“Gənclərimizin dövlətçiliyimizə bağlılığı böyük əhəmiyyət kəsb edir

 

Məmmədəli Babaşlı:

“Ölkənin tərəqqisinin bilavasitə təhsilin keyfiyyətindən, elm və texnologiyanın inkişaf səviyyəsindən asılı olması inkarolunmaz

faktdır”

 

"Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi artıq üç ildir ki, fəaliyyətini davam etdirir. Birliyin sədri, dosent Məmmədəli Babaşlı qəzetimizə müsahibəsində dedi ki, əsasən araşdırma aparmağa həvəsi və qabiliyyəti olan istedadlı gənclərlə aparırlar.

- Məmmədəli müəllim, bu işi əsasən hansı formada təşkil edirsiniz?

-Biz bunu ixtisas seçimi mərhələsində gənclərə düzgün yol göstərmək, məsləhət verməklə həyata keçiririk. Bu da ilk növbədə magistratura pilləsində təhsillərini Azərbaycanda davam etdirmək istəyən bakalavr məzunlarına qəbul imtahanlarına hazırlıq, yerləşdirmə əsnasında özünü göstərir. Həmçinin doktoranturaya dissertantura mərhələsində təhsil almaq arzusunda olan magistrlara yenə universitet və elmi-tədqiqat müəssisəsi seçimində istiqamət veririk. Təbii ki, mükəmməl əcnəbi dil bilmək qabiliyyəti olanxarici universitetlərdə magistraturadoktorantura pillələrində təhsil almaq istəyən gənclərə də lazımi məsləhətləri veririk. Bu da əsasən universitetixtisas seçimi, dövlət proqramına, ayrı-ayrı ölkələrin, fondların ayırdıqları təqaüdlərdən istifadə etmək, rəy məktublarının alınması, sənədlərin tərtibi, yazışmaların aparılması, viza üçün səfirliklərə müraciətetmə proseduru kimi bir növ texniki səciyyə daşıyan məsələləri əhatə edir. Ən başlıcası isə ictimai birliyin təşkil etdiyi məsləhət xidmətindən bəhrələnərək xarici ölkələrdə təhsillərini davam etdirən gənclərlə əlaqəmizi davam etdirməyə çalışırıq. Onların qürbətdə olmalarını, bəlkə də həyatlarında ilk dəfə Azərbaycandan, el-obalarından, yaxınlarından və dostlarından uzaqdüşmə ehtimalını nəzərə alaraq bu gənclərə mənəvi dayaq olmağa çalışırıq. Onlarla internet vasitəsilə mütəmadi şəkildə əlaqə saxlayır, yerinə görə doğum günləri, milli bayramlar münasibəti ilə təbriklərimizi ünvanlayırıq. Bunu da gənclərimizin Vətənlə əlaqələrini davam etdirmələrinə nail olmaq, qazandıqları uğurlardan vaxtında xəbərdar olmaqimkan daxilində ölkə mətbuatında təbliğ etmək naminə edirik. Şübhə yoxdur ki, ölkəmizi, mədəniyyətimizi xarici ölkələrdə layiqincə təmsil etmələrini, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli maraqlarımıza cavab verən diaspor fəaliyyətinə dəstək vermələri istiqamətində fəal şəkildə iştiraklarını da diqqət mərkəzində saxlayırıq.

- Elm adamlarına da dəstək göstərirsinizmi?

