“Azərbaycan dövləti gənclərin
xaricdə təhsil alması üçün
lazım olan bütün
şəraiti yaradır”
Orxan
Tağıyev: “Düşünürəm ki, xaricə təhsil
almağa gedən hər bir şəxsin, gəncin əsas vəzifəsi
təhsil almaqla yanaşı öz ölkəsini orada layiqincə
təmsil etmək, Azərbaycan həqiqətlərinin
müvafiq ölkədə yayılması üçün
çalışmaq olmalıdır”
-Özünüzü
təqdim edin və fəaliyyətiniz haqqında məlumat
verin
-Mən
Orxan Tağıyev Almaniya Fedarativ Respublikasının Bonn
şəhərində yerləşən Frederik Vilyam
adına Bonn Universitetində hüquq fakültəsinin tələbəsiyəm.
Hazirda universitetdə magistratura pilləsində təhsilimi
davam etdirirəm. Eyni zamanda bu universitetin tələbəsi
olaraq Almaniya Federativ Respublikasında fəaliyyət göstərən
diasporumuzda hüquq məsləhətçisi kimi fəaliyyət
göstərirəm.
-Xarici təhsilin
üstünlükləri barədə nə deyərdiniz?
-Xaricdə təhsil alan tələbə kimi deyə bilərəm ki, xarici ökədə təhsil almağın bir çox üstünlükləri vardır. İlk növbədə bu müvafiq şəxsdə geniş dünyagörüşün formalaşmasında böyük rol oynayır. Digər dövlətdə yaşamaq, orada beynəlxaq bir kollektiv içində olmaq və təhsil almaq həm tam yeni bir biliklərə yiyələnməkdir, həm də həmin dövlətin vətəndaşları ilə ünsiyyətdə olmaq, həmin cəmiyyətin mədəniyyəti ilə yaxından tanış olmaq deməkdir. Bu həm də öz vətənini orada təmsil etmək və tanıtmaq baxımdan mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, hər bir şəxs tələbə olması və ya olmaması halından asılı olmayaraq xaricdə olan zaman öz ölkəsinin tanıdılması, ölkəsinin pozitiv imicinin yaradılması üçün çalımalıdır. Xaricdə təhsil almağın digər bir üstünlüyü orada müvafiq sahə, ixtisas üzrə qiymətli təcrübənin toplanması və sonra bu təcrübənin vətəndə davamlı inkişaf naminə tətbiq edilməsi imkanıdır. İnkarolunmaz faktdır ki, xaricdə təhsil və diaspor təşkilatlarında fəaliyyət gənclərin gələcək karyera yüksəlişinə də böyük təsir göstərir. Nəzərə almaq lazımdır ki, yad, digər cəmiyyətdə təhsil almaq, orada müxtəlif sosial təsisatlarla sıx işləmək əvəzolunmaz bir təcrübədir.
-Azərbaycan
dövlətinin xaricdə təhsil üçün
yaratdığı şəraiti necə qiymətləndirirsiniz?
-Təqdirəlayiq haldır ki, bu gün Azərbaycan dövləti, azərbaycanlı tələbələrə xaricdə təhsil almaq üçün lazım olan bütün şəraiti yaradır. Bu gün istənilən gənc müvafiq qaydalar əsasında dövlət proqramı ilə xarici dövlətlərin ən nüfuzlu universitetlərinə daxil ola və orada təhsil ala bilər. “2007-2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” azərbaycanlı gənclərin xarici dövlətlərin ən nüfuzlu universitetlərində təhsil almasını və sonra ölkəyə qayıdaraq Azərbaycan naminə çalışmalarını nəzərdə tutur. Bu proqram gənclərimiz qarşısında böyük imkanlar açır. Onların müvafiq ixtisaslar üzrə yüksək səviyyəli peşəkar olmasına kömək edir. Bundan başqa öz təşəbbüsləri əsasında xarici dövlətlərin müxtəlif universitetlərində təhsil alan minlərlə tələbələrimiz var ki, onlarda ölkəyə qayıdaraq ölkəmizin daha da inkişaf etməsi naminə işləməlidirlər. Eyni zamanda həmin tələbələr yaddan çıxarmalı deyillər ki, onlar Azərbaycan mədəniyyətinin daşıyıcılarıdırlar. Bu mənada onlar böyük tarixi kökü olan mədəniyyətimizin dünyanın ən müxtəlif ölkələrində tanıdılması üçün çalışmalıdırlar. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi və Azərbaycanın dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən haqlı mövqeyinin təbliği və Ermənsitanın Azərbaycana qarşı işğalçı siyasətinin müvafiq ölkənin ictimaiyyətinə çatdırılması üçün də gənclər məqsədyönlü fəaliyyət göstərməlidirlər.
