“Gənclər artıq cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib

 

Nicat Müslümov: “Dövlət proqramları çərçivəsində gənclərin elmi potensialının inkişafına xüsusi yer ayrılır”

Azərbaycan gəncləri hər zaman aktiv və böyük potensiala malik olan gənclərdir. Dövlətin həyata keçirdiyi gənclər siyasəti kursu da gənclərə öz potensialını üzə çıxarmağa geniş imkanlar verir. Bu baxımdan gənclər onlara yönələn uğurlu siyasətin bəhrəsini görür, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarında intellektual və yaradıcı qabiliyyətlərini üzə çıxarırlar. Belə gənclər eyni zamanda ictimai-siyasi aktivlik də göstərirlər. “Bakıelektrikşəbəkə” ASC-nin YAP Gənclər təşkilatının sədri Nicat Müslümov da belə gənclərdən biridir:

- Dövlətimizin gələcək inkişafında gənclərimizin rolunu necə qiymətləndirirsiniz?

- Ölkəmizin sürətli inkişafı hər bir Azərbaycan vətəndaşında formalaşan qürur və iftixardır. Eyni zamanda, bu inkişafın hər bir vətəndaşın həyatında dəyişikliklər üçün əsasın olması da inamımızı şərtləndirən amildir. Bu gün savadlı gənclər, ölkəmizin uğurlu gələcəyinə təsir etmək imkanı olan əhəmiyyətli sosial resursdur. Bu gün hər bir gənc nəticəni tez görməyi və onu tez əldə etməyi arzulayır, ona stabiluğurlu gələcək lazımdır. Bu gün ölkədə kifayət qədər təhsilli gənc var. Bu gənclər bu gün ölkənin müxtəlif strukturlarında çalışır və Azərbaycanın inkişafı naminə öz töhfələrini verirlər. Hesab edirəm ki, bu gün ölkədə gənclər üçün bütün ictimai-siyasi şərait yaradılıb ki, onlar öz işlərini həyata keçirə bilsinlər və öz parlaq gələcəklərini qursunlar. Bu gün Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvü var ki, onların təxminən 45 faizini gənclər təşkil edir. Hesab edirəm ki, bunun nəticəsində gənclərimiz də Yeni Azərbaycan Partiyasına öz dəstəklərini bundan sonra da verəcək, onlar bu təşkilat vasitəsi ilə öz firavan həyatlarını quracaq və Azərbaycanın gələcəyi naminə öz töhfələrini verəcəklər.

- Yeni Azərbaycan Partiyasında gənclərin fikirlərinə nə dərəcədə yer verilir?

- Yeni Azərbaycan Partiyası öz məqsəd və məramına uyğun olaraq gənclərin hüquqi dövlət və sivil vətəndaş quruculuğu proseslərində yaxından iştirakına münbit şərait yaradıb. Bilik və bacarıqları günümüzün tələblərinə cavab verən, Vətəni, milləti üçün fəaliyyət göstərmək istəyində olan ictimaiyyətçi gənclər Yeni Azərbaycan Partiyası tərəfindən daim himayə olunur. Gənclərimiz partiya xətti ilə mütəmadi olaraq xarici ölkələrdə səfərlərdə olur, müxtəlif beynəlxalq təşkilatların təşkil etdiyi seminarlara qatılaraq ölkəmizi təmsil edirlər. Bu səbəbdən də zamanını Vətəni, xalqı, milləti üçün dəyərləndirən gəncliyin böyük əksəriyyəti YAP-ın sıralarındadır.

-Dövlət gənclərə öz potensialını üzə çıxarmaq üçün hansı şərait yaradıb?

