“Avropada Azərbaycanın
imicinin güclənməsinə
çalışırıq”
Günay Muradlı: “Məqsədimiz Finlandiyada yaşayan gənc
soydaşlarımızı gələcəkdə Avropa gənclər təşkilatlarına üzv olmaları üçün
hazırlamaqdır”
Finlandiya- Azərbaycan Yeniyetmə Gənclər Təşklatı Helsinkidə təsis edilib. Təşkilatın sədri diaspor fəaliyyətinə 2006-cı ildə başlayan Günay Muradlıdır. Qeyd edək ki, Yeniyetmə Gənclər Təşkilatı, Finlandiya-Azərbaycan-Assosiasiyasının nəzdində fəaliyyət göstərir. G.Muradlı da Finlandiya-Azərbaycan Assosiasiyasının fəal üzvdür. Avropa və Azərbaycanda fəaliyyət göstərən bir çox gənclər təşkilatları ilə sıx əlaqədədir. Avropada və Azərbaycanda keçirilən əksər forumlarda fəal iştirak edib.
-Günay xanım, mümkünsə oxuculara özünüzü tanıdardınız.
- Özüm haqqında qısa olaraq deyə bilərəm ki, Bakıda dünyaya göz açmışam. Təhsilimin bir hissəsini vətənimdə almışam. 2002-ci ildən isə təhsilimi Finlandiyanın Espoo şəhərində davam etdirmişəm. Hal-hazırda Finlandiyanın Şərq Universitetinin Tibb fakültəsində təhsil alıram. Diaspor fəaliyyətinə başlayandan bir çox ölkələrdə olmuşam, amma doğma Azərbaycandan gözəl, əziz heç bir ölkə yoxdur. Bu mənim səmimi sözümdür.
- Təşkilatın yaranma tarixi və hazırkı fəaliyyəti haqda nə deyə bilərsiniz?
- Finlandiya-Azərbaycan Yeniyetmə Gənclər Təşkilatı fəaliyyətinə 2006-2007 tədris ilindən Finlandiyanın orta məktəblərdə Azərbaycan dilinin tədrisi ilə başlayıb. Məqsədimiz Finlandiyada anadan olmuş və təhsil alan yeniyetmələr arasında iş aparmaq, onları Azərbaycan haqqında məlumatlandırmaq və maarifləndirmək, bizdən sonra gələn yeniyetmə gənclərə dilimizin zənginliyini, vətənimizin tarixini aşılamaq, bizlərin yolunu davam etməkdə onlara yardım etməkdir. Beləliklə də gələcəkdə Avropada Azərbaycanın imicinin güclənməsində onların rolunun olmasına çalışmaqdır. Yeniyətmə gənclərimizi bu işlərdə fəal olmağa cəlb etmək təşkilatımızın əsas vəzifələrindəndir. 2008-ci ildən Finlandiya-Azərbaycan Assosiasiyasının nəzdində fəaliyyət göstəririk. Bir cox ölkələrdə keçirilən gənclər forumlarında iştirak etmişik.
- Diaspor
fəaliyyətində yaşlı nəsil diaspor
nümayəndələrinin təcrübəsindən necə
yararlanırsınız?
- Demək olar ki, yaşlı nəslin təcrübəsi hər zaman, hər yerdə biz gənclərə hava və su kimi gərəkdir. Biz onların təcrübəsindən istifadə etməsək, gələcək nəslə heç nə verə bilmərik. Bu baxımdan daima yaşlı nəsil diaspor nümayəndələrinin yanında olur, onların təcrübələrindən yararlanırıq.
- Birinci
nəsil diasporumuzun etmədiyi və ya edə bilmədiyi hansı işlər var ki, bu
gün onlar sizin prioritetlərinizdir?
- Mənə belə gəlir ki, hər bir dövrün problemləri hər zaman olur və bu problemləri qarşıdan gələn dövrlərdə həll etmək daha asan olur. Bu da inkişafla birbaşa bağlı olan məsələdir.Yəni, biz gənclərin üzərinə düşən vəzifədir.
- Ümumiyyətlə, Finlandiyada Azərbaycan diasporunun neçə nəsli formalaşıb. Bu gün orada diasporumuzun 3-cü nəslinin itməsi problemi yaşanmır ki?
