“Aşıq çox savadlı
olmalıdır”
“Aşıq olmaq
istəyən gənc ustad yanında qalmalıdır ki,
aşıq sənətini də mükəmməl öyrənə
bilsin”
“Beş il
aşıq Hüseyn Saraclıya qulluq etdim”
Müsahibimiz aşıq-sazbənd
Kövrək Muraddır.
- Aşıq Murad, siz klassik aşıq sənətinin təmsilçisisiniz... Məlumdur ki, aşıq sənətinin özəyi, ana axarı olan klassik yol itir... Artıq bu cığırla getmək istəməyənlərin sırası genişlənir. Klassik yolun itməsi səbəbini nə ilə izah edə bilərsiz?
- Əvvəla onu deyim ki, klassik yol qədimlərdən başlayan, ustadlarımızdan bizə yadigar qalan bir yoldur. Belə deyək, dədə-baba yoludur. Vaxtilə klassik ənənə mövcud olub, amma bu gün bu yol, dəst-xətt itməkdədir. Müasir aşıq sənətində klassik yol çox zəif çalarlarla özünü göstərir. Aşıq sənətində klassikanın qorunması mütləqdir. Çünki aşıq sənəti bizim milli-mənəvi dəyərlərimiz sırasında başda durur. Bu baxımdan biz həm sazımızı, həm də aşıq sənətinin klassik yolunu qorumalıyıq. Klassik yolun itib-batmasına səbəb bundan ibarətdir ki, gənc nəsil ustada qulluq etmək istəmir.
-Demək istəyirsiz ki, klassik yolun itməsi meylləri özünü ustad-şəyird ənənəsinin pozulması ilə büruzə verir...
- Tamamilə doğrudur. Bu gün saz çalanlar çoxdur. İnkar etmirəm, onların arasında istedadlı gənclər də az deyil, ancaq onlar natamamdırlar. Müasir gənclər aşıq sənətinin sirlərini öyrənmək üçün ustad yanına getmirlər. Aşıq olmaq istəyən adam ustad yanında qalmalıdır ki, aşıq sənətini də mükəmməl öyrənə bilsin. Aşıq sənəti yalnız havacatları bilməklə bitmir, burada dastançılıq da, şairlik qabiliyyəti də, hazırcavablıq da, ədəb-ərkan da, məclisdə, el-obada özünü necə aparmaq qaydası da var. İndi kimi dindirirsən saz çalır, özünə aşıq deyir. Amma sadə tamaşaçı həmin adamların nəyə qadir olduğunu bilməsə də, biz ustada qulluq etmiş aşıqlar kimin aşıq sənətində kim olduğunu yaxşı bilirik...
-Kövrək Murad, dədə Ələsgər deyir ki, şəyirdlikdə can çürütdüm, hərgiz ustad olmadım...
- Allah dədə Ələsgərə də, ondan əvvəlki və sonrakı ustadlara rəhmət eləsin. Aşıq sənəti, saz sonsuz bir aləmdir. Ona bələd olmağa, sirlərinə vaqif olmağa bəzən bir ömür kifayət etmir. Aşıqlıq belədir ki, insan hər gün öyrənir. Aşıq ümumiyyətlə, çox savadlı olmalıdır ki, hər şeydən anlayışı olsun, saz-söz meydanında aciz qalmasın. Odur ki, aşıq bilik boxçasını günü-gündən zənginləşdirməlidir...
- Yeri gəlmişkən,
Hüseyn Saraclıya şəyird olmağınızdan da
danışasınız. Siz onun neçənci şəyirdisiniz?
