2014-cü ilin büdcəsi: Güclü
sosial-iqtisadi inkişafın real mənzərəsi
Məlum
olduğu kimi, Maliyyə Nazirliyi (MN) 2014-cü il və
sonrakı üç il üçün Azərbaycanın
dövlət büdcəsinin və icmal büdcəsinin layihələrini
Nazirlər Kabinetinə təqdim edib. Hökumətin rəy və
təklifləri nəzərə alınmaqla, ölkənin ali maliyyə sənədi Milli Məclisə
göndərilib və parlament sabahkı iclasında
qarşıdakı ilin büdcə zərfini müzakirəyə
çıxaracaq.
Əlbəttə ki, MN yeni büdcə layihəsi və
inkişaf konsepsiyasının əsas detallarını da
açıqlayıb və sənəddə
qarşıdakı illərdə ölkəmizin yüksək
inkişafı ilə bağlı ssenarilər öz əksini
tapıb.
Ümumiyyətlə, büdcə paketi Azərbaycanın
dayanıqlı inkişafı fonunda güclü maliyyə-fiskal
siyasətin dinamikliyindən xəbər verir, sosioiqtisadi tərəqqinin
bütün seqmentləri üzrə proqnozlaşdırılan
hədəflərə çatmağa möhkəm zəmin
yaradır.
2014-cü ilin büdcə layihəsinin əsas konseptual
məzmunu respublikamızın sosial-iqtisadi inkişaf göstəriciləri
və ümumi daxili məhsulun artım dinamikasının
davamlılığını, ölkəmizin maliyyə
sabitliyi və artım tempi ilə irəlilədiyini şərtləndirir.
Hazırda ölkəmizin makroiqtisadi inkişaf
indikatorları və qarşıdakı dövrlə
bağlı proqnozlar Azərbaycanda davam edən iqtisadi
inkişaf dinamikasının 2014-cü ildə daha da sürətlənəcəyini,
maliyyə ehtiyatlarının artımı fonunda respublikamızın
sosial-iqtisadi hədəfləri tammiqyaslı şəkildə
yerinə yetirəcəyini deməyə əsas verir.
Hazırki makroiqtisadi və makrososial inkişaf
proqnozlarına əsasən, 2014-cü ildə ölkədə
güclü maliyyə sabitliyi potensialı möhkəmlənəcək,
inflyasiyanın birrəqəmli həddə saxlanması və
iqtisadiyyatın çoxşaxəliliyinin təmin edilməsi əsas
məqsədlərdən olacaq. Bütün bu makroamillər gələn
il üçün yaxşı perspektivlərdən
xəbər verir, nikbin inkişaf ssenariləri fonunda
qarşıdakı ilin büdcə vəsaitlərinin
artımının olmasını şərtləndirir.
2014-cü ilin ekonomik ssenariləri ilə yanaşı,
mövcud maliyyə resursları və dövlət büdcəsi
bütün sosial və iqtisadi hədəflərə
çatmağa imkan verir. Eyni zamanda, ölkəmizin
qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf
proqnozları ilə bağlı makroiqtisadi göstəricilər
də perspektiv uğurlardan xəbər verir. Yeni ilin dövlət büdcəsi
respublikamızın inkişaf strategiyasını əks etdirməklə,
mühüm iqtisadi və sosial prioritetlərin
reallaşmasına əhəmiyyətli dərəcədə
baza yaradır. Büdcə layihəsi
ölkəmizin sosial, iqtisadi, investisiya bölmələrində
əhatəli və davamlı layihələrin həyata
keçirilməsini nəzərdə tutan güclü maliyyə
resurslarına söykənir. Gələn
ilin dövlət büdcəsinin gəlirləri nominal ifadədə
18,384 milyard manat, xərcləri 20,063 milyard manat proqnozlaşdırılır.
