Seçim və məsuliyyət

 

Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil... Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir.

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

İnsan həmişə seçim qarşısındadır. Ona həyat bəxş edən valideynləri istisna olmaqla həyatı boyu qarşılaşdığı hər şeyi seçməyə məhkum olan insan övladı özünü azacıq da olsa idarə etmək və ətrafına azacıq da olsa təsir etmək iradəsini hiss etdiyi andan seçir. Yerişini- yürüşünü, gəzişini-gülüşünü, yeməyini-geyməyini, məsləkdaşını-rəqibini, dostunu-düşmənini seçir insan.

Beləcə ömür boyu seçə-seçə yaşamaq vərdişi hər bir şəxsin daxili tələbatına çevrilməklə mənəvi dəyər statusu alır. Müasir insan həyatının ən zəruri atributlarından olan Seçim insanın fikir, hiss, ifadə azadlığının və son nəticədə ümumbəşəri dəyərlərin ölçü meyarına çevrilmişdir. Artıq hər bir fərdin seçimi təkcə öz fərdi həyatının deyil, həm də içində bulunduğu toplumun maraqları baxımından həyati əhəmiyyət kəsb edir. Yer üzünün bütün insan toplumları üçün Seçim müqəddəs bir rituala - vətəndaşlıq vəzifəsinə çevrilir. Hər bir vəzifə öz funksional məzmununa müvafiq şəkildə məsuliyyət yaratdığı kimi vətəndaşlıq vəzifəsi olan Seçim də vətəndaşlıq məsuliyyəti tələb edir. Söhbət siyasi seçimlərdən gedəndə isə bu məsuliyyət fərdilikdən çıxaraq özünün ən yüksək pilləsinə - milliqlobal məsuliyyət mərtəbəsinə yüksəlir.

Artıq yüz ilə yaxındır ki, Azərbaycan cəmiyyəti hər bir vətəndaşına seçmək və seçilmək hüququnu tanıyıb. Bu gün dünyanın ən çox inkişaf etmiş bəzi ölkələrindən daha əvvəl ölkəmizdə istisnasız olaraq cəmiyyətin bütün üzvlərinə və o cümlədən qadınlara seçki hüququnun verilməsi ümumbəşəri dəyərlərin Azərbaycan cəmiyyətində çoxdan yer aldığını və möhkəmləndiyini göstərən qürurverici bir həqiqətdir.Indiyədək çox seçimlər etmişik. Uğurlusu da olub, uğursuzu da.Bu gün də ölkəmiz seçim ərəfəsindədir. Növbəti beş ildə Azərbaycanı dünya siyasətinin labirintlərində məharətlə irəliyə aparacaq, vətəndaş rifahını onun layiq olduğu yaşam səviyyəsinə yüksəldəcək bir ölkə başçısının seçimi qarşısındayıq. Deməli,cəmiyyətin hər bir üzvü üçün məsuliyyətin ən yüksək dərki və vicdanın tələbi ilə qərar qəbul etmək anıdır. Belə bir anda millətimizin gələcəyi naminə dönüb geriyə baxmaq, qazandıqlarımızla itirdiklərimizi tərəziyə qoymaqla milli maraqlarımıza ümummilli təəssübkeşlik aynasından baxaraq edilən seçim vətəndaş məsuliyyətinin ən parlaq göstəricisi olur. Bu məsuliyyəti qavramaq üçünsə bizi yenidən müstəqilliyə qovuşduran 3-cü respublikamızın qısa tarixinə nəzər salmaq, bu qısa müddət ərzində milli inkişaf kompasımızın həyəcanlı titrəyişlərini izləmək kifayətdir.