-Əlbəttə, magistraturadoktorantura pillələrinə qəbul olmuş, gələcək həyatını elmi fəaliyyətlə bağlamağa qərar vermiş gəncləri də unutmuruq. Onların tədqiqatçı vərdişləri qazanmaları, ixtisas sahələri ilə bağlı son elmi yeniliklərdən və nailiyyətlərdən xəbərdar olmaları üçünmüvafiq maarifləndirici tədbirlər həyata keçiririk. Təlim kursları, elmi seminarkonfranslar, dəyirmi masalar və müzakirələr təşkil edirik. Bununla, həm də Azərbaycanın mövcud elmi potensialından, alimlərimizin mövcud təcrübəsindən uğurla istifadə edirik. Belə ki, ayrı-ayrı ali məktəblərdə, elmi müəssisələrdə fəaliyyət göstərən və elmimizin gələcəyinə, gənc alimlərin timsalında davamçıların yetişməsinə biganə qalmayan alimlərimizi dəvət edirik. Onlar da böyük məmnuniyyət və həvəslə bilik və təcrübələrini gənclərlə bölüşürlər. Bununla da alimlərimizin Azərbaycan elminə, elmi ənənələrimizi davam etdirəcək gənclərə təmənnasız qayğısının şahidi oluruqbu da gələcəyə olan inamımızı daha da artırır. Bu qəbil seminar və təlimlərdə elmi araşdırma üsulları, elmi məqalənin, konfransa təqdim olunan tezis və məruzələrin tərtibi qaydaları, elmi-tədqiqatların nəticələrinin ölkə daxilində və xaricdə nəşri ilə əlaqədar tövsiyələr verilir. Ayrı-ayrı ixtisasların özünəməxsus səciyyəvi xüsusiyyətləri nəzərə alınmaqla elmi tədqiqatın dili məsələləri müzakirə edilir.

Təbii ki, gənclərin sözün həqiqi mənasında mahir tədqiqatçı kimi yetişməsi üçün elmi jurnalların, ayrı-ayrı elm sahələrinə aid ədəbiyyatın da inkarolunmaz rolu var. Bu amili nəzərə alan ictimai birliyimiz ilk növbədə yaşadığımız dövrün tələblərinə uyğun olaraq elektron resurslardan istifadə etmək praktikasına üstünlük verir. Bunu müxtəlif elektron məlumat bazalarına abunə olmaq, mövcud elmi nəşrlərin PDF variantını əldə edərək istifadəçilərin xidmətinə vermək şəklində həyata keçiririk. Bu məsələdə həmçinin ənənəvi vizual kitabxana variantından da istifadə edirik. Sevindirici haldır ki, birliyin nəzdində formalaşdırdığımız vizual kitabxananın kitab fondunu əsasən, müxtəlif nəşriyyatlar, ali məktəb və elmi institutlar, həmçinin ayrı-ayrı ziyalılar və üzvlərimiz tərəfindən hədiyyə edilmiş kitablar təşkil edir. Bu təcrübə həm də kitabxana təşkili sahəsində xeyriyyəçilik prinsiplərinin nə qədər aktual və sınanmış bir üsul olması baxımından əhəmiyyət kəsb edir. Bir məqamı da xatırlatlamaq istəyirəm ki, bəhs etdiyim fəaliyyətlər maddi qazanc əldə etmək məqsədi daşımır. Əksinə, gəncləri müxtəlif layihələrin icrasına cəlb etməklə onları buya digər şəkildə mükafatlandırmağa çalışırıq. Bu, prinsipdə də özünü doğruldur. Belə ki, gənclərə dəyər verildiyi, qayğı ilə yanaşıldığı, səmimi münasibət bəslənildiyi zaman onların da göstərilən diqqətin qarşılığında elmi tədqiqata həvəslərinin artdığını, potensiallarının üzə çıxdığını görmək bizləri məmnun edir.

- Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?

