“Hər əsər özündə
müsbət və yaxud mənfi enerji daşıyır”
Tahir Quliyev:
“Peşəkar rəssamlar ani
baxışla hansı əsərin sənət,
hansının qeyri-peşəkarlıq nümunəsi olduğunu
anlayır”
Layihə çərçivəsində
müsahibimiz rəssam-dulusçu Tahir Quliyevdir:
- Mən hələ orta məktəbdə oxuyanda müxtəlif səpkili rəsmlər çəkirdim. Hiss edirdim ki, içimdə rəssamlığa güclü həvəs var. Hətta bunu sinif yoldaşlarım da duymuşdular. Ona görə həmişə məndən albomları üçün şəkil çəkməyimi istəyirdilər. İş elə gətirdi ki, 8-ci sinifdən etibarən Tibb Universitetinə hazırlaşmağa başladım. Tezliklə başa düşdüm ki, insan qanıyla təmasda ola bilmirəm. Günlərin birində atamla söhbətimizdə mənə sənədlərimi İncəsənət İnstitutuna verməyimi təklif etdi. Sanki illərdir bu sözü gözləyirmiş kimi həyatımda, seçimimdə böyük dönüş etdim. Rəssamlığa gəldikdə isə məşhur rəssam Eduard Manetin bir sözü var: “Rəng bir zövq və duyğu işidir. İnsanın söyləyəcək bir fikri olmalıdır, yoxsa olmaz. Hər şeydən çox rəsmi sevməyincə insan rəssam ola bilməz. Eyni zamanda peşənin incəliklərini bilmək də kifayət deyildir. Duyğu və çoşqu da lazımdır. Elm çox yaxşıdır, amma bizim üçün obrazlar daha gərəklidir”. Mənim əsərlərimə gəldikdə isə dünyada abstrakt əsərlər daha məşhurdur. Amma başdansovdu abstrakt əsərlər yaradaraq insanları aldadan rəssamlar da az deyil. Adi tamaşaçı hiss etməsə də, peşəkar rəssamlar ani baxışla hansının sənət, hansının qeyri-peşəkarlıq nümunəsi olduğunu anlayır. Mənim də abstrakt işlərim olub. Hətta birini yandırmışam. Hadisə 15-16 il bundan qabaq olub. Əsərdə yerə səpələnən, ətrafındakı hər yeri alovlandıran od və bütün bunlara nəzarət edən tək bir göz təsvir olunurdu. Həmin əsər uzun müddət dolabda qaldı, sonra onu çərçivəyə salıb, anamın yataq otağının divarından asdım. Anam dedi ki, başa düşmürəm bu şəkildə nə təsvir etməyə çalışmısan, amma mən bu rənglərin kollajından ibarət parçadan paltar geyinmək istəyirəm. Bu sözün üzərindən heç bir həftə keçməmiş evimizdə yanğın oldu, anamın ayaqları yandı. O şəkil məni rahat buraxmırdı. Əsərlə anamın sözləri arasında əlaqə qurmağa çalışdım. Həmin əsəri yenidən dolaba qoydum. Müəyyən vaxt keçəndən sonra əsəri evimizə gələn qonaqlardan birinə nümayiş etdirmək istəyəndə, onun tutacaq hissəsi əlimdə partladı. Artıq əmin oldum ki, o əsər bədbəxtlik gətirir, onda qeyri-adi mənfi enerji var. Emalatxanada həmin rəsm əsərini özüm yandırdım. Ondan sonra başa düşdüm ki, hər əsər özündə müsbət və yaxud mənfi enerji daşıyır. Maraqlısı odur ki, birdən-birə belə bir əsər yaratmaq istədim, sanki kimsə əlimi, fırçamı qeyri-ixtiyari hərəkət etdirirdi. Onu da qeyd edim ki, mən Azərbaycan xalqının sevimli aktyoru Möhsün Sənaninin nəvəsiyəm. Elə böyük insana layiq nəvə olmaq asan deyil. Mənimçün böyük məsuliyyətdir. Elə əsər yaratmaq istəyirəm ki, babam haqqında olan bütün təsəvvürlərimi, fikirlərimi ifadə edə bilim. İnşallah, bir gün yaradacağam.
- Dulusçuluğa meyliniz necə yaranıb?
-Rəssamlıqla məktəb, dulusçuluqla
(keramika) isə universitet
illərindən məşğul olmağa
başladım. İndiyə qədər hər iki sahədə əsərlər yaradıram.
Soruşsanız ki, hansı sənət
sahəsində daha çox
əsərləriniz var, deyəcəyəm
ki, ikisi də eyni miqdardadır. Universitetdə oxuyarkən keramikadan müxtəlif fiqurlar
düzəltməyə başladım. Alındı, zamanla bu sənəti sevməyə
başladım. Universiteti bitirən kimi özümə keramik
soba aldım. İndi
hər iki sənəti eyni
vaxtda davam etdirirəm.
