“Bizə savadlı, bilikli, dünya
kinosundan informasiyası olan kinoşünaslar lazımdır”
Nadir Əliyev:
“Regionların inkişafını və oradakı
yaşayış səviyyəsinin yaxşı mənada dəyişməsini
nəzərə alsaq kənd həyatından bəhs edən
filmlərin çəkilməsi vacibdir”
Layihə çərçivəsində
müsahibimiz prodüser Nadir Əliyevdir:
“Qorxma,
mən səninləyəm-1919”un prodüseri Nadir Əliyev
kino sahəsində mövcud vəziyyət və bu istiqamətdə
görülən işlərdən danışdı:
- Kino yaradıcı işdir və icraçı prodüser ilk növbədə yaradıcı insan olmalıdır. O təkcə vəsaiti paylaşdıran, xərcləyən insan olmamalıdır. Bilməlidir ki, pulu nəyə xərcləyir. Bundan başqa təkcə rejissorun tələbi ilə hərəkət etməməli, özünün münasibətini də göstərməlidir. Çünki birinci növbədə həm rejissor, həm prodüser filmin sonrakı taleyi haqqında fikirləşməlidirlər. Konkretləşdirsək, zövqlü, yaradıcı insan olmalı, vəsaiti lazımı səmtə yönəltməlidir. Müşahidələrimə əsasən deyim ki, son illər xaricdən gələn kino qrupları ilə işləyərkən mən onlar tərəfindən texnikaya, çəkiliş avadanlığına maliyyə ayrılmasına simiclik etməmələrini gördüm. Çünki müasir kino texnikadan çox asılıdır. Hər bir prodüser ən müasir kameradan çəkməyə çalışmalıdır və kino istehsalında ən müasir texnologiyalardan istifadə etməlidir. Şübhəsiz, vəsait ona çatmır. Amma o götür-qoy edir ki, bu məqamda hansı daha vacibdir. Ən əsası sən işini elə qurmalısan ki, çəkiliş dövrü tez bitsin və onun hesabına əldə edilən qənaəti filmin xeyrinə işləyən lazımi sahəyə yönəldə biləsən.
Hər bir insanın daxili təbiəti var. Kinoda bu
işlə məşğul olacağım heç
yatsaydım yuxuma da girməzdi. Yadımdadı, 1958-ci il idi. Bağda, qonşumuzda bizdə
olmayan bir şey var idi- televizor. Bir dəfə axşam
uşaqlarla həyətdə oynayırdıq, Kimsə dedi ki,
axşam televizorda müharibə haqda film göstəriləcək.
Valideynlərimin icazəsi olmadan qonşuya
getdim, qapını açan olmadı. Onların
da hasarı mənim boyumdan hündür idi. Mən bir neçə dəfə səslədim,
amma heç kəs cavab vermədi. Daşı
qoydum ayağımın altına, hasara söykənə-söykənə
uzaqdan filmə baxmağa başladım. Evə
gələndə üstüm-başın dağınıq,
soyuqdan titrəyirdim və gözlərimdə yaş var idi.
Anam qapıda məni qarşıladı və mən
ona hər şeyi danışdım, o isə heç nə
demədi. Ertəsi gün axşam atam gəldi
və maşından bir qutu çıxartdı. Bu televizor idi. Mənim sevincimin həddi
hüdudu yox idi. Bəlkə də bu uzun
yolun başlanğıcı idi. Kinoya
vuruldum və rejissor olmaq istədim. Amma
kinematoqrafiya institutuna daxil olmaq istəyəndə mənə
dedilər ki, rejissorluq üçün hələ çox
cavanam. Məni uşaq kimi aldadıb film
direktorluğuna yönəltdilər və belə də
alındı. İmtahan verdim və Moskva
Dövlət Kinematoqrafiya İnstitunun İqtisadiyyat fakültəsinə
daxil oldum. İndi isə o fakültə
prodüser fakültəsi adlanır.
-Bu səbəbdən Azərbaycanda
da direktorlar prodüser kimi tanınır?
- Sovet
dönəmində filmin direktoru iki vəzifə icra edirdi. O həm
maliyyə, həm də təşkilati məsələlərə
baxırdı. Bizdə bu gün Azərbaycanda
prodüser sözü öz mənasını tam doğrulda
bilmir. Birinci, hələ elə bir
prodüser yoxdur ki, öz təklifi və ideyası ilə
filmi çəksin, aparıb onu satsın, pul qazansın.
Çünki prodüserin əsas işi budur.
