“Azərbaycan və Fransa
arasında mədəni körpü kimi fəaliyyət göstərirəm”
Təranə Paris Baku: “Sənətçi kimi
Azərbaycanı tanıtmağa, onun
reallıqlarını Fransa kimi mühüm ölkədə
yaymağa çalışıram”
Fransada
yaşayan azərbaycanlı vokal ifaçısı Təranə
Paris Baku ilə (Təranə Allahverdiyeva) müsahibəni təqdim
edirik.
-Təranə
xanım, öncə özünüz haqda məlumat vermənizi
istərdik.
-Mən Fransada yaşayan azərbaycanlı müğənni-sənətçiyəm. Özüm Laçında anadan olmuşam, Şuşada böyümüşəm. Elə ilk musiqi təhsilimi də Şuşada almışam, şəhərin uşaq xorunda oxuyurdum. Qarabağ müharibəsi başladıqdan sonra qaçqın düşən ailəmiz Bakıda məskunlaşdı. Hazırda Fransada öz sənətimlə Azərbaycan və Fransa arasında mədəni körpü kimi fəaliyyət göstərirəm.
- Necə oldu ki, Parisə
getməli oldunuz?
- Uşaqlıqdan ən böyük arzum Sarbon Universitetində təhsil almaq idi. Ümumiyyətlə, ailəmizdə xarici
dillərə sevgi və maraq vardı,
bu da hər
halda fransız dili müəlliməsi olan anamdan qaynaqlanırdı.
Bakıda Xarici Dillər
Universitetində İngilis
dili tərcüməçilik
fakültəsini bitirəndən
sonra Fransada Sarbon Universitetinin Xarici dillər; media və kommunikasiya fakültəsinə qəbul
olub, fərqlənmə
diplomu ilə başa vurdum. Daha sonra musiqi təhsili
aldım. Viktor Hüqonun doğma şəhərində - Bezansonda
milli konservatoriyanın
və Parisin tanınmış “Manufacture Chanson” məktəbinin məzunu oldum. On ildən artıqdır ki, Fransadayam, həyat yoldaşım Erik Monbarbyula
da burada tanış olub evlənmişik. Ulduza və Leyli adında
iki qızımız
var.
- Parisdə musiqi ilə məşğul ola
bilirsinizmi?
- Fransanın çox şəhərlərində, xüsusi
ilə də Parisdə mədəni həyat çox zəngindir. Mən müxtəlif proqramlarda,
məclislərdə, beynəlxalq
festivallarda iştirak edirəm. Peşəkar musiqiçilərlə, qruplarla bir yerdə
işləyirik. Tez-tez Fransadan
kənara da çıxırıq. Bakıda gənc
vokalçılar caz-festivalının
laureatı olmuşam,
İngiltərədə konsertlər
vermişəm. 2011-ci ildə Moskvada fransız şansonunun ən yaxşı ifaçıları festivalına
Fransadan fəxri qonaq kimi dəvət
olunmuşdum. “Tarana Colors” adlı ilk albomum işıq üzü görüb.
Bu ilin aprelin
6-da doğma Bakıda
-Jazz Centerdə ilk konsertim
oldu və burada həmin albomdakı musiqiləri
ilk dəfə dinləyicilərə
təqdim etdim. Albomda məşhur fransız kompozisiyaları Azərbaycan
dilində səslənilir.
- Fransa ermənilərin nisbətən
çox və aktiv olduğu ölkələrdən biridir.
Belə bir yerdə yaşamaq sizə çətin deyil ki?
-Fransada çox güclü erməni lobbisi var. Nə qədər çətin
olsa da, məncə, elə məhz burada Azərbaycanı tanıtmalıyıq,
məhz burada Qarabağ həqiqətini
çatdırmalıyıq. Mən sənətçiyəm, mənim
silahım sənətimdir.
Bu çox mənalı
və dəyərli mübarizədir. Çünki musiqi universal dildir və hamıya təsir edə bilir.
- Olubmu ki, ermənilər sizə təhlükəli
vəziyyət yaratsın
və ya hər hansı təxribatlar törətsinlər?
-Yox, şükür, belə hallar olmayıb.
-Fransadakı
Azərbaycan diasporunu güclü hesab etmək olarmı?
-Onu demək istəyirəm ki, son illərdə Azərbaycan Fransada özünü tanıtmağa başlayır. Bu işdə millət vəkili Mehriban Əliyeva və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çox böyük xidmət göstərirlər. Bunlarla kifayətlənmək lazım deyil. Qarabağ hələ də işğal altındadır. Azərbaycan barədə hələ də məlumat azlığı var, görüləsi iş çoxdur…
- Fransada
Azərbaycan diasporu ilə əlaqələriniz
varmı?
- Bir azərbaycanlı, həm də Qarabağdan olan azərbaycanlı kimi çalışıram, vətənimin
üzləşdiyi problemləri
fransız xalqına çatdırım. Gördüyüm işlərlə Azərbaycanı
tanıtmağa, onun reallıqlarını Fransa
kimi mühüm ölkədə yaymağa
çalışıram və
bu istiqamətdə işləyən insanlara dəstək oluram. Məsələn, Parisdə Azərbaycan
Evi adlı təşkilatda mədəni
məsələlər üzrə
məsləhətçi kimi
fəaliyyət göstərirəm.
Güc birlikdədir, məncə,
harada yaşamağımızdan
asılı olmayaraq beynəlxalq ictimaiyyətə
Azərbaycan həqiqətlərini
çatdırmaq üçün
bir olmalıyıq.
Azərbaycanın təcavüzə məruz qaldığını,
torpaqlarının işğal
olduğunu beynəlxalq
ictimaiyyət bilməlidir.
- Azərbaycanın
təbliği baxımdan
hansı addımlar atırsınız?
-Mənim qızlarımın
pasportda iki adı var: Ulduza
Şuşa və Leyli Şuşa.
Məncə, bu bir növ Qarabağı yaşatmaqdır, Qarabağı
unutmamaqdır və unutdurmamaqdır. Bilirsiniz, Fransada
olan situasiya mürəkkəbdir. Burada erməni
mənşəli fransızlar
çoxdur. Onlar heç
zaman Ermənistanda olmayıblar. Qarabağ barədə
heç bir doğru məlumatları yoxdur, bildikləri də yalan məlumatlardır.
Bir qrup erməni çox fəal işlər görür və yalan məlumatlar
yayır. Mən Qarabağ
müharibəsi barədə
kimdənsə eşitməmişəm,
müharibənin şahidi
olmuşam. Mən sadəcə
olaraq həqiqəti çatdırıram və
üstəlik sənətçi
olmağım, məncə,
hər hansı həqiqəti çatdırmaq
üçün ən
diplomatik yoldur.
- Vətəndən
ötrü qəribsəyən
vaxtlarda nə edirsiniz?
-Musiqiyə qulaq asıram, şeir yazıram. Şuşadan qalan xatirələr və şəkillərdir...
Fuad Hüseynzadə
Palitra.-2013.-19 oktyabr.-S.7.