Xaçmazın tarixini
yaşadan mərkəz
Təxminən
iki ay əvvəl yeni binasının
açılışı olan Tarix-Diyarşünaslıq
Muzeyinə qısa müddətdə mindən çox ziyarətçi
gəlib
Layihə
çərçivəsində bu dəfəki yazımız
bu yaxınlarda dövlət başçısının
iştirakı ilə açılışı olan Xaçmaz
Tarix-Diyarşünaslıq Muzeyi ilə bağlıdır.
Qədim
tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək
nəsillərə çatdırılması
baxımından Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə
malikdir. Muzeydə həm ölkəmizin, həm də
Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər
üçün maraq doğuran çoxlu sayda eksponat var. Yeni
muzey Xaçmaz şəhərinin Heydər Əliyev
prospektində, Şəxsiyyətlər Muzeyinin ərazisində
inşