Qədim Şabranın tarixini
yaşadan muzey
Tarix-Diyarşünaslıq
Muzeyində Şabranın tarixini, mədəniyyətini
əks etdirən 3572 eksponat nümayiş etdirilir
Layihə çərçivəsində budəfəki
məqaləmiz qədim Şabran rayonu haqqındadır. Bu gün müasir, müstəqil,
inkişaf edən Azərbaycanın bütün bölgələri kimi Şabran rayonu da inkişaf
dövrünü yaşayır. Yeni inşa edilən müasir mədəniyyət obyektləri
şabranlıların istifadəsinə verilib.
Müasir mədəniyyət müəssisələri
rayonun mədəni həyatını bir qədər də zənginləşdirib. Müasir mədəniyyət obyektləri ilə
yanaşı rayonda bir
sıra qədim tarixi abidələr mövcuddur. Dövlət qayğısı nəticəsində
həmin tarixi abidələr qorunur. Rayonun 2011-ci ildə
“Əfsanələr Paytaxtı” elan edilməsi
rayounun mədəni həyatında böyük canlanma yaratmaqla yanaşı, bu
sahəyə diqqəti bir qədər də
artırıb. Məqaləmizdə rayonun
mədəni həyatı, tarixi abidələri
haqqında məlumat verəcəyik:
Şabran rayonunda 150-dək tarixi
abidə var
Zəngin tarixə malik Şabran Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim bölgələrimizdəndir. Tədqiqatçılar yazılı tarixi mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq burada hələ eramızdan əvvəl yaşayış məskəni olduğunu müəyyən ediblər. İndi bu torpaqda yeni şəhər, yeni Şabran inkişaf edir. Qədim şəhərin xarabalıqları arasında tariximizin bir çox səhifələrinə işıq salmaq, onları öyrənib üzə çıxarmaq həm də mədəni irsimizin bir sıra maraqlı məqamlarını öyrənmək baxımından rayonda yaradılan Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Bu muzeydə qədim Şabranın tarixini əks etdirən və turistlər üçün də maraq kəsb edəcək çoxlu sayda eksponat var. Ümumilikdə, Şabran rayonunda 150-dək tarixi abidə var ki, onlardan ən möhtəşəmi qədim «Şabran» və «Çıraqqala» abidələridir. Son illər bu abidələrin həm mədəni irs nümunəsi, həm də turizm potensiallı məskən kimi təbliği yönündə müəyyən işlər görülür. Muzeydə bu abidələr haqqında da geniş məlumatlar əks olunub. Muzeyin həyətində Şabran rayonunun qədim tarixini əks etdirən daş eksponatlar, o cümlədən burada aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəlif növ əşyalar nümayiş etdirilir. Muzeydə Şabranın xəritəsi, rayon haqqında ümumi məlumatlar və dövlət atributları əks olunub. Ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən Dəvəçi rayonu ərazisindəki "Şabran şəhəri" tarix və mədəniyyət abidəsi kimi tarixi qoruq elan edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla rayonun adı özünə qaytarılıb. Belə ki, Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılıb. Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq yaradıcılığı Paytaxtları” proqramına əsasən 2011-ci il üçün Şabran şəhəri Azərbyacanın “Əfsanələr Paytaxtı” elan olunub. Muzeydə rayonun tanınmış ziyalıları və 1941-1945-ci illər Böyük Vətən müharibəsində Şabrandan olan qəhramanların haqqında məlumatlar da yerləşdirilib. Rayon şəhidləri üçün isə ayrıca guşə yaradılıb. Muzeydə Şabranın tarixini, mədəniyyətini əks etdirən 3572 eksponat nümayiş etdirilir. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb. Muzeydə rayonda toxunan xalçalardan da nümunələr var. Hazırda rayonda Pirəbədil, Şahnazərli, Zeyrə, Xlebuta, Pirədəbil Heyrəti, Hacı Qayıb, Yeni Çiçi xalça növləri toxunur. Şabran ilkin orta əsrlərdə maketi xüsusi maraq doğurur. Şamaxı şəhər kimi tam formalaşana qədər Şabran Şirvanşahların paytaxtı olub. Şəhərin Şirvanşahların iqamətgahı olmasını sübut edən faktorlardan biri də burada Şirvanşahlar nəslinə aid sərdabənin olmasıdır. Monqol əsarəti dövründə Şabran əsas şəhər rolunu oynayıb. Həmin dövrdə monqol hökmdarının vəziri, tarixçi Fəzullah Rəşidəddinin oğluna yazdığı məktubda Şabrandan bəhs edib. Muzeydə qədim Şabranın ticarət əlaqələrini əks etdirən sxem də maraq doğurur.
40 dəvə yükü qızıl haradadır?
O dövrdə məhək daşı məhz Şabran şəhərində istehsal edilib. Məhək
daşı vasitəsi ilə qızılın əyyarı
müəyyən olunurdu. Bir
sözlə arxeoloqların Şabran qoruğunda apardıqları arxeoloji
qazıntılar zamanı aşkar edilən
müxtəlif eksponatlar indi
rayonun Tarix-Diyarşünaslıq Muzeyinin qiymətli eksponatları
sırasındadır. Qədim Şabranda
tapılan əşyalar sırasında o vaxt əraziyə çəkilən su və kanalizasiya xətlərinin
nümunələri, qədim su qabları
da diqqəti cəlb edir.
