“Kukla qalereyasının yaradılmasında məqsədimiz kukla sənətini inkişaf və təbliğ etməkdir”

 

Liana Vəzirova: “Bəlkə nə vaxtsa kolleksiyamızda nümunələrin sayı artdıqdan sonra bu qalereya kukla muzeyinə çevriləcək”

Layihə çərçivəsində müsahibimiz “Kukla” art qalereyasının direktoru Liana Vəzirovadır:

Bu gün paytaxtda bir çox muzey və qalereyalar fəaliyyət göstərir. Onlar tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif hadisələrindən xəbər verən eksponatları toplayıb qoruyan, saxlayan və nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Son illər paytaxtda fəaliyyət göstərən muzey və qalereyalar təmir və bərpa olunur, hətta yeniləri açılaraq ziyarətçilərin ixtiyarına verilir. Son vaxtlar fəaliyyətə başlayan belə qalereyalardan biri də Bakının mərkəzində, Yusif Məmmədəliyev küçəsi 14 ünvanında yerləşən fərqli bir qalereyadır. Bu, Azərbaycanda və Cənubi Qafqazda ilk "Kukla" art qalereyasıdır. Buraya daxil olan zaman insanlar sanki bir anda möcüzəli nağıl aləminə düşür. Burada bir-birindən fərqli, rəngarəng və sanki insanla danışırlarmış kimi sıralanmış kuklalar var. Neçə-neçə sənətkarın sənət nümunələri bu qalereyada özünə məskən salıb. Ziyarətçilər kukla dünyasının sehrli aləmində, kuklalar isə öz əyləncə dünyalarındadırlar.

Kukla sənəti ta qədimdən mədəni irs nümunəsi kimi sənət növləri sırasında geniş yayılıb. Bu sənətin 2500 il yaşı olduğu deyilir. Zamanın ələyindən ələnərək müəyyən dövrlərdə kukla sənəti ayin, oyun və daha sonra teatr alətinə, müasir dövrdə isə həm də bədii sənət əsərinə çevrilib. Bu gün kukla ustalarının işləri dünyanın məşhur muzey və qalereyalarında nümayiş olunur.

Paytaxtda fəaliyyətə başlayan qalereyanın rəhbəri və təşkilatçı Lalə Kazımova, direktoru Liana Vəzirovadır. Qalereyada olduğumuz bir saat ərzində insanların bu məkana böyük maraq göstərdiyinin şahidi olduq. Yaxınlıqdan keçən hər kəs bir-birindən maraqlı və diqqətçəkən kuklaları gördükdə biganə qalmayıb qalereyaya daxil olurdular. Yeri gəlmişkən qeyd edək ki, “Kukla” art qalereyasının giriş lövhəsini tanınmış rus rəssamı, art mexanizm üzrə mütəxəssis Viktor Qriqoryev hazırlayıb. Direktor bizimlə söhbətində bildirdi ki, fəaliyyəti dövründə kolleksiyaya yeni nümunələr daxil olub. Yerli sənətkarlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən - İtaliya, Rusiya, Ukrayna, Fransadan kukla ustalarının sənət nümunələri qalereyanı daha da zənginləşdirib:

- Kolleksiyamızda müxtəlif janrlarda işləyən tanınmış müəlliflərin işləri nümayiş olunur. Onlardan Yelena Mixaylova (interyer-kukla), Lada Repina (kukla-art obyekt kimi), Viktoriya Kukalo (stim pank), İrina Veştak-Ostromenskaya (heykəl-kukla) və başqalarını qeyd edə bilərəm. Hazırda bir çox layihə və planlarımız var. Əsas işimiz 2013-cü il 5-10 noyabr tarixlərində keçiriləcək II Bakı Beynəlxalq Kukla Bennalesine hazırlıqdan ibarətdir. Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə tədbirin təşkilatçılarından biriyik və bu tədbirdə aktiv iştirak edəcəyik.

Qalereya başqa ölkələrdə təşkil olunan sərgilərə də hazırlaşır. Moskvada keçiriləcək beynəlxalq sərgidə Azərbaycanı Elmira Abbaslı, Pərviz Hüseynov, İrina Qundorina və digər sənətkarların hazırladıqları kuklalarla təmsil edəcəyik. Kukla qalereyasının yaradılmasında əsas məqsədimiz kukla sənətini inkişaf və təbliğ etməkdən ibarətdir. Bəlkə nə vaxtsa kolleksiyamızda nümunələrin sayı artdıqdan sonra bu qalereya kukla muzeyinə çevriləcək. Bu, ölkəmiz üçün bir sənət sərvəti olacaq. Artıq Azərbaycan bu sahədə beynəlxalq sərgilərdə iştirak edirsə, deməli, sənət inkişaf edir və təkmilləşir. Biz istəyirik ki, Azərbaycanın çoxsaylı istedadlı və tanınmış rəssamları, heykəltəraşları olduğu kimi, kukla sənəti üzrə də daha çox sənətkarları yetişsin.

- Kukla sənəti üzrə sənətkarları bir yerə toplaya bilmisinizmi və onların səviyyəsi sizi qane edirmi?

