Gənclərin poeziya müsabiqəsi

 

Son vaxtlar Azərbaycan dilinin inkişafı, gənc nəslin ana dilimizə sevgi hissinin güclənməsinə xidmət edən tədbirlərin sayı artmaqdadır. Prezidentin Azərbaycan dilinin inkişafı ilə bağlı Dövlət Proqramını təsdiq etməsindən sonra bu cür tədbirlər artıq bir-birini əvəz etməklə silsilə xarakteri alıb. Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunmuş mətbuat konfransı da növbəti belə bir tədbirin başlanmasına həsr edilib.

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Gənclərin poeziya müsabiqəsi” layihəsinin başlanmasına həsr olunmuş mətbuat konfransını layihənin rəhbəri Etibar Binnətli açaraq müsabiqənin başlıca məqsədi barədə məlumat verib. Qeyd olunub ki, gənclərdə ana dilinə məhəbbət hissini gücləndirməkdə poeziyanın mühüm rolu danılmazdır. Bu baxımdan layihənin əsas məqsədi məhz gənclərdə ana dilimizə sevgi hissinin daha da artırılmasına yardımçı olmaqdan ibarətdir. Layihə rəhbərliyindən bildiriblər ki, tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, Xalq artisti, tanınmış teleaparıcı Ofeliya Sənani, yazıçı-publisist Ənvər Əhməd, şair Zahid Xəlil və başqaları belə tədbirlərin ana dilinin inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsində əvəzsiz rol oynadığını bildiriblər. Müsabiqənin keçirilməsi təşəbbüsünün gənclər tərəfindən irəli sürülməsi faktını xüsusi vurğulayan çıxışçılar əmin olduqlarını bildirmişlər ki, gənc nəsil dilimizin saflığının qorunmasında həmişə öncüllük nümayiş etdirəcəklər. Tədbirdə müsabiqənin keçirilməsi şərtləri, plan-qrafik haqqında məlumat verilib. Qrafikə əsasən, oktyabrın 21-dən noyabrın 10-dək müsabiqədə iştirak etmək istəyən gənclərin müraciətlərinə baxılaraq ilkin seçim keçiriləcək. Noyabrın 15-dən dekabrın 5-dək iştirakçılarla müxtəlif tədbirlər keçiriləcək və dekabrın 10-dan 15-dək müsabiqənin ikinci seçim turu olacaq. Bu turda ən yüksək bal toplayan 12 gənc iştirakçı diplomlarla təltif edilməklə yanaşı, dekabrın sonunda keçiriləcək “Biz fəxr edirik ki, azərbaycanlıyıq” musiqili-bədii axşamda çıxış etmək hüququ qazanacaq.

 

Palitra.-2013.-18 oktyabr.-S.13.