Rəhman Əhmədov: “Türkiyədə azərbaycanlı tələbələrin təşkilatlanma işləri yüksək səviyyədədir”

 

Son illərdə Azərbaycandan xarici ölkələrə təhsil almağa gedən gənclərin sayı artmaqdadır. Ölkəmizin inkişafı gənclərə təhsillərini yeni istiqamətlərdə davam etdirmək üçün perspektivlər açır ki, tələbə və şagirdlərimiz də bundan maksimum yararlanırlar. Təsadüfi deyil ki, Avropa və ABŞ-ın aparıcı universitetlərinə qəbul prosesinin ilbəil çətinləşməsinə baxmayaraq, azərbaycanlı gənclərin bu ali təhsil ocaqlarına qəbulu çoxalıb. Bu da təhsilimizin inkişafından xəbər verir. Savadlı gənclərin sayının çoxalması təqdirəlayiq haldır. Belə tələbələrdən biri bu il Türkiyənin aparıcı universitetlərindən birinə qəbul olmuş Rəhman Əhmədovdur. Türkiyənin Qaradəniz Texniki Universitetinin Sənaye mühəndisliyi fakültəsində təhsil alan bu gənc Türkiyədəki azərbaycanlı tələbələrin fəaliyyəti, ümumilikdə təhsil sistemi ilə bağlı fikirlərini “Palitra” ilə bölüşüb:

- Öncə onu deyim ki, Türkiyədə - özümüzə qardaş bildiyimiz bir ölkədə təhsili davam etdirmək mənim üçün fəxrdir. Bildiyiniz kimi, digər xarici ölkələrdən fərqli olaraq Türkiyə Azərbaycana dil, din adət ənənə və sair baxımdan çox yaxın bir ölkədir. Bu baxımdan belə bir dövlətdə təhsil almaq, Azərbaycanla bağlı bəzi reallıqları qardaş ölkənin gənclərinə çatdırmaq insanda qürur doğurur. Təsadüfi deyil ki, qəbul olduğum universitetə qeydiyyat işləri ilə bağlı məsələdə də heç bir problem yaşanmadı, nəinki məskunlaşıb yeni kollektivlə ünsiyyət qurmaqda. Çünki dil fərqi demək olar ki yoxdur. Bundan başqa burada kifayət qədər azərbaycanlılar da təhsilini davam etdirirlər. Türkiyədə yaşayan çoxsaylı azərbaycanlıları da bura əlavə etsək, o zaman xaricdə təhsil alan tələbə kimi, özümüzü yad yerdə hiss etmədiyimizi deyə bilərik. Adətən xaricdə təhsil almağa üz tutan tələbələr məişət problemlərində - ən çox gündəlik qidaları ilə bağlı məsələdə çətinlik çəkirlər. Çünki fərqli mədəniyyətlər, fərqli mətbəx olur. Amma Türkiyədə bu problemlə də üzləşmədim. Mətbəxi də mətbəximizə çox oxşardır. Qısası, bu ölkə Azərbaycanla demək olar, eynidir. Bunu türklər də səsləndirirlər.

- Sizdən əvvəl universitetə qəbul olunmuş soydaşlarımızla əlaqələr hansı səviyyədədir? Bayram və tədbirlərdə təşkilatlanma işləri necədir?

- Təhsil aldığım universitetlə yanaşı ümumilikdə Türkiyədə azərbaycanlı tələbələrin sayı kifayət qədərdir. Sevindirici haldır ki, tələbələrin bir-biri ilə əlaqələri də yüksək səviyyədədir. Bildiyim qədəriylə, burada Azərbaycanla bağlı bayram, tədbir və sair yığıncaqlar olanda soydaşlarımız bir araya gəlirlər. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı artıq indidən tədbirlər hazırlanır. Daha doğrusu, bəzi azərbaycanlı tələbələr yığıncaqlar təşkil edib türkiyəli dostlarımızla bu günü yüksək səviyyədə qeyd etmək istəyirlər. Mən yeni qəbul olan tələbə olduğum üçün hələ ki bu işlərdə aktiv iştirak edə bilmirəm. Amma təbii ki, gələcəkdə bu istiqamətdə də fəal olacam.

- Türkiyə ilə bağlı təəssüratlar necədir? Təhsilin səviyyəsi qane edirmi?

