin qorunub saxlanması, eləcədə əhaliyə
göstərilən mədəni xidmət işində
rayonumuzda yaşayan hər bir millətin adət-ənənələri
təbliğ olunur. Belə ki, milli azlıqlar içərisində
üstünlük təşkil edən avar xalqına məxsus
Qaysa kənd Mədəniyyət evində “Cahan” folklor
ansamblı, Şambul kənd mədəniyyət evində
“Qızlar” rəqs qrupu, Mahamalar kənd mədəniyyət
evində “Təbəssüm” rəqs qrupu, ingiloylar yaşayan
İtitala kənd Mədəniyyət evində isə “Şəlalə”
rəqs studiyası fəaliyyət göstərir. “Cahan”
folklor ansamblı 2011-ci ildə Bakı şəhərində
keçirilən “Azərbaycan doğma diyar” devizi altında
Milli Azlıqların İncəsənəti III Respublika
festivalında fəal iştirak edib, Xalq kollektivi adına layiq
görülüb. Rayonda keçirilən tədbirlərdə
onların çıxışlarına xüsusi yer verilir.
Eyni sözləri Qəbələ rayonu haqqında da deyə
bilərik. Bu rayonda fəaliyyət göstərən
“Zopu-zopu” folklor rəqs ansamblı, “Bulaq başı”,
“Gülbuta”, “Gülüstan” folklor qrupları yerli və beynəlxalq
tədbirlərdə fəal iştirak edirlər.
Həmin
musiqi qruplarının çıxışı yerli və
xarici tamaşaçılar tərəfindən həmişə
maraqla qarşılanır, bir çox müsabiqə və
festivalların mükafatlarını qazanırlar. Bum qəsəbəsinin
Mədəniyyət evində fəaliyyət göstərən
“Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı xalq oyunları,
deyimləri və musiqini özündə birləşdirir.
1980-ci ildə yaradılmış ansambla 1989-cu ildə xalq
kollektivi adı verilib. Ansambl bu günədək Rusiya, Fransa,
Türkiyədə keçirilən bir çox beynəlxalq
festival və müsabiqələrdə diplom və fəxri fərmanlara
layiq görülüb. Hazırda 12 üzvü olan ansambl
rayonda keçirilən bütün mədəni-kütləvi
tədbirlərdə fəal iştirak edir. Bundan əlavə,
2001-ci ildən Nic qəsəbəsinin Mədəniyyət
evində fəaliyyət göstərən “Cəngi” folklor
ansamblı Bakıda “Azərbaycan doğma diyar”
festivalının, milli azlıqların bədii özfəaliyyət
kollektivlərinin respublika festivalının
mükafatlarını qazanıb. Ansamblın repertuarına “Cəngi”,
“Tərəkəmə”, “Heyvagülü”, “Kəndimiz”,
“Qoçəli”, “Vağzalı”, “Mirzəyi” rəqsləri
daxildir.
2010-cu
ildən Hacallı kənd Mədəniyyət evində fəaliyyət
göstərən “Gülüstan” folklor qrupunun 9 qadın
üzvü var. Qəbələdə fəaliyyət göstərən
“Bulaq başı”, “Gülbuta” folklor qrupları ümumrayon tədbirlərində
müntəzəm iştirak edirlər.
Anar Miriyev
Palitra.-2013.-1 oktyabr.-S.11.