Amerikada “AZƏRİCAN” layihəsinə
start verilib
Leyla Cavadova: “Amerikada yaşayan azərbaycanlılar
bizim kim olduğumuzu hamıya izah
edəcək”
Puerto Riko, yəqin ki, bura əksər azərbaycanlı üçün yad, tanınmaz bir ölkədir. Amma nə qədər qəribə olsa da, bu ölkədə yaşayıb təhsil alan azərbaycanlı var. Müsahibimiz Leyla Cavadova belələrindəndir. O bəlkə də Puerto Rikoda təhsil alan yeganə həmyerlimizdir. Leyla xanım hazırda Puerto Riko Universitetinin Tibb fakültəsinin ikinci kursunda oxuyur. Artıq 10 ildir ki, Azərbaycandan uzaqda olan həmyerlimiz bu müddətin 6 ilini Kanadada yaşayıb.
-Leyla
xanım, necə oldu ki,
belə bir uzaq ölkəyə
üz tutmalı oldunuz?
- İlk olaraq çoxlarının bilmədiyi üçün vurğulamaq istədiyim amil budur ki, Puerto Riko Amerika Birləşmiş Ştatlarının bir parçasıdır. 4 il bundan qabaq mənim valideynlərim mənə Kanadadan getməli olduğumu, başqa bir ölkədə hər bir şeyi yenidən başlayacağımı dedilər. Puerto Rikoya valideynlərimlə köçdük. Ölkəmdən, yaxınlarımdan ayrı bir ölkədə qalmaq mənə çox çətin gəldi. Bilmirdim, kimə zəng edim, kimlə danışım, kimi samovar çayına qonaq çağırım və bilim ki, o, samovar çayının nə olduğunu anlayır. İspanlar bizim insanlara çox bənzəyirlər-emosional, səs-küylü. Mənim üçün ən vacib bir amil odur ki, onlar öz ailələrini, yaxınlarını, öz millətini çox sevirlər. Amma doğma dilsiz, yaxınlarsız çox çətindir və bu, məni Azərbaycan üçün daha da çox darıxmağa vadar edir.
- Yəqin ki, Puerto Rikoda
azərbaycanlıların sayı barmaqla
sayılası qədərdir?
- Baxmayaraq ki, ştatlarda bizimkilər çoxdur, lakin adada, çox təəssüf, biz yoxuq. Puerto Rikoda ancaq mənim ailəm və bir fizika üzrə professor həyat yoldaşı ilə yaşayır. Bəlkə də azərbayanlı var, amma onlardan mənim xəbərin yoxdur. Əlbəttə, yaxınlarımın, dostlarımın burada olmasını çox istərdim, amma təəssüf ki, həyatda hər şey biz planlaşdırdığımız kimi olmur.
- Ümumiyyətlə,
Azərbaycanı orda necə
tanıyırlar?
- Mən Puerto Rikoda, bundan öncə qeyd etdiyim kimi, 4 ildir yaşayıram və “sən hardansan?” sualına “Azərbaycandanam” deyirəm. Onlar bizim ölkəmizin adını çox vaxt düz deməsələr də, mən onlara öyrədirəm. Onlara bizim mətbəxi və bizim mədəniyyəti göstərirəm. Hələ məktəbdə oxuyanda, bir layihə hazırlayanda çalışırdım hər yerdə ölkəmiz barədə yazım. Universitetdə də, həmçinin balaca da olsa, qalereya, proyektlər düzəltməyə çalışıram. Hətta “Facebook”da dostluğa əlavə edəndə Azərbaycan və rus dilində statuslar görəndə dərhal maraqlanmağa başlayırlar. Hamını deyə bilmərəm, amma mənim əhatəm, tanıdıqlarım Azərbaycan haqqında artıq demək olar ki, bilirlər. Bəziləri hətta bizim ölkəyə qonaq getmək istəyərlər. İmmiqrantların az olması ilə əlaqədar hər şey olduğu kimi asan deyil. Amma biz azərbaycanlıyıq, biz hər şeyi bacarırıq!
-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?
- Ölkədən kənarda təhsil alan gənclər dünyanı, ümumiyyətlə, onları əhatə edən hər şeyi görürlər. Azərbaycanda yaşayan insanlardan fərqli olaraq, onlar ölkəmizin gözəlliyini kənardan görürlər. Gənclər başqa dilləri öyrənir və başqa ölkələrin milli dəyərlərinə yiyələnərək Azərbaycana qayıtdıqda bir çox sərfəli və bizim ölkəyə faydalı olan proyektlər qururlar. Gənclər Azərbaycanı daha da yüksəklərə aparırlar. Əlbəttə ki, hər şey insanın özündən asılıdır.