O qazanmalıdır ki, o biri filmini çəkə bilsin. Bizim
indiki durumumuz belədir : filmi çəkdilər,
rejissor deyir ki, mən getdim hansısa festivaldan medal, diplom
aldım. Amma kinoya tamaşaçı
baxmalıdır və prodüser ondan pul qazanmalıdır.
Mən özümə həmişə direktor
demişəm. Rusiyada film direktoru - təşkilati
işlərlə məşğul olur, yəni çəkiliş
meydançasını təşkil edir, lazimi texnikanı
hazırlayır. İcraçı
prodüser maliyyə strategiyasını qurur və
düzgün istiqamətə yönəldir. Amma bizdə isə köhnə qaydadır.
-Sizcə, bu gün Azərbaycanda
hansı kino peşələrinə daha çox ehtiyac var?
- Məni
narahat edən məsələlərdən biri də Azərbaycanda
kinoşünasların olmamasıdır. Bir iki
nəfər var ki, onlar da yaşlı nəsildir. Gənclər heç nə yazmırlar. Bizə savadlı, bilikli, dünya kinosundan
informasiyası olan kinoşünaslar lazımdır. Ona görə də bir rejissor film çəkir, həmin
filmə normal lisenziya verilmir və bu da öz növbəsində
yaradıcı insanda öz işi haqqında “razılıq”
hissi yaradır.
-Son işlədiyiniz filmlərdən
bir də “Dolu”dur. Qarabağ müharibəsindən
bəhs edir. Sizcə bu mövzuda biz yerli, yoxsa xarici
tamaşaçılar üçün film çəkməliyik?
- Filmi
xarici ya da daxili tamaşaçılar üçün çəkmək
lazım deyil. Müharibə bəşəri
mövzudur, təkcə Azərbaycana aid deyil. Mən hesab edirəm ki, Qarabağ problemi həll
olunmadıqca və olunduqdan sonra da bu mövzuda filmlər
çəkilməlidir. Bu baxımdan həyat
yalnız Bakıda cərəyan etmir, regionların
inkişafını və oradakı yaşayış səviyyəsini
yaxşı mənada dəyişməsini nəzərə
alsaq kənd həyatından bəhs edən filmlərin
çəkilməsi də vacibdir. Bu da əhalinin öz
regionlarına dönməsinə yardımçı ola bilər. Bu mövzunu da
gündəmdə saxlamaq vacibdir. Ümumiyyətlə
məncə, insanları təmizliyə çağıran
mövzulu filmlərə həmişə üstünlük
verməliyik.
-Sonuncu işiniz “Qorxma mən səninləyəm
1919” filmi Azərbaycan və Rusiyanın birgə istehsalı
kimi qiymətləndirilir. Bilmək istərdim, bu ölkələr
filmdə hansı proporsiyalarla təmsil olunur?
- Bu film
birgə iş olduğundan vəzifələr
bölünür. Rusiya filmi bütün texniki
avadanlıqlarla və həmin avadanlıqları işlədən
mütəxəssislərlə təmin etdi. Üstəlik əsas yaradıcı kollektiv də
Rusiyadan idi. Filmin rejissoru və ssenari
müəlllifi Yuli Qusman, hər iki ölkəni təmsil
edirdi. Quruluşçu operator Vadim Alisov, rəssam
və səs rejissoru da Rusiyadan idi. Filmin baş qəhrəmanlarına
gəlincə, Lev Durov, Muxtarbəy Kantemirov, Mixail Yefremov
Rusiyadan, Polad Bülbüloğlu və iki gənc aktyor : Eldar Qasımov, Kristina Güləliyeva
Azərbaycandan idilər. O ki, qaldı filmin maliyyə məsələlərinə,
burda çox hissə Azərbaycanın, digər hissə isə
Rusiyanın payına düşürdü.
-Müştərək layihələr
müxtəlif xasiyyətli insanları bir yerə cəlb edir
ki, bu da ünsiyyətdə çətinlik yaradır. Siz bu problemlə qarşılaşmadınız ki?
- Qətiyyən,
bu heç bir problem yaratmadı. Çəkiliş
heyəti iki ay Azərbaycanda qaldı. Təsəvvür
edin ki, texniki və yaradıcı heyət bir- birilərinə
o qədər isinişdilər ki, ayrılanda hətta kövrəlmişdilər.
Bu çox normal vəziyyətdir. İnsanlar birgə işləyirlər, biri -birilərinin
xasiyyətlərini öyrənirlər, birgə çörək
yeyirlər, əziyyət çəkirlər nəticədə
bir ailə kimi doğmalaşırlar. Onlar
arasında ən əsas bağlılıq
hamısının kinematoqrafçı olmasındadır.
