“Muğam müsabiqələrinin
və festivalların keçirilməsi gənclərə stimul verir”
“Hazırda gənclərin
belə müsabiqələrə daha çox meyli var. Bu gün
dövlət tərəfindən dəstək olunduğu
üçün maraq
daha da böyüyür”
Toğrul Əsədullayev Mirnazim oğlu 1982-ci il martın
11-i Bakı şəhərində anadan olub. 1991-ci ildə T.Quliyev
adına 12 saylı uşaq musiqi məktəbinin kamança
sinfinə daxil olub.
1996-2000-ci illərdə təhsil aldığı Asəf
Zeynallı adına musiqi kollecini
fərqlənmə diplomu ilə bitirib. 2000-2004-cü illərdə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) Musiqi
sənəti fakültəsinin İnstrumental
ifaçılıq kafedrasında kamança
ixtisası üzrə təhsil alıb. 2004-2006-cı illərdə
magistratura, 2006-2009-cu illərdə aspiranturada təhsil alıb. 1994-cü ildə
“Qönçə 94”, 1995-ci ildə tarzən Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş
məktəblərarası “II Bakı müsabiqəsi”nin və
1996-cı ildə “Qönçə 96” festivallarının qalibi olub. 1998-ci ildə
“VII Respublika müsabiqəsi”nin və Muğam Assosiasiyasının təşkil etdiyi “Muğam -98”
festivalının qalibi, “Muğam-99” və
“Muğam 2000” festivalında isə üçlük şəklində qalib olub. 1997-2000-ci illərdə Azərbaycan
Dövlət Teleradio Şirkətinin
Ə.Bakıxanov adına Xalq
Çalğı Alətləri ansamblında, 2000-2004-cü
ildə həmin şirkətin B.Salahov
adına “Araz” Xalq
Çalğı Alətləri ansamblında fəaliyyət
göstərib. 1998-2008-ci illərdə T.Quliyev
adına 12 saylı uşaq musiqi məktəbində kamança müəllimi vəzifəsində
çalışıb. 2004-cü ildə ADMİU-da,
Sumqayıt Musiqi Texnikumunda
və Bülbül adına musiqi məktəbində solo
konsertləri olub. 2005-ci ildə Kapellhausda “İki ziddiyyət
adlı” solo konsertlə
çıxış edib. 2005-ci ildə
Özbəkistanın Səmərqənd şəhərində
“Xalqlararası Şərq Təranələri”
festivalında muğam üçlüyünün
tərkibində qalib olub.
2007-ci ildə H.Əliyev Fondunun dəstəyi
ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirilən
“Muğam 2007” Televiziya
müsabiqəsində kamança
ifaçısı kimi iştirak
edib. 2008-ci ildə Kanadada
keçirilən “Niaqara
kamera musiqisi”
festivalında muğam üçlüyü
tərkibində Qran-Pri mükafatına layiq görülüb.
2008-ci ildən Azərbaycan Milli
Konservatoriyasının İnstrumental muğam kafedrasında kamança
müəllimi və baş müəllimdir.
2009 və 2011-ci illərdə Qəbələ Musiqi Festivalında musiqiçi
kimi iştirak edib. 2011-ci ildə H.Əliyev Fondunun
dəstəyi ilə Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun layihəsi əsasında
keçirilən “Muğam 2011” Televiziya müsabiqəsində kamança
ifaçısı kimi iştirak
edib. Azərbaycan Dövlət
Teleradio Şirkətinin Qızıl fondunda “Nəva”, “Bayatı-Şiraz”, “Çahargah”, “Şur”, “Hümayun”, “Rahab”
muğamları T.Əsədullayevin ifasında
saxlanılır. 1997-ci ildən etibarən Meksika,
Kanada, Çin,
BƏƏ, İngiltərə, Almaniya, Norveç, Avstriya, İspaniya, Fransa, İsveç, Litva, Polşa, Türkiyə, İran,
Ukrayna, Gürcüstan,
Özbəkistan, Qazaxstan, həmçinin
Rusiyanın bir sıra şəhərlərində
dəfələrlə Azərbaycanın milli
musiqisini təmsil edib.
