“Düzgün ailə
tərbiyəsi uşaqlıqdan milli dəyərləri
formalaşdırır”
Şəmsi Bayramzadə: “Gənclərin elm və təhsilə marağının
artması üçün cəmiyyətin
marağının artması şərtdir”
“Gənclərin
İntellektual İnkişafına Yardım” İctimai Birliyi
son 3 il ərzində gənclərimizin intellektual
inkişafı, sosial aktivliyinin artırılması
üçün bir çox tədbir və layihələr
reallaşdırıb. Birliyin sədri
Şəmsi Bayramzadə qəzetimizə müsahibəsində
dedi ki, əsas prinsipləri
öyrədici və inkişafetdirici layihələri
həyata keçirməkdir. Elə Şəmsi müəllimlə
söhbətimizi bu mövzuda
davam etdirdik.
- Elm və təhsilin
inkişafı ölkənin ümumi inkişafının təmin
olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?
-Ölkənin təbii resursları çox ola bilər, amma bu resursları idarə edəcək bacarıqlı və savadlı kadrlar olmayandan sonra həmin resurslar yalnız ziyana işləyə bilər. Elm və təhsilin inkişafını 2-3 şəxsin savadlı olması ilə ölçmək də mümkün deyil. Burada ölkə əhalisinin çoxluğundan söhbət gedir. Fərdi şəxslərin ayrılıqda savadlanması, cəmiyyətin inkişafına, biliklənməsinə səbəb olur. Elmli və təhsilli cəmiyyət istənilən problemlərdən daha uyğun olan çıxış yollarını tapacaq, özlərinin və ətrafdakıların eyni məqsəd uğrunda mübarizə aparmalarına səbəb olacaqlar. Bir cəmiyyətdə ki, biznes mühiti inkişaf edib, həmin cəmiyyətdə işsizlik də az olur, insanların rifah halları da yüksək olur. Eləcə də digər sahələrdə elmli və təhsilli vətəndaşların reallaşdırdıqları layihələr, işlər dolaysı ilə cəmiyyətimizin, dövlətimizin inkişafına xidmət etmiş olacaq. Biz də layihələrimizdə gənclərimizin elmə olan maraqlarını artırmağa çalışır, təhsilli və bacarıqlı olduqları halda gələcəkdə hansı prespektivlər olduğunu göstəririk. Bir vacib məsələ də odur ki, elmli olmaqla bərabər bacarıqlı olmaq da əsas şərtlərdəndir. Bacarıq elmimizi effektiv idarə etməyimizə səbəb olacaq.
- Gənclərin
mədəni irsimizə bağlılığını necə
dəyərləndirirsiniz?
-Son 7-8 ildə gənclərdə bildirdiyiniz dəyərləri yaratmaq üçün dövlət və QHT-lər tərəfindən müxtəlif layihələr, tədbirlər təşkil edilib və məlumatlandırmalar aparılıb. Amma bir nüansı da unutmayaq ki, bu dəyərlərin başlanğıcı ailədən gəlir. Düzgün ailə tərbiyəsi uşaqlıqdan milli dəyərlər formalaşdırır. Bir də gənclərin mədəni irsə bağlılığı dostlarından, ətrafından asılıdır. Bu iki səbəbi nəzərə alsaq, deyə bilərik ki, bu günün gəncləri sabahın valideynləridir. Bu gün mən, siz, dəyərlərimizi bilsək, hörmət etsək, bu, birbaşa olaraq yaxınlığımızda olan dostlarımıza, ətrafımıza təsir edəcək. Mən tələbə olanda xaricə gedən, tədbirlərdə iştirak edən gənclərimiz çox az sayda idi. Amma bu gün beynəlxalq tədbirlərdə iştirak etmək, xaricdəki ali məktəblərdə oxumaq çox asanlaşıb və minlərlə gəncimiz hər il müxtəlif ölkələrə səyahət edirlər. Əlbəttə, bu səfərlər gənclərimizin dünyagörüşünə, maraqlarına təsir edir. Ən əsas məsələ - düşünmək lazım deyil ki, “onlar belədir, axı, biz niyə elə deyilik”-belə düşüncə tərzi tamamilə yanlışdır. Biz elə deyilik, çünki bizim dəyərlər, bizim mühitimiz onlarkı ilə eyni deyil. Dəyişikliklərə açıq olmaq şərtdir, amma o demək deyil ki, milli dəyərlərimizi gözardı etməliyik. Qısa olaraq onu bildirmək istərdim ki, bu gün gənclərimiz dövlətə bağlılıqları, milli dəyərlərə sadiqlikləri ilə diqqət cəlb edəcək dərəcədə yaxşıdır.
- Elm
və təhsilin inkişafı istiqamətində hansı
layihələr keçiribsiniz?
