“Azərbaycan dövləti milli-mənəvi
dəyərlərin təbliği ilə bağlı fəaliyyətləri
dəstəkləməkdədir”
Etibar Muradlı: “Gənclərin vətən
əxlaqı və milli-mənəvi dəyərlərə
meyilliliyinin artması dövlətçiliyimizin təməllərinin
qorunmasına xidmət edir”
Layihə çərçivəsində
Vətənpərvər Gənclər Klubunun idarə heyətinin
sədri Etibar Muradlı ilə müsahibəni təqdim
edirik:
- Vətənpərvər
Gənclər Klubu hansı məqsədlə
yaradılıb?
- Vətənpərvər Gənclər Klubu 16 sentyabr 2012-ci ildə fəaliyyətə başlayıb. Klub milli-mənəvi dəyərlər mövzusunda müzakirələr, ictimai xadimlər, ziyalılar, millət vəkilləri, QHT rəhbərləri, jurnalistlər, məmurlar, diplomatlar və s. şəxslərlə görüşlər, ali və orta təhsil müəssisələrində milli-ideoloji tədbirlər keçirmək, gənclərin mill-mənəvi dəyərləri daha yaxından öyrənməsi və mənimsəməsi məqsədilə yaradılıb.
- Dövlətçiliyin
təməllərinin qorunmasında milli-mənəvi dəyərlərin
hansı rolu var?
- Dövlətçiliyimizin təməllərinə yönəlmiş xarici təhdidlər, o cümlədən xarici havadarların dəstəyilə formalaşdırılan daxili təhdidlərin qarşısının alınmasında milli-mənəvi dəyərlərimiz qalxan rolunu oynayır. Belə ki, bunu gözəl başa düşən xarici qüvvələr məqsədlərini reallaşdırmaq üçün milli-mənəvi dəyərləri alçaldan, dövlətçiliyi zəiflədən layihələrə maddi dəstək verir, bu sahədəki layihələrə olduqca yüksək məbləğdə qrantlar ayırırlar. Xarici qüvvələrin maraqlarına xidmət edən təlim-tədris mərkəzləri yaradılaraq, xüsusən bilikli, intellektual və perspektivli gənclər, mərkəzlərdəki təlimlərə cəlb edilir. Bu istiqamətdə informasiya texnologiyalarından olduqca səmərəli şəkildə istifadə edilir və sosial şəbəkələr vasitəsilə yalanlarla dolu rəy formalaşdırılaraq gənclərdə öz cəmiyyətinə və dövlətinə qarşı itaətsizlik, özbaşınalıq və nifrət yaradılır. Lakin gənclərin vətən əxlaqı və milli-mənəvi dəyərlərə meyilliliyinin artması dövlətçiliyimizin təməllərinin qorunmasına xidmət edir və bu istiqamətdə aparılan işlərdə mühüm əhəmiyyətə malikdir.
Vətənə xidmət göstərərək, dövlətçiliyimizin möhkəmlənməsi üçün çalışmalıyıq. Hər bir Azərbaycan gənci vətənpərvər, vicdanlı, məsuliyyətli, əxlaqlı olmalıdır.
- Milli-mənəvi
dəyərlərin qorunması və yaşadılması
ölkənin ümumi
inkişafının təmin olunması baxımından nə
dərəcədə əhəmiyyətlidir?
- Son illərdə Azərbaycanın dünya və regional müstəvidə bir sıra uğurları heç kimə sirr deyil. Lakin bu uğurların davamlı və artan istiqamətdə olması üçün ölkəmizin vətəndaşları Vətənimizi sevməli, o cümlədən öz dəyərlərini yaşatmalıdır ki, dövlətin təməlini formalaşdıran Azərbaycan xalqı, milli özünüdərk, milli özünümövcudluğu qoruya bilsin və dövlətçilik ənənələrini inkişaf etdirsin. Bildiyimiz kimi, dövlətçilik ənənələrinin inkişafı ölkənin ümumi inkişafının əsasını təşkil edir və bu baxımdan çox böyük əhəmiyyətə malikdir. Eləcə də milli özünüdərk və milli özünümövcudluq prinsiplərinə malik olan ölkə gəncliyi özünəməxsus olan ərazi bütövlüyünü təmin etməyə və qorumağa da qadir olar.
- Milli-mənəvi
dəyərlərin qorunması istiqamətində hansı
layihələr keçiribsiniz?
-İlk öncə milli - mənəvi dəyərlərin qorunması üçün onları daha dəqiqliklə öyrənməli və gəncləri bu yöndə maarifləndirməli olduğumuzun önəmini anlayaraq bu istiqamətdə sanballı, təqdirəlayiq araşdırma və fəaliyyətləri olan alim və ziyalı şəxslərlə, o cümlədən Azərbaycanın azadlıq və ərazi bütövlüyü uğrunda canından keçməyə qadir olan savaş qaziləri, müharibə qəhrəmanlarımızla gənclərin görüşlərini məktəb auditoriyalarından tutmuş, universitet auditoriyalarına kimi müxtəlif məkan və müxtəlif formatlarda təşkil etdik. Millət vəkili Fəzail İbrahimlinin təqdimatında “Milli ideologiyanı necə hazırlamalı?”, elmlər doktoru Şahin Əhmədoğlunun təqdimatında “Azərbaycan gəncinin mənəvi-əxlaqi vəziyyəti”, Aqşin Atalızadənin təqdimatında “Azərbaycanda milli kimlik və milli ideologiya probleminə yanaşma”, Elşən Mustafaoğlunun təqdimatında “Dövlətçiliyin təməllərinin qorunmasında İslamın rolu”, Vüqar Zifəroğlunun təqdimatında “Qloballaşma dövründə milli kimliyin qorunması problemi”, Xalidə Xalidin təqdimatında “Milli təfəkkürün inkişafında türk ədəbiyyatının rolu”, o cümlədən “Azərbaycanın milli qəhrəmanları” və bu qəbildən olan başqa mövzularla gənclərlə ziyalıların görüşlərini keçirmişik. Azərbaycan tarixinə qarşı müxtəlif səviyyələrdə aparılan qarayaxma kampaniyasının qarşısını almaq üçün aparılan işlərdə də gənclərimiz Vətənpərvər Gənclər Klubu daxilində yaradılan Tarix Departamenti vasitəsi ilə araşdırmalar aparmış, “Erməni mənbələrində ermənilər haqqında” adlı müxtəlif dillərdə, faktlara əsaslanan videoçarxlar hazırlayaraq lobbiçilik fəaliyyəti ilə məşğul olan müxtəlif təşkilatlara göndərmiş və “YouTube” kanalımızda yerləşdirmişik. Həmçinin professor Şahlar Əsgərovla Vətənpərvər Gənclər Klubunun üzvləri “Hara gedir bu dünya?” mövzusunda diskussiya təşkil ediblər. Bundan başqa klubun təşkilatçılığı ilə Bakı şəhərindəki 45, 212 , 34 saylı orta məktəblərdə milli-mənəvi dəyərlərlə bağlı tədbirlər keçirilib.
Biz eyni zamanda Vətənpərvər Gənclər Klubu olaraq Damla İctimai Birliyi ilə birgə xeyriyyə aksiyaları da təşkil edirik. Belə ki, Vətənpərvər Gənclər Klubunun üzvləri Respublika Onkoloji Mərkəzinin Uşaq Klinikasında körpələrə dəstək olub. Növbəti belə aksiya isə Uşaq Bərpası Mərkəzində keçirilib. Qeyd edim ki, xeyriyyə aksiyasında iştirak etmək üçün ödəniş tələb olunmur. Əgər bizə qoşulanların sayı artarsa, digər mərkəzlərdə də aksiyalarımızı keçirib fəaliyyətimizi genişləndirəcəyik.
