BMT xalqları birləşməyə
çağırır
Ombudsman Aparatında 24 oktyabr - Birləşmiş Millətlər Təşkilatı Gününə həsr olunan “BMT və Azərbaycan: insan hüquqları sahəsində əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova bildirdi ki, 1945-ci il oktyabrın 24-də rəsmi fəaliyyətə başlayan təşkilatın əsas məqsədi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə hörmət əsasında millətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək, beynəlxalq iqtisadi, sosial, mədəni və humanitar məsələlərin həllində əməkdaşlığı təmin etməkdir. Bildirildi ki, Azərbaycan da BMT-nin inkişaf strategiyasına öz töhfəsini verir və bu qurum ilə əməkdaşlıqda maraqlıdır. 1992-ci il mayın 6-da Azərbaycanın BMT-nin mənzil-qərargahında daimi nümayəndəliyi fəaliyyətə başlayandan bu yana ölkəmizin təşkilatda əsas fəaliyyəti Qarabağ problemi, beynəlxalq birliyin diqqətini Ermənistanın işğalçılıq siyasətinə cəlb etməklə bağlı olub. BMT isə, necə deyərlər, müvafiq qətnamələr qəbul edib, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı dörd qətnamə qəbul edərək Azərbaycanın ərazi toxunulmazlığını təsdiqləyib, işğalçı qüvvələrin tutduqları torpaqlardan qeyd-şərtsiz çıxmasını tələb edib. Həmçinin bildirildi ki, bu gün Azərbaycan bir sıra BMT konvensiyalarına qoşulub.
Tədbirdə BMT-nin baş katibi Pan Gi Munun Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə dünya ictimaiyyətinə ünvanladığı müraciəti səsləndirildi. Müraciətdə deyilir ki, Birləşmiş Millətlər Təşkilatı Günü bu təşkilatın sülh və ümumi tərəqqiyə verdiyi böyük töhfəni tanımaq üçün bir fürsətdir: “Təhlükəsizlik sahəsində qarşımızda duran ən böyük problem Suriyada gedən savaşlardır. Biz həmçinin kifayət qədər uzun çəkən iztiraba son qoymaq üçün diplomatik həll yoluna təkid edirik. Ən zəruri inkişaf məsələmiz dayanıqlılığın reallığa çevrilməsidir. Minilliyin İnkişaf Məqsədləri yoxsulluğu yarıya qədər azaldıb. Hazırda əldə olunan nailiyyəti bu səviyyədə saxlamalı, 2015-ci ildən sonrakı inkişaf çərçivəsini müəyyən etməli və iqlim dəyişikliyi məsələsində anlaşmaya nail olmalıyıq. Bu il biz yenidən Birləşmiş Millətlər Təşkilatının silahlı münaqişə, insan hüquqları, ətraf mühit və bir çox digər məsələlər üzrə bir araya gəlməsini görürük. Biz kollektiv fəaliyyətin nələr edə biləcəyini dünyaya göstərməkdə davam edirik. Hər şeyin bir-biri ilə qarşılıqlı əlaqəsini təcəssüm etdirən qlobal dünyada biz daha da birləşməliyik.
Birləşmiş Millətlər Təşkilatı Günündə gəlin təməl ideyalarımıza uyğun yaşamağa söz verək, sülh, inkişaf və insan hüquqları naminə birlikdə çalışaq”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek bildirdi ki, təşkilat yarandığı dövrdən sonra bu qurumun üzvlərinin sayı təxminən dörd dəfə artıb. Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılıb. Məqsədləri münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması, xalqın özünüdərketmək və bərabərlik prinsipinə hörmət etmək əsasında ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, beynəlxalq humanitar, mədəni, sosial, iqtisadi xarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Eləcə də beynəlxalq iqtisadi təşkilatlar bütün insanlara heç bir fərq qoymadan azadlıq, insan hüquqlarına hörmət və onun genişləndirilməsi, müxtəlif ölkələrin razılaşması üzrə bu məqsədlərə çatmağa yönəldilmiş mərkəzi orqanın funksiyalarının yerinə yetirilməsidir.
A.Broek bildirdi ki, Azərbaycan 2012-ci ildə BMT-yə üzv olmasının 20 iliyini qeyd edib. Bu dövrdə Azərbaycan ilə BMT arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Hazırda Azərbaycan BMT sistemi və yerli nümayəndəliklərlə təmsil olunan, ümumilikdə, 19 BMT agentliyini əhatə edir. Bu qurumlar arasında BMT-nin İnkişaf Proqramı, UNİCEF, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və digərləri var.
“Dəyirmi masa”da “BMT sənədləri və milli qanunvericiliyin təkmilləşdirilməsi”,
“Azərbaycan və BMT: qarşılıqlı əməkdaşlıq”,
“Azərbaycanda vətəndaş cəmiyyətinin
formalaşması və inkişafında BMT-nin
rolu” və digər mövzular
üzrə çıxışlar dinlənildi.
Nigar Abdullayeva
Palitra.-2013.-25 oktyabr.-S.7.