Yeni ilin
büdcəsinin gəlirləri proqnozlaşdırılan
ümumi daxili məhsul (ÜDM) istehsalının 31,4 faizi, xərcləri isə 34,3 faizi qədərində
olacağı güman edilir. 2014-cü ilin büdcəsinin gəlirlər
hissəsi 2013-cü ilə nisbətən az
nəzərdə tutulub. Proqnoza əsasən, 2014-cü ildə
büdcə gəlirlərinin həcmi cari ilə nisbətən
775 milyon manat və ya 4 faiz az olacaq. Amma bu o demək deyil ki, yeni ilin dövlət büdcəsinin
vəsaitlərinin həcmi azalmış olacaq və büdcədən
ayrılan xərclər azalacaq. Əsla belə deyil və
bunu hansısa formada mənfi tendensiya kimi şərh etməyə
çalışanların nəzərinə
çatdırmaq gərəkdir ki, ümümi büdcə vəsaitlərindəki
artım tempi müşayiət olunur və gələn il büdcədən bütün iqtisadi, sosial,
infrastruktur, investisiya sektorlarında nəzərdə tutulan
layihələrə əlavə pulların ayrılması
realdır. Yəni, büdcənin xərclərinin
artım dinamikası əlavə maliyyələşdirməyə
tam baza yaradır.
Nəzər salsaq görərik ki, 2014-cü ilin büdcə
layihəsində xərclərin həcmi 2013-cü ilə nisbətən
daha çox proqnozlaşdırılır (20,063 milyard manat). Gələn il xərclər
bu ilə nisbətən 213 milyon manat, yaxud 1,1
faiz artacaq. Bəziləri fikirləşə bilər ki, 1
faizlik artım az rəqəmdir. Amma bu,
heç də belə təsəvvür yaratmamamlıdır
və 1 faiz heç də az vəsaiti
ehtiva etmir, təxminən 215 milyon manat deməkdir. Sadə bir
hesablama və yaxud müqayisə aparsaq görərik ki, Azərbaycanın
dövlət büdcəsinin 1 faizlik xərc artımı
Gürcüstanının ümümu büdcə vəsaitlərinin
8, Ermənistanın büdcə vəsaitlərinin 12, Moldova və
digər MDB (Rusiya, Qazaxıstan və Ukrayna istisna olmaqla)
ölkələrinin cəmi büdcə vəsaitlərinin
4-5 faizlik hissəsi deməkdir.
2014-cü
il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard
manatını və ya ümumi büdcə
daxilolmalarının 50,8%-ni Dövlət Neft Fondundan (DNF)
transfertlər, 7,1 milyard manatını və ya 38,6%-ni Vergilər
Nazirliyi, 1,5 milyard manatını və ya 8,2%-ni Gömrük
Komitəsinin xətti ilə, 0,4 milyard manatını və ya
2,2%-ni büdcə təşkilatlarının ödənişli
xidmətlərindən daxilolmalar, 0,2%-ni isə digər
daxilolmalar təşkil edir. DNF-dan dövlət büdcəsinə
9,337 milyard manat transfert nəzərdə tutulur ki, bu da cari illə
müqayisədə 2,013 milyard manat və ya 17,7
faiz azdır. Dövlət büdcəsinə Dövlət
Neft Fondundan edilən transfert nəzərə alınmadan digər
mənbələr üzrə dövlət büdcəsinin gəlirləri
2013-cü ilə nisbətən 15,9 faiz və
yaxud 1,238 milyard manat artımla proqnozlaşdırılir.
2014-cü ilin büdcə zərfinin başlıca
istiqamətləri ölkə iqtisadiyyatının inkişaf
tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki
illərdə olduğu kimi davam etdirilməsini, əhalinin
maddi rifahının təmin olunmasını və sosial şəraitinin
yaxşılaşmasını, investisiya
qoyuluşlarının həyata keçirilməsini,
iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri
özündə əks etdirəcək. Ümumiyyətlə,
büdcə layihələri hazırlanarkən strateji
inkişaf xəttinə və ölkədə yaranmış
makroiqtisadi mühitə uyğun olaraq dövlət büdcəsi
gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft
sektorundan və digər real mənbələrdən büdcəyə
əlavə daxilolmaların müəyyən edilməsinə,
əhalinin sosial rifahının
yaxşılaşdırılmasına, aztəminatlı
insanların sosial müdafiəsinin gücləndirilməsinə,
onların gəlirlərinin və məşğulluq səviyyəsinin
yüksəldilməsinə, qeyri-neft sektorunun,
sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin
müdafiə potensialının artırılmasına,
iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin
təmin olunmasına xüsusi diqqət yetirilir. Bu komponentlər 2014-cü ilin büdcə zərfinin
başlıca makroiqtisadi və sosial indikatorlarını təşkil
edir.