- Bəli, bu gün Azərbaycanda bu sahə üzrə istedadlı ustalar var. Elmira Abbaslının əl işləri təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində nümayiş olunur və tanınır. O, dəfələrlə beynəlxalq sərgilərdə ölkəmizi təmsil edib. Pərviz Hüseynov və İrina Qundorina da bir çox beynəlxalq sərgilərdə iştirak ediblər və gözəl sənət nümunələri ilə tanınırlar. Onlar müxtəlif beynəlxalq layihələrin laureatları və mükafatçılarıdırlar. Qalereyamızda Tamilla Qurbanovanın da sənət nümunələri öz əksini tapıb.

- Kuklalar satışa çıxarılırmı?

- Əslində satış başlıca məqsəd deyil. Biz qalereyanın fəaliyyət göstərməsinə çalışırıq. Qalereyanın fondunda muzey əmlakı hesab edilən və eyni zamanda satışa çıxarılan kuklalar var. Çünki qalereyamız özəldir və biz buranın fəaliyyətini tənzimləmək üçün maddi vəsait də əldə etməliyik. Amma kuklaların çoxu satılmır və nadir nüsxələrdir.

- Şəhərimizin xarici qonaqları, turistlər qalereyaya maraq göstərirmi?

- Qalereya aprel ayından fəaliyyətdədir və ziyarətçilərimiz arasında əcnəbi qonaqlar da çox olur. May ayında Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən qonaqların bir çoxu qalereyamıza baş çəkdilər. Latviyanın, Litvanın, Çexiyanın, Səudiyyə Ərəbistanının mədəniyyət nazirləri və digərləri qonağımız oldular. Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik ki, qalereyamız turist marşrutlarına daxil edilsin. Hesab edirik ki, Azərbaycana gələn turistlərin bizim qalereya ilə tanış olmaları eyni zamanda sənət nümunələrimizi tanıtmağa şərait yaradacaq.

- Kukla bütün dünyada bahalı sənət nümunəsi kimi tanınır. Kukla ustalarına hansısa bir köməklik göstərə bilirsinizmi?

- Bizim əsas məqsədlərimizdən biri də respublikamızda kukla sənəti ilə məşğul olan insanlara yardım etməkdir. Onları dünya sənət nümunələri ilə tanış etmək, əl işlərini sərgilərə çıxarmaq və lazım gələrsə, bu sənətə aid ləvazimat və əşyaların mağazasını açmağı vacib sayarıq. Hazırda insanların bu sənətlə məşğul olmağa böyük marağı var. Buna görə də bəlkə gələcəkdə qalereyanın nəzdində dərnəklər də təşkil etdik. Kuklaların müxtəlif növləri var. Toxunma, tekstil, farfor və s. Bizim qalereyada bürüncdən hazırlanmış kuklalar var ki, bu nümunələr tanınmış italyan sənətkarı Katerina Veştakın kolleksiyasından qalereyamıza təqdim olunub. Onu da nəzərə çatdırmaq istərdim ki, çox vaxt mağazada satılan kukla oyuncaqla qalereyada nümayiş olunan kuklaları müqayisə edirlər. Bunlar tam fərqlidirlər və heç bir əlaqəsi olmayan sahələrdir. Qalereyada nümayiş olunan kuklalar sənət nümunələridir, sənət obyektləridir və müəllif işləridir. Bunu sadə dildə müqayisə etsək, əgər biz mağazadan hər hansı divar kağızı alırıqsa bunu rəsm əsəri adlandıra bilmərik, eləcə də kukla sənəti oyuncaq kukla istehsalından tam fərqlidir. Bizim nümunələrin əksəriyyəti tək nüsxələrdir.

- Kuklaları necə mühafizə edirsiniz?

- İlk növbədə qalereyada temperatur rejiminə nəzarət edirik. Məsləhətçimiz Pərviz Hüseynov hər həftə qalereyada kuklalara diqqətlə baxış keçirir, onların təmizlənməsi, lazım gəldikdə bərpa edilməsini həyata keçirir. Bu işlərə çox diqqətlə yanaşırıq. Kuklalara əl ilə toxunmaq olmaz. Onlarla ehtiyatla davranmaq lazımdır. Bəzən mənə elə gəlir ki, biz axşam evə gedəndən sonra bu kuklaların burada öz həyatı başlayır. Onlar hərəkətə gələrək öz dünyalarını yaşayırlar.

Sonda bir istəyimi də diqqətə çatdırmaq istərdim. Arzu edərdik ki, KİV-lər qalereya barədə geniş ictimaiyyəti məlumatlandırsın. Hazırda reklam çarxının hazırlıqları üzərində işləyirik və inanırıq ki, qalereyaya isti münasibət onun daha da inkişafına səbəb olacaq. Çoxları qalereyanın fəaliyyətindən xəbərsizdir və harada yerləşdiyi barədə belə məlumatları yoxdur.

 

Nigar Abdullayeva

Palitra.-2013.-30 oktyabr.-S.11.