- Bilirsiz ki, keçmiş çağlarda toylar payızda başlayardı. Payızın elə bu vaxtları idi Hüseyn Saraclı bizim kəndə, Borçalının Aran-Dəllər kəndinə toya gəlmişdi. Mənim də onda 17-18 yaşım olardı. O vaxt artıq kənddə həvəskar aşıq kimi məclislərə gedirdim. Nə isə, həmin məclisin axırlarına yaxın kənd ağsaqqallarından biri məni göstərin dedi ki, ay aşıq Söyün (Hüseyn), bir bu cavan qoy bu cavan oğlan da bir saz çalıb oxusun. Ondan mənim o məclisdə oxumağım üçün icazə istədi. O, da izn verdi, bir “Göyçə gülü” havası çalıb oxudum. İfam ustadın xoşuna gəldi... Hələ məni tərflədi də. Dedi ki, uzun boğazın var, səndən yaxşı aşıq çıxar”. Dedim, ay Söyün əmi, məni özünə şəyird götürərsənmi? Razılıq verdi. Beləlilə, 1974-cü ilin payızında ustadın yanına şəyird getdim. Mən onun sonuncu şəyirdi oldum. Ustadımın mənə qədər 12 şəyirdi vardı, mən də oldum 13-cü şəyirdi. O zaman ustad şəyirdi evində saxlayırdı və şəyird də ailənin bir üzvünə çevrilirdi. Mən Hüseyn Saraçlının yanına gedəndə onun 60 yaşı vardı. Bu minvalla düz 5 il ustadımın evində qalıb ona şəyirdlik etdim. İndiki saz məktəblərində olduğu kimi bir aşıq 20 şəyirdlə birdən məşğul olmurdu. Onda ustadla az şəyird götürürdülər. Dərslər əsasən axşamlar keçirilirdi. Gündüzlər isə, ustad özü işində olurdu, şəyird isə çox vaxt təsərüffat işlərinə kömək edirdi, elə də olurdu ki, ustadla səfərlərə çıxırdı. Bütün şəyirdlər necə mən də elə ustada qulluq edirdim. Ustad şəyirdə yalnız aşıqlığın sirrlərini öyrətmirdi, həm də ədəb-ərkan öyrədirdi... Necə oturub durmağı, məclisdə özünü aparmağın qaydalarını izah edirdi. Mən ustadımla Borçalını qarış-qarış gəzmişəm, Qarabağa, Naxçıvana, Qərbi Azərbaycanın rayonlarına getmişəm. Ustaddan çox şey görüb-götürmüşəm. Amma indi ustada qulluq etmək istəmirlər. Demək olar ki, bu gün ustad-şəyird ənənəsi tarixə qovuşmaqdadır. Bax, qızım, ustada klassik yolun itməsinə səbəb budur. Ustad yanında olmayan aşığın sözsüz ki, klassik yolu bilməsi mümkün deyil. Cavanlara tövsiyyəm odur ki, nə qədər ustad aşıqlar sağdır gedib sənətin sirlərini mükəmməl öyrənsinlər.
- Belə
çıxır ki, indi nə şəyird götürən
ustad aşıq var, nə də şəyirdliyə meyilli
olan gənc. Ustad-şəyird ənənəsini hansı
yolla bərpa etmək olar?
- İndi ustad aşıqlardan ancaq aşıq
Əli Quliyev evində şəyird saxlayır. Qalanları isə
evə şəyird aparmır. Gedib saz məktəblərində
dərslərini deyib evlərinə gəlirlər. Bununla
ustad-şəyird ənənəsini davam etdirmək
mümkün deyil. Şəyird ustadla mütəmadi ünsiyyətdə
olmalıdır. Onlar məişətdə də, məclislərdə
də birlikdə olsalar, bunun nəticəsi yaxşı olar.
İki-üç saat dərs keçməklə ustad-şəyird
əlaqəsi tamamlanmır. Bü gün saz çalan gənclər
çoxdur. Bu da onunla əlaqədardır ki, Bakıda saz məktəbləri
çoxdur. Təbii, sənəti yaşatmaq lazımdır.