1991-cı ilin martında keçirilmiş qondarma referendumdan sonra azadlıq coşqusu ilə çağlayan bütöv bir xalqın adından onun müstəmləkə girdabında qalmaq istədiyini bəyan etməklə uğursuz və utandırıcı bir seçim etmiş kommunist iqtidarı qısa bir zamanda xalqın qəzəb və nifrət tufanının küləyində sovrulub getdi. 18 oktyabr 1991-ci ildə isə regionda yaranmış əlverişli siyasi vəziyyət xalqın müstəqilliyə qovuşması üçün tarixi şans yaratdı və xalq bu imkandan layiqincə yararlanıb özünün dövlət müstəqilliyini bərpa etdi. Uzun illərin mənəvi iztirabından, siyasi saxtakarlığından yenicə qurtulmuş xalq azadlıq eyforiyasında boğulurkən onun iradəsinə sahiblənən yeni iqtidar qısa bir müddətdə özünün siyasi səriştəsizliyini və məsuliyyətsizliyini büruzə verdi. Çox sürməyən sadəlövh ümumxalq xoşbəxtliyi öz yerini ümumxalq məyusluğuna və daha sonra ümumxalq etirazına verdi. Xalq və millət qarşısında yenicə əldə etmiş olduğu iqtidar məsuliyyətini dərk etməyən, milləti sonu görünməyən fəlakətə sürükləyən iqtidar yenə də xalqın qəzəbi və nifrəti qarşısında tab gətirə bilməyib siyasi səhnəni biabırçılıqla tərk etdi. Nəhayət, 1993-cü ildə xalq ən doğru seçimini etdi - onilliklərin sınağından çıxmış, el üçün öz ürəyini çıxarıb məşələ çevirmiş, öz xalqını qarışıq dünyanın qaranlıq dolanbaclarından keçirib işıqlı bir yola çıxarmağa qadir olan fədakar övladını - Heydər Əliyevi köməyə səslədi. Haqq səsi boğulan və dünyanın heç bir yerində eşidilməyən,doğma yurdundan, isti ocağından qovulan, vətəninə, torpağına təcavüz olunan, milli mənliyi tapdanan millət ümumxalq ərkyanalığı ilə özünün ən etibarlı oğlundan onu bu bəlalardan qurtarmağı tələb etdi. Xalqın taleyinə və tələbinə biganə qala bilməyən Heydər Əliyev həyatının qalan hissəsini də öz xalqına həsr etməyə qərar verdi.Beləliklə, demokratik dövlətçilik təcrübəsinin və ənənəsinin az olmasına baxmayaraq, müstəqilliyimizin ilk illərində baş verən ictimai-siyasi hadisələrdən düzgün nəticə çıxaran xalq obyektiv seçim etməyə müvəffəq oldu. Məhz həmin dövrdən hakimiyyət qollarının, özünüidarəetmə ənənəsinin əsasının qoyulmasına xidmət edən bütün seçkilər xalqımızın ictimai-siyasi həyatının əsas hadisəsinə çevrildi.