- Gənclər və İdman Nazirliyi ölkə gənclərinin potensiallarının aşkarlanmasında mühüm rol oynayır. Təbii ki, bir nazirliyin imkanları çərçivəsində bu sayda gənclər ordusunun hər bir üzvü ilə aparmaq, onları istiqamətləndirmək, Vətənə, xalqa xidmətdə nümunəvi fərd kimi yetişdirmək bir o qədər də asan deyil. Son illər qəbul olunmuş dövlət proqramları çərçivəsində insan kapitalının, xüsusi ilə gənclərin elmi potensialının inkişafına xüsusi yer ayrılır. Həyat durmadan inkişaf edir. Tələblər, istəklər artdıqca dövlətin gənclər siyasəti kursu da yeniləşməkdədir.

-Gənclərimiz ölkənin ictimai-siyasi həyatında özlərini necə ifadə edilər?

-Bütün cəmiyyətlərdə olduğu kimi, ölkəmizin də ictimai-siyasi həyatında mühüm demoqrafik sinif olan gənclər hazırda onlara göstərilən qayğı və diqqətdən kənar qalmır, bundan mümkün qədər istifadə edərək, şansları dəyərləndirə bilirlər. Bu, əlbəttə, bizdə sevinc doğurur. Çünki bizbu prosesin içindəyik. Başqa sözlə desək, Azərbaycan gəncləri artıq cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib, demokratikləşmə və demokratik prinsiplərin mənimsənilməsi və inkişafı prosesində yaxından iştirak edirlər.

-Bəzi gənclərimizin mənfi qüvvələrin təsiri altına düşməməsi üçün hansı işlər görülür?

- Hər hansı bir gənc və ya müəyyən sayda olan gənclər bir-biri ilə siyasi cəhətdən həmfikir olmaya, bir-birinə müxalif düşüncədə ola bilər. Bütün dövlətlərdə ayrı-ayrı düşünən şəxslər və gənclər var. Təbii ki, bu, normaldır. Lakin öz dövlətinə və vətəninə müxalif olmaq olmaz. Yəni, bu artıq sağlam düşüncə tərzinin göstəricisi deyil. Cəmiyyət özü özünü qoruyaraq, müalicə edərək bu cür xəstəliklərdən daim azad olunur. Digər bir tərəfdən isə hər hansısa bir fərd səhvdən sığortalanmayıb. Fərd səhv edə bilər. Sadəcə olaraq səhvi dərk etmək və düzgün yola gəlmək, “mən nə etmək istəyirəm” sualını verərək özünü cəmiyyətdə tapmaq üçün bir az həyata real baxmaq, təhlili düzgün etmək, azərbaycançılıq ideyasını bilmək lazımdır.

Azərbaycanın uğurlarına təbii ki, sevinməyən qüvvələr var. Bunlar bilməlidir ki, gənclərimiz Azərbaycanı sevironun uğurlarına sevinir. Bunu istəməyən qüvvələr anlamalıdır ki, onlar cüzi sayda gəncləri öz çirkin əməllərinə cəlb etsələr belə, heç nəyə nail ola bilməyəcəklər. Ona görə ki, onlar hər zaman düşünən beyin və Vətənə sevgi ilə qarşılaşacaqlar. YAP Gənclər Birliyi hər zaman gənclərlə maarifləndirmə işləri aparır. Dövlət heç bir vətəndaşının inciməsini, yaxud narahat vəziyyətdə yaşamasını istəmir, onun təəssübünü çəkir. Hansı sahəyə baxsanız, orada inkişafı görəcəksiniz. Kim bunu görmürsə, bu, onun qərəzidir, ədalətsiz mövqeyidir.

- Gənclərin ictimai fallığının daha da artırılması istiqamətində hansı tədbirlər görülməlidir?

- Bu gün “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi, Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Prezident yanında Elm Fondu tərəfindən gənclərin layihələrinə qrantlar verilir, mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin artması istiqamətində müxtəlif beynəlxalq müsabiqələr, festivallar həyata keçirilir. Hər bir gənc bizə yaradılmış bu şəraitdən səmərəli istifadə etməlidir.

Fuad Hüseynzadə

Palitra.-2013.-8 oktyabr.-S.7.