İndi hər şəkilçəkən özünü fotoqraf, sənətini də fotoqrafiya adlandırır”

 

Əli Qafarov: “Ən ümdə arzum müharibənin son anını, həmvətənlərimin doğma ocaqlarına, sülh həyatına, yaradıcı əməyə qayıdışını əks etdirməkdən ibarətdir”

 

Layihə çərçivəsində müsahibimiz fotomüxbir Əli Qafarovdur:

- Mən cəbhənin bütün bölgələrində olmuşam və hər yerdə mənim yeganə silahım- fotoaparat olub. Rastlaşdığım adamlardan çoxu həlak olub, onlar yalnız fotoplyonkalarda qalıblar. Ən ümdə arzum müharibənin son anını, həmvətənlərimin doğma ocaqlarına, sülh həyatına, yaradıcı əməyə qayıdışını əks etdirməkdən ibarətdir. Mənim “Şahid” adlı fotoalbomum var. Bu albom 1988-ci ildən 1998-ci ilədək Azərbaycan torpağında baş vermiş hadisələrin sənədli salnaməsidir. 1998-ci ildə nəşr etdirmişəm. Burada 140 şəkil və “Erməni təcavüzü” adlı məqalə var, özüüç dildədir. Bu albomun nəşri üçün çətinliklər çəkdim. Nəhayət bir nəfər bu albomun nəşri üçün yardım etdi. 1000 tirajla buraxılan albomdan 500-ü məndə, 500 onlarda qaldı. O vaxtlar həvəsim çox idi, istəyirdim ki, çəkdiklərim tarixdə qalsın. Bəzi adamlar məni həvəsdən saldı. Mənə deyirdilər, bir “çık eləyib foto çəkmisən, indi də gəlib pul istəyirsən”. Mən də onların yaxşıca cavablarını verirdim. Bu yaxınlarda 70 yaşım oldu. Yubiley keçirmədim. Yoldaşım əməliyyat olundu. Fikirləşdim ki, o burda yataqda ola-ola, mən orda necə yubiley keçirim. Ona görə etmədim. Eybi yox, qalsın gələn ilə. Fotosərgi də açmadım. Bunun üçün mənə çərçivə və şüşə lazımdır. Çəkdiyim şəkillərin həcmi də çox böyükdür. Mənə kömək etməsələr foto-sərgi keçirə bilmərəm. Öz gücümə ancaq 20 fotoşəkli hazırlayıb, ortalığa çıxara bilərəm, bəs digərləri necə olsun? Nə qədər lentlərim var idi. Evi dəyişəndə təxminən 2 minə qədər lentim itdi. Qalanlarını da atırdım, yaxşı ki, Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu onların dadına çatdı. Səmimi deyirəm,Mirnaib olmasaydı, digərləri də gedirdi. Orada bütün işlədiyim qəzetlərdə çəkdiyim fotolar var.

- Niyə məhz bu sənəti seçdiniz?

- 1943 - ildə müharibənin odlu-alovlu illərində dünyaya gəlmişəm. Uşaqlıqdan fotoya həvəsim, sevgim olub. Elə bu səbəbdən də hələ sovetlər vaxtı-1963-1967-ci illərdə hərbi xidmətdə olanda da fotoqraf olmuşam. Arada bir neçə günlüyə Bakıya məzuniyyətə gələndə özümə “Fed-2” markalı fotoaparat aldım. 1969-cu ildə isə qardaşım Əhməd Qafarov o dövrün ən populyar və çoxlarının həsəd apardığı “Zenit” markalı fotoaparat alaraq mənə hədiyyə edib. Bütün ömrüm boyu “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan idmançısı” kimi sırf mülki qəzetlərdə fotomüxbir işləmişəm və ağlıma da gəlməzdi ki, əlliliyimin ərəfəsində erməni faşizminin vəhşi sifətini görəcəyəm. İnanın, mən müharibəni 41-45-in kinolarında görmüşdüm, nə biləydim ki, gedib Tərtərdə 2000 qəhrəmanı çəkə bilərəm. Təsəvvür elə, 21 il “Azərbaycan müəllimi” qəzetində işlədim. 1992-ci ildə “Xalq ordusu”qəzetinin kollektivinə daxil oldum. Bu qəzetdə işləmək fotomüxbir üçün çox maraqlı idi.Amma eyni zamanda da çox ağır idi, nə qədər çətinliklərimiz oldu. Fotomüxbir danışmamalıdır, ancaq çəkməlidir, tarixi yazmalıdır. Bu şəkillərlə mən öz sözümü deyirdim. Bir il sonra respublika Hərbi Dəniz Qüvvələrinin qəzeti yarananda onunla da əməkdaşlıq etməyə başladım. Avqust ayında Hərbi Dəniz Donanmasının ildönümüdür. Məndə olan fotoda hərbi donanmanın üzərində Azərbaycan bayrağı dalğalanır, yanında da bizim matros durub. Bu foto heç yerdə getməyib. Bunlar çox nadir fotolardır. Mənim son yerim isə Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasında oldu. Orada işləyəndə cəbhə bölgələrinə tez-tez gedirdik. Xocalıdan başqa hər yerdə olmuşam. Onda mən Ağdamdaydım. Xocalıdan gələn meyitləri Ağdamda qarşılayırdıq.

- Cəbhə bölgəsində çalışmaq çətin deyilmi?