Azərbaycanın xüsusi önəm daşıyan günlərində də tədbirlər və bir sıra fəaliyyətlər yerinə yetirmişik ki, bunlardan anım günlərində xatirə tədbirlərini, bayram günlərində isə vətənpərvərlik konsertlərini göstərmək olar.
- Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?
- Hazırda yay fəsli ilə əlaqədar diskussiya və görüşlərimizə ara verilsə də, Vətənpərvər Gənclər Klubunun Tarix Departamenti yeni videoçarx hazırlamaqdadır. O cümlədən artıq fəaliyyətimizin bir parçasına çevrilmiş Damla İctimai Birliyi ilə birgə mənəvi dəyərlərlə bağlı layihələri də davam etdiririk. Bir məlumatı verim, Vətənpərvər Gənclər Klubunun tərkibində kitabxana fəaliyyətə başlayır. Kitablardan istifadənin klub üzvlərinə pulsuz olması nəzərdə tutulub. Kitabxanaya 1000-dən artıq kitab daxil olub. Sentyabr ayından bu kitabxana daha geniş fəaliyyət göstərəcək.
- Azərbaycan gənci
nə dərəcədə milli-mənəvi dəyərlərinə
bağlıdır?
- Əslində bunu etiraf etmək lazımdır ki, bir çox hallarda gənclərimizin əksəriyyəti ideoloji cəhətdən milli - mənəvi dəyərlərlə bağlı bəzi boşluqlara malikdir. Bunun səbəbi olaraq sovet dönəmindəki təhsil sistemi və ideoloji fəaliyyəti, müstəqillik illərində isə keçid dövrünün mənfi tərəflərindən istifadə edən xarici qüvvələrin fəaliyyəti göstərilir. Lakin Azərbaycan dövləti artıq öz qüdrətli dövrünə daxil olub və milli-mənəvi dəyərlərin təbliği yönündə, o cümlədən gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı fəaliyyətləri dəstəkləməkdədir. Biz də öz növbəmizdə inanırıq və əminik ki, bu fəaliyyətlər nəticəsində gənclərimiz daha çox milli - mənəvi dəyərlərinə bağlı, vətənpərvər olacaqlar. O cümlədən biz hər zaman bu növ fəaliyyətlərdə iştirak etmişik və bunu davam etdirməkdəyik.
- Milli-mənəvi
dəyərlərin qorunması üçün
nələr edilməlidir?
- Gənclər arasında milli - mənəvi dəyərlərin qorunması üçün ən effektiv vasitə təhsil və təbliğatdır. Bu məqsədlə gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisləri gücləndirilməli, onları kənar təsirlərdən qorumaq üçün həm ailədə, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalı və bununla bağlı şərait yaradılmalıdır. Gənclərin xüsusən təhsil ocaqları, ordu və səhiyyə ocaqlarındakı mənəvi-psixoloji vəziyyətləri hər zaman diqqətdə saxlanılmalı, onlara mütəmadi olaraq milli-mənəvi dəyərlərin önəmi aşılanmalıdır. Bütün bu işlərə dövlət bilavasitə nəzarət etməli və görülən işlər məqsədyönlü şəkildə aparılmalıdır.
- Gələcək
layihələriniz barədə nə deyə bilərsiniz?
-Layihələrimiz barədə öncədən məlumat vermək əvəzinə, layihələrimizi reallaşdırdıqdan sonra məlumat verib gəncləri və vətənpərvər insanlarımızı sevindirməyi üstün tutardıq. Amma onu dəqiq deyə bilərəm ki, ənənəvi olan milli-mənəvi dəyərlərin təbliği, tarixi araşdırmalar, ziyalılarla gənclərin görüşü, əxlaqi-mənəvi yöndə fəaliyyətlərimiz davam edəcək və daha da inkişaf etdirilərək təhsil və mədəniyyət, cəmiyyət, Azərbaycan gəncliyi kimi mövzulara istiqamətli tədbirlərlə Azərbaycanın ictimai sferasında yeni-yeni layihələrlə çıxış edəcəyik.
Fuad Hüseynzadə
Palitra.-2013.-22 avqust.-S.11.