Yeni ildə büdcədə qeyri-neft sektorunun üzərinə
böyük yük düşəcək. Beləki, növbəti il
üçün dövlət büdcəsi gəlirlərinin
6,245 milyard manatı qeyri-neft sektoru üzrə daxilolmaların
payına düşəcək ki, bu da 2013-cü ilin proqnozu ilə
müqayisədə 1,076 milyard manat və ya 20,8
faiz, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən
1,6 milyard manat və yaxud 34,5 faiz çoxdur. Göründüyü
kimi, ölkə iqtisadiyyatında neft sektorunun
payınının azalması, əksinə qeyri-neft
sektorları üzrə daxilolmalarının həcminin
artması artıq iqtisadiyyatın şaxıliliyinin göstəricisi
kimi özünü biruzə verir. Bu amil,
eyni zamanda, qeyri-neft sektorundakı 10 faizlik dinamika gözlənilir.
Neftdənkənar sahələrin sektorial
artım dinamikası ölkəmizin qeyri-neft məhsulları
üzrə ixrac potensialının əhəmiyyətli dərəcədə
artımı üçün real zəmin yaratmış
olacaq. Bütün bu amillər büdcəyə
əlavə gəlirlərin toplanmasını meydana
çıxarmış olacaq. Həmçinin,
iqtisadiyyatın inkişafının qeyri-neft sektorları
üzərində irəlilədiyini şərtləndirir.
Gələn
ilin dövlət büdcəsində sosial yönümlü xərclərə
5 milyard 337,3 milyon manat ayrılacaq ki, bu da
ümumi büdcənin 26,6 faizi deməkdir. Ayrılan vəsait
2013-cü illə müqayisədə 298,9
milyon manat və ya 5,9 faiz çoxdur. Gələn ilin büdcə
layihəsində elm, təhsil, səhiyyə, sosial müdafiə
və sosial təminat, mədəniyyət, incəsənət,
informasiya, bədən tərbiyəsi və digər
kateqoriyalara aid edilməyən xərclər üçün
4909,5 milyon manat vəsait nəzərdə
tutulub. Bu, 2013-cü illə müqayisədə 475,9 milyon manat və ya 10,7 faiz çoxdur.
Ümumilikdə sözügedən sahələr üzrə
nəzərdə tutulmuş xərclərin dövlət
büdcəsinin xərclərinin tərkibində xüsusi
çəkisi 24,5 faiz təşkil edəcək.
Bu da 2013-cü illə müqayisədə 2,2
faiz çoxdur.
Sosial xərclər dövlət üçün
mühüm əhəmiyyət kəsb edir və büdcənin
ümumi məzmunundan da bunu görmək mümkündür. Yeri gəlmişkən,
gələn ilin büdcəsinin xərclərində əməkhaqqı
artımı ilə bağlı xərclər də nəzərə
alınıb ki, bu da xeyli məbləğ deməkdir. Məlum olduğu kimi Prezident İlham Əliyevin cari
ilin avqust-sentyabr aylarında imzaladığı müvafiq sərəncamlara
əsasən ölkədə əməkhaqqı, pensiya,
müavinətlərin həcmi artırılıb. Təkcə əməkhaqqı artımı ilə
bağlı sosial tədbirlər təxminən 3 milyona
yaxın Azərbaycan vətəndaşını əhatə
edir. Onların əksər hissəsi
dövlət büdcəsindən maliyyələşən təşkilatlarda,
təhsil sistemində (422 min nəfər) və səhiyyə
sahəsində (təqribən 140 min nəfər)
çalışanlardır. Həmçinin,
əməkhaqlarının artırılması sosial təminat,
mədəniyyət, elm, gənclər və idman sahələrində
çalışanları əhatə edir. Təkcə dövlət büdcəsindən maliyyələşən
təşkilatlarda çalışanları götürsək,
bu, 700 min nəfəri əhatə edir. Ölkə
başçısının sərəncamı ilə
ölkədə pensiya alan 1 milyon 209 min vətəndaşın
pensiyaların baza hissəsi artırılaraq 100 manata
çatdırılıb. Ümumilikdə, əmək pensiyalarının
baza hissəsi təxminən 17,6 faiz
artırılıb.
