Şuşanın “Qarabağ”
ansamblı Macarıstan festivalında
Avqustun 5-dən 12-nə qədər Macarıstanın Döndöş şəhərində keçirilən XIII beynəlxalq mahnı və rəqs festivalı Şuşa rayonunun “Qarabağ” ansamblının uğurlu çıxışları ilə yadda qalıb.
Azərbaycanın
Macarıstandakı səfirliyindən verilən məlumata
görə, mayda Döndöş
şəhəri ilə qardaşlaşma sazişi imzalayan Şuşa İcra Hakimiyyəti
beynəlxalq festivalda iştirak
dəvəti aldıqdan sonra qısa
müddət ərzində özünəməxsus Qarabağ musiqi sənətini
əks etdirən zəngin proqram
hazırlamağa nail olub.
Festival
günlərində gənc azərbaycanlı musiqiçilər
Çin, Fransa, Serbiya, Portuqaliya,
Macarıstan, Ukrayna, Yunanıstan və b. ölkələrdən gəlmiş
ifaçılarla birlikdə müxtəlif konsert
proqramlarında, habelə festivalın
bağlanışındakı qala-konsertdə iştirak
etmiş, qeyri-adi
ifaları ilə festivalın sevimlisinə çevriliblər.
Avqustun 10-da isə festivalda
“Azərbaycan günü” kimi
yadda qalıb. Həmin gün xüsusi konsert proqramı ilə çıxış
edən gənc sənətçilərimiz minlərlə
tamaşaçını ehtizaza gətirib,
bitib-tükənmək bilməyən alqışlar
qazanıblar. Ənənəvi üçlüyün
- tar, kamança və
dəfin müşayiəti ilə ifa olunan muğamlar, Qafqaz koloritini üzə
çıxaran rəqslər macar
tamaşaçıların diqqətini xüsusi
ilə cəlb edib. Layihə Azərbaycanın
Macarıstandakı səfirliyinin dəstəyi ilə həyata
keçirilib. Festival çərçivəsində
qədim Azərbaycan şəhəri Şuşa
haqqında məlumatların və erməni silahlı qüvvələri
tərəfindən işğal olunmuş Dağlıq Qarabağla
bağlı həqiqətlərin macar
ictimaiyyəti və festival
iştirakçıları arasında yayılmasına xüsusi diqqət yetirilib.
Döndöş şəhərinin meri Laslo Faraqo və Şuşa İcra Hakimiyyətinin
başçısı Bayram Səfərov
arasında keçirilən görüşdə gələcək
əməkdaşlıq yolları müzakirə olunub, merin
başçılığı ilə Döndöş
nümayəndə heyətinin bu ilin payızında Azərbaycana səfəri
ilə bağlı razılıq əldə edilib.
Macarıstanın Buqaç bölgəsindəki
milli parkda isə ənənəvi
“Əcdadlar günü” keçirilib.
Hər il təşkil olunan bu xalq
bayramının əsas məqsədi macarların türk əsilli olduqlarını və digər
türk xalqları ilə çoxəsrlik
tarixi, mədəni, mənəvi
bağlılığını müasir
macar cəmiyyətinə nümayiş
etdirməkdir. Macarıstan Turan
Cəmiyyətinin təşkilatçılığı ilə
keçirilən və iki gün
davam edən böyük
xalq bayramında ümumilikdə əlli min nəfərə yaxın insan
iştirak edib. Ölkə
parlamentinin birinci vitse-spikeri Şandor Layoş iştirakçılar
qarşısında çıxış edərək
xalqın öz soy-kökünü öyrənməsinin və
çoxəsrlik ənənələrini
yaşatmasının vacibliyini
vurğulayıb. “Əcdadlar günü”
çərçivəsində cıdır
yarışları, çövkən oyunu
keçirilmiş, əski hunların və
macarların Avropaya yürüşünü
canlandıran döyüş səhnələri
göstərilib, şaman musiqisi
səsləndirilib. Macarıstan ərazisində qədim
türk izlərini əks etdirən ekspozisiyaya baxış keçirilib.
Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri
Vilayət Quliyev də iştirak
edib. Səfirliyin təşəbbüsü
və yardımı ilə Azərbaycan çadırı qurulub, orada ölkəmizin
qədim tarixini və ümumtürk
mədəniyyətinə töhfələrini əks etdirən
eksponatlar nümayiş
olunub.
Xəyalə
Palitra.-2013.-13 avqust.-S.13.