“Azərbaycanlıların
soyqırımını əks etdirən geyim
kolleksiyası üzərində çalışıram”
Qalib Həsənov: “Xaricdə təhsil
alan hər bir gənc
savadlanmaqla yanaşı Azərbaycanın
müsbət imicini
formalaşdırır”
Xaricdə
müxtəlif sahələr üzrə təhsil alan Azərbaycanlı gənclər var. Müsahibimiz Qalib Həsənov isə (Galib
Gassanoff) İtaliyada
nisbətən fərqli sahə üzrə təhsil alır.
O, müsahibəyə ilk olaraq
özü haqda
danışmaqla başladı:
-1994-cü il oktyabrın 26-da Gürcüstanın Qardabani (Borçalı,Qarayazı) rayonunun Qaracalar kəndində dünyaya gəlmişəm. Sadə azərbaycanlı ailəsində tərbiyə almışam. Həmin kəndin orta məktəbində təhsilimi (Azərbaycan dilində) başa vurduqdan sonra Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Film (kinemotoqrafiya) Universitetinə daxil olmuşam. Məktəbin son illərində geyim mədəniyyəti və dizayn üzrə Medea Çaxava İncəsənət akademiyasinda təhsil alırdım, təhsilin səviyyəsinin aşağı olmağına baxmayaraq dəyərli məlumatlar əldə etdim. Həmin təhsil müəssisəsinin son ilində artıq Tbilisi moda həftəsinin “Gənc dizayner” (Tbilisi Faşion Week-Newcomers 2013) müsabiqəsində iştirak etməyə cəhd göstərdim, uğur əldə etdim. 1-ci yer və Polşada “Inny Wymiar Mody-Bialystok’’-da Gürcüstanın təmsili mənə həvalə olundu. Həmin il, eyni kolleksiyanı “Be Next’’ beynəlxalq moda müsabiqəsində “Be Next Faşion Design Contest-Art and Faşion days 2013’’ təqdim edərək qaliblərdən biri oldum və “Milan Haute Future Faşion Academy’’-də 1 il təhsil almaq şansı əldə etdim. Hazırda Milanda həmin müəssisədə təhsil alıram.
- Gənclərimizin
xaricdə təhsil almaları Azərbaycan üçün
nə dərəcədə əhəmiyyətlidir?
-Avropa ölkələrindəki təhsil səviyyəsinin və texnologiyanın inkişafı, eyni zamanda kadrların müasirliyi gənclərin xaricdə təhsil almağa daha çox can atmasına vadar edir. Bu həm də Azərbaycanın və azərbaycançılığın xarici ölkələrdə, dünyada təbliği deməkdir. Xaricdə təhsil alan hər bir gənc savadlanmaqla yanaşı Azərbaycanın müsbət imicini formalaşdırır...
- Sizi
hansı səbəb bu sahəyə
çəkib?
- Uşaqlıqdan incəsənəti sevirəm, rəsmlə məşğul oluram. Moda (Dəb) və dizayn incəsənətin müasir növlərindəndir. Hər bir şəxs geyimi ilə öz daxili hisslərini, kimliyini danışmadan nümayiş edə bilər, sadəcə bundan düzgün istifadə edə bilmək zəruridir. Hər bir kolleksiyanın mövzusu, hədəf nöqtəsi var. Məsələn, Azərbaycan mövzusunda hazırlanmış geyim kolleksiyası ilə mən Azərbaycanın tarixini, geyim mədəniyyətini, musiqisini və daha bir çox yönünü nümayiş edə bilərəm. Belə minlərlə mövzu var və reallıqları bu cəhətdən ictimaiyyətə çatdırmaq fərqli, yeni bir vasitədir. Məhz buna görə bu sənətdəyəm.
- Təhsilinizi
bitirdikdən sonra Vətənə dönüb bu sahədə
çalışacaqsınız?