Üzləşdiyi ağır tarixi sınaqlardan Heydər Əliyev kimi müdrik bir şəxsiyyətin öndərliyi ilə üzüağ çıxan Azərbaycan xalqı seçimində yanılmayaraq müstəqil dövlət quruculuğunun Heydər Əliyevlə başlayan şərəfli yoluna qədəm qoydu.Sözlə ifadəsi sadə görünən, lakin enişli-yoxuşlu yollardansiyasi təlatümlərdən keçərək bu günün mənzərəsini yaratmaq heçasan olmadı. İlk növbədə günbəgün daha böyük itkilər və daha böyük sarsıntılar gətirən müharibəyə son qoymaqla ölkənin tarixi taleyində dönüş yaradan Heydər Əliyev qısa bir zamanda ortaya qoyduğu uğurlu enerji strategiyası ilə ölkəmizi yeni bir yola - Yeni Azərbaycanın şərəfli quruculuq yoluna çıxara bildi.Məhz bu strategiyanın həyata keçirilməsi sayəsində ölkəmizin güclü enerji infrastrukturu təşəkkül tapdı və onun qlobal inteqrasiya əhəmiyyətli arteriyaları yaradıldı. Nəticədə ölkəyə sabit maliyyə axını təmin edildi, ölkənin valyuta ehtiyatları dəfələrlə yüksəldi, çoxsaylı sosial-iqtisadi proqramların icrasına başlandı.Sonrakı illərdə də Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ilkin və başlıca səbəbi məhz Heydər Əliyev siyasətinin təntənəsi olan uğurlu enerji strategiyası oldu. Bütün bunlarla yanaşı ölkəni informasiya blokadasından çıxarmaq, regionda baş verən proseslərin əsl mahiyyətini dünya birliyinə çatdırmaq və anlatmaq, işğalın nəticələrini aradan qaldırmaq, xalqını əbədi səadətə çatdırmaq qayğıları Heydər Əliyevi son nəfəsinədək tərk etmədi. Məhz xalqla birgə nəfəs alması, onun müstəqilliyini əbədi və sarsılmaz etmək uğrunda son nəfəsinədək göstərdiyi çabalar Heydər Əliyevi xalqın ümummilli liderinə çevirdi.Öz tarixinə hörmətlə, öz xilaskarına ümumxalq məhəbbəti və minnətdarlığı ilə yanaşan xalq Heydər Əliyev ideallarına sədaqətini 2003-cü il secimlərində nümayiş etdirdi. Xalq Heydər Əliyev kursunu uğurla davam etdirmək iqtidarında olan yeni liderini - İlham Heydər oğlu Əliyevi özünə rəhbər seçdi.Həmin dövrdə İlham Əliyevi uğurlu seçim kimi fərqləndirən başlıca şərtlərdən biri onun müstəsna tarixi şəraitdə yetkin bir siyasətçi kimi yetirməsi idi. Əvvəlki dövrdə çalışdığı rəhbər vəzifələrdə özünü doğrultması, ən başlıcası isə Heydər Əliyev dühasından bəhrələnərək novator siyasətçi kimi yetişmək imkanlarını səfərbər etməsi onu qısa bir zamanda Azərbaycanın siyasi səhnəsində önə çıxarmışdı.2003-cü ildə prezident səlahiyyətlərinin icrasına başladığı zaman qarşısına qoyduğu ən böyük hədəflərdən biri kimi yeni yerlərinin açılması ölkənin ən böyük sosial bəlası olan işsizlik probleminin həll olunmasına şərait yaratdı. O dövrdən etibarən bu günə qədər həyata keçirilmiş uğurlu sosial-iqtisadi proqramlarla, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi yolu ilə bir milyondan çox yeni yerləri yaradıldı. Bu siyasətin ardıcıllığı və dönməzliyi ölkədə yoxsulluq səviyyəsinin azaldılmasına və əhalinin sosial rifah səviyyəsinin yüksəlişinə səbəb oldu.Çala-çuxurlu yolların, sınıq-salxaq körpülərin, divarları ovulub tökülmüş yaşayış binalarının, məktəblərin, xəstəxanaların, təsərrüfat, istehsal və xidmət obyektlərinin abadlaşdırılması, bütövlükdə, yeni ölkə quruculuğuna start verilməsi, ölkənin simasının kökündən dəyişilməsi möcüzə təəssüratı yaratsa da bütün bunlar xalqın gözü qarşısında baş verdi. Bu İntibah Azərbaycan dövlətinin və vətəndaşının birgə səyi nəticəsində baş tutdu. Bu İntibahın əsasında Azərbaycan liderinin - İlham Əliyevin yaradıcı zəkası, Azərbaycan vətəndaşının isə qurucu əməyi dayandı. Bu gündünyaya günəş kimi doğan Azərbaycan” (Heydər Əliyev) məhz Lider - Vətəndaş vəhdətinin nəticəsi oldu. Azərbaycanda xalq və hakimiyyət vəhdətinin yeni, daha məhsuldar epoxası da məhz bu dövrdən başlayır.