-7 ildən artıqdır ki, müxtəlif mövzularda seminar və təlimlər keçirirəm. Keçirilən təlimlər, seminarlar birbaşa və ya dolaysı ilə iştirakçıların elm və təhsillərinin inkişafı üçün nəzərdə tutulub. Hər ay 2 və ya 3 qrupda təlimlər keçirirəm və təlim iştirakçılarının əsas hissəsi gənclər olur. “Elm və təhsilin inkişafı, savadlı olmaq üçün nə etməlisiniz” sualına cavab verməmiş, “savadlı olduğunuz halda nə olacaq”, “Sizi nələr gözləyir” suallarına cavab tapmalarına köməkçi oluram. Nə olacağını bildikdən sonra, artıq qərar verməyi onların öz iradələrinə buraxmaq şərtdir. Əlbəttə, müəyyən motivasiyanın verilməsi, həvəsləndirici misalların deyilməsi təlimçi kimi öhdəliyimizdir. Hər bir halda, insanlara gələcəyi təsəvvür etdirəndən sonra, artıq başqa heç nə demədən onların doğru istiqamət seçəcəklərinə əmin olmaq olar. Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi may ayında region gəncləri üçün təşkil etdiyi layihədə iştirakçıların elm və təhsillərinin artırılması üçün müxtəlif seminarlar, təlimlər keçirib. Onu da qeyd edim ki, sözügedən layihədə millət vəkili, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Gənclər dövlətin ictimai-siyasi həyatında” mövzusunda gənclərlə görüşləri keçirilib.
-Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?
-Elm və təhsil istiqamətində həyata keçirilən layihələrin hər zaman bəhrəsini verəcəyinə əmin olduğum üçün, hətta digər mövzularda layihələr həyata keçirdiyim halda belə, mütləq iştirakçıların həmin layihədən yeni bir məlumatların, yeni biliklərin yiyələnməsinə önəm verirəm. Bakı gəncləri üçün çoxlu sayda elm və təhsil istiqamətində layihələr həyata keçirən təşkilat və mərkəzlər var və işlərini uğurla davam etdirirlər. Bizim QHT əsas hədəf kimi region gənclərini seçib. Gələn aydan region gənclərinin ictimai-siyasi aktivliyinin artırılması üçün yeni layihəyə başlamağı planlaşdırırıq. Layihədən əsas gözləntimiz region gənclərimizin cəmiyyətdə baş verən hadisələrdə yaxından iştirakını təmin etmək, siyasi məsələlərdə dövlətçilik əleyhinə olan qruplaşmalara uymamaları barədə məlumatlandırmaqdır. Həmçinin də gənclərin sosial aktivliyi üçün perspektivli və əsaslı layihələrin reallaşmasında yardımçı olmaq, öz regionlarının gələcək nəsilləri üçün sistemli bir sosial fəaliyyət proqramlarının hazırlanmasında dəstək olmaqdır. Bu tipli layihələrdə təlimçilərin və təşkilatçıların əsas öhdəliyi iştirakçıları başa düşəcək səviyyədə öyrətmək deyil. Əsas məramımız iştirakçıları elə öyrətmək, elə izah etməkdir ki, həmin şəxslər sabah digər gənclərə bu məlumatları dolğun, effektiv tərzdə çatdıra bilsinlər. Bu prinsip nəzərə alınmadığı halda əlavə vaxt itkisi, əlavə xərclər olacaq və effektiv iş sistemi qurulmayacaq.
-Bu
işlərin həyata keçirilməsində dövlət
və QHT-lərlə əməkdaşlıq edirsinizmi?
-Hamı bilir ki, Azərbaycan inkişaf edir və bu inkişafı, bu tərəqqini biz gənclər də sosial həyatımızda mütləqdir ki, hiss edək. Prezident yanında Gənclər Fondu layihələrin həyata keçirilməsində müstəsna rol oynayır. Fondun yaradılması ilə gənclərin sosiallaşmasında yaranan maliyyə problemləri qismən də olsa aradan qalxıb. Əlbəttə, biz istərdik, daha çox büdcə ayrılsın və daha çox gənc liderlər, gənclər təşkilatları maliyyələşsin ki, hər bir gəncimiz bu uğurları bilsin. Adını qeyd etdiyim layihənin maliyyələşməsi Prezident yanında Gənclər Fondu tərəfindən ediləcək. Həmçinin də layihələrin həyata keçirilməsində YAP Gənclər Birliyi ilə sıx əməkdaşlıq içindəyik. Müxtəlif zamanlarda bir çox digər gənclər təşkilatları və gənclər mərkəzləri ilə əməkdaşlığımız olub.
-Gənc nəslin
elm və təhsilini artırması üçün marağı necədir?
