Səbail rayonunda Beynəlxalq Müəllimlər günü qeyd olunub

 

Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Müəllim günü münasibəti ilə ənənəvi toplantı keçirilib. SİA-nın məlumatına görə, rayon rəhbərliyi, ictimaiyyəti və təhsil işçilərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışıb.

İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikada tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan  addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verib. O qeyd edib ki, ölkə başçısının sərəncamı ilə son 3 ildə Beynəlxalq Müəllim günü ərəfəsində rayonun orta təhsil müəssisələrinin müəllimlərindən 7 nəfər “Tərəqqi” medalına layiq görülüb, 6 nəfərə “Əməkdar müəllim” adı verilib: Yay aylarında “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Əlavə Tədbirlər Planına əsasən 7 saylı və 163 saylı orta məktəblərin binaları, 190 saylı orta məktəbin aktidman zalı əsaslı təmir olunub. Məktəblər bütün lazımi avadanlıq və dərs vəsaiti ilə təchiz olunublar. Həmçinin Bibiheybət qəsəbəsindəki 70 saylı uşaq bağçasının əsaslı təmiri və bağça üçün əlavə musiqi zalı və 3 otağının tikintisi  başa çatdırılıb. 20-ci yaşayış sahəsində yerləşən “Turacuşaq bağçasında möhkəmləndirmə işləri aparılıb, hazırda əsaslı təmir davam etdirilir. Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və sentyabrın 26-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyevanın iştirakı ilə burada açılış mərasimi keçirilib. Məktəblərdə aparılan təmir və yenidənqurma işləri, burada müasir təhsil üçün hər cür şəraitin yaradılması, məktəblərin  bütün lazımi avadanlıqlarla təchiz olunması tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəlməsinə birbaşa şərait yaradır. Bunun nəticəsi də təhsil ilinin yekunlarında özünü büruzə verir. Səbail rayonunun 6 saylı orta məktəbi və 160 saylı Klassik Gimnaziya artıq ikinci dəfə “2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin,  rayonun 6 nəfər müəllimi isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasında olublar. 2012-2013-cü təhsil ilinin yekununa görə, 19 məzun qızıl medala layiq görülüb. Keçən tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirib, onlardan 927 nəfəri tələbə adını qazanıb”.

Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirib, əmin ediblər ki, qarşıdan gələn Prezident seçkilərində Səbail təhsil işçiləri yekdilliklə İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəklər. 

Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.

 

Palitra.-2013.-5 oktyabr.-S.15.