- Türkiyəyə ayaq basdığım gündən məndə bu ölkə haqda xoş təəssüratlar yarandı. Ümummilli liderimiz Heydər Əliyevin dediyi məşhur “Bir millət, iki dövlət” fikri təsadüfdən yaranmayıb. Yəni doğrudan da biz azərbaycanlı tələbələr burada özümüzü çox rahat hiss edir və təhsilimizi yüksək səviyyədə davam etdiririk. Universitetimizdə xeyli sayda digər ölkələrdən olan tələbələr də var. Təsəvvür edin ki, ərəb, holland, alman, misirlis. xalqlardan olan bu gənclər arasında yalnız azərbaycanlılar mövcud mühitə çox erkən uyğunlaşa bilirlər. Hətta müəllimlər də dəfələrlə bildiriblər ki, azərbaycanlı tələbələri biz türkiyəlilərdən ayırmırıq və onlar ən tez təhsilimizə, metodikamıza, dilimizə uyğunlaşanlardılar. Təhsilin səviyyəsinə gəldikdə isə buradakı davamiyyət, dərslərin keyfiyyəti, metodika və ümumilikdə dərsliklər yüksək səviyyədə təşkil olunur. Azərbaycan təhsilinin son illərdə nə qədər inkişaf etdiyi hamıya bəllidir. Ali məktəblərdə də dərslərin səviyyəsi bildiyim qədəriylə xeyli yüksəlib. Bu səbəbdəndir ki, artıq Türkiyənin başqa ölkələrdə neft sahəsində fəaliyyət göstərən böyük şirkətlərinə Azərbaycan Neft Akademiyasının savadlı məzunları da perspektivli kadrlar kimi cəlb olunmağa başlayıb. Bunu burada, Türkiyədə olanda eşitdim və fəxr hiss keçirdim. Yaxın illərdə digər universitetlərimizi bitirən fərqli sahələr üzrə təhsil almış gənclərimiz haqqında da eyni xəbərləri eşidəcəyimizə şübhə etmirəm. Qısası, xaricdə təhsilin bir sıra önəmli cəhətləri olsa da, artıq Azərbaycanda ali təhsilin özünəməxsus müsbət cəhətləri var.

- Son illərdə Azərbaycanda gənc, savadlı kadrların önə çəkilməsi əsas prioritet məsələlərdən birinə çevrlib. Xaricdə təhsili başa vurandan sonra ölkəyə qayıdıb təhsil aldığın sahə üzrə çalışmağı planlaşdırırsanmı?

- Tamamilə razıyam. Bizim ölkənin iqtisadi inkişafı gənc, perspektivli kadrların önə çəkilməsini də zəruri edib. Bu mənada təhsilini xaricdə davam etdirən gənclərə də xüsusi ehtiyac yaranır. Mən sənaye mühəndisliyini oxuyuram. Bildiyiniz kimi Azərbaycanda sənaye həmişə iqtisadiyyatın inkişafında önəmli rol oynayıb. Bu mənada təhsilimi bitirəndən sonra sənaye müəssisələrində peşəkar kadr kimi çalışmağı arzu edirəm. Türkiyə böyük ölkədir. Sənaye sahəsi burada da inkişaf edib. Bu ölkə özü-özünü sənaye sahəsi ilə bağlı mütəxəssislərlə təmin edə bilir. Azərbaycan isə Türkiyənin müstəqilliyinin tarixi qədər müstəqillik tarixinə sahib deyil. Yəni, bizi dünyada yeni müstəqillik qazanmış ölkə kimi tanıyırlar. Elə burada ünsiyyətdə olduğumuz və müəyyən təbliğatlar apardığımız digər əcnəbi tələbələrlə söhbətlərimizdən də məlum olur ki, onlar Qafqaz ölkələrinə gənc ölkələr kimi baxırlar. Yəni, Azərbaycanın sənaye sahəsinin ən yüksək səviyyəyə gəlməsinə və özü-özünü yüksək səviyyəli mütəxəssislərlə tam təmin etməsinə bir neçə il var. Zənnimcə, bir müddət sonra Azərbaycana sənaye mütəxəssisi olmaq üçün tələbə axını olacaq. Bizbu işdə öz töhfəmizi verməyə hazırıq. Azərbaycanın çiçəklənən daha böyük bir ölkəyə çevrilməsini gənclərin təhsilə önəm verib, bu işin ardı ilə getməsində görürəm. Bu gün Türkiyənin özündə, eləcə də Avropanın inkişaf etmiş ölkələrinin əksəriyyətində gəncləri təhsillərini davam etdirməyə bəzi hallarda məcbur edirlər. Yəni, dövlətlər artıq belə bir problemlə rastlaşırlar ki, gənclər asudə vaxtlarını boş, mənasız işlərə baş qoşmaqla keçirirlər. Təhsilə ikinci dərəcəli baxırlar. Azərbaycanda isə belə bir problem demək olar ki yoxdur. Əksinə olaraq bizim ölkədə hər bir ailədə mütləq ali təhsil alan bir gənc olur. Türkiyəli müəllimlər də dəfələrlə qeyd ediblər ki, Azərbaycandan gələn gənclər təhsilə xüsusi önəm verib savadlı olmaları ilə seçilirlər.

 

Tural Tağıyev

Palitra.-2013.-31 oktyabr.-S.7.