Zaur Novruzov: “Xalqımız öz dövlətçilik ənənələrini və mədəni irsini qürurla keçmişdən bu günümüzə daşımağı bacarıb”

 

“Gənclik Təşəbbüsləri” İctimai Birliyi 2007-ci ildən fəaliyyət göstərir. Təşkilatın əsas fəaliyyət istiqaməti milli-mənəvi dəyərlərimizin dünya ictimaiyyətinə çatdırılması, bununla bağlı kütləvi tədbirlərin keçirilməsidir. Eyni zamanda ictimai birlik tərəfindən kimsəsizlərə dəstək göstərilir, gənclərimizin məşğulluğunda yaranan problemlərin həllində onlara yardımçı olunur, gənclərə cəmiyyətin həyatında aktiv iştirak etmək, yeni biliklər qazanmaq, daha çox imkanları əldə etmək üçün dəstək göstərilir. “Gənclik Təşəbbüsləri” İctimai Birliyinin sədri Zaur Novruzov qəzetimizə müsahibəsində dedi ki, bu sahədə həm respublikamız daxilində, həm də respublikamızın hüdudlarından kənarda bir çox layihələr həyata keçiriblər.

-Zaur müəllim, hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?

- Ölkə rəhbərliyinin təşəbbüsü ilə gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində aparılan davamlı nəticəsində, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı günü-gündən genişlənir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilir, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilir. Gənclərin ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı üçün yaradılan şərait onları ruhlandırır, bilik və bacarıqlarını bu sahədə yeni nailiyyətlər qazanmağa yönəldir. Həmçinin respublikamızda gənclər təşkilatlarının dövlətin gənclər siyasətində iştirakını təmin edən hüquqların genişləndirilməsi, onların yetkinləşməsinə təsir edən layihə və proqramlara mütəmadi dəstək verir və dövlət qayğısını hiss etdirir. Beynəlxalq əməkdaşlıq sahəsində də gənclərimiz təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirirlər.

Ölkə rəhbərliyi gənclərlə mütəmadi olaraq görüşlər keçirir, gənclərin problemləri və gələcək illər üçün baxışlarını öyrənir, bu təkliflərin dövlət proqramına daxil edilməsi və proqramın icrasında gənclər və gənclər təşkilatlarının iştirakını təmin edir. Elə bu səbəbdən də digər ölkələrdə reallaşan gənclər siyasəti ilə müqayisə etdikdə, bir çox ölkələr tərəfindən Azərbayacan Gənclər Siyasətinin inkişaf modelinin regionun ən uğurlu modellərindən biri hesab edilməsi başa düşüləndir .

Dövətin bu istiqamətdə apardığı gənclər siyasəti yüksək dəyərlərə malik olmaqla yanaşı, həm də Azərbaycanımızın gələcəyinə atılan uğurlu addımlardır.

-Gənclərimiz Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsə nə dərəcədə bağlıdırlar?

-Gənclərimizin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda davamlı inkişafı, cəmiyyətin ictimai-siyasi həyatında intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrdə öz aktuallığı ilə diqqət çəkən və dövlətimizin xüsusi qayğısını tələb edən prioritet məsələlərdəndir.

Azərbaycan gəncliyi inkişaf edir. Hər sahədə gənclərimiz nailiyyətlər əldə edir. Azərbaycan gənclərinin səs-sorağı xarici ölkələrdən gəlir. Təhsil, idmansair sahələrdə gənclərimiz özünü doğruldur. Eyni zamanda, müasir Azərbaycan Respublikasının mövcudluğu onu göstərir ki, bu xalq öz dövlətçilik ənənələrini və mədəni irsini qürurla keçmişdən bu günümüzə daşımağı bacarıb. Əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyyatları bu torpaqları daima diqqətdə saxlayan böyük güclərin təsirinə məruz qoyub. Müxtəlif ideoloji basqılar, assimliyativ siyasi xətlər nəticəsiz qalmış və xalqımız yenidən öz dövlətçilik ənənələrini bərpa edib. Muasir gənclik şubhəsiz bütün bunları başa düsürbu istiqamətdə fəaliyyət göstərir.

