Dövlət elm sahəsinin
inkişafına strateji yanaşma
nümayiş etdirir
Gənc mütəxəssislərin
kulturoloji dünyagörüşünün zənginləşdirilməsi
qarşıda duran məsələlərdəndir
Ötən
saylarımızda qeyd etdiyimiz kimi, son dövrlərdə elmin
inkişafı prosesi sürətlə gedir. Azərbaycan
dövləti elm sahəsinin inkişafına strateji yanaşma
nümayiş etdirir. Bu baxımdan xüsusilə, sosial,
kulturoloji elmlərin inkişafına və tətbiqinə
strateji yanaşma ciddi töhfələr verə bilər.
Çünki müxtəlif sosial qatları çeşidli tərəflərdən
tədqiq edən sosial elmlər cəmiyyətdə insan
kapitalının inkişafı meyillərini, bacarıqlı
kadrların yetişdirilməsi məsələlərini dərindən
araşdırmaq və üzə çıxarmaq imkanına
malikdir.
Qeyd etmək lazımdır ki, bu cür elm sahələrindən biri də hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində strateji baxımdan yanaşılan kulturologiyadır. Belə ki, kulturologiya insan inkişafına yönəldilmiş əsas elmlər sırasında yer alır. Bu baxımdan Azərbaycanda da kulturologiyanın vacib bir elm statusu alması mütəxəssislər tərəfindən gündəmə gətirilməkdədir. Həmçinin bu məsələ ilə bağlı konkret təkliflər var. Məsələn, bu barədə “Palitra”ya fikirlərini bildirən kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov qeyd edib ki, kulturologiyanın inkişaf etdirilməsi və cəmiyyətimizdə bu sahədə lazımi biliklərin yayılması ilə bağlı olaraq konkret təkliflərimiz var: “Azərbaycanda Dünya Mədəniyyəti Beynəlxalq Universitetinin yaranması ilə bağlı konkret təkliflər paketimiz çoxdandır ki, durur. Həmçinin Kulturologiya İnstitutu, Kulturologiya Akademiyasının yaradılması təşəbbüsü ilə çıxış edirik və bununla bağlı da hökumətə konkret təkliflər vermişik. Bundan başqa ali məktəbdə kulturologiya kafedralarının yaradılması günün aktual məsələlərindəndir və biz bunun təmin edilməsi təklifi ilə də çıxış edirik. Bütün bu məsələlərin Azərbaycanın intellektual-mədəni inkişafı və idarəetmə peşəkarlığının yüksəldilməsində çox ciddi önəmi var. Təkliflər sırasında orta məktəblərdə kulturologiya kabinetləri və mədəniyyətşünaslıq fənninin təşkil olunması da xüsusi önəm kəsb edir. Bu, hələ erkən yaşlardan yeniyetmə və gənc insanlarımızda kulturologiya və mədəniyyətşünaslıqla bağlı zəngin biliklər formalaşdırılmasına imkan yaradacaq. Bundan əlavə, bayaq qeyd etdiyim kimi, bölgələrdə kulturoloji mərkəzlərimiz açılmalıdır”. Kulturoloqun fikrincə, bu təkliflər reallaşarsa, elmin inkişafı, ayrı-ayrı sahələr üzrə savadlı və kulturoloji biliyə, düşüncəyə malik mütəxəsislərin formalaşması prosesi daha məqsədyönlü olacaq və sürətlənəcək. Qeyd edilməlidir ki, kulturologiya ilə bağlı cəmiyyətin öndə getməli olan təbəqələrində, ali təhsilli insanlarda da məlumatsızlıq hökm sürür. Bu baxımdan təklif edilir ki, məmurlara, tələbələrə və geniş tərkibli əhaliyə bu elmlə bağlı sistemli tədris keçirilməlidir. Beləliklə, bütün kulturoloji resursların cəmiyyətin və insan kapitalının inkişafına sərf edilməsi fikri irəli sürülür.