- Qeyd etdiyiniz hər iki amilin bəşər tarixi boyunca həyati əhəmiyyət kəsb etməsi şübhəsizdir. Bir millətin, ölkənin tərəqqisinin bilavasitə təhsilinin keyfiyyətindən, elm və texnologiyanın inkişaf səviyyəsindən asılı olması inkarolunmaz faktdır. Ancaq elmi inkişafın və texnologiyaya yiyələnməyin yolunun güclü təhsil sistemindən keçdiyi unudulmamalıdır. Çünki təhsil iqtisadiyyatın, mədəniyyətin, bir sözlə, insan həyatı üçün vacib olan bütün sahələrin başlanğıcıdır. Burada söhbət sadəcə ali təhsildən deyil, məktəbəqədər və ümümi təhsil daxil olmaqla təhsilin bütün mərhələlərindən gedir. Elmin inkişafı, texniki tərəqqi, elmi mühitin formalaşması üçün bu son dərəcə vacibdir. Burada bir məqamı da xatırlatmaq yerinə düşərdi. Təhsil sadəcə dövlətin, aidiyyatı icra orqanının vəzifəsi olaraq başa düşülməməli, ümumxalq işi kimi qəbul edilməlidir. Əgər ümumən baza təhsili güclü olarsa, o zaman gələcəkdə elmi fəaliyyətin prioritet olmasından və elmi-texniki tərəqqidən danışa bilərik. Bu məsələlərin sadəcə dövlət qurumlarının işi olaraq düşünmək də doğru deyil. Cəmiyyətin hər bir fərdi imkanı daxilində təhsilin inkişafına öz töhfəsini verməli, elm yolunu seçmiş gənclərə maddi və mənəvi dəstək olmalıdır. Başqa sözlə, intellektual potensialla maddi imkanların bir-birini tamamlamasına nail olmaq lazımdır. Bu mənada, tarixən Azərbaycanda mövcud olmuş, keçən əsrin əvvəllərində vüsət qazanmış maarifpərvərlik və təhsildə xeyriyyəçilik ənənələrininin təbliğinə ciddi ehtiyac var. İkinci Dünya müharibəsində məğlubiyyətə düçar olmuş Almaniyanın, Yaponiyanın, yenə 1950-1953-cü illərdə vətəndaş müharibəsinə səhnə olmuş Cənubi Koreyanın, Malayziyanın, Sinqapurun keçdiyi inkişaf yolu təhsilə və elmə verilən qiymətin təbii nəticəsidir. Ciddi təbii sərvətlərə malik olmayan bu ölkələrin əldə etdiyi uğurları araşdırmaq və örnək almaq lazımdır.

- Gənclərin Azərbaycan tarixinə, dövlətçilik ənənələrinə və mədəni irsinə bağlılığını necə dəyərləndirirsiniz?

- Əlbəttə, hər şey müqayisədə bilinir. Sovet dövrünü yaşamış insanların formalaşdığı mühit Azərbaycan tarixini olduğu kimi öyrənməmizə, gerçək milli kimlik qazanmağımıza imkan vermirdi. Məqsədyönlü şəkildə milli özünüdərketmə prosesinə mane olunur, dövlətçilik ənənələri unutdurulmağa çalışılırdı. Düzdür, mövcud ideologiyanın senzurasından keçmək şərti ilə müəyyən mədəni irsin təbliğinə yer verilirdi. Ancaq ölkə daxilində üst kimlik olmaq, xaricə çıxdığımız zaman Azərbaycanı lazımınca təmsil etmək imkanından məhrum idik. Ən başlıcası isə, bir sıra hallarda öz insanlarımıza laqeyd yanaşır, başqalarına qarşı daha çox fədakarlıq nümayiş etdirirdik. Dağlıq Qarabağ ətrafında hadisələr başladıqda bunun nə qədər yanlış olduğu, illərlə beynimizə yeridilən beynəlmiləlçilik ideyalarının ilğımdan başqa bir şey olmadığı anlaşıldı.

Günümüzə gəlincə, artıq 20 ildən çoxdur müstəqil dövlətin vətəndaşları olmaq qürurunu yaşayırıq. Milli dövlətçilik tariximizi, milli-mənəvi irsimizi öyrənmək imkanımız vardır. Yeraltı və yerüstü sərvətlərinə, mövcud insan potensialına, inkişaf tempinə görə ölkəmiz bölgənin lideri mövqeyinə yüksəlib. Əgər super güclərin siyasi oyunlarının qurbanına çevrilmiş Qarabağ problemimiz olmasaydı, uğurlarımız daha çox olardı. Belə bir şəraitdə hamımızın, xüsusilə gənclərimizin tariximizə, dövlətçiliyimizə bağlılığı böyük əhəmiyyət kəsb edir. Müstəqilliyimizi göz bəbəyi kimi qorumaq, el-obamızın, xalqımızın təəssübünü çəkmək başlıca qayəmiz olmalıdır. Milli birliyimizə, ölkəmizdəki sabitliyə qarşı yönəlmiş oyunlara alət olmamalıyıq. Qloballaşan dünyada yaşadığımızı nəzərə alaraq sosializm dövründə buraxdığımız səhvləri təkrar etməməliyik ki, gələcək nəsillər qarşısında günahkar vəziyyətə düşməyək. Güclü dövlət və azad vətəndaş olmaqdan başqa alternativimizin olmadığını unutmamalıyıq. Təqdirəlayiq haldır kı, bu düşüncəyə malik gənclərimizin sayı kifayət qədərdir. İctimai birliyimizin üzvləri də məhz mükəmməl təhsil almaqla, hərtərəfli elmi biliklərə yiyələnməklə Azərbaycanımıza xidmət etmək, onun üçrəngli bayrağını yüksəltmək yolunu seçiblər. İnanırıq ki, məhz elmi dünyagörüşə malik olan gənclərimiz xaricdəki opponentlərilə müzakirələrdə özlərinin intellektual səviyyələrini nümayiş etdirə biləcəklər. Onların vətənpərvərliyini belə görmək istəyirik.

