“Dövlət gənclərin potensialını üzə çıxarmaq üçün tam sərbəst mühit formalaşdırıb”

 

Ruslan Sadıqov: “Bizim təşkilatın əsas məqsədi iki ölkənin gəncləri arasında akademik, sosial və mədəni sahələrdə əməkdaşlığı gücləndirməkdir”

Gənclərimiz digər dövlətlərdəki həmyaşıdları ilə dostluq münasibətlərinin qurulması baxımından da aktivlik göstərirlər. 2005-ci ildən dövlət qeydiyyatına alınan Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti də bu istiqamətdə fəaliyyət göstərir. Cəmiyyətin sədri Ruslan Sadıqov deyir ki, fəaliyyətə başlayandan İsrailin Azərbaycandakı səfirliyi ilə sıx münasibətlər quraraq iki dövlət arasındakı əlaqələrin inkişafına öz müsbət tövhələrini veriblər.

-Azərbaycan dövləti tərəfindən gənclərə hansı dəstək göstərilir?

- Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar gənclərlə sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olub. Həmin proqramın icra edilməsi nəticəsində dövlət gənclər siyasətinin müxtəlif sahələrində xeyli müsbət dəyişikliklər baş verib və müəyyən uğurlar əldə olunub.

2006-cı ildə dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edildi, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyuldu. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti nəticəsində 2007-ci il “Gənclər ilielan edildi. 2007-ci ildə Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzaladı. Bu proqram çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi planlaşdırılıb. 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında ikinci sərəncamı imzaladı. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqramda 80 milyon manat vəsait ayrılması nəzərdə tutuldu. Bu, əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Məncə, bütün bu sadaladığım statistik göstəricilər dövlətin apardığı gənclər siyasəti haqqında ümumi mənzərə yaradır. Demək olar ki, bu sahə ilə bağlı mükəmməl hüquqi baza yaradılıb və müvafiq dövlət qurumlarına, məmurlara həmin hüquqi öhdəliklərdən irəli gələn vəzifələri vaxtında və vicdanla yerinə yetirmək tapşırılıb.

- Gənclərə öz bacarıqlarını üzə çıxarmağa hansı imkanlar verilib?

- Bilirsiniz ki, bütün dövrlərdə gənclərlə bağlı iki əsas məsələ hər zaman aktual olub. Birincisi, gənclərin məşğulluq məsələsidir. Bu problem cənab Prezident İlham Əliyev tərəfindən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması ilə həll edilib. İkincisi isə ev problemidir ki, bununla da bağlı Mərkəzi Bankın nəzdində İpoteka Fondu yaradılıb.

Cəmiyyətimiz azaddır, hər kəsin fəaliyyət azadlığı təmin olunub. Ancaq bu o demək deyil ki, hər kəs istədiyini etməlidir. Bu o deməkdir ki, istənilən şəxs və ya gənc arzuladığını əldə etmək üçün təşəbbüs göstərməli və həmin arzuya çatmaq üçün çalışmalı və ancaq çalışmalıdır. Hesab edirəm ki, dövlət gənclərin potensialını üzə çıxarmaq üçün tam sərbəst mühit formalaşdırıb. Təbii ki, burada tənbəllərə yer olmayacaq.

-Sizcə, gənclərin bütün problemlərini dövlət həll etməlidir, yoxsa onların da üzərinə hansısa məsuliyyət düşür?

- Veridyim bu cavab bəlkə də bəzi gəncləri qane etməyə bilər. Çünki təəssüf ki, bəziləri elə düşünür ki, onun bütün problemlərini dövlət həll etməlidir. Azərbaycan bəlkə də dünyanın nadir ölkələrindəndir ki, nəinki gənclərlə bağlı problemləri həll edir, böyük proyektlər həyata keçirir, eyni zamanda təbii fəlakətlərdə maddi ziyan çəkmiş vətəndaşlara dəymiş ziyanı ödəyir (sığorta olmamalarına rəğmən), jurnalistlərə mövqeyindən asılı olmayaraq mənzil verir. Bu siyahını daha da uzatmaq olar. Bunları deməkdə məqsədim odur ki, biz, dövləti yükləmək düşüncəsindən uzaqlaşmalıyıq. Əksinə, öz fəaliyyətimizlə dövlətin, ölkə Prezidentinin apardığı siyasətə dəstəyimizi verməliyik.

