GÖRKƏMLİ MUĞAM USTALARI UNİVERSİTETDƏ

 

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun və Azərbaycan Televiziyasının dəstəyi ilə “IV Muğam televiziya müsabiqəsi”nin növbəti seçim mərhələsi Naxçıvan şəhərində keçirilir. Müsabiqənin münsiflər heyətinin üzvləri, Azərbaycan Respublikasının Xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olublar.

Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov qonaqları salamlayaraq son illərdə Azərbaycan incəsənətinin, xalq musiqisinin, xüsusilə də dünya incəsənətinin nadir inciləri sayıla biləcək muğamlarımızın təbliğinə göstərilən dövlət qayğısından danışdı. Rektor vurğuladı ki, Ali Məclisinin Sədri Vasif Talıbovun başçılığı ilə muxtar respublikada fitri istedadlara xüsusi himayə və qayğı göstərilir, onlara geniş meydan verilir. Muğam sənətinin, milli musiqinin inkişafına göstərilən dövlət qayğısı, bu cür müsabiqələrin keçirilməsi Naxçıvan Dövlət Universiteti kimi ali musiqi təhsili verən bir elm ocağının fəaliyyət göstərdiyi muxtar respublikada sənətkarlıq məktəbinin formalaşmasına öz töhfələrini verəcək.                                              

Azərbaycan Respublikasının Xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın az qala unudulmaqda olan muğam sənətinin, xalq musiqimizin bütün dünyaya tanıdılması, yenidən tərəqqi etdirilməsindəki xidmətlərindən, gənclərdə milli musiqiyə böyük sevgi yaranmasından danışdılar.                                   

İncəsənət fakültəsinin müəllim və tələbələrinin hazırladıqları mini konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirildi. Sonra İncəsənət fakültəsinin tələbələri muğamlarımızı ifa etdilər. Tanınmış muğam ustaları bu qədim sənətin sirləri, muğam ifaçılığında tələb olunan peşəkarlıq, səhnə mədəniyyəti ilə bağlı gənc ifaçılara dəyərli tövsiyələr verdilər.                                                       

Azərbaycanın tanınmış sənətkarları universitetlə tanış oldular. Çay süfrəsi arxasında davam edən səmimi görüşdə milli musiqimizin buğünkü səviyyəsi, musiqi tədrisinin gələcək inkişaf istiqamətləri ilə bağlı məsələlər müzakirə olundu.

 

Palitra.-2013.-25 oktyabr.-S.13.