Amma burada qeyd edilməli digər bir məqam da var. Belə ki, ümumi
kulturoloji maarifçiliklə
yanaşı, sırf
strateji, vacib sahələr üzrə mütəxəssislərin formalaşması
prosesini tədqiq etməyə yönəlmiş
tətbiqi kulturologiya aktuallıq kəsb edir. Bu baxımdan isə tətbiqi kulturologiya sosioloji tədqiqatlarla sıx bağlıdır. Çünki tətbiqi kulturologiya mədəniyyətə əsasən
empirik tərəfdən
yanaşır və tədqiq edir. Cəmiyyətin mədəni həyatı
da çoxçalarlıdır.
Həmçinin insanların da
sosial kateqoriyaları müxtəlifdir. Hər bir
sosial kateqoriyaya malik olan insanların
özünəxas mədəni
tələbatları var. Bu tələbatları dəqiqləşdirmədən,
onların dərəcələrini
müəyyənləşdirmədən
mədəni-əməli işin
həyata keçirilməsi
və onun lazımi səviyyəyə
çatdırılması mümkün deyil. Bu baxımdan sosioloji
tədqiqatlar aparmadan müxtəlif sosial təbəqənin mənəvi
ehtiyaclarını, onların
bədii yaradıcılığa
və digər özfəaliyyət sahələrinə
olan meyillərini aşkar etmək çətindir. Həmçinin, əhalinin asudə vaxtlarındakı mənəvi
tələbatını da
dəqiqləşdirməyə böyük ehtiyac var. Bu barədə tədqiqatçı
İlqar Hüseynov belə qeyd edir ki, Azərbaycan
müstəqillik əldə
etdikdən sonra bütün mədəniyyət
müəssisələrinin fəaliyyəti bazar iqtisadiyyatı şəraitinə
uyğun şəkildə
təşkil olunmaqla istiqamətləndirilib. Bazar
iqtisadiyyatı şəraiti
özünüidarəetmə prinsipinə əsaslandığı
üçün mədəniyyət
müəssisələri əhalinin
sosial-psixoloji durumunu, ayrı-ayrı fərdlərin
və qrupların estetik duyumunu müəyyənləşdirməli, mənəvi tələbatın
səviyyəsinə uyğun
olan iş qurmalıdır.
Tətbiqi kulturologiya sosioloji tədqiqatları mədəniyyət
müəssisələrinin işinin müasir şəraitə uyğun
olaraq düzgün qürülmasının əsas
informasiya mənbəyi
kimi qiymətləndirir,
onun əldə etdiyi empirik materialların mədəni
quruculuq proseslərinə
tətbiq olunmasını
zəruri hesab edir. Sosioloji tədqiqatlar isə
öz növbəsində,
sosial-mədəni mühitin
real mənzərəsini əks
etdirən vasitədir.
Sosioloji tədqiqatlar qarşıya
qoyulan konkret məsələlər və
suallar ətrafında
təşkil olunur və onun nəticələri
nəzəri təhlilin
əsas mövzusuna çevrilir. Ekspertlərin fikrincə, müəyyənləşdirilən
suallar öz aktuallığı ilə
fərqlənir və
xarakter etibarı ilə mövcud həyatla, müxtəlif problemlərin ictimai, siyasi, mədəni mühiti ilə əlaqələndirilir. İ.Hüseynovun fikrincə, tədqiqatın
nəticələrinin mahiyyəti
də qarşıya qoyulan sualların aktuallığından, ictimai
dəyərindən çox
asılıdır. Çünki bu sualların arxasında çox fəal ictimai varlıq olan insan və şəxsiyyət
durur. Şəxsiyyət “özünün praktiki fəaliyyətini bir tərəfdən ətraf dünyanın obyektiv qanunauyğunluqlarını
dərk etmək əsasında qurur. Bu qanunların tələblərinin
adekvat surətdə əks olunması insanın təkcə fəaliyyətinin deyil, həm də sosial davranışının
məzmununu şərtləndirir”.