Təşkilatımız 2011-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində Yakın Doğu Universitetində təşkil etdiyi azərbaycanlı millət vəkilləri, müğənnilər və orada təhsil alan azərbaycanlı tələbə gənclərlə birlikdə Azərbaycan Respublikasının yaranmasının 93-cü ildönümünü təntənəli bayram şənliyi ilə qeyd edib. Həmçinin 2012-ci ildə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinin Kızılcahamam Bələdiyyəsinin ərazisində Xocalı soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması məqsədi ilə 1423 km xatirə parkı sahəsinin “Gənclik Təşəbbüsləri” İctimai Birliyi tərəfindən alınması gənclərin Azərbaycan tarixinə, dövlətçilik ənənələrinə və mədəni irsinə bağlılığının bariz nümunəsidir.

Düşünürəm ki, mövcud vəziyyəti qənaətbəxş hesab etmək olar. Ölkə rəhbərliyinin QHT-lərə olan dəstəyi bizə həmin istiqamətdə olan fəaliyyətimizi daha da gücləndirməyə stimul verir.

-QHT olaraq gənclərlə bağlı hansı təşəbbüslər irəli sürürsünüz?

-Təşkilatımız ölkə gəncliyinin real problemləri ilə həmişə maraqlanır və bu məsələlər ətrafında müxtəlif fikir mübadiləsi və diskussiyalar təşkil edir. Ən əhəmiyyətli məsələlər layihələr formasında təklif olunur. Biz bu işlərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maddi və mənəvi dəstəyini həmişə hiss edirik. Digər müvafiq dövlət orqanları da bu diskussiyaların və müzakirələrin keçirilməsində bizə öz mümkün köməkliklərini əsirgəmir. Qeyd etmək yerinə düşərdi ki, bu yaxınlarda Azərbaycanın ikinci böyük şəhəri, qədim mədəniyyətin beşiyi, dahi Nizaminin ana yurdu olan Gəncə şəhərində gənclərin məşğulluq və əmək münasibətləri sahəsində biliklərinin artırılması mövzusunda seminar-məşğələmiz olacaq. Seminarda Dövlət Əmək Müfəttişliyi və Dövlət Məşğulluq Xidmətlərinin vəzifəli şəxslərinin də iştirakı təmin olunacaq. Fürsətdən istifadə edərək təşkilati işlərdə bizə göstərilən dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşkilatımız adından minnətdarlığımızı bildirirəm. Bu seminar-məşğələdə, gənclərin əmək münasibətləri sahəsində yaranan suallarının online cavablandırılması, eyni zamanda “Gənclərin həyati planları”na dair Anket sorğularının keçirilməsi və gəncləri maraqlandıran digər məsələlərlə bağlı “Gənclər.az” saytının da təqdimatı olacaq.

-Gənclərin məşğulluq və əmək münasibətləri sahəsində hansı biliklərinin artırılmasına ehtiyac var?

-Apardığımız müzakirələr və diskussiyalar onu deməyə əsas verir ki, gənclərin ilk öncə əmək münasibətlərinə dair hüquqi biliklərinin artırılmasına ehtiyac var. Əmək fəaliyyəti və əmək münasibətləri hər bir insan həyatının ayrılmaz tərkib hissəsidir. Hər bir işin başlanğıcı və sonu olduğu kimi, hər bir işəgötürənlə də əmək münasibətlərinin bir başlanğıcı və bir sonu var. Ona görə də əmək münasibətlərinə daxil olduqları andan həmin əmək münasibətlərinə xitam verilən anadək hər bir şəxs hansı hallarda, nə kimi təminatlara hüquqlu olduqlarını bilməli və dövlətimizin yaratdığı institutsional strukturların hansı xidmətlərindən necə yararlana biləcəkləri haqda məlumatlı olmalıdır. Bundan əlavə gənclərimizin əməyin mühafizəsinin əsas prinsipləri, əməyin mühafizəsi üzrə qəbul edilmiş normativ-hüquqi aktları, əməyin mühafizəsi sahəsində digər biliklərinin artırılmasına çox böyük ehtiyac var. Bu baxımdan nəinki gənclərin, həm də hər bir insanın bu sahədə müvafiq biliklərə malik olması zəruridir. Gənclərimizin isə bu biliklərə xüsusi ehtiyacı var. İnsanların əmək münasibətləri sahəsində hüquqi biliklərə malik olması, hüquq və vəzifələrini bilməsi, eyni zamanda məlumatsızlıq zəminində yaranan bir çox münaqişələrin, əmək mübahisələrinin və lüzumsuz məhkəmə çəkişmələrinin və vaxt itkilərinin qarşısını ala bilər.

-Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?

-Qloballaşan dünyamıza passivliklaqeydlik düşüncələri yaddır və belə arzuolunmaz keyfiyyət və xüsusiyyətlərdən uzaq olmaq mütləqdir. Əks təqdirdə nailmalik olduqlarını da itirə bilərsən. Hələ XII əsrdə dahi Nizami bildirirdi ki, “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”. Bu baxımdan gənclərin maariflənməsi və içtimai fəallığının artırılması üçün ailə, məktəb, mühiti və içtimaiyyət də daxil olmaqla hər biri məsuliyyət daşıyır. Biz, ictimai təşkilat olaraq bu məsələlərdə məsuliyyətimizi dərk edirgücümüz çatan məsələlərin həllində iştirak edirik.

Fikrimizcə, maarifləndirmə prosesinin effektivliyinin təmin olunması məsələsində prioritet məsələ prosesin fasiləsiz olaraq aparılmasıdır. Gənclik cəmiyyətin elə bir hissəsidir ki, onlar daima hərəkətdə və axtarışdadır. Gənclər ictimai proseslərdə daima fəal iştirak edir. Burada diqqət edilməsi vacib olan məqam ondan ibarətdir ki, bu fəallıq dövlət maraqlarına uyğun şəkildə istiqamətləndirilməlidir. Dövlət proqramlarının dəstəyi ilə uğur qazanan gənclər bu prosesə daha çox faydalı ola bilər.

Gənclərin məşğulluq probleminin xarakterinə diqqət yetirərkən təcrübi biliklərin, daha doğrusu ilk təcrübəsinin qazanılması məsələsi diqqətdən yayınmır. İşə götürənin muvafiq sahədə təcrubəsini şərt kimi irəli sürməsi bazar iqtisadiyyatının tələbi kimi görünsə də gənclər üçün bu məqam bəzən maneəyə çevrilir. Bunun üçün zənnimizcə, ali təhsil müəssisələrinin istehsalat təcrübələrini keyfiyyətcə yeni müstəviyə keçirtmələrinə ehtiyac var. Digər bir məqam isə könüllülük prinsipi ilə görülən işlərin təbliğ olunması və artırılmasıdır. Bu yaxınlarda Sumqayıtda “ASAN” xidmətin açılışı zamanı da cənab Prezident məhz bu məqamı xüsusi ilə vurğulayaraq bildirdi ki, könüllülük prinsipi təcrübəsindən bütün dünyada istifadə olunur. Bu həm gənclərə təcrübə qazanmaq, həm də məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçirtməyə imkan yaradır. Əmək fəaliyyətinin ilk illəri gənclərin karyerasında xüsusi ilə əhəmiyyətlidir. Buna görə də məlumatlı gənc kadrlar daima bir addım öndə olur. Araşdırmalarımız göstərir ki, bir çox hallarda gənc kadrlar öz vəzifələrinə uyğun hüquq və öhdəliklərini dərindən mənimsəmədiklərinə görə çətinliklərlə üzləşir. Bu problemlərin bir qismini təcrübə ilə aradan qaldırmaq mümkün olsa da müəyyən hissəsini isə yalnız maarifləndirmıə ilə həll oluna bilər.

-Sizin rəhbəri olduğunuz təşkilat buya digər istiqamətlərdə hansı işlər görür?

-“Gənclik Təşəbbüsləri” İctimai Birliyi gənclər sektorunda öz işini gənclərin əmək münasibətləri, işaxtarmayaratma yolları haqqında professional təlim proqramları təklif etməklə görür.

 

Fuad Hüseynzadə

Palitra.-2013.-22 oktyabr.-S.11.