Ustad aşıqlar şəyird götürməlidir ki,
öz bilgilərini onlara ötürə bisinlər. Telekanallarda
xalq yaradıcılığına, aşıq sənətinə
çox az yer verilir. Bu gün efirlərdə peşəkar,
ustad aşıqlara elə də meydan verilmir. Tutalım, məni
bir proqrama dəvət edirlər, özləri də deyir ki, 5
dəqiqə danış. Mən 5 dəqiqəyə
tamaşaçıya nə deyə bilərəm, nə
çatdıra bilərəm? Halbuki ustad aşıqlara
geniş meydan verilməlidir ki, onlar tamaşaçıya
öz sözünü deyə bilsin. Bir klassik saz havası
çalıb oxusun, onun yaranma tarixindən danışsın,
keçmiş sənətkarları yada salsın. Ancaq biz demək olar ki,
televiziyalarda bunun şahidi ola bilmirik. Bu səbəblərdən də televiziya
proqramlarına getməkdə maraqlı deyiləm. Efirlərə daha çox şou yaradan, boş-mənasız
danışan şəxsləri dəvət edirlər, onlar
da əllərinə saz alıb həm sazı, həm də sənəti
qiymətdən salmaqla məşğul olurlar. Lakin aşıq şou yaradan deyil, müdriklik
göstərən el sənətkarıdır. Aşıq sənətində ən vacib amillərdən
biri də aşığın çox savadlı
olmasıdır. O, o qədər savadlı
olmalıdır ki, heç bir sualın qarşısında
aciz qalmasın. Ancaq bu gün televiziyalar
aşığın savadsız olduğunu bəyan edirlər.
Efirə savadsız aşıqlar
çıxarır və camaat da bundan belə nəticə əldə
edir ki, aşıqlar savadsızdır. Halbuki
belə olmalı deyil. Aşıq
savadlı olmalıdır ki, bədahətən deyişməyi
bacarsın, ona verilən qıfılbəndləri,
bağlamaları aça bilsin. Bu gün cəmiyyətədə
aşıq sənətini düzgün yolda təbliğ edən,
onu gənclərə sevdirən jurnalistlər
olmalıdır.
- Bu ilin sentyabr ayında Gədəbəydə
Aşıq Musiqi Məktəbi açıldı. Bu da
aşıq sənətinin inkişafına səbəb
olacaq... Bu barədə nə deyərdiniz?
- Bu məktəbin
açılmasını təqdir edirəm. Dövlətimiz
sağ olsun ki, aşıq sənətinə böyük dəyər
verir. Cənab Prezident özü Aşıq
Musiqi Məktəbinin açılışında iştirak
etdi. Aşıq Musiqi Məktəbləri Qazaxda,
Ağstafada, Qaxda, Şamaxıda və başqa rayonlarda da var.
Burda gənclər aşıq sənətini öyrənir. Ancaq bu məktəblər ustad-şəyird ənənəsini
davam etdirmir. Burada ustad aşıqlardan
çox saz müəllimləri dərs deyirlər. Hər halda, sazın təbliği üçün
yaxşı bir işdir.
- Saz təbiətin vurğunudur. Bəs
saz bəşəriyyətin hansı gözəlliyindən
ilham alır ki, belə füsunkardır, belə qüdrətlidir?
- Saz
bineyi-qədimdən öz dinləyicisindən ilham alır. Canlılar arasında yeganə arılardır ki,
anaları öldükdə onlar da məhv olurlar. Aşıq da belədir. Əgər
onun dinləyicisi yoxdursa o ruhdan düşür, aşıq məhv
olur. Bu gün aşıq sənətinə
dövlət səviyyəsində böyük fikir verilsə
də, cəmiyyət, dinləyici onu lazımı səviyyədə,
layiq olduğu şəkildə qiymətləndirə bilmir.
İnsanların saza tələbatı zəifdir.
Mən əsl aşıqdan və əsl sənətdən
danışıram. Ancaq deyim ki, İranda,
Cənubi Azərbaycanda və Türkiyədə aşıq sənətilə
camaat çox ciddi maraqlanır. Orada dinləyicinin
aşığa marağı çoxdur. Onlar
səbirlə aşığa qulaq asır. Amma bizim dinləyicinin klassik havalara qulaq asmağa səbirləri
yoxdur. Mən yayda Qarsa getmişdim. Orada aşıq sənətinə böyük
marağın, sayğının şahidi oldum. Qars aşıq sənəti bizim aşıq sənətilə
uyğundur.
- Bizdən 20-25 il
əvvəl hansı ustadlar vardı bu dünyada və onlardan
bizə nə qaldı?
-
Yaxşı sualdır. Kimlər yox idi ki, bu dünyada...
