“Musiqi
dünyamda orkestr mənim alətimdir”
Xalq artisti Teymur Göyçayev:
“Biz artıq
bütün dünyaya
sübut edə bilmişik ki, xalqımız nələrə
sahibdir. Yüksək
mədəniyyətə, böyük
istedada, zəngin incəsənətə”
Müsahibimiz Q.Qarayev adına
Dövlət Kamera Orkestrının və Gənclər Dövlət
Simfonik Orkestrının
bədii rəhbəri
və baş dirijoru, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Respublikanın xalq artisti, prezident mükafatçısı Teymur
Göyçayevdir:
-Teymur müəllim, Azərbaycanın
incəsənəti üçün
son zamanlar hansı işləri görürsünüz?
- Hal-hazırda mən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Gənclər Dövlət
Simfonik Orkestrinin və 2010-cu ildən Bülbül adına orta ixtisas musiqi
məktəbinin direktoruyam.
Həyatım elə quruldu
ki, yalnız gənclərlə çalışıram.
Mən özüm
də bu məktəbi bitirdim. Aspiranturanı bitirdikdən sonra 1985-ci ildən 2001-ci ilə qədər burada müəllim kimi fəaliyyət göstərdim.
1998-ci ildə məni
Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestrinə dəvət etdilər. 2006-cı ildə hörmətli Mehriban xanımın təklifi ilə Gənclər Dövlət
Simfonik Orkestri yaradıldı və bu işi də
mənə həvalə
etdilər. Artıq 2008-ci ildə biz Parisdə UNESCO
zalında uğurla çıxış etdik.
Gənclər Dövlət Simfonik
Orkestri bu gün də fəaliyyət göstərir.
2010-cu ildən Bülbül
adına orta ixtisas musiqi
məktəbinə direktor
vəzifəsinə təyin
olundum. Bir çox işlər
görməyə çalışıram.
Buranın ab-havasını Üzeyir bəy necə qoyubsa, o ab-havanı yaşatmaq istəyirəm. Çünki,
bu məktəbi Q.Qarayev, T.Quliyev, F.Bədəlbəyli, F.Qasımova
və s. kimi böyük sənətkarlar
bitirib. Bu gün
də məktəbimizin
gəncləri var ki, böyük istedadla istər konsert şəklində, istərsə də müsabiqələrdə böyük
uğurla beynəlxalq
səhnələrdə çıxış
edib, qran-pri, laureat adları alırlar. Bu bizim böyük sahəmizdir və bu istiqamətlərdə işlər görürük.
“Əksər valideynlər
övladlarının musiqi
təhsili üçün
fortepiano ixtisasını seçir. Lakin orkestr rəhbəri olaraq bu məni
qane etmir”
Onu da qeyd edim ki,
bu məktəbdə bütün alətlər
üzrə ixtisas fənləri keçirilir. Klassik alətlər,
nəfəs alətləri,
fortepiano, xalq çalğı
alətləri, xanəndəlik,
vokal, zərb alətlərinin dərsləri
tədris olunur. Şagirdlərimizin sayı cəmi
306 nəfərdir. Lakin biz çalışırıq
ki, hər qəbul imtahanlarında ən yüksək səviyyədə istedadı
olan bacarıqlı uşaqları məktəbə
qəbul edək.
Çünki bu məktəbin
təməlini Üzeyir
bəy qoyub və o tələb edib ki, bu
məktəbdə peşəkar
musiqiçilər yetişsin.
Sovet dövründə bu məktəb Konservatoriyanın
(indiki Bakı Musiqi Akademiyası) nəzdnində fəaliyyət
göstərirdi. O zamanlar
və hal-hazırda da bu məktəbi
bitirən şagirdlərin
əksəriyyəti ali təhsillərini musiqi sahəsində davam etdirirlər. Şagirdlərin ali
təhsil üzrə bir qismi AMK, bəziləri ADMİU-ə, lakin
əksər şagirdlərimiz
BMA-a qəbul olurlar. Bizim məktəbdə Üzeyir
bəy ilk başdan çox gözəl pillələr yaradıb.