-Azərbaycandan kənarda
təhsil alan tələbə gənclərin
Azərbaycan mənafeyi naminə təşkilatlanması və
diasporun formalaşmasında rolunu necə görürsünüz?
-Bu gün xaricdə təhsil alan bütün gənclər müvafiq diaspor təşkilatlarında birləşməli və ölkəmizin xarici dövlətlərdə pozitiv imicinin yaradılması üçün əllərindən gələni etməlidirlər. Qeyd etmək lazımdır ki, son illər diaspor quruculuğunda böyük işlər görülüb. Xaricdə təhsil alan və eləcə də müxtəlif ölkələrdə işləyən və yaşayan gənclərin-azərbaycanlıların təşkilatlanması istiqamətində ardıcıl işlər aparılır. Düşünürəm ki, xaricə təhsil almağa gedən hər bir şəxsin, gəncin əsas vəzifəsi təhsil almaqla yanaşı öz ölkəsini orada layiqincə təmsil etmək, azərbaycan həqiqətlərinin müvafiq ökədə yayılması üçün çalışmaq olmalıdır. Gənclər diaspor təşkilatlarında birləşməli, yerləşmə ölkəsində diaspor təşkilatları və eləcə də həmin ölkədə akkreditasiya edilmiş səfirliyimizlə sıx işləməli və Azərbaycan həqiqətlərini dünyaya çatdırmalı və müvafiq lobbiçilik fəaliyyəti üçün mümkün resurslardan istifadə etməlidirlər. Nəzərə almaq lazımdır ki, xaricdə təhsil alan hər bir gənc Azərbaycanın qeyri-rəsmi səfiridir.
-Bu
sahədə rast gəlinən çətinliklər
və maneələr hansılardır?
-Ümumiyyətlə bu sahədə,
yəni gənclərin diaspor quruculuğuna cəlb edilməsi sahəsində
mənim fikrimcə, ciddi bir
problem mövcud deyil. Xaricdə təhsil alan, orada yaşayan
fəal azərbaycanlılar diaspor təşkilatlarında
birləşir və Azərbaycanın mədəniyyətinin,
adət-ənənəsinin, ən əsası isə Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğal
faktının daha geniş
kütlələrə çatdırılması üçün çalışırlar. Bu gün gənclərin diaspora quruculuğu
işində fəaliyyəti təqdirolunandır. Harda yaşamasından asılı olmayaraq hər bir gənc
müstəqil azərbaycanla fəxr edir və
ölkəsinin yaşadığı, təhsil
aldığı yerdə tanıdılması üçün
çalışır. Hesab edirəm ki, xaricdə təhsil kimi
proqramlar Azərbaycanın güclənməsi,
ölkəmizdə intellektual
potensialın yaradılması və neft
kapitalının insan kapitalına
çevrilməsi üçün vacibdir. Təqdirəlayiq haldır ki, savadlı, geniş dünyagörüşlü, bir
neçə xarici dil
bilən gənc azərbaycanlılar bu gün diaspor təşkilatlarımızda
üstünlük təşkil edirlər.
Bu insan kapitalı
ölkəmizin tanıdılması üçün
vacib faktordur.
İlkin Ağayev
Palitra.-2013.-8 oktyabr.-S.11.