- Hələ ki, 2 nəsil demək olar. Çalışırıq ki, itməsin.
Məhz bu səbəbdən əlimizdən gələni
etməyə çalışırıq.
- Finlandiyada
Azərbaycanın təbliğ
olunması istiqamətində
hansı layihələr
həyata keçirirsiniz?
- Bütün bu işlərə YGT sədr
müavini olan Vəfa xanımla başlamışam. Finlandiyada bir
çox işlər görmüşük. Dəfələrlə Azərbaycan haqqında maraqlı sənədli filmlər nümayiş etdirmişik. Finlandiyada Azərbaycanı
yetərincə tanıtmaq
üçün Vəfa
xanımın əməyi
olduqca böyükdür.
Belə ki, mütəmadi olaraq təhsil ocaqlarında, ictimai yerlərdə, Finlandiyanın
parlamentində təmsil
olunan Kokomus partiyasında Azərbaycanın
tarixi, mədəniyyəti,
Qarabag həqiqətləri
haqda maraqlı təqdimatlar edib.
- Finlandiyada yaşayan azərbaycanlı gənclərdə
vətənpərvərlik hissləri hansı səviyyədədir?
- Əlbəttdə ki,
olduqca böyükdür. Finlandiyada
yaşayan və təhsil alan
bütün azərbaycanlı
gənclərin hər
zaman qəlbləri vətənləri ilə
döyünür və
Azərbaycanı yetərincə
tanıtmaq üçün
hər fürsətdən
istifadə edirlər.
- Siz, Finlandiyanın hansısa gənclər təşkilatları
ilə əməkdaşlıq
edirsinizmi? Onlarla birgə layihələriniz
olubmu?
- Finlandiyanın təhsil ocaqlarında gənclər
qrupları var ki, onlarla daim
əlaqə saxlayırıq.
Hər bir toplantıda istər biz, istərsə
də onlar bir yerdə oluruq. Amma birgə layihələrimiz
hələ ki olmayıb. Gələcək
planlarımızda birgə
iş birliyi qurmaq da var.
- Tədbirlərinizə
yerli xalqın marağı necədir?
- Çox böyük həvəslə bizim tədbirlərdə iştirak
edirlər. Ümumiyyətlə, fin xalqı burada
yaşayan digər xalqların mədəniyyətinə,
adətlərinə böyük
hörmətlə yanaşır.
- Perspektivdə hansı tədbirləri keçirməyi nəzərdə
tutursunuz?
- Gələcəkdə xalq
nağıllarımızı tərcümə edib çap etdirmək istəyirik. Eyni zamanda Azərbaycandakı
gənclərlə Finlandiyadaki
gənclər arasında
körpü yaratmaq, yeniyetmə gənclərin
fəaliyyətlərini artırmaq
məqsədi ilə onları ictimai işlərə cəlb etmək fikrimiz var. Elə təşkilatı
yaratmaqda məqsədimiz
Finlandiyada yaşayan gənc soydaşlarımızı
gələcəkdə Avropa
gənclər təşkilatlarına
üzv olmaları üçün hərtərəfli
hazırlamaqdır. Çox sevindirici
haldır ki, Finlandiyanın Espoo şəhərində
Mərkəzi- Espoo adlı
orta məktəbdə
2006-cı ildən azərbaycanlı
uşaqlar üçün
Azərbaycan dili fənni tədris olunur. Onların maariflənməsini bizim təşkilat öz üzərinə götürüb. Biz Avropa
ölkələrində fəaliyyət
göstərən gənclər
təşkilatları ilə
iş birliyi qururuq. Əgər belə bir təşkilat digər Avropa ölkələrində
fəaliyyət göstərirsə,
məmnuniyyətlə əməkdaşlığa
hazırıq. Bu işdə bir-birimizə kömək olaq, dövlətlərarası azərbaycanlı
uşaqlar və yeniyetmələr arasında
körpü yaradaq.
Mənə elə gəlir
ki, bu, çox
gözəl bir fikirdir. Böyüməkdə
olan yeniyetmələrə
bundan gözəl töhfə ola
bilməz. Bu iş də biz gənclərin
üzərinə düşür.
Fuad Hüseynzadə
Palitra.-2013.-29 oktyabr.-S.7.