- Gənc nəsli hansı istiqamətə həvəsləndirsən, hansı ixtisası cəlbedici göstərsən, ora daha çox gedəcəklər. Bu gün biz, gənc nəslimizin elm və təhsilə marağının az olmasından şikayətləniriksə, deməli, günah özümüzdədir ki, onlara lazımi qədər izah etməmişik və stimullaşdırmamışıq. Müşahidələrim onu göstərir ki, uğuru öz əlində olduğuna əmin olan gənclər elm və təhsilə maraqla yanaşırlar. “Uğur”u kimdənsə asılı olan gəncliyimiz isə hələ nəsə fikirləşir. Amma ikinci qrup gənclərin sayı günbəgün azalır. Çünki artıq yeni yanaşmalar dövrüdür. Təlimlərimdə və layihələrimizdə hər zaman iştirakçılardan sonuncu hansı kitabı oxuduqlarını, hansı əsəri bəyəndiklərini, hansı yazıçını sevdiklərini soruşuram. İnsan yeni bir məlumat əldə edəndə, nəsə öyrənəndə bölüşmək istəyir. Bu suallarla da onları daha həvəsləndirmiş oluram, həmçinin də, oxumayan iştirakçılarda bir mənəvi əzab, digərlərindən bir addım geridə olması hissi yaradıram. Bu, gəncləri həvəsləndirmək üçün sadəcə bir vasitədir. Bu kimi minlərlə vasitələr var ki, mühitindən və yerindən asılı olaraq istifadə edirik.
- Tələbə
və gənclərin intellektual səviyyəsinin
yüksəldilməsi və ictimai fəallığı
üçün nələr edilməli,
hansı tədbirlər görülməlidir?
-Hər bir vərdiş, bacarıq və xarakter uzun müddət davam edən eyni hərəkət və düşüncə tərzindən yaranır. Gəncə bir dəfə deməklə hər hansı bir nəticə gözləmək yanlış yanaşmadır. Amma sual yaranır ki, bəs, nəticəni necə əldə edəcəyik? Yuxarıda da qeyd etdiyim kimi, bir insanın həyatını dəyişmək istəyirsənsə, onun məqsədlərini dəyişməlisən. Bu yanaşma nə qədər sadə səslənsə də, bunu anlamağın, dərindən dərk etməyin çox da asan olmadığını bildirmək istərdim. Bir insanın, bir gəncin məqsədini dəyişmək onun həyatını dəyişmək deməkdir. Məqsədi dəyişdirmək üçün isə, kiçik, amma çox mühüm bir nöqtəni vurmaq şərtdir. Bu, gəncə gələcək perspektivi, gələcəkdə onu nələrin gözlədiyini göstərmək, real nümunə olmaq və digər məqsədlərin hara apardığını bildirmək və inandırmaq lazımdır. İnandırmaq dedim, çünki az öncə qeyd etdiklərimi hamımız çox yaxşı bilirik, sadəcə necə deyilməsi və hansı sözlərin istifadəsi əsas şərtdir. Gənclərin elm və təhsilə marağının artması üçün cəmiyyətin marağının artması şərtdir. Böyüklərimiz gənclərin ictimai fəallığının inkişafı üçün imkanlarından istifadə etməli, bacardıqları qədər şərait yaratmalıdırlar. Bir çox regionda icra hakimləri, universitet rektorları gənclərin sosial aktivliyi üçün verilən təkliflərə isti yanaşır və lazımlı dəstəyi göstərirlər. Gənclər üçün edilən hər bir layihə onların fəallığının artırılmasını dəstəkləyə bilər, sadəcə qeyd etdiyim kimi yanaşma və prinsiplər fərqli olmalıdır.
-Sizin
rəhbəri olduğunuz təşkilat bu və ya digər istiqamətlərdə
hansı işlər görür?
-Rəhbərlik etdiyim təşkilat
gənclərin elm və təhsilinin
inkişafı üçün, əsasən
də region gəncləri üçün
müxtəlif seminarlar, görüşlər,
təlim-məşqlər, həmçinin də
yay-qış məktəbləri təşkil edir. Bizim üçün vacib olan hər hansı bir təşkilatçılıq, “bir qrup gənci bir yerə yığıb layihə həyata keçirdik” demək deyil.
Ən mühüm olan,
iştirakçıların nələr öyrəndikləri,
bu öyrəndiklərinin onların gələcək
həyatındakı rolu və onları ətrafdakılarla
necə bölüşəcəyidir. Xüsusilə
onu qeyd etmək istəyirəm
ki, öyrənilənlərin gəncin gələcək
həyatındakı rolu prioritetdir.
Əgər öyrəndiklərini gələcəkdə
istifadə etməyəcəksə, onun məqsədlərində
bir rolu olmayacaqsa, danışdıqlarımız və
öyrəndikləri hədər olmuş olacaq. Ona görə də, layihəni
reallaşdırmamışdan qabaq, hədəfimizin
kimlər olduğunu, hansı məqsədlə
layihəyə gəldiklərini və bizdən nə gözlədiklərini
dəqiq öyrənməyə çalışırıq.
Fuad Hüseynzadə
Palitra.-2013.-4 oktyabr.-S.11.