Şabranda müasir mədəniyyət obyektləri

 

Layihə çərçivəsində bu dəfəki məqaləmiz qədim Şabran rayonu haqqındadır. Bu gün müasir, müstəqil, inkişaf edən Azərbaycanın bütün bölgələri kimi Şabran rayonu da inkişaf dövrünü yaşayır. Yeni inşa edilən müasir mədəniyyət obyektləri şabranlıların istifadəsinə verilib. Müasir mədəniyət müəssisələri rayonun mədəni həyatını bir qədər də zənginləşdirib.

Müasir mədəniyyət obyektləri ilə yanaşı rayonda bir sıra qədim tarixi abidələr mövcuddur. Dövlət qayğısı nəticəsində həmin tarixi abidələr qorunur. Rayonun 2011-ci ildə «Əfsanələr Paytaxtı» elan edilməsi rayounun mədəni həyatında böyük canlanma yaratmaqla yanaşı, bu sahəyə diqqəti bir qədər də artırıb. Məqaləmizdə rayonun mədəni həyatı, tarixi abidələri haqqında məlumat verəcəyik:

Rayon ərazisində dünya əhəmiyyətli “Çıraqqala” memarlıq abidəsi və “Şabrantarixi arxeoloji abidəsi var. “Çıraqqala” hündür dağ zirvəsindəki nəhəng qaya üzərində tikilmiş müdafiə xarakterli qala olub. Yağı düşmən hücum etdiyi zaman ətraflara xəbər vermək məqsədi ilə qalanın baş bürcündə tonqal qalanırmış. “Çıraqqala” adı da bunula bağlıdır. Silindirvari bürclərlə möhkəmləndirilmiş qala divarları qapalı quruluş əmələ gətirir. Qayanın zirvəsində qala divarlarına bitişik baş bürc ucalır. Qalanın divarları və yarımdairəvi bürcləri (12-yədək bürc) daşdan tikilib, yalnız baş bürcə kərpicdən üzlük çəkilib. Çıraqqalanın ətrafında orta əsrlərə aid müxtəlif keramika qırıqları tapılıb. Qalanın V- VI əsrlərdə Sasanilər dövründə tikildiyi və XVIII əsrədək istifadə edildiyi ehtimal olunur. Qalanın hündürlüyü 1232 metrdir.

 

«Əfsanələr Paytaxtı»

2011-ci ildə Şabran şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı” elan edilib. «Əfsanələr Paytaxtı» elan edilməsi ilə bağlı Şabranda il ərzində bir sıra mərasimlər, elmi-praktik konfranslar, konsert, müsabiqə, sərgi və digər mədəni tədbirlər təşkil edilib. Bu məqsədlə ilkin olaraqŞabran 2300”, “ Əfsanələr Paytaxtı Şabran” adlı tədbirlər planı tərtib edilib. Şabran “ Azərbaycanın Əfsanələr Paytaxtı 2011” ilə bağlı loqotip, müvafiq lövhələr, bayraqlar, suvenerlər hazırlanıb, rayonun müxtəlif təşkilat və müəssisələrinə həmçinin Mədəniyyət və Turizm Nazirliyinə hədiyyə edilib. “Şabran Azərbaycanın Əfsanələr Paytaxtı-2011”elan edilməsi ilə əlaqədar təntənəli mərasim keçirilib. “Əfsanələr Paytaxtı” elan edilmiş Şabranda rayon sənətkarlarının milli mənəvi dəyərlərini özündə əks etdirən və yaşadan qədim sənət nümunələrindən ibarət sərgi təşkil edilib. Sərgidə əsərlərdəki rəngarənglik tamaşaçıların xüsusi marağına səbəb olub. Nümayiş etdirilən əsərlərin əsas mövzusunu tarixi keçmişimiz, təbiət lövhələri müxtəlf illüstrasiyalar təşkil edilib. Tədbirlər çərçivəsində şabranlıların qüruru sayılan “ Çıraqqala “ və “ŞabranTarix Mədəniyyət Qoruqlarına yürüş təşkil edilib. Tədbirdə tarixin bir çox qaranlıq, sirli cəhətlərini öyrədən abidələrin mühafizəsi, bərpa və təbliği istiqamətində görülən işlərdən danışılıb və bu tədbirlərin xalqın inkişafı, tərəqqisi və yeni nəslin tərbiyəsi üçün nə qədər vacib olduğu qeyd edilib. Rayon Tarix-Diyarşünaslıq Muzeyində ümumrayon ziyalılarının elmi-praktik konfransı keçirilib, daha sonra konfrans iştirakçıları üçün Şabranın keçmişini əks etdirən eksponat fondu və foto-sərgi nümayiş etdirilib.