Müsahibimiz
Azərbaycan Milli Konservatoriyasının baş müəllimi
Toğrul Əsədullayevdir:
- Toğrul müəllim, incəsənət sahəsində tanınmış gənc simalardan birisiniz. İstedadlı bir gənc kimi Azərbaycan mədəniyyət dünyası sizin gözünüzlə...
- Azərbaycan gəncliyi yaxşı görünür. Bunu dərs dediyim Milli Konservatoriyadan və keçirilən muğam müsabiqələrindən görürəm. Özüm də gənc olmağıma baxmayaraq, deməliyəm ki, bizdən də gənc olanların muğama, musiqiyə meyli çox güclüdür. Musiqi dünyası da ələk kimidir. Hamı bura gəlir. Ancaq istedadlı və bacarıqlı insanlar burada qalır. Milli sənətimiz sahəsində təhsil alan tələbələr kifayət qədərdir. Lakin bu sənəti seçənlər daha çox müəllimlik peşəsinə üstünlük verirlər. Sırf ifaçı kimi sənətlərini inkişaf etdirən gənclər azdır. Bu sahədə də inkişaf olsa, daha gözəl olar.
-Bugünkü musiqi məktəblərində təhsil alan tələbələrin musiqidə inkişafları müəllim heyətini qane edirmi?
- Əlbəttə, qane edir. Əgər tələbələrin musiqi duyumları müəllim heyətini qane etməsə, o zaman Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qabiliyyət imtahanlarından keçə bilməzlər. Qeyd edim ki, xalq musiqisinə axın həmişə az olub. Az olsa da, musiqiçilər hər zaman seçilmiş olub. Muğam müsabiqələrinin və festivalların keçirilməsi, gənclərə bir stimul verir. Bizim təhsil aldığımız dövrdə belə imkanlar çox az idi, gənclər də maraq göstərmirdi. Amma hazırda gənclərin belə müsabiqələrə daha çox meyli var. Bu gün dövlət tərəfindən dəstək olunduğu üçün maraq daha da böyüyür.
Məsələn, indi muğam müsabiqəsi keçirilir. Hər kəsin diqqəti bu müsabiqəyə yönəlib. Böyük maraq və istək milli musiqimizə qarşı çoxalıb. Valideynlər də arzu edirlər ki, övladları da bu sahəyə üz tutsunlar. Burada televiziyanın rolu çox böyükdür. Çünki keçirilən müsabiqələrin televiziyada yayımlanması musiqi mədəniyyətimizin inkişafında böyük rol oynayır.
Ötən əsrin 90-cı illərində müsabiqələr keçirilirdisə, təbliğat az olurdu. Müsabiqədə laureat olan tələbəni ancaq dərs aldığı müəssisə, müəllimləri və müsabiqədə iştirak edənlər tanıyırdı. Ümumrespublika üzrə tanıyan olmurdu. Əlbəttə ki, sənətdə yeni-yeni addımlar atan yaradıcı insanın cəmiyyətdə tanınması onun üçün böyük stimuldur.
-Bir
pedaqoq kimi gənc
musiqiçilərin milli ənənələrimizə
dəyər vermələrini necə görürsünüz?
- Bu günü nəzərə alsaq, çox yaxşıdır. Kifayət qədər milli musiqimizə müraciət edənlər, sənətlərini bunun üzərinə quranlar çoxluq təşkil edir. Bizim nə qədər ustad sənətkarlarımız varsa, mənimlə birgə çalışan həmkarlarımın da yetərli qədər tələbələri var. Tələbə ola bilsin ki, ilk əvvəl heç nədən anlayışı olmasın. Hər şey ixtisas fənnindən sonra başlayır. Hər tələbənin də özünün qavramaq səviyyəsi var. Əgər 4-5 tələbə varsa, onlardan biri mütləq seçilməlidir. Əsas məsələ hər bir tələbə müəlliminin ona verdiyi biliyi yetərincə mənimsəyir.