Burada aparılan arxeoloji
qazıntılar isə bu şəhərin
tarixinin daha qədim olduğunu təsdiqləyir. Qədim Şabranda tapılan maddi-mədəniyyət
nümunələri burada müsəlmanlarla
yanaşı xristian və yəhudilərin
də yaşadığını deməyə əsas verir. Tolerant bir şəhər kimi məşhur
olan Şabran digər
cəhətləri ilə də fərqlənir. Tarixçilərin
fikrincə, qədim Şabranda qibtə
ediləcək səviyyədə istehsal
sahələri olub və şəhərsalma
prinsiplərinə əməl edilib. O
dövrdə tikinti materialı kimi geniş istifadə olunan qırmızı kərpic məhz Şabran şəhərində istehsal edilirdi. Eləcə
də qızılın əyarını müəyyənləşdirmək
üçün burada
daşlar olub ki, tarixçilər bunu da maraqlı fakt kimi dəyərləndirirlər. Deyilənə
görə, bu yerlərdə 40 dəvə
yükü qızıl da
basdırılıb. Yayılan bu əfsanələr
Şabranın qədim bir məskən olmaqla hələ sirrinin də
tam açılmadığını
göstərir. Şabranda bir
sıra qədim abidə və tikililər günümüzə
qədər gəlib çıxıb. Qədim
Şabran körpüsü
orta əsrlər Azərbaycan memarlıq sənətinin
ən yaxşı nümunələrindən hesab
oluna bilər. Üç
tağının əsasının qalıqları aydın
görünən bu körpü
hazırda Bakı-Quba magistral yolunun sol tərəfində,
Ərəblər və Pirəmsən kəndləri
hüdudlarındadır. Şabran şəhərinin
abadlığından bəhs edərkən burada
XI-XII əsrlərə aid küçəni,
üstü örtülü
kanalizasiya sistemini qeyd etmək lazımdır. Bunu
qazıntılar zamanı tapılan çay
daşlarından düzəldilmiş tikinti
qalığı sübut edir.
Müəyyən yerlərdə, uzunluğu
1,5, eni 20 sm olan bütün
daşların ortası nov şəklində
yonularaq kanalizasiya xəttinə
qoşulub. Aparılan son
araşdırmalar zamanı Şabran şəhərinin
yerində uzunluğu 5 m
olan su arxının
qalıqları, qala bürcləri, IX-X və
XVI-XVII əsrlərə aid saxsı qablar, mis pullar,
sandıq formasında olan məzar
daşları tapılıb.
Tur Heyerdal Şabranda aşkar edilən
maddi-mədəniyyət nümunələrini yüksək
qiymətləndirib
Şabranda ilk dəfə olaraq IX əsrə aid kanalizasiya sistemi aşkar olunub. Şəhərə təqribən 14 kilometr məsafədə yerləşən xüsusi
tinglər vasitəsi ilə su kəməri
çəkilib. Şabran şəhərinin
öyrənilməsinə 1980 - ci ildə başlanılıb.
Arxeoloji qazıntılar zamanı
3 tikinti layından ibarət təbəqə
aşkar olunub.
Rayon ərazisində Gülüstani-İrəm
ölkə əhəmiyyətli
memarlıq abidəsi,
Almastəpə, Ağmul,
Çaqqallı təpə
kimi ölkə əhəmiyyətli arxeoloji
abidələr, yerli əhəmiyyətli memarlıq
abidələri olan Aygünlü, Baş Əmirxanlı, Zeyvə və Ləcədi kəndlərində yerləşən
XIX əsrə aid məscidlər
və Gilavar kəndindəki kilsə
var. Azərbaycanın bu
qədim şəhərinin
xarabalığı Şabran
rayonun Şahnəzərli
kəndi yaxınlığındadır.
Şabran sözünün etimiologiyası barədə
müxtəlif mülahizələr
mövcuddur. Onun sabirlərlə
əlaqədar olması
ehtimalı daha inandırıcıdır. Müxtəlif fonetik dəyişikliklərlə
Orta Asiya ərazisində də mövcud olan Şabran toponimi “Şabran”, “Sabiran” şəkildə işlədilib.
Arxeoloji tədqiqatlar Şabranın
erkən orta əsrlərdə şəhər
kimi formalaşdığını
sübut edir. Mühüm ticarət-karvan yolu üzərində yerləşən
Şabran ipək ticarəti mərkəzlərindən
olub. IX əsrdən
başlayaraq Şabranda
dulusçuluq, ipəkçilik,
şüşə istehsalı,
metal - işləmə və
s. sənətkarlıq sahələri
inkişaf edib. Orta əsrlərdə böyük
zərbxanalardan biri də Şabranda olub. Şabranda çoxlu dulusçuluq
emalatxanası olub.
Şabranda çörəkçilər məhəlləsi, sənətkarlıq
emalatxanası aşkar
edilib. 1982- ci ldə məşhur Norveç səyyahı və alimi Tur Heyerdal
Azərbaycanda olarkən
Şabranda da olub, buradan aşkar
edilmiş maddi-mədəniyyət
nümunələrini yüksək
qiymətləndirib.
Anar Miriyev
Palitra.-2013.-9 oktyabr.-S.11.