AnkaradaArşın mal alan”ın premyerası anşlaqla keçib

 

Dahi Azərbaycan bəstəkarı Üzeyir HacıbəylininArşın mal alanoperettasının 100 illiyi münasibətilə Ankara Dövlət Opera Balet Teatrı bu ölməz əsəri səhnələşdirib öz repertuarına daxil edib.

Ankara Dövlət Rəsm və Heykəl Muzeyinin opera səhnəsində keçirilmiş premyera anşlaqla müşayiət olunub. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi “Arşın mal alan” operettasının premyerasına Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və diplomatlarımız, qardaş ölkə ictimaiyyətinin nümayəndələri, burada yaşayan azərbaycanlılar da tamaşa ediblər. Üzeyir Hacıbəylinin ecazkar musiqisini Mustafa Ərdoğanın dirijorluğu ilə Ankara Dövlət OperaBalet Teatrının simfonik orkestri böyük ustalıqla səsləndirib. Gülçöhrə rolunun ifaçısı Dolun Erdener və Əsgərin obrazını canlandıran Emrah Sözər də milli koloritimizin təcəssüm etdirilməsinə xüsusi diqqət yetiriblər. Türkiyənin tanınmış xoreoqrafı Dəniz Çığının milli rəqslərimizin hazırlanmasında göstərdiyi böyük səylər də tamaşaçıların rəğbətinə səbəb olub. Qardaş ölkədə 100-cü ildönümündə uğurla səhnələşdirilən “Arşın mal alan” operettası Türkiyə paytaxtında böyük əks-səda doğurub. Ankara auditoriyası yaradıcı kollektivi uzun müddət ayaq üstə alqışlayıb.

 

Palitra.-2013.-29 oktyabr.-S.13.