“Kişilərin
sevimli oyunu olan nərdin taxtası üzərində bizim qədim
xalçaçılıq sənətini yaşatmağa
çalışıram”
Bu yaxınlarda bir əsərim üçün yolumu İçərişəhərdən saldım. İstədiyim ovqatı, qədimiliyi tapmaq istəyirdim. Mən orayla bağlı üç fraqment işləmişəm: biri Qoşa Qala qapısı, digəri Şirvanşahlar, o biri isə Qız Qalasıdır. Bəzən mənə verilən “Elə olubmu ki, rəsmlərdə təsvir etdiyinizi keramikaya da əks edəsiniz?” sualına adətən belə cavab verirəm ki, əlbəttə, olur. Müəyyən fraqmentləri dulusçuluq əsərlərimdə istifadə edirəm. Amma hər fikir, fraqment dulusçuluqda istifadə oluna bilməz, çünki boyakarlıqla məharətlə verdiyim xüsusi xırdalıqları nə qədər çalışsam da, keramikada eləyə bilmirəm. Keramika daha çox kobud işləri əks etdirmək üçün uyğundur.
- Ən çox maraqla
qarşılanan işləriniz hansıdır?
- Mənim çox maraqla qarşılanan silsilə əl işlərim var. Kişilərin sevimli oyunu olan nərdin taxtası üzərində bizim qədim xalçaçılıq sənətini yaşatmağa çalışıram. Özü də çalışmışam ki, xalça məktəblərinin qayda-qanunlarına əməl edim. Belə bir ideya lap çoxdan var idi. Sadəcə onu reallaşdıra bilmirdim. Beş il bundan əvvəl “Azərilmə” İstehsalat Birliyinin rəhbəri Vidadi Muradovla tanış oldum, o məni qalereyaya dəvət etdi. Oranı gəzəndən sonra xalçaçılıq sənətinə bir daha valeh oldum. O vaxtdan müntəzəm şəkildə bu işlə məşğulam. Çox maraqlı da alınır. Qaldı ki prosesə, nərdin üzərində bu incəlikləri yaratmaq üçün şolkaqrafiya sənətini dərindən öyrənməli oldum. Əvvəlcə ornamentləri “corel-draw “ proqramında yığıb çapa verirəm, sonra çərçivələrdə surətini çıxardıram. Bu sənət ümumilikdə şolkoqrafik çap adlanır. Məsələn, əlimdəki nərdtaxtaya baxsanız, bu nərdin fonu Quba xalçası ilə bəzədilib, üzəri isə Şirvan məktəbini təmsil edən xalçadır. Mən bu bəzəyi məktəblə deyil, kompozisiya ilə uyğunlaşdırıram. İndiyə qədər Bakı, Şirvan, Quba, Təbriz, Qarabağ, Qazax xalça məktəbinin naxışlarını nərdtaxtanın üzərində əks etdirmişəm. Nərdin kənarlarındakı təsvirlər isə Təbriz xalçalarına aiddir. Məndən tez-tez soruşurlar ki, niyə nərdin kənarlarında Bakı xalçalarını təsvir eləmirəm. Deyirəm, Təbriz xalçalarının bir başqa xüsusiyyəti var. Onlar xırdalıqlarla, incəliklərlə işlənir. Qarabağ xalçaları da gözəldir, amma fikrimcə, Quba, Şirvan məktəbləri dünyada təkrarı olmayan xalça məktəbləridir.
- Bu
qədər sənət əsəriniz var,
bəs onların satışını necə təşkil edirsiniz?
- Bakıda daim əlaqədə saxladığım
bir neçə art-salonlar var. Onların sifarişləri ilə yaratdığım sənət
əsərləri tez
satılır. Sifarişlər də əsasən portret janrında olur. Bilirsiniz, iki cür əsərlər
var: biri satmaq üçün hazırlanan, digəri isə sənətə xidmət edən əsərlər. Məni hər
hansı mövzu narahat edəndə o narahatçılığı yaratdığım əsərlərlə
aradan qaldırmağa
çalışıram. Bütün enerjimi həmin əsər üçün
səfərbər edirəm.
Onda mütləq alınır.
Çünki o əsəri hamilə
qadın kimi uzun müddət öz içində daşıyırsan, sonra onu dünyaya gətirirsən. Onun insana
bəxş etdiyi zövq tamamilə başqadır. Ona görə
bütün əsərlərim
övladlarım kimidir.
Onların hamısını çox istəyirəm.
Corc Brakın məşhur bir sözü ilə desək: “Xalq sənəti var, bir də xalq
üçün sənət
var. Axırıncısı mütəfəkkirlərin fikridir”.
Nigar Abdullayeva
Palitra.-2013.-4 sentyabr.-S.11.