I-IV siniflər birinci pillə, V-IX siniflər ikinci pillədir. X-XI siniflərdə o şagirdlər
qalır ki, peşəkarlığını musiqi üzərində qururlar.
- Bu məktəbi
bitirən şagirdlər
arasında musiqi üzrə deyil, humanitar sahədə təhsillərini davam etdirənlər olurmu?
- Əlbəttə olur. Bəzi
abituriyentlərimiz ali məktəbə qəbul imtahanlarında testdən yüksək bal
yığdıqları zaman
humanitar fənnləri
seçirlər. Baxmayaraq ki,
musiqiçi kimi çox istedadlı gənclərdir. Bu ilin buraxılış sinifində belə bir hadisə olub. Arfa ifaçımız testdən
yüksək bal toplayaraq Dillər Universitetinə qəbul olub. Baxmayaraq, musiqiçi olaraq
gözəl arfa ifa edir, lakin
təhsilini humanitar sahədə davam etdirir. Bu şagirdin
müstəqil seçimidir.
Mən rəhbər olaraq müəllimlərə
belə bir tapşırıq vermişəm
ki, humanitar fənnlərdə dərslər
elə keçirilsin ki, şagirdə evə verilən çalışma az olsun. Şagird evdə yalnız musiqi ixtisası üzrə çalışsın.
Əgər 7-8 saat musiqilə məşğul
olmasan professional musiqiçi
ola bilməzsən.
Bu məktəbdə də oxumaq çox çətindir.
Ona görə ki, musiqi və orta təhsil birlikdə tədris olunur. Bir sözlə desək,
nə qədər istedadlı uşaqdırsa,
bir o qədər onun üzərində zəhmət tələb olunur. Müəllim, valideyn, şagird.
Üç amildən biri
yoxdursa, peşəkarlıq
heç bir zaman alınmayacaq.
- Professional dirijor
kimi sizcə, bu gün gənc
musiqiçilər arasında
dirijorluq sənəti
necə inkişaf edir?
- Əslində mənim
ixtisasım dirijorluq sənəti deyil, skripkaçıyam. Mən skripka üzrə
Zaqafqaziya laureatçısıyam.
Konservatoriyanı skripka ixtisası
üzrə bitirdim.
Lakin mən dirijorluq sənətini ona görə seçdim ki, bu musiqi
sahəsi məni daha çox özünə cəlb edir. Musiqi dünyamda orkestr
mənim alətimdir.
Orkestrdə musiqini daha çox qəlbimdə hiss edirəm.
Bu gün isə
çox istedadlı və professional dirijorlarımız
var. Məsələn, Eyyub
Quliyev kimi gənc dirijorlarımız
sənət dünyasında
öz yerlərini tapıblar. Artıq onları peşəkar
dirijor kimi beynəlxalq konsertlərə,
böyük səhnələrə
çıxış üçün
dəvət edirlər.
Bu da əlbəttə
ki, bizim xalq üçün böyük fəxrdir.
- Hal-hazırda valideynlər ixtisas seçimi üzrə övladları üçün
hansı sahəyə
daha çox üstünlük verirlər?
- Bu gün məktəbə qəbul imtahanlarında əksər valideyn övladının musiqi təhsili üçün
fortepiano ixtisasını seçir.
Lakin orkestr rəhbəri olaraq bu məni
qane etmir. İncəsənət xadimi olaraq indiki zamanda mən daha çox
orkestr şöbəsinə
üstünlük verərdim.
Hal-hazırda bizdə ən çox tələb olunan musiqi ixtisasları
violonçel, arfa, kontrabas, nəfəs alətləri sinfidir ki, çalışıram,
tələb olunan ixtisaslara uşaqları cəlb edim.