Bilirsiniz, burda məsələ individual olaraq qiymətləndirilməlidir. Bəzən elə gənclərlə rastlaşırıq ki, mütaliə etmir, öyrənmir, çalışmır, ancaq danışanda dövlətdən gileylənir ki, ona heç etməyib. Mən hər zaman tənbəlləşən, zərərli vərdişlərə meyil etməklə öz həyatını məhv edən insanların dövlət qayğısının olmamasından dəm vurmalarını qəti olaraq pisləyirəm. Qeyd edim ki, biliyi, təhsili, bacarığı olan hər zaman dövlət qayğısını hiss edir. Dövlət qayğısının olmamasından narazılıq edənlər həmin cahil şəxslərdir.

-Azərbaycanla İsrail gənclərinin dostluq əlaqələri hansı səviyyədədir?

- Azərbaycan-İsrail münasibətləri tədricən inkişaf etməkdədir. İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Bir çox sahələrdə ikitərəfli müqavilələr imzalanıb. İsrail Azərbaycanın xarici iqtisadi əlaqələrində önəmli yer tutur. Beynəlxalq aləmdə nüfuzlu yəhudi diasporu, yəhudi lobbisi hər zaman Azərbaycanla yaxşı münasibətlərdədir. Təbii ki, bunlar səbəbsiz deyil. Çünki, vətənimiz ən gözəl tolerant diyar nümunəsidir. Üç səmavi dinin daşıyıcıları ölkəmizdə çox rahatlıqla heç bir ayrı-seçkilik olmadan yaşayırlar.

- İki ölkə gənclərinin dostluq əlaqələrinin inkişafı üçün hansı işlər görürsüz?

- Biz aktual olan müxtəlif mövzularda müəyyən tədbirlər həyata keçirmişik. Bizim təşkilatın əsas məqsədi iki ölkənin gəncləri arasında akademik, sosial mədəni sahələrdə əməkdaşlığı gücləndirməkdir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün biz yalnız İsraildə yaşayan yəhudi gənclərlə deyil, eyni zamanda Avropada, Amerikada fəaliyyət göstərən yəhudi təşkilatları ilə sıx əlaqələr qurmaq marağındayıq bu istiqamətdə çalışırıq.

- Gənclərin daha da bilikli olması ictimai fəallığının artırılması üçün nələr edilməlidir?

- Gənclərin maariflənməsi hələ uşaqlıqdan öz ailəsində başlayır. Sonra məktəbdə davam edir. Nəhayət ali məktəbdə və ya hərbi xidmətdə onun bir vətəndaş olaraq formalaşması başa çatır. Düşünürəm ki, ilk tədbir elə ailələrin maariflənməsindən başlanmalıdır. Digər tərəfdən gənclərlə bağlı qeyri-hökumət təşkilatları dövlətin apardığı siyasətə öz mütəmadi dəstəklərini verməlidirlər. Bunun üçün artıq kifayət qədər imkanlar yaradılıb ki, bunların da ən vacibi qeyd etdiyim Gənclər Fondudur. Bu fondun dəstəyi ilə dövlətimiz faydalı, səmərəli layihələrə yardım edərək həm ictimai fəallığı artırır, həm də dolayısı ilə gənclərin dövlətin gənclər siyasətində aktiv iştirakını təmin edir. Biz bunu yüksək qiymətləndiririk.

 

Fuad Hüseynzadə

Palitra.-2013.-23 oktyabr.-S.7.