Beş illik ilk prezidentlik dövründə ona etimad göstərmiş xalqın gözləntilərini layiqincə doğrultması İlham Əliyevə 2008-ci il seçkilərində daha inamlı qələbə qazandırdı. İkinci prezidentlik dövründə İlham Əliyev ulu öndərin siyasi kursuna sadiq qalmaqla bərabər, həm də onu yeni keyfiyyətlərlə zənginləşdirmək, heç kimin proqnozlaşdıra bilmədiyi bir novatorluqla davam etdirmək, müasir dünyanın siyasi mədəniyyətində“öz üslubunuyaratmaq bacarığını ortaya qoydu.İqtisadi böhranın bütün dünyanı çulğadığı bir zamanda milli dövlətimizin tərəqqiyə qovuşması, ölkə miqyasında bu inkişaf tendensiyasının davamlılığı Azərbaycanı beynəlxalq arenada önəmli bir dövlətə - qlobal siyasətdə söz sahibinə çevirdi. Azərbaycanın orta və uzunmüddətli inkişafının prioritet istiqamətləri və bu strategiyanın uğurlu icra mexanizmləri müəyyən edildi. Regionların sosial-iqtisadi inkişafına vüsət verən proqramlar, əhalinin həyat səviyyəsinin yüksəlidlməsinə, təhsilin, səhiyyənin, elmin tərəqqisinə hesablanmış fəaliyyət istiqamətləri bir-birini tamamlamaqla ölkəmizdə bir milyondan çox yerinin açılmasına və yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə şərait yaratdı. İnsan amili dövlət siyasətinin ana xəttini təşkil etməyə başladı. On il ərzində ölkəmizdə ümumdaxili məhsulun həcmi 3 dəfədən çox, dövlət büdcəsi isə təqribən 20 dəfəyədək artdı, sənaye və kənd təsərrüfatında müşahidə olunan yüksəliş yürüdülən sistemli sosial-iqtisadi siyasətin uğurlu olduğunu təsdiq etdi. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, dayanıqlı iqtisadi inkişaf onun beynəlxalq arenada yeni model dövlət kimi özünəməxsus yer tutmasına səbəb oldu. Dünyanın aparıcı informasiya vasitələri ölkəmizdə baş tutan bənzərsiz tərəqqi tendensiyasını ən maraqlı detalları ilə önə çəkərək Azərbaycan haqqında ətraflı məlumatlar yaymağa başladı.Azərbaycanın qısa zaman kəsiyində dünyanın sürətlə inkişaf edən ölkələri sırasına daxil olması, ümumdaxili məhsulun, sənaye istehsalının dəfələrlə artımı, enerji gəlirlərinin ölkənin çoxşaxəli inkişafına yönəldilməsi, insan kapitalının dövlətin prioritet siyasət xəttinə çevrilməsi Azərbaycanı yeni tipli dövlət kimi bütün dünyaya tanıtdı.

Bu dövrdə Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar onu beynəlxalq siyasi sistemin ən fəal subyektlərindən birinə çevirdi. Azərbaycan özünündaxil olduğu regionun təhlükəsizlik maraqlarını qoruya bilmək, cürbəcür təhdid və avantüraları zərərsizləşdirmək bacarığını nümayiş etdirdi və nəticədə dünya birliyində etibarlı tərəfdaş nüfuzu qazanmış Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilərək dünyanın idarə olunmasında bilavasitə iştirak edən bir dövlətə çevrildi.Həm birinci, həm də ikinci prezidentliyi dövründə ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlər İlham Əliyev siyasətinin prioritet istiqamətini təşkil etdi. Avropa Şurası, Avropa Parlamenti kimi mötəbər təşkilatlar tərəfindən Ermənistanın təcavüzkar dövlət kimi tanınması, bir çox dövlətlər tərəfindən Xocalı faciəsinin soyqırımı faktı kimi qəbul edilməsi Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan haqlı mövqeyini bir daha təsdiq etmiş oldu. Azərbaycanın bu illər ərzində öz ədalətli mövqeyindən bir addım belə geri çəkilməməsi, Ermənistanın bu problem üzərindən spekulyasiya manevrlərinin sıfra endirilməsi, böyük iddialarının girovuna çevrilmiş işğalçı-separatçı rejimin beynəlxalq miqyasda küncə sıxışdırılması xarici siyasətimizin qələbəsi oldu. Bu gün Azərbaycanın beynəlxalq mövqeyi tarixində heç zaman olmadığı qədər güclü və sarsılmazdır. Eyni zamanda, regional müstəvidə göstərilən təşəbbüslər, həyata keçirilən iri layihələr Azərbaycanı regionunun lider dövlətinə çevirdi. Dövlət başçısı İlham Əliyevin dəfələrlə və qürurla qeyd etdiyi - “Bu gün Azərbaycanın razılığı olmadan regionda heç bir layihə gerçəkləşə bilməz” yanaşması bu günümüzün reallığı, ölkəmizin regional və beynəlxalq miqyasda artan nüfuzunun və möhkəmlənən mövqeyinin əyani təzahürü oldu.

(ardı var)

Cavanşir Feyziyev

Millət vəkili,

fəlsəfə doktoru,

Mətbuat Şurası İdarə Heyətinin üzvü

Palitra.-2013.-3 oktyabr.-S.7.