Xalq öz liderini seçdi
Cavadxan QASIMOV |
AMEA
Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar
İnstitutunun İqtisadiyyat
şöbəsinin müdiri,
İqtisad üzrə fəlsəfə doktoru
Tarixən öz müdrikliyini, qədirbilənliyini, ən yüksək milli-mənəvi dəyərlərə üstünlük verməyi ilə daim var olan xalqımız 9 oktyabr tarixində də keçirilən növbəti Prezident seçkilərində öz tarixi sözünü dedi, sevgisini ifadə etdi və gələcəyinin parlaqlığına yenə də səs verdi. Heydər Əliyev siyasətinin yarım əsrə bərabər qazandırdığı nailiyyətlərin yenə də davamına tərəfdar oldu, ona sahib çıxdı. Müasir müstəqillik tarixinin son iyirmi ilində yaşadığımız uğur və nailiyyətlərlə zəngin dövr məhz bu siyasətin xalqımız və dövlətimiz üçün ən mühüm ərmağanlarından biridir.
1988-1993-cü illər arasındakı zaman boşluğunda düçar olduğumuz daxili çəkişmələr, bu çəkişmələrin alovlandırdığı erməni təcavüzü, bunların əsasında isə düşdüyümüz çox ağır ictimai-siyasi, sosial-iqtisadi bəlaların xarici havadarlar tərəfindən dəstəklənməsi onsuz da böyük olan dərdimizin üstünə əlavə dərd gətirdi. Qarabağ boyda yara açdı və o yara hələ də sızlayır. İyirmi faiz torpaqlarımız işğal olundu, bir milyon iki yüz min bacı-qardaşımız öz torpağımızda qaçqın vəziyyətinə düşdü. Erməni təcavüzünün işğalçılıqla müşayiət olunması iqtisadiyyatımıza 60 milyard dollar həcmində ziyan vurdu. Bunlar azmış kimi işğalçılıq siyasəti nəticəsində vəhşiliklə dağıdılan müxtəlif təyinatlı, dövlət əhəmiyyətli obyektlər, viran edilən böyük milli-mədəni dəyərləri özündə yaşadan abidələr məhz 1988-1993-cü illərin ağrılı-acılı gerçəkliyidir.
Erməni daşnaqlarının Azərbaycana qarşı etdiyi təcavüzün dağıntıları və acı nəticələrini bu cür göstərmək olar:
- Yaşayış məntəqələri - 890; evlər - 150.000; ictimai binalar - 7.000; məktəblər - 693; uşaq bağçaları - 855; tibb müəssisələri - 695; kitabxanalar - 927; tarixi saraylar - 9; tarixi abidələr və muzeylər - 464; muzey eksponatları - 40.000; sənaye və kənd təsərrüfatı müəssisələri - 6.000; avtomobil yolları - 800; körpülər - 160; su kommunikasiyaları - 2.300 km; qaz kommunikasiyaları - 2.000 km; elektrik xətləri - 15.000 km; meşələr - 280.000 ha; kənd təsərrüfatları üçün yararlı torpaqlar - 1.000.000 ha; irriqasiya sistemləri - 1.200 km.
Yuxarıdakı faktlar da göstərir ki, ölkəmiz yeni iqtisadi və siyasi sistemin əsaslarına uyğunlaşmaqda çox çətin bir dövr yaşamış, çox müxtəlif daxili və xarici maraqların toqquşmasından törəyən ziddiyyətlərin mərkəzinə çevrilib. 1993-cü ilin yarısına qədər davam edən bu sarsıntılar yenə də göstərilən ilin 15 iyun tarixində böyük QURTULUŞun başlaması ilə iflasa uğradı. Yenə də Heydər Əliyev xalqımızın nicat yoluna çevrildi. Məhz Onun müdrik siyasətinin, mükəmməl idarəetmə bacarığının, əsl vətənpərvər fəaliyyətinin sayəsində yuxarıda göstərilən dəhşətli günlərə son qoyuldu. 1994-cü il may ayından torpaqlarımızda baş alıb gedən erməni təcavüzü dayandırıldı. Beynəlxalq aləmdə keçən hər bir gün daha da etibar və dəstək qazanan müdrik siyasət atəşkəs rejiminin bərqərar edilməsinə nail olmaqla, xalqımızı odun-alovun içərisindən xilas etdi. Böyük Heydər Əliyev 1993-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərində xalqımızın ürəyinin səsini qazanmaqla, böyük də siyasi təcrübə əsasında elə xalqımızın ürəyincə olan tədbirlərə imza atdı. Görülən hər bir iş sülhün, əmin-əmanlığın, xoş məramın, təhlükəsiz yaşayışın ən mükəmməl dayaqlarını yaratmaqda idi. Və şübhəsiz ki, bu amil dünya dövlətlərinin davamlı diqqət mərkəzində idi. Artıq hər bir inkişaf etmiş ölkə dövlətimizin hərtərəfli yüksəlişini görür, qəbul edir, inanır, güvənir, etibarlı tərəfdaş olmasına əmin olmaqla, bütün sahələrdə əməkdaşlıq etməyə can atırdı. Bu isə təbii ki, dahi Heydər Əliyevin böyüklüyünü, Onun siyasətinin müdrikliyini, uzaqgörənliyini, alternativsizliyini göstərməklə, ölkəmizə dünya dövlətlərinin hörmətini durmadan artırmaqda idi.