 

Mədəniyyət Sarayında xalq

kollektivləri və teatr studiyası

fəaliyyət göstərir

Son illərdə ölkəmizdə digər sahələrlə yanaşı, mədəniyyətimiz də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunub. Bu gün ölkədə mədəniyyət və incəsənətin inkişafına diqqət özünü mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlara göstərilən qayğıda, həmçinin beynəlxalq səviyyədə təşkil edilən mədəni tədbirlərə ölkəmizin ev sahibliyi etməsində daha çox büruzə verir. Bu gün bölgələrdə də müasir mədəniyyət ocaqlarının istifadəyə verilməsi bu sahənin regionlarda hərtərəfli inkişafına töhfələr verir. Şabranda əsaslı şəkildə yenidən qurulan və təmir olunan Mədəniyyət Sarayı da bu baxımdan əhəmiyyətlidir. Əvvəllər kinoteatr kimi fəaliyyət göstərən bu binanın təmiri zamanı işlərin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilib. Sarayın zalında rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkilinə hərtərəfli şərait var. Mədəniyyət Sarayının 2-ci mərtəbəsində inzibati otaqlar yaradılıb, rejissor pultu quraşdırılıb. İndi yenidən qurulan Şabran Mədəniyyət Sarayı rayon sakinlərinə bir hədiyyə olmaqla yanaşı, həm də şəhərin görkəminə xüsusi çalarlar qatır. 320 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün şərait yaradılıb. Burada müasir akustika sistemi quraşdırılıb. Sarayda Şabranın “Xınayaxdı” folklor xalq kollektivi fəaliyyət göstərir. Xalqımızın qədim adət-ənənələrini səhnədə əks etdirən nümunələr də maraqla qarşılanır. Şabran Mədəniyyət Sarayının nəzdində “Xınayaxdı” folklor xalq kollektivi ilə yanaşı, “Çıraqqala” zurnaçılar xalq kollektivi və “Şabranteatr studiyası da fəaliyyət göstərir. Bu kollektivlər rayonun mədəni həyatında fəal iştirak edirlər. Bundan başqa, onlar həm də respublika əhəmiyyətli tədbirlərdə və müxtəlif müsabiqələrdə Şabranı layiqincə təmsil edirlər. Mədəniyyət Sarayında yaradılan yüksək şərait bundan sonra kollektivlərə daha yaxşı işləməyə imkan verəcək.

 

Uşaq Yaradıcılıq Mərkəzi

Bu gün Şabran rayonunda təhsil, səhiyyə, infrastruktur və digər sahələrdə işlər yüksək səviyyədə aparılır. Rayon əhalisinin rifah halının yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Uşaqların təlim-tərbiyəsi və onların sağlam böyüməsi də daim diqqət mərkəzindədir. Bu baxımdan Şabran Uşaq Yaradıcılıq Mərkəzinin yenidən qurulub istifadəyə verilməsi xüsusi önəm daşıyır.Şəhərin Zərifə Əliyeva küçəsində yerləşən mərkəz 2 mərtəbəlidir. Bu mərkəz Şabranda uşaqların təlim və tərbiyəsinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. Mərkəzin ətrafındakı parklar yenidən qurulub. Uşaqların və sakinlərin istirahəti üçün burada hər cür şərait yaradılıb. Binada uşaqlar üçün “Nağıl otağı” yaradılıb. Burada balacaların rahat istirahət etmələri, həm də təhsilin sirlərinə kiçik yaşlardan yiyələnmələri üçün hər cür şərait yaradılıb. Mərkəzdə latın qrafikalı 5 mindən artıq ədəbiyyat toplanıb. Bunlardan da 500-ə yaxını sırf uşaq ədəbiyyatıdır. Bu mərtəbədə oxuculara rahat xidmət üçün abonement otağı da yaradılıb. Belə ki, bura gələn həm azyaşlı, həm də orta məktəb şagirdlərinin sifarişi burada qəbul olunacaq. Hazırda mərkəzin 2 minə yaxın oxucusu var. Mərkəzin kitab sərgisində burada olan ədəbiyyatlardan nüsxələr yerləşdirilib. 2-ci mərtəbədə İnformasiya-Biblioqrafiya otağı yerləşir. Burada mərkəzə daxil olan dövri nəşrlər, qəzet, jurnal, uşaqlar üçün tədris vasitələri, elektron vəsaitlər, öyrədici albomlar yerləşdirilib. Yardımçı Fond da bu mərtəbədə yerləşir. Burada da ədəbiyyat nüsxələri saxlanılır. Uşaq Yaradıcılıq Mərkəzinin oxu zalı və elektron kitabxanası da ən müasir standartlara cavab verir. Hazırda elektron kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılıb. Sistemin yaddaşında 707 adda 35 minə yaxın kitab, həmçinin dövri mətbuat, qəzet və jurnallar daxil edilib. Dövri mətbuatın elektorn kartotekası yaradılıb. Burada oxuculara onlayn xidmət də göstərilir. Sistem vasitəsi ilə dövlət başçısının imzaladığı sərəncam, fərman və qanunların tam mətnindən ibarət baza yaradılıb. Ayrıca linkdə Azərbaycan klassikuşaq ədəbiyyatına dair bir çox əsərlərin tam mətni oxucuların istifadəsinə verilib. Bir sözlə, yeniyetmələrin rahat istifadəsi üçün burada hər cür şərait yaradılıb.

 

Anar Miriyev

Palitra.-2013.-15 oktyabr.-S.11.