- Puerto
Riko və Azərbaycan təhsil sisteminin hansı oxşar
və fərqli cəhətləri var?
- Amerika və Puerto Rikoda olan məktəblər sırf universitetə hazırlaşdırır. Buradakı məktəblər, sovet dövrü ilə müqayisə etdikdə elə də güclü deyil. Eşitdiyimə görə, Azərbaycanda məktəblər güclüdür və bu, çox sevindirici bir haldır. Mən tibb sahəsində oxuyuram, bizdə burda 4 il bakalavr, sonra çox böyük bir imtahan-MCAT veririk və yüksək bal aldığımız halda “Medical School”a qəbul olmaq şansımız var.”Medical School” hərəni öz peşəsinə görə hazırlayır və ancaq bundan sonra 2 il rezidentura mərhələsi gəlir. Buradakı universitetdə oxumaq çətindir. Sözün düzü, professor və tələbə arasında sırf peşəkar əlaqə var. Professorlar, tələbəyə materialı anlamaq üçün əlindən gələni edirlər, hətta dərsdən sonra qalıb bir də başa salırlar. Burada insanlıq hiss olunur. Və çətin olmağına baxmayaraq, tələbələr bir məqamı bilir-ağılsız, diplomsuz, onlar həyatda uzağa gedə bilməyəcəklər.
-Siz
Azərbaycan tarixinin və mədəniyyətinin
təbliği istiqamətində hansı işlər görürsünüz?
- Bir il bundan qabaq mən virtual qruplarda özümü aktiv göstərməyə başladım. Bu il “YouTube”da “Khojaly” adlı bir layihə hazırladım və universitetdə göstərdim. Mart ayında isə məni Romada keçirilən ASAIF forumuna çağırdılar, ora 500-ə yaxın tələbə yığışmışdı və tək mən Puerto Rikodan idim. Mən orada bir çox uğur əldə etdim, eləcə də aktiv və mədəniyyətimizi sevən tələbələrlə tanış oldum. Mən öz ölkəmiz barədə informasiya verirəm ki, hamı bilsin, biz hardanıq və kimik. Niyə hamı Çin haqqında və onların düyü, yaponların isə suşi yediyini bilir? Niyə elə olmasın ki, millət bizim haqda, bizim dolmamız, paxlavamız barədə danışmasın? Hər şey bizdən, tələbələrdən asılıdır.
Qeyd etmək istəyirəm ki, mən təzə bir layihəyə imza atdım. Layihənin adı “AZƏRİCAN”dır. Burada Amerikada yaşayan azərbaycanlılar bizim kim olduğumuzu hamıya izah edəcək. Planlarımız böyükdür, ümidvaram ki, bu layihə uğurlu olacaq, İnşallah. Amerikada yaşayan gənclər, ailələr, kim istəyirsə, mənimlə əlaqə saxlaya bilər, yaxud “Facebook”dakı AZƏRİCAN qrupumuzdan məlumat əldə edə bilər.
-Digər ölkələrdəki tələbələr və diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Öncə qeyd etdiyim kimi, ASAIF forumunda mən çoxları ilə tanış oldum. Dünya Azərbaycanlı Gənclər Birliyi ilə yaxın təmasdayam, onlar mənə bir çox layihələrimdə kömək ediblər. Ümid edirəm ki, bir çox qrup və təşkilatlarla ünsiyyət bağlaya biləcəm. Çünki hamımızın bir məqsədi var-Azərbaycanı daha da yüksəltmək.
-Puerto
Rikonun hansı cəhdləri Azərbaycanı
sizə xatırladır?
- Puerto Rikoda Old San Juan adlı bir şəhər var. Ora mənə İçərişəhəri xatırladır. Balaca balkonlar, daşlarla
düzülmüş yol-bizdəki
kimi. Axşam orada gəzəndə, Bulvarda dəniz kənarında olduğu kimi külək vurur və bu
an mən uşaqlığımı,
eləcə də Bakının bir çox yerlərini yada salıram və anlayıram ki, qəlbim hələ də Bakıya bağlıdır-Bakıya,
İçərişəhərə.
Fuad Hüseynzadə
Palitra.-2013.-3 avqust.-S.7.