Bu gün tələbələrin
dərs prosesləri çox asan olub. Bizim dövrdə müəllim
muğamı öyrətdiyi
zaman yanımızda səsyazma aparatı olardı. Muğamı evdə öyrənmək
üçün müəllimin
ifasını lentə
yazırdıq. Ancaq indi
internetin sayəsində
bütün imkanlar genişlənib. İstənilən
ifada muğam və təsniflərin
lent yazılarını dinləmək
imkanı var.
-Kaman müəllimləriniz
sənət həyatında
sizə necə dəstək oldu?
- Musiqi məktəbində ixtisas müəllimim anam Dilarə xanım Əsədullayeva
olub. Asəf Zeynallı adına
musiqi texnikumunda isə Adıgözəl Əliyev, Ədalət Vəzirov, Arzu Səlimova və atam Mirnazim Əsədullayev
oldu. İncəsənət Universitetində də
atamın sinfində oxudum. Müəllimlərim sənətdə hər zaman düzgün addım atmağım üçün
mənim böyük dəstəkçim olublar.
Allah əgər insana istedad veribsə, bütün şərait yaradılırsa,
heç kəs onun qabağını ala bilməz.
-Gənc kamança ifaçılarının
arasında siz və Elnur
Əhmədov kimi gənc kaman
ustaları görünürmü?
- İstedadlı gənclər, həqiqətən, var. Keçən il Beynəlxalq Muğam müsabiqəsi keçirildi. AMK rektoru Səyavuş Kərimi müsabiqədə tar, kamança, balaban ifaçılarına xüsusi diqqət göstərirdi. Müsabiqədə kamança aləti üzrə Şəhriyar Musayev, Elvin Novruzov kimi istedadlı gənclər laureat oldular. İndiki gənclərdə maraq televiziya vasitəsilə artır. Vaxtilə orta nəslin nümayəndələri, Habil Əliyevi, Tofiq Bakıxanovu, Elman Bədəlov, Bəhram Mansurov kimi ustad sənətkarlara baxıb sənətə gəliblər. Bizim nəslin nümayəndələri də atam Mirnazim müəllim, Fəxrəddin Dadaşovu, Firuz Əliyev kimi sənətkarların sənət yoluna baxıb bu sənətə yiyələnib. Ancaq əsas odur ki, insanın içindəki istedad və sənətə sevgi güclü olsun. Sadəcə efirdə olmaq üçün bu sənəti seçmək heç də düzgün addım deyil. O zaman sənin heç bir zaman sənətdə uğurun olmaz.
- Ailədə
atanız, ananız da kaman
ustasıdırlar. Kamançaya
bağlılığınız sizə ailədən gəldi,
yoxsa sizin ayrı istəyiniz
olub?
- Ailəmizdə təkcə mən deyil, hətta qardaşım da musiqiçidir. Bizim ailədə hər kəs musiqi sahəsinin peşəkarıdır. O, kanon ifaçısıdır. Vaxtilə musiqi təhsili aldığı dövrdə keçirilən Asəf Zeynallı adına müsabiqənin qalibi olub. İxtisasca həkim olan qardaşım Elnur indi də musiqi ilə məşğul olur. Muğam müsabiqələrində, Araz Xalq Çalğı Alətləri ansamblında kanonda ifa edir.
Kamançaya bağlılığım bəlkə də ailədən gəlib. Çünki, babam da musiqinin həvəsində olub. Kamançanı çox sevib. Atamı ona görə kamança sinifinə qoyub. Anamın valideynlərinin də kamançaya həvəsləri olduğu üçün anama da bu sənətdən pay düşüb. Mənim və qardaşımın musiqiçi olmağımız anamın arzusu olub. Atam bizim bu sənətdə olmağımızı istəmirdi. Bu sənət qıraqdan asan görünə bilər. Amma həqiqətən də, çox çətin bir sənətdir. Artıq 22 ildir ki, bu sənətdəyəm.. Pedaqoq olmağıma baxmayaraq hələ də kamançanın sirlərini öyrənməyə çalışıram. Çünki kaman ustadımız Habil müəllim də özünə ustad demir. Biz müəllim olsaq da, hələ də öyrənirik!
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-5 sentyabr.-S.13.