Bildirilir
ki, sosioloji tədqiqatlar apararkən həm şəxsiyyətin
fəaliyyətinin və
sosial davranışının
xarakteri və tələbatı dəqiqləşdirilir,
həm də bu tələbatın ödənilməsinin təcrübi
mexanizmi işlənib
hazırlanır.
Qeyd edək ki, rus
kulturoloqları sosioloji
tədqiqatın təşkilinin
dörd əsas mərhələdən ibarət
olduğunu qeyd edirlər: tədqiqatın
hazırlıq mərhələsi;
ilin sosioloji məlumatlarının toplanılması
mərhələsi; yığılmış
məlumatların sistemləşdirilməsi
və onların elektron-hesablama maşınları
vasitəsilə sistemləşdirilməsi;
sistemləşdirilmiş məlumatların
təhlili, tədqiqatın
yekularına əsaslanan
hesabatın hazırlanması,
nəticə və rəylərin formalaşdırılması.
O da qeyd edilməlidir ki, tətbiqi kulturologiya sosioloji tədqiqatlardan əsasən sosial layihələndirmə məqsədi üçün istifadə edir. Bu baxımdan tədqiqatçılar qeyd edirlər ki, bir çox mədəni-kütləvi tədbirlərin təşkili prosesində sosioloji tədqiqatların nəticələri əsasında sosial layihələndirmələr aparılır. Müasir mərhələdə isə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinin maliyyə imkanları sosial layihələndirmələr əsasında ərsəyə gəlir. Belə ki, bu tipli layihələrin reallaşdırılması əsasən qrantlar vasitəsi ilə həyata keçirilir. Məsələn, bir sıra beynəlxalq təşkilatlar ayrı-ayrı mədəni kütləvi tədbirlərə, elmi cəhətdən əsaslandırılmış layihələrə qrant ayırır.
Sosial proqnozlaşdırma da sosioloji tədqiqatlar əsasında yerinə yetirildikdə, gələcək mədəni quruculuq proseslərinin inkişaf dinamikası dəqiqləşdirilir, əhalinin mənəvi tələbatı əvvəlcədən müəyyənləşdirilir. Burada qeyd etmək lazımdır ki, sosial layihələndirmə və sosial proqnozlaşdırma ictimai quruluş dəyişikliyi baş verdikdə daha çox aktuallıq kəsb edir. Onu da qeyd etmək lazımdır ki, sosial layihələndirmənin əsas mahiyyəti qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşkar edilmiş vəzifə və problemləri həll etməyə imkan verən vasitələrin məzmununu quraşdırmaqdan ibarətdir. Ekspertlərin fikrincə, bu vasitələr iki formada mövcud olur: layihələndirilən obyektin sosial parametrlərinin sistemi və onların kəmiyyət göstəriciləri kimi, layihələndirilən göstəricilərin həyata keçirilməsini təmin edən konkret təbdirlərin məcmusu və gələcək obyektin keyfiyyət xarakterləri kimi. Qeyd olunan layihələndirmənin əsas mahiyyəti və məzmunu mədəniyyətin bütün sahələrinin idarəetmə prosesinə tətbiq olunur.
Beləliklə, qeyd edilənlər
bir daha kulturologiya və onun tətbiqi
sahəsinin cəmiyyətin, insan
kapitalının inkişafında, ümumi
kulturoloji səviyyənin yüksəlməsində
önəmli rolunu üzə
çıxarmış olur. Bu
baxımdan, müvafiq elm
adamlarının və qurumların mövzu
ilə bağlı intensiv müzakirələr
təşkil etməsi məqsədəuyğun olardı. Son dövrlərdə ayrı-ayrı elm sahələrinin inkişafı üçün ciddi
maliyyə, təşklilati dəstək mexanizmləri tətbiq
edilir. Bu
baxımdan sosial elmlərin, həmçinin
kulturologiyanın tətbiqi istiqamətlərinin də inkişaf etdirilməsinə aid
layihə və tədbirlər reallaşdırmaq elmin ümumi
inkişafını təmin etməkdə ciddi
töhfələr verə bilər.
İlkin AĞAYEV
Palitra.-2013.-23 oktyabr.-S.11.