Fortepiano ixtisası üzrə təhsil alan gənclər çoxluq təşkil edir. Lakin onların bir-ikisi karyera baxımından üzə çıxır. Bəzi valideynlərdə belə bir düşüncə var ki, violonçel aləti musiqi mədəniyyətimizə uyğun deyil. Ancaq bu aləti öyrənmək və ixtisas kimi inkişaf etdirmək ən vacib şərtlərdən biridir. Çünki, sinfonik musiqi mədəniyyətin böyük bir hissəsidir. Gərək mədəniyyət də yüksək səviyyədə olsun. Azərbaycanı dünyada tanıtdıran musiqinin ən vacib hissəsi də akademik musiqidir. Düzdür, bizim çox qədim və gözəl xalq çalğı alətlərimiz var. Lakin o bizim milli, xüsusi musiqi alətlərimizdir. Ancaq biz xarici səhnələrdə, xarici dinləyicilərin qarşısında Avropa aləti ilə Motsartın, Betxovenin əsərlərini ifa edəndə onlar təəccüblənirlər. Onlar gözləmirlər ki, biz bunu edə bilərik. Biz artıq bütün dünyaya sübut edə bilmişik ki, xalqımız nələrə sahibdir. Yüksək mədəniyyətə, böyük istedada, zəngin incəsənətə. Dövlət başçımız və xanımı çalışırlar ki, Azərbaycan mədəniyyəti bütün sahələrdə dünyada lazımi şəkildə təbliğ olunsun. Bizim xalq təkcə neftilə, iqtisadiyyat sahəsi üzrə dünyada tanınmır. Xalqımızın mədəniyyəti ən üstün sahələrdən biri hesab olunur.
- Valideynlərin
uşaqlarının üzərində olan
məsuliyyəti müəllim tədrisinə həm ahəng
olur?
- Müxtəlif xasiyyətdə valideynlər var. Bəzi valideynlər məsuliyyətdən kənardılar. Lakin mən və müəllimlər əsas ixtisas fənndən hər hansı bir valideynin dərs zamanı iştirak etməsini tələb edirik. Şagird o zaman dərsə daha məsuliyyətli yanaşacaq. Çünki üzərində nəzarət olunduğunu görür. Əlbəttə ki, bu vacib şərtlərdən biridir. Mən öz ailəmi misal çəkə bilərəm. Mənim anam, atam musiqiçi deyildilər. Lakin anamın musiqiyə olan böyük sevgisinin nəticəsi idi ki, mən musiqiçi oldum. Mənim təhsil aldığım dövrdə anam da bir valideyn kimi lazım olduğu zaman sərt şəkildə təmbeh edirdi. Hər bir uşaqda tənbəllik ola bilər. Lakin o tənbəlliyin olmamağı üçün valideyn üzərinə böyük məsuliyyət düşür.
- İncəsənət
sahəsində simfonik orkestrlərimiz Avropa səhnələrində öz
sözlərini deyə bilirlərmi?
- İstər simfonik, istərsə də kamera orkestrlərimiz xarici səfərlərdə olurlar. Çox yüksək səviyyədə də qarşılanırıq. Məsələn bu il keçirilən Ü. Hacıbəyov adına beynəlxalq festivalda Q.Qarayev adına Dövlət Kamera Orkestri ifa edirdi. Zalda Roma Dövlət Opera teatrının direktoru əyləşmişdi. Konsert sonrası o bizə yaxınlaşıb ifamız haqqında xoş sözlər dedi. Onlar gördülər ki, biz həm festival çərçivəsində həm də solo konsertlə də çıxış edirik.
- Sonda ürək sözləriniz...
- Mənim ürək sözlərim ancaq sənətimlə millətimi dünyada təbliğ etməkdir. Mən nə
edirəmsə, xalqım üçün
edirəm. Əgər səhnədəki
çıxışımı dünya
tamaşaçıları alqışlayırsa, bu mənim dövlətimin dünyada
tanınmasının göstəricisidir. Mən səhnəyə
çıxdığım zaman sənətimi
deyil, millətimin mədəniyyətini təbliğ
edirəm.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-22 oktyabr.-S.13.