Xocavəndin Ermənistan silahlı birləşmələri
tərəfindən işğalından 21 il
ötür
1992-ci il oktyabrın 2-də Ermənistan silahlı birləşmələri Azərbaycanın dilbər guşələrindən olan Xocavəndi işğal edib. Həmin vaxtdan 21 il ötür. Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılmışdı.
Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunun tərkibinə 1 şəhər, 2 qəsəbə və 81 kənd daxil idi. Rayonun işğalı mərhələ-mərhələ həyata keçirilib. 1991-ci il oktyabrın 30-da azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 15-də Xətai kəndi, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetiriblər. Bu qanlı hadisə Azərbaycan tarixinə Qaradağlı faciəsi kimi yazılıb. 1992-ci il oktyabrın 2-də Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən zəbt edilərək yandırılıb. Bu ədalətsiz və qüvvələrin qeyri-bərabər olduğu müharibədə Xocavənd 145 şəhid verib. Rayonun 300-dən çox sakini əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49-u erməni faşistləri tərəfindən qətlə yetirilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye və 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə və 17 təhsil müəssisəsi, 59 mədəniyyət ocağı, 32 körpü, 42 su anbarı, 316 kilometr uzunluğunda su kəməri və digər maddi-mədəni sərvətlər talan edilib, dağıdılıb.
Xocavənd rayonu ərazisi tarixi memarlıq və arxeoloji
abidələrlə də zəngindir. Yaşı
1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar
mağarası, V-XIII əsrlərə aid
çoxlu qalalar və
türbələr, Alban məbədləri,
kilsələri və qəbiristanlıqları (III-VI əsrlər)
və onlarca digər abidələr 21 ildir ki, əsarətdədir
və erməni vəhşiliyinin
qurbanına çevrilib. Ümumi
sahəsi 25,5 min hektar
olan Xocavənd meşəsindəki qiymətli
palıd ağacları qırılaraq talan
edilib, bir sıra ərazilərdəki
meşələr yer üzündən silinib, işğalçılar rayonun təbiətinə amansızcasına divan tutublar. Azərbaycanın
ərazi bütövlüyü naminə
canlarından keçmiş Vətən
övladlarının əziz xatirəsini əbədiləşdirmək
məqsədi ilə Xocavənd rayonunun işğaldan azad edilmiş “Nərgiztəpə” ərazisində
“Şəhidlər” abidə kompleksi
ucaldılıb. Yurd-yuvasından didərgin düşmüş
xocavəndlilər əsasən Beyləqan rayonu
ərazisində məskunlaşıblar. Onlar
üçün 500 ailəlik qəsəbə
salınıb. Burada rayonun
bütün icra
strukturları, idarə və müəssisələri, 360 yerlik məktəb, 50 yerlik
uşaq bağçası, müasir tipli ATS, poçt şöbəsi, xəstəxana, mədəniyyət
evi fəaliyyət göstərir. Qəsəbədə
inşa edilən Bayraq
meydanının, parkın, polis və təhsil
şöbələri üçün inzibati binaların, müasir
idman zalının tikintisi
yekunlaşmaq üzrədir.
Cavidan
Palitra.-2013.-3 oktyabr.-S.10.