Dövlət başçısının sərəncamına
uyğun olaraq sosial müavinətlər sahəsində də
əhəmiyyətli tədbirlər görülüb. Belə ki, məcburi
köçkünlərə yemək üçün verilən
müavinətlər, həm də valideynlərini itirmiş,
valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına
verilən, ailə başçısının itirilməsinə
görə verilən müavinətlər və şəhid
ailələrinə, milli qəhtəmanlara verilən
müavinətlər əhəmiyyətli dərəcədə
artırılıb. Sosial müavinətlərin
artımı miminum 10 faiz, maksimum 60 faiz təşkil edib.
Sosial müavinətlərin artımı ilə
400 mindən çox şəxs, o cümlədən 540 min nəfər
məcburi köçkün əhatə olunub. Ümumilikdə isə 940-950 min nəfər sosial
müavinətlərin artırılmasından bəhrələnib.
Beləliklə, dövlət
başçısının əməkhaqqı və
pensiyaların artımı ilə bağlı sərəncamları
2013-cü ilin dövlət büdcəsindən əlavə
olaraq 200 milyon manata qədər əlavə vəsaitin xərclənməsinə
səbəb olub. Eyni zamanda, 2014-cü ildə isə bu xərclərin
maliyyələşdirilməsi üçün əlavə
600 milyon manatın ayrılması nəzərdə tutulub.
Göründüyü kimi, gələn ilin dövlət
büdcəsinin xərclərinin 600 milyon manatı, yəni
ümumi büdcə vəsaitlərinin 3,4 faizi qeyd olunan
bölmələrdəki artımım maliyyələşdirilməsi
üçün nəzərdə tutulub.
Təhsil və səhiyyə xərclərinin həcmi də
gələn ilin artım paketində xüsusi yer tutur. Büdcəsinin layihəsinə
əsasən, səhiyyə xərclərinə 725,6 milyon manat ayrılması nəzərdə
tutulub ki, bu da 2013-cü illə müqayisədə 56,3 milyon
manat, yaxud 8,4 faiz çoxdur. Səhiyyənin maliyyələşməsi
üçün nəzərdə tutulan xərclərin
xüsusi çəkisi 2013-cü illə müqayisədə
0,2 faiz artaraq 3,6 faiz olacaq.
Gələn ilin dövlət büdcəsində
müdafiə xərclərində də artım olacaq. Belə ki, 2014-cü ildə
müdafiə xərcləri bu ilkindən 7,1
faiz çox olacaq. Gələn il müdafiəyə 1 637 362,4 milyon manatın ayrılması
proqnozlaşdırılır. 2014-cü ildə
dövlət büdcəsindən məhkəmə hakimiyyəti,
hüquq-mühafizə və prokurorluq orqanları
üçün ayrılan xərclərin 1 240 298.0 milyon manat
təşkil edəcəyi gözlənilir. Bu isə
builki xərclərdən 11,3 faiz
çoxdur. Müdafiə xərcləri 2014-cü ildə
dövlət büdcəsi xərclərinin 14,7
faizini təşkil edəcək.
Göründüyü
kimi, respublikamızın ali maliyyə sənədi
iqtisadiyyatın sosial məzmununu və
investisiyayönümlülüyünü əhatə etməklə
sosial-iqtisadi inkişaf, yüksək maddi rifah, ölkəmizin
müdafiə potensialının və hərbi qüdrətinin
artırılması, enerji, ərzaq təhlükəsizliyinin
möhkəmləndirilməsi, sahibkarlığın
inkişafına dəstək verilməsi, məqsədli
dövlət proqramlarının həyata keçirilməsinə
mühüm maliyyə təminatı yarada biləcək. Eyni zamanda, hökumətin əlavə sahələrə,
xüsusi olaraq sosial bölmələrə diqqət və
qayğını artırmağa imkan vermiş olacaq.
Aydın
Hüseynov
Palitra.-2013.-23 oktyabr.-S.10.