Ustadım aşıq Hüseyn Saraclı, aşıq Əmrah
Gülməmmədov (o, XX əsrdə sazın ilk
böyük islahatçısı olub, sazda pərdələrin
və simlərin sayını artırıb), aşıq
Kamandar Əfəndiyev, aşıq İmran Həsənov,
aşıq Əkbər Cəfərov, aşıq Mikayıl
Azaflı və başqa aşıqlar öz əzəmətlərilə
yaxın 20-25 ilə qədər tamaşaçılar
qarşısında çıxış ediblər. Onlardan bizə gözəl dastanlar, unikal saz
havaları, unudulmaz ifalar qalıb, bir də ədəb-ərkan.
Onlar həm çox böyük sənətkarlar
idi, həm də bütöv şəxsiyyətlər idi.
Mən 15 il öz ustadımla
Borçalıda aşıqlıq etdim. Bakıya
gəldikdən sonra isə, aşıqlığı buraxmaq
məcburiyyətində qaldım. Çünki
mən istəyən məclislər və mən istəyən
insanlar artıq yoxdur. Varsa da onların bizə
əli çatmır. Bu zamanədə
aşıqlıq etmək çətindir.
Aşığın dinləyicisi olmalıdır ki, o da ilham
alsın...
Türkiyənin Qars şəhərində qonaq olarkən
çox insanlarla görüşdüm. Orada bizim
borçalılar çoxdur. Qarsda olarkən
Günay Yıldızın rəhbərlik etdiyi Aşıqlar
Birliyinə getdim. Burada çox yaddaqalan mənzərənin
şahidi oldum. Günay Yıldız
Aşıqlar Birliyində bir otağa bütün ustad
aşıqların şəkillərini vurub. Bütün aşıqların şəklinin
başında, yuxarısında Hüseyn Saraclının
şəklini asıb. Mən ondan
soruşdum ki, Günay bəy, bu qədər
aşıqların içində nə üçün mənim
ustadımın şəklini lap başa vurmusunuz? O, mənə
cavab verdi ki, “mən uşaq olanda atam onun
ifasına qulaq asıb səhərə qədər
ağlayardı. Ona görə də, o, mənim
üçün çox əzizdir”. Qarsda
aşıq sənətinə böyük vurğunluq
gördüm. Düşünürəm ki, gələn
yay da Qarsa gedim...
- Son illər sazbəndliklə məşğulsunuz...
Əslində sazbəndlik saza bəndlik, vurğunluq deməkdir...
Əl işinizə bənd olub sizdən saz
alanlar çoxdurmu?
-
Narazılığım yoxdur, müştərilərim olur. Mənim sazlarımı əsasən Cənubi Azərbaycan
aşıqları alıb aparır. Oradakı
aşıqların bir çoxunun sazını mən
bağlamışam. Cənubi Azərbaycanda 28 il saz qadağan edilib, amma aşıqlıq
ölməyib. Çünki saz xalqın ruhudur.
Sazı xalqın məhəbbəti
yaşadıb. Bu məhəbbətin
gücü qalib gəlib hər şeyə. Hazırda orada aşıq sənəti çox
yüksək səviyyədə inkişaf edir. Türkiyə, Rusiya və digər ölkələrdə
düzəltdiyim sazlar çoxdur.
Kövrək Muradla söhbətimiz xoş və səmimi
oldu.
Aşıq məni bir-birindən qədim, bir-birindən
gözəl saz havalarına qonaq etdi... “Qaraçı”,
“Azaflı dubeyti”, “Mansırı”, “Yanıq Kərəmi”
(klassik üslubda), “Bəhməni” kimi saz havaları üstə
Yunis Əmrədən, Qaracaoğlandan, Dədə Ələsgərdən,
Məzahir Daşqından oxudu... Bir hava da çaldı, dedi
ki, özü yaradıb. Bu havaya öz ruhuna, ürəyinə
uyğun “Kövrək dubeyti” adı verib... Kövrək
Muradı öz sazları ilə baş-başa qoyub sənətkardan
ayrıldıq.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-26 oktyabr.-S.10.