- İlk növbədə qeyd edim ki, mənim iki vətənim var; Gürcüstan və Azərbaycan. Hər ikisində də bu sahə zəif inkişaf etdiyindən Qafqaz reallıqlarını Qərbə çatdırmaq üçün hansısa Avropa ölkəsində fəaliyyət daha məqsədəuyğundur.
- İtaliyada bu sahədə olan yerli dərnək və klublarla əməkdaşlıq edirsiniz?
-Təhsil və yeni layihələrlə əlaqədar bir çox qurumlarla çalışıram. İtaliyanın yeni brendlərindən olan Cristiano Burani ilə təhsil, “Camera Nazionale della Moda Italiana’’ yeni layihələr və “GQ İtaly” jurnalı ilə layihələrin mətbuatda təqdimi istiqamətində əməkdaşlıq edirəm.
-Azərbaycanda moda sənətinin vəziyyətini necə
qiymətləndirirsiz?
- Azərbaycanda incəsənətin bütün sahələrindən fərqli olaraq təəssüflər olsun ki, geyim mədəniyyəti və dizayn sahəsində heç bir inkişaf hiss olunmur. Müasir həyatda bu sahəyə böyük ehtiyac var, gənclərin həyatında böyük yerə sahib olan geyim Azərbaycanda bir növ cəfəngiyyata çevrilib. Rəng və parçaların, həndəsi kəsimlərin uyğunsuzluğu Azərbaycanda bu sənətin demək olar ki, heç inkişaf etməməsinin əsas göstəricisidir.
- Sizcə, Azərbaycanda
bu sahəni necə inkişaf
etdirmək olar?
- Düzgün təhsil sistemi, müasir kadrlar və yaradıcı gənclər Azərbaycanda bu sahənin inkişafına töhfə verəcək amillərdəndir. Bu sahənin tam Azərbaycan dilində inkişafı vacibdir. Nədənsə bizim “intelligentlərimiz” bu və bəzi bunun kimi sahələrin rus dilində tədrisinə üstünlük verirlər. Bu da sənətin xalqa əks-təsirinə gətirib çıxarır, milliliyi və müasirliyi məhv edir. Yalnız bundan sonra ümid edirəm ki, televiziyada özünü tapa bilməyən “incəsənət xadimləri”nin, televiziya işçilərinin geyimini və zövqünü müəyyən qədər dəyişə bilərik. Məhz mətbuatda müntəzəm görünən şəxslər uşaq və gənclərə örnək, nümunə olurlar. Bu gün tragikomik vəziyyətdə olan bir çox müğənnilərin və digərlərinin xarici görünüşü müəyyən qədər müasirləşərək, mentallığımıza uyğun gəlir.
-Özünüzü
gələcəyin tanınmış modelyeri
kimi görürsünüzmü?
- Əgər mən bu gün özümü ən öndə gedənlərlə müqayisə etməsəm, gələcəkdə orta səviyyədə belə dayana bilmərəm. Bunun üçün ən yüksək pilləni arzulayaraq irəliləməyi vacib görürəm. Məhz buna görə, niyə də yox? Bir azərbaycanlının da bu sahədə öz sözünü deməyə haqqı və imkanları var.
- Gələcək
üçün hansı
planlarınız var?
-Gələcək üçün əsas planım və məqsədim öz markamı qurmaq və geyim mədəniyyəti sahəsində, müasir dəb incəsənətində yeni xətt, Qərb və Şərqin qovşağını yaratmaqdır. Azərbaycan milli atributlarindan və musiqimizdən maksimum dərəcədə istifadə edərək təbliğ etmək və dünya ictimaiyyətinə çatdırmaqdır. Hal-hazırda tarixi həqiqətlərimizi, azərbaycanlıların soyqırımını əks etdirən yeni kolleksiya üzərində çalışıram. Adı “613” olacaq bu layihə Xocalı həqiqətlərini əks etdirən geyim kolleksiyasından ibarət olacaq. Bu kimi layihələr çoxdur. Belə işlərin siyasi potensialı da müəyyən dərəcədə yüksəkdir.
Fuad Hüseynzadə
Palitra.-2013.-24 oktyabr.-S.7.