Buna görə də elə həmin il sentyabr ayında Bakıda Gülüstan sarayında, tarixə haqlı olaraq Heydər Əliyevin neft strategiyası kimi düşən “Əsrin Müqaviləsi” imzalandı. “Əsrin Müqaviləsi”nin imzalanması adından da göründüyü kimi, təkcə bir ilin, beş ilin, on ilin deyil, bütövlükdə yüz ilin nailiyyətlərinə, uğurlarına bərabər idi. Bir anlığa düşünək. Dahi Heydər Əliyev 1993-cü ilin oktyabr ayında ikinci dəfə siyasi hakimiyyətə gəldi və sadəcə on bir ay ərzində bütün dünyaya təhlükəsizliyin, sülhün, əmin-amanlığın mövcudluğu ilə bağlı mesajların verilməsini təmin etdi və qeyd etdiyimiz kimi onlarda böyük inam yarada bildi. Elə bunun nəticəsində dünyanın ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı (həmin ölkələrə aid 13 şirkət-Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) kimi ölkələri ilə etibarlı tərəfdaşlığın əsaslarını yaratdı. Həmin ölkələr isə bizimlə əməkdaşlıqdan qürur duyduqlarını dəfələrlə ifadə etməklə, tərəf kimi iştirak etdikləri bu tarixi müqaviləyə böyük inamlarını və sonsuz ümidlərini bildirdilər. Tarix də sübut edir ki, onlar yanılmayıblar.
Bir sözlə, tərəddüd etmədən qeyd etməliyik ki, ölkəmiz Heydər Əliyev siyasətinin bizlərə bəxş etdiyi nailiyyətlər əsasında mövcud olmuş, yaşamış, inkişaf etmiş, qüdrətlənmiş və müasir dünyanın durmadan tərəqqi edən tərkib hissəsinə çevrilməklə, gələcəyin daha qüdrətli ölkəsini təqdim etməkdədir.
Müasir iqtisadi sistemin dayaqları əsasında öz iqtisadi siyasətini mükəmməl qanunvericiliyə, təkmil idarəetmə mexanizminə, sistemli, müvazinətli, müqavimətli və dayanıqlı siyasi qətiyyətə əsaslanmaqla, müəyyən edən ölkəmiz məhz Heydər Əliyev siyasətindən bəhrələnməklə, uğurlarla zəngin bir dövlətə çevrilib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində cərəyan edən ağrılı-acılı hadisələri xatırlayarkən xalqımızın bu seçkidə də nə qədər müdrik olduğuna bir daha əmin oluruq. Yalnız 1993-cü ildən etibarən işıqlı sabahın, parlaq gələcəyin əsasları qoyuldu. 1995-ci ildən etibarən yeni-bazar iqtisadi sisteminin əsas inkişaf qanunları çərçivəsində uğurlu iqtisadi siyasət müəyyənləşdirildi. Sosial-iqtisadi sahədə əlverişli, sağlam, dinamik, uğurlu xətt əsas götürüldü.
Hər birimiz düşüncəmizdə bugünkü Azərbaycanla 1988-1993-cü illər arasındakı Azərbaycanı müqayisə etməliyik. 1990-cı ildə yaşadığımız qanlı 20 Yanvar faciəsi, 1992-ci ildə 26 fevralda başıbəlalı Xocalı soyqırımı bizlərə böyük dərs olmalıdır. Düşmən yatmayıb. Hər dəqiqə özünə sərf edəcək bir an gözləyir. Əmin olaq ki, əgər özü üçün münbit zəmin görərsə, həmin an öz məkirli, təxribatçı əməllərinə sarılacaq və yenə xalqımıza olmazın bəlalarını yaşadacaq. Yaxşı yadımızdadır ki, 1994-cü ilin oktyabrında, 1995-ci ilin isə mart ayındakı dövlət çevrilişlərinə cəhdlər məhz həmin təxribatlara xidmət etməkdə idi. Çox şükürlər olsun ki, həmin dövrlərdə Heydər Əliyev kimi böyük dövlət xadiminin yeritdiyi qətiyyətli və müdrik siyasətlə həmin çevrilişə cəhd hallarının qarşısı uğurla alındı və ölkəmiz hərtərəfli sabitliklə inkişaf yollarına istiqamətləndirildi.