Bu baxımdan kinonun çətinliyini də,
ağırlığını da öz çiyinlərində
hiss edən bu insanlar arasında həmişə həmrəylik
var.
-Film Azərbaycan, yoxsa Rusiya
tamaşaçısına daha çox ünvanlanıb?
- Bu filmdə
əksər hadisələr Azərbaycanda baş verir. Qəhrəmanlar da hər iki ölkənin nümayəndələridir.
Mənə elə gəlir ki, hər iki tərəf
üçün film maraqlı olmalıdır. Yaş məsələsinə gəlincə, film gənclər
üçündür. Belə ki, filmdə gənc nəslin
çox sevdiyi məcaralar, döyüş epizodları, komik
hadisələr və s. öz əksini tapıb. 1982-ci ildə “Qorxma mən səninləyəm” filmi
Mərkəzi televiziya ilə nümayiş olunanda “Azərbaycanfilm”
kinostudiyasının ünvanına çoxlu sayda məktublar
gəlirdi. Tamaşaçılar filmin mahnılarını,
sözlərini, özünü istəyirdilər. İnanıram ki, bu film də ondan geri qalmayacaq.
80 -cı illərin tamaşaçıları bu gün də
sağdırlar. Əminəm ki, onlar da bu filmin
davamını səbirsizliklə gözləyirlər.
- Dünya təcrübəsində davam filmləri heç də həmişə uğurlu olmur. Elə Rusiyanın istehsalı olan və indiyə qədər də çox sevilən filmlərin davam filmləri də uğursuzluq zolağından qurtula bilmir...
- İlk film - “Qorxma mən səninləyəm”
1981-ci ildə çəkildi. Tamaşaçılar filmi həqiqətən
çox sevdilər. İnandırım sizi, bu gün sovet məkanında
Azərbaycandan söhbət gedəndə hamı “Qorxma mən
səninləyəm” filminin adını çəkir. Bu filmdə
çox gözəl aktyor ansamblı yaranmışdı.
Polad müəllimin gözəl musiqisi və
mahnılarını ən məşhur sovet
estradasının müğənnilərinin filmdə ifa etməsi
o dövr üçün böyük ajiotaj və maraq
doğururdu. Həmin tamaşaçılar heç
şübhəsiz filmin davamını istərdilər. Yeni
ssenaridə 1919-cu il, ilk Demokratik Cümhuriyyətin
qurulmasından sonrakı hadisələrdən söhbət
açılır. Polad Bülbüloğlu Teymur Məmmədbəyov
rolunda ölkənin nüfuzlu adamlarından biri, bəstəkar
və Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentinin
deputatıdır. Həmidə Ömərova onun həyat
yoldaşıdır. Düz qeyd etdiniz, təcrübələr
bəzən onu göstərir ki, davam filmləri istənilən
nəticəni vermir. Bir qayda olaraq birinci film yaxşı olur, ikinci film ona bənzəyir. Amma
şübhə etmirəm ki, bizim filmin taleyi uğurlu olacaq.
-Bu müştərək layihə Azərbaycana
nə qazandıracaq?
- Bu Azərbaycanı tərənnüm edən bir film
olacaq. Azərbaycanın təbiətini, adət -ənənələrini,
insanlarının mərdliyini və dostluğunu
nümayiş etdirəcək. Bir sözlə,
Azərbaycan bu layihədən çox şey qazanacaq. Film iki - Azərbaycan və rus dillərində olacaq
və ilk öncə Rusiyanın Mərkəzi kanalları ilə
göstəriləcək. Nəzərə
alsaq ki, ORT kanalına bütün keçmiş SSRİ
ölkələrinə daxil olan dövlətlər baxır,
bu, film üçün uğurlu olacaq. Hətta deyərdim
ki, böyük səs-küy yaradacaq Təsəvvür edin,
sovet dönəmində axşam saat 8-9 radələrində Mərkəzi
kanalı ilə hansısa filmin nümayiş olunması o demək
idi ki, bu filmə 60 milyondan artıq əhali tamaşa edir. Ondan sonra bütün SSRİ bu filmi
tanıyırdı. Hətta
mahnılarının sözlərinə qədər əzbər
bilirdilər. Bundan başqa Rusiyanın
imkanı var ki, filmi Avropada da göstərsin.
Nigar Abdullayeva
Palitra.-2013.-29 oktyabr.-S.11.