Müstəqil Mətbuat Mərkəzinin açılışı olub

 

Məzahir Pənahov: “Bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar Azərbaycandakı seçki mühitinə həsəd aparır”

Prezident seçkiləri günü fəaliyyət göstərəcək Müstəqil Mətbuat Mərkəzinin açılış mərasimi oldu. Mərasim çərçivəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlər üçün brifinq keçirdi. MSK sədri bildirdi ki, 125 seçki dairəsi üzrə 5491 seçki məntəqəsində 5 milyon 141 seçicinin səsverməsi üçün şərait yaradılıb. Bununla yanaşı, xarici ölkələrdə seçki məntəqələri açılıb ki, bu da xaricdə yaşayan vətəndaşlarımızın səsvermədə iştirakının təmin olunmasıdır. O qeyd etdi ki, kiminsə adı seçici siyahısına düşməyibsə, şəxsiyyət vəsiqəsi ilə məntəqəyə gələrək, sənədini təqdim etdikdən sonra səsvermədə iştirak edə bilər.

M.Pənahov bildirdi ki, bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar Azərbaycandakı seçki mühitinə həsəd aparır: “Bu proseslər yüksək səviyyədə həyata keçirilir. Ümumiyyətlə, demokratik prinsipin əsas amili şəffaflıqdır. Seçkilərdə şəffaflığın təmin olunması üçün mediaya ən üstün şərait yaradılıb. Medianın seçkini izləmək və prosesin içində olması üçün heç məhdudiyyət olmayacaq. Məntəqə seçki komissiyasının işinə qarışmamaq şərti ilə müşahidəçilərə də seçkini izləmək üçün bütün səlahiyyətlər verilib. İndi müşahidəçilərin qeydiyyatdan keçirilməsi problemi yoxdur. Müşahidəçilərin sayı isə 40 minə yaxınlaşır. Təkcə beynəlxalq müşahidəçilərin sayı 1300-dən çoxdur. Ümumiyyətlə, seçkidə 100-ə yaxın ölkədən müşahidəçi olacaq”. M.Pənahov onu da qeyd etdi ki, Müstəqil Mətbuat Mərkəzində seçki prosesini işıqlandıran yerli və beynəlxalq jurnalistlərin fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılacaq. Eyni zamanda müşahidəçilər də Müstəqil Mətbuat Mərkəzinin xidmətlərindən faydalana biləcəklər.

“Dünyanın istənilən ölkəsində Azərbaycandakı debatlarda baş verənlərdən qat-qat bərbad hadisələr baş verir”

MSK sədri bildirdi ki, istənilən halda prezidentin şərəf və ləyaqətinin qorunması qanunla tənzimlənir. İctimai Televiziyada prezidentliyə namizədlər üçün keçirilən debatlarda baş verən neqativ hallara toxunan M. Pənahov bildirdi ki, dünyanın istənilən ölkəsində Azərbaycandakı debatlarda baş verənlərdən qat-qat bərbad hadisələr baş verir: “Bu, namizədin öz səviyyəsidir. Bundan cəmiyyət narahat olmalı deyil”. MSK sədrinin sözlərinə görə, yetkin siyasətçiləri özündən çıxarmaq mümkün deyil, əsas məsələlərdən biri də siyasətçinin ekstremal vəziyyətdə davranışıdır: “Yeganə qanunvericiliyin kobud şəkildə pozulması faktı isə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin Prezidentin ünvanına səsləndiyi təhqirdir ki, bu da Konstitusiya ilə qadağandır. Mərkəzi Seçki Komissiyası isə hər zaman çalışıb ki, namizədlərə güzəştə getsin, bu səbəbdən ciddi xəbərdarlıqla kifayətləndik”. MSK sədri onu da bildirdi ki, prezident seçkisi günü fəaliyyət göstərəcək Müstəqil Mətbuat Mərkəzində prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin də brifinq keçirməsinə məhdudiyyət olmayacaq. O qeyd etdi ki, bu məsələdə hər hansı bir narahatlıq olmasa da, keçiriləcək istənilən tədbir haqda mərkəzin koordinatoru əvvəlcədən məlumatlandırılmalıdır: “Prezidentliyə namizədlər, onların səlahiyyətli nümayəndələri mərkəzə gələrək, burada media üçün açıqlama verə, proses barədə məlumatları jurnalistlərlə bölüşə bilərlər”. “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin İctimai Televiziyanı və Mərkəzi Seçki Komissiyasını məhkəməyə verməsinə gəlincə, M. Pənahov bildirdi ki, istənilən məhkəməyə verilmə faktı narazılıq yaradır. Buna baxmayaraq, MSK namizədlər üçün bütün şəraitin yaradılmasına çalışır: “MSK namizədlərin normal fəaliyyət göstərməsi üçün bütün addımları atır. Cəmil Həsənlinin MSK-dan narazı qalmağa haqqı yoxdur”.

 

Ümid edirəm ki, Məkkədə

səsverməni təşkil edə biləcəyik”

Zəvvarların seçkidə iştirakı ilə bağlı məsələsinə aydınlıq gətirən MSK sədri bildirdi ki, zəvvarların səsvermədə iştirakı üçün Mərkəzi Seçki Komissiyası kifayət qədər iş görüb. O qeyd etdi ki, Səudiyyə Ərəbistanının ictimai-siyasi tədbirləri tənzimləyən xüsusi qanunu var: “Bu qanuna görə, ölkə ərazisində heç bir yerdə siyasi tədbir keçirilə bilməz. Hər bir halda bu ölkə ilə diplomatik yolla danışıqlar aparılır. Əgər Səudiyyə Ərəbistanından razılıq alınarsa, səsvermə reallaşdırıla biləcək. Onlardan cavab gözləyirik”. M. Pənahov bildirdi ki, Azərbaycan Məkkədə səsvermə təşkil edərsə, bu, yüksək qiymətləndiriləcək: “Ümid edirəm ki, bunu həyata keçirəcəyik”.

 

Nigar Abdullayeva

Palitra.-2013.-3 oktyabr.-S.5.