Digər tərəfdən, hazırda dünyanın Misir, Liviya, Yəmən, Suriya və s. kimi ah-nalə qoparan, əhalisinin bir tikə çörəyə, bir damcı suya, bircə dəqiqə belə təhlükəsiz yaşayışa ehtiyacı olan ölkələrinə nəzər salaq. Onlar kimi olmaq istərdikmi? Onsuz da düşmənlərimiz bizi həmin gündə görmək istəyir. Bir də özümüz ani bir çaşqınlıq etməklə, kimlərinsə yalanlarına inanaraq düşmənə istəmədən belə olsa kömək etməyək, kömək edəcək addım atmayaq, heç o cür fikrə də düşməyək.
Bizim çox müdrik, böyük idarəetmə bacarığı olan, təcrübəli, müasir dünyanın gerçəklilklərini mükəmməl şəkildə analiz, təhlil etməyi bacaran və əlverişli çıxış yollarına malik olan İlham Əliyev kimi rəhbərimiz, Prezidentimiz var. O, hər birimiz üçün çalışır. Özünün də ifadə etdiyi kimi, hər bir Azərbaycan vətəndaşının Prezidentidir.
Builki seçkiqabağı təşviqat proseslərində on namizədin hər birinin platforması, görəcəkləri işlər haqqında özlərinin, yaxud səlahiyyətli nümayəndələrinin televiziyadakı ödənişsiz efir vaxtındakı çıxışlarını izləyirdik. Şübhəsiz ki, onların hər biri Azərbaycan vətəndaşıdır. Amma gəlin görək, xalqımız, dövlətimiz, millətimiz üçün istədiyimiz ən yaxşı nə varsa, hamısını cənab İlham Əliyev etmirmi? Əhalinin sosial vəziyyətinin daha da gücləndirilməsi diqqət mərkəzində deyilmi? Regionların sosial-iqtisadi inkişafına qayğı göstərilmirmi? Ən ucqar dağ kəndlərində belə müasir şəraitə uyğun infrastruktur layihələri gerçəkləşdirilmirmi? İqtisadi qüdrətimiz artmırmı? Əlbəttə ki, bunların hamısı bizim görmək istədiyimizdən də yüksək səviyyədə təmin olunub və hazırda da olunmaqdadır. Ən ucqar dağ kəndlərində belə evlərin qazlaşdırılması, işıqla təmin olunması, bütün kommunal təminatların mövcud olması məhz bu siyasətin xalqdan aldığı dəstəklə elə xalqına etdiyi böyük ərmağanlardandır. İnsan hüquq və azadlıqlarının təminatı, qanunun aliliyi, demokratik dəyərlərin özünə kök salması, söz, fikir azadlıqlarının mövcudluğunu da yuxarıdakı nailiyyətlərə əlavə etsək, onda cənab İlham Əliyevin xalqımız üçün nə qədər böyük işlər gördüyünün şahidi olarıq. Nailiyyətlərimizi qeyd etdikcə bitmir. Dünya əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyinin edilməsi, ölkəmizin ən müxtəlif ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə qazandığı dünya əhəmiyyətli uğurlar məhz İlham Əliyevin müvəffəqiyyətə söykənən siyasətinin ən bariz nəticələrindəndir.
Beləliklə, 9 oktyabr tarixindəki prezident seçkilərində cənab İlham Əliyevin yenidən qalib gəlməsi həqiqətin, ədalətin qələbəsi olmaqla, xalqımızın qədirbilənliyini bir daha təsdiq etdi. Göstərdi ki, xalq yenə bu siyasətə H.Ə. deyir, bu siyasətə sahib çıxır və bu siyasətə etibar edir. Oktyabr ayının 19-da Milli Məclisdə andiçmə mərasimində proqram xarakterli çıxışında Prezident əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə, müqəddəs “Qurani-Kərim”ə əl basaraq Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağına, onları daim uca tutacağına and içdi.
Bizim hər birimizin
qarşımızda duran ən mühüm vəzifə öz
işimizlə, əməli fəaliyyətimizlə, vətənimizə,
xalqımıza, millətimizə, dövlətimizə və onun başçısına sədaqətli olmaqdan ibarətdir. Hər zaman
Heydər Əliyev ideyalarına sadiq olmaqla, milli
maraqlarımızı yüksək tutmalı, milli
ruhda yaşamalı və milli-mənəvi
dəyərlərimizi qoruyub
saxlamalıyıq.
Palitra.-2013.-24 oktyabr.-S.10.