- Hazırda hansı işlər görürsünüz?

- Hal-hazırda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi” adlı layihənin icrası ilə məşğuluq. Bu layihənin təqdimatı Azərbaycan Texnologiya Universitetində nəzərdə tutulur. 1 noyabr 2013-cü il tarixində Gəncədə baş tutacaq həmin təqdimatda elmi məqalə, məruzə və tezislərin müasir tədqiqat üsullarına uyğun olaraq hazırlanması, tədqiqat zamanı informasiya texnologiyalarından istifadə qaydaları, ixtisaslar üzrə məqalələrin əldə edilməsi üçün beynəlxalq elmi bazaların və rəqəmsal kitabxanaların (Springer, EBSCO, Elsevier, TERENA, IEEE və s.) axtarış imkanlarından istifadə, beynəlxalq indeksli elmi jurnallar və onların elmi məqalələrin nəşrinə olan tələbləri ilə əlaqədar gənc alimlərə seminarlar veriləcək, maarifləndirici bukletlər paylanılacaqdır.

Son olaraq, icra etməyə hazırlaşdığımız növbəti layihəmiz “Müasir Azərbaycan və türk ədəbiyyatında erməni məsələsi” adlanır. Bu layihəni 2014-cü ilin aprel ayının sonunda Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Yazarlar Birliyi ilə birlikdə həyata keçirməyi planlaşdırırıq. Hər iki ölkədən dəvət olunmuş tənqidçi, tarixçi və yazarların iştirakı ilə təşkil edəcəyimiz konfransda bu mövzuda yazılmış əsərlərin bədii sənətkarlıq və elmi obyektivlik baxımından təhlil edilməsini, indiyənə qədər yazılan əsərlərin bizi nə dərəcədə qane etməsi, bundan sonra ədəbiyyatımız və ədiblərimiz qarşısında duran vəzifələr barədə geniş müzakirələrin aparılmasını qarşıya məqsəd olaraq qoymuşuq. İnanırıq ki, bu layihəmiz qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində canfəşanlıq edən erməni millətçilərinin Azərbaycan və türk xalqına qarşı törətdiyi insanlıq faciəsinin masştabına diqqəti cəlb edəcəkdir.

- Tələbə və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?

- İntellektual səviyyənin yüksəldilməsi hər zaman vacibdir. Burada tələbə və gənclərin təhsil prosesinin nə dərəcədə ciddi bir məsələ olduğunu dərk etmələri, qloballaşan dünyada hər birimizi gözləyən sürprizlərə hazır olmaları vacibdir. Onlar məktəb həyatı bitdikdən sonra həyat məktəbinin başladığını unutmamalıdırlar. Biliyə dayanmayan diplomun kağız parçasından başqa bir şeyə yaramadığı anlaşılmalıdır. Zəhmət çəkməkdən qorxmamalı, gələcəkləri üçün sərmayə topladıqlarını xatırlamalıdırlar. Nəhayət, hər zaman axtarışda olmalı, mütaliə vərdişi qazanmalıdırlar.

- Növbəti olaraq hansı layihələr həyata keçirməyi düşünürsünüz?

- Maliyyə dəstəyi olduğu təqdirdə yay tətili müddətində xaricdə təhsil alanya tədqiqatla məşğul olan soydaşlarımızın iştirakı ilə elm düşərgəsi, inkişaf etmiş ölkələrdəki mövcud texnoparklara gəzinti təşkil etməyi çox istərdik. Həmçinin avropalı tədqiqatçıları da əməkdaşlığa cəlb edərək Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müxtəlif xarici dillərdə elmi məqalə və kitabların nəşrini planlaşdırırıq.

 

Fuad Hüseynzadə

Palitra.-2013.-26 oktyabr.-S.11.