Ukraynada Azərbaycanın zəngin
tarixi-mədəni irsi təbliğ edilir
Sumı şəhərində
Azərbaycan-Ukrayna dostluğuna həsr olunmuş konsert
proqramı təqdim edilib
Layihə
çərçivəsində təqdim etdiyimiz yazı
Ukraynada Azərbaycan həqiqətlərinin, zəngin tarixi-mədəni
irsimizin təbliği ilə bağlıdır.
Qeyd
edək ki, bir neçə gün öncə Ukraynanın
Sumı şəhərində Azərbaycan Ukrayna dostluğuna
həsr olunmuş konsert proqramı təqdim edilib. Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin mətbuat xidmətindən bildiriblər
ki, Azərbaycanın və Ukraynanın dövlət himnlərinin
sədaları altında başlanan konsert proqramının rəsmi
hissəsində Sumı Vilayət Deputatlar Şurasının
sədri Gennadi Mixailenko çıxış edərək
ölkələrimiz arasındakı iqtisadi, siyasi, elmi və
mədəni əlaqələrin inkişaf dinamikasından
danışıb.
Son
illər Azərbaycanın inkişaf edərək beynəlxalq
arenada nüfuz sahibinə, bölgədə isə lider
dövlətə çevrilməsinin tarixi əhəmiyyətindən
danışan Gennadi Mixailenko, Azərbaycanın hər bir
uğurundan dost və qardaş Ukrayna xalqına da pay
düşdüyünü vurğulayıb. Vilayət
Radasının rəhbəri bildirib ki, bu gün Azərbaycan-Ukrayna
dostluğu strateji müttəfiqlik zirvəsinə ucalıb.
Azərbaycan dövləti müstəqillik tarixinin yüksəliş
və intibah dövrünü yaşayır: “Mən çox
şadam ki, Ukraynanın bölgədə Azərbaycan kimi güclü
və etibarlı strateji müttəfiqi var. Biz bu münasibətləri
inkişaf etdirib gələcək nəsillərə ərməğan
etməliyik. Bu baxımdan Sumı Vilayət Deputatlar
Şurasının deputatı, bölgənin sosial-mədəni
həyatında yaxından iştirak edən Əfqan Salmanova
minnətdarlığımı bildirirəm. Çünki o,
ölkələrimiz arasındakı dostluq əlaqələrinin
daha da inkişaf etdirilməsi üçün xalq
diplomatiyası missiyasını üzərinə götürərək
layiqincə yerinə yetirir”.
Tədbirdə
Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sabir
Rzayev çıxış edərək, müstəqillik
tarixlərini qoşa addımlayan Azərbaycan ilə
Ukraynanın beynəlxalq forum və sammitlərdə eyni
mövqedən çıxış etmələrini hər
iki ölkənin uğuru kimi səciyyələndirib.
Tədbirə
qatılanlara minnətdarlığını bildirən
Sumı Vilayət Deputatlar Şurasının deputatı Əfqan
Salmanov Azərbaycan ilə Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin
möhkəm əsaslar üzərində qurulmasında ulu
öndər Heydər Əliyevin misilsiz xidmətlərindən
danışıb. Azərbaycanda yaxınlaşmaqda olan 9
oktyabr prezident seçkilərinə münasibət bildirən
Əfqan Salmanov bildirib ki, bu gün dünyanın müxtəlif
ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlı
arxalarında qüdrətli Azərbaycan dövlətinin
gücünü hiss edir. Bu baxımdan qarşıdan gələn
prezident seçkilərinin hər bir azərbaycanlının
diqqət mərkəzində olduğunu bildirən Ə.Salmanov
Sumı vilayətində yaşayan Azərbaycan vətəndaşlarının
sesvermədə iştiraklarının təmin olunması
üçün oktyabrın 9-da Azərbaycanın
Ukraynadakı səfirliyində təşkil edilmiş
seçki məntəqəsinə getmək üçün
bir neçə avtobus təşkil olunduğunu nəzərə
çatdırıb. Tədbirdə Azərbaycanda əlverişli
investisiya mühitindən və iş adamlarına yaradılan
geniş imkanlardan bəhs edən Sumı Vilayət Deputatlar
Şurasının deputatı Vladimir Tokar, Vilayət
Administrasiyasının rəsmi nümayəndəsi Natalya
Federenko, Ukrayna Azərbaycanlıları Konqresinin Sumı Vilayət
təşkilatının sədri Əli Vəliyev və
başqaları son illər ölkələrimiz arasında mal
dövriyyəsinin bir neçə dəfə artmasını
hər iki dövlətin uğurlu siyasətinin məntiqi nəticəsi
kimi səciyyələndiriblər. Sonda Ukraynanın Xalq artisti
Qurban Abbasovun rəhbərliyi ilə Azərbaycan-Ukrayna
dostluğuna həsr olunmuş maraqlı konsert proqramı
nümayiş etdirilib. Qeyd edək ki, bu gün Azərbaycan
diasporunun güclü olduğu ölkələrdən
sayılan Ukraynada çoxsaylı diaspor təşkilatları
fəaliyyət göstərməkdədir. Ukraynada yaşayan
və diaspor işində fəallıq göstərən
soydaşlarımız arasında gənclərimiz daha
çox aktiv görünürlər. Bu ölkədə azərbaycanlı
gənclərin yaratmış olduğu bir sıra təşkilatlar
və onların diaspor işinə verdiyi dəstək belə
deməyə əsas verir.
Ukraynada fəaliyyət göstərən ən güclü və şəbəkələşmiş təşkilatlardan biri Ukrayna Azərbaycanlı Gənclər Birliyidir. Məlumat üçün qeyd edək ki, Ukrayna Azərbaycanlı Gənclər Birliyi 2010-cu il, aprel ayının 24-də bu ölkədə yaşayan bir qrup fəal gənc soydaşımız tərəfindən təsis edilib. Təsadüfi deyil ki, aprelin 24-ü tarixi həmin gündən etibarən Ukraynadakı azərbaycanlı gənclərin həmrəylik günü kimi tarixə düşüb. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təsis toplantısında iştirak edən gənc soydaşlarımız əksəriyyət səs çoxluğu Anar Tahirovu sözügedən təşkilatın sədri seçiblər. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətə başladığı zaman qarşısına qoyduğu məqsəd və vəzifələr sırasına Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, zəngin tarixi-mədəni irsimizin təbliği və diaspor işinə dəstək daxil edilib. Birmənalı olaraq qeyd etmək olar ki, fəaliyyət göstərdiyi qısa vaxt ərzində Ukrayna Azərbaycanlı Gənclər Birliyi yarandığı zaman qarşısına qoyduğu məqsəd və vəzifələrin icrası istiqamətində məqsədyönlü şəkildə fəaliyyət göstərərək müxtəlif tədbirlər, layihələr həyata keçirib. Ukrayna Azərbaycanlı Gənclər Birliyi fəaliyyət dövründə bu ölkənin siyasi həyatında da fəal rol oynamağa çalışıb. Belə ki, təşkilat Ukraynada keçirilən parlament seçkilərində öz namizədi ilə mübarizə aparıb. 2012-ci il, oktyabrın 28-də Ukrayna Ali Radasına keçirilən seçkilərdə yeganə azərbaycanlı namizəd məhz Ukrayna Azərbaycanlı Gənclər Birliyinin üzvü Rəna Nəzərova olub. Yarandığının ikinci ilində Ukrayna Azərbaycanlı Gənclər Birliyi növbəti forum keçirib. Forumda azərbaycanlı gənclərin milli mənəvi dəyərlərini qoruyub yaşatmaları şərti ilə Ukraynanın ictimai siyasi, elmi, mədəni həyatına inteqrasiya olunmaları istiqamətində irəli sürülən tövsiyələr, ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri ideoloji təxribatların qarşısının alınmasında birgə mübarizənin aparılması strategiyasının düzgün qurulması forumun uğurlu nəticələri kimi dəyərləndirilib. Azərbaycanın dövlət müstəqilliyinin ildönümü Ukrayna Azərbaycanlı Gənclər Birliyi tərəfindən yüksək səviyyədə qeyd olunub. Belə ki, bu münasibətilə Ukrayna Azərbaycanlı Gənclər Birliyi Odessa şəhərində bayram konserti təşkil edib.
Tədbirdə gənc və istedadlı müğənni Aysel Teymurzadənin, Dnepropetrovsk şəhərində fəaliyyət göstərən 7 rəqs ansamblının, ö cümlədən bir sıra xalqların musiqi kollektivlərinin iştirakı ilə keçirilən konsert proqramı soydaşlarımıza xoş və yadda qalan anlar yaşadıb. Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin və Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin birgə təşkilatçılığı ilə Donetsk şəhərində möhtəşəm muğam konserti təşkil edilib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyi
fəaliyyət göstərdiyi 3 il
müddətində Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemi,
eləcə də ermənilərin Xocalıda həyata
keçirdikləri soyqırımın dünya
ictimaiyyətinə çatdırılması prosesində aktiv iştirak edib. Adıçəkilən təşkilat
hər il Xocalı
soyqırımının ildönümü
ərəfəsində bu ölkədə
və onun müxtəlif şəhərlərində
etiraz aksiyaları təşkil edir. Məhz Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin təşəbbüsü
ilə Ukraynada fevral
ayı “Xocalı ayı” elan edilib.
Anar Miriyev
Palitra.-2013.-3 oktyabr.-S.11.