- Qorxuya fikir vermirdik. Çox güclü marağım var idi, məsələn, avtomatdan güllənin çıxma səhnələrini çəkmək, arxa-arxaya atılan 3 qradı kadra almaq. Qradın çıxması anı ən həyəcanlı anlar idi. Əgər mən o qradı “tutmuşamsa”, deməli, udmuşam. İndiyə qədər o qrad mənim bütün çəkdiklərim arasında birinci yerdə gedir. Mənlə cəbhə bölgələrinə gedən gənclər var idi. Onlar indiöz etiraflarında qeyd edirlər ki, ən ağır cəbhə bölgələrindəki çəkilişlərə Əli müəllimin arxasınca getmişik. 1992-ci ilin 30 aprelində Gülablıya getmək istədik. O zaman kənd ermənilərin atəşi altında olduğundan komandir əvvəlcə razılıq vermədi. Sonra incidiyimizi görüb bizə bələdçi qoşdu. Namiq adlı döyüşçü könüllü olaraq bizi müşayiət edəcəyini dedi. Yola düşdük, altı nəfər idik. “Xalq ordusu” qəzetinin müxbirləri, mən, sürücümüz Oqtay və bələdçimiz Namiq. Səhər saat 10 radələrində Ağdamda Şəhidlər xiyabanını ziyarət edib, Ağdam-Xocavənd yolu ilə irəliləməyə başladıq. Namiq yol göstərirdi. Maşınımız əməlli-başlı sürət götürmüşdü. Axşam yağış yağdığından yol sürüşkən idi. Birdən sürücümüz Oqtay “RAF” markalı maşını qəflətən saxlayıb: “Deyəsən, postdur, asfaltı eninə eşib-töküblər ki, maşın keçə bilməsin”. Bayıra boylandıq, heç kəsi görə bilməyib, deyindik. Nə isə maşınımız birinci maneəni dəf edib irəliyə şütüməyə başladı. Qarşımızı yenə də yiyəsiz qalmış ikinci post kəsdi. Bunu da keçdik. Sonra birdən gördük ki, erməni quldurlarının məskəninə çevrilmiş Qarakənd kəndinin yaxınlığına çatmışıq. Bu həmin Qarakənd idi ki, 1991-ci ildə noyabrın 20-də Azərbaycanın şanlı oğullarının olduğu vertolyotu erməni faşistləri raketlə vurub partlatmışdılar. Qarşıda da iki erməni tankı, təsəvvür edin ki, biz hansı vəziyyətdə idik. Silahımız yox və sən demə o zonalar həm də minalanıbmış. Görünür, ermənilər də maşının bizə aid olduğunu başa düşməyiblər, sürətlə geri qayıtdıq. Bircə Allah bizi xilas elədi. Cəbhədə kadrlar çəkmək marağından danışdım. Əslində bu, səbəblərdən beşinci, yaxud altıncıdır. Əsas əsgərlərimiz idilər. Bizim ermənilərin gülləsini dili ilə tutan əsgərlərimiz olub. Ona görə demək olmaz, biz 6-7 rayonu uduzmuşuq. Biz uduzmamışıq, onda bizim nizami ordumuz, başçımız yox idi. Ona görə birinci Qarabağ müharibəsinin əsgərləri ilə indikiləri müqayisə etmək olmaz. Ağlamaq lazım deyil. 1988-ci ildən məndə bir qutu var. Düz, 25 ildir ki, mən o qutunu saxlayıram. Hara köçürük, o qutu da bizimlə gəlir. Fikirləşəndə ki, indi bu neqativləri aşkara çıxarmaq da olmur. Kağız da yox, dərman da. Amma onları qoruyuram.

-Lazım olan maddələri xaricdən gətirmək mümkün deyilmi?

- Lenti skan edib, sonra fotoşop proqramında təmizləməklə aşkarlaya bilərəm. Amma bu çox bahalı prosesdir, bir neqativ manat yarım, iki manata başa gəlir. Neqativlərim isə minlərlədir. İndiki texnologiya yaxşı deyil. O elə tənbəllər üçün yaxşıdır. O ki, sənin əlin kağızı, dərmanı hiss etmədi, şəkil çıxanda barmağınla ona kölgə vermədinsə, o şəkildən nə şəkil. Ümumiyyətlə, şəkil çəkəndə nə çəkdiyini fikirləşməlisən. İndi heç kim bunu fikirləşmir. Aparatların qiymətləri də çox bahadır. Elə fikirləşməyə-fikirləşməyə də, hər şəkilçəkən özünü fotoqraf, sənətini də fotoqrafiya adlandırır. Mən buna fotoqrafiya deməzdim. Bu, foto-məşğuliyyətdir. Fotoqrafiya başqa anlayışdır. Onun özünün növləri var. Mən özümə fotoqraf deyirəm. Mən bəyəm atelyedə işləyirəm? Atelyedə işləyənlərə fotoqraf deyirlər. Mən fotomüxbirəm və bütün ağır, zəhmətli, acılı, şirinli fotolarımı bu zenit fotoaparatı ilə çəkmişəm. Yoxsa indiki fotoaparatlar nədir? Bir dəfə Murovdağa çıxanda həmin o fotoaparat işləmədi. Batareyası yatdı. “Zeniti asdım çiynimdəm. Axıra kimiuşaqlar mənə güldü, amma mən isə fotolarımı çəkdim. Onlara başa sala bilmirdim ki, “Zenit”in gördüyü işi heç biri görmür.

 

Nigar Abdullayeva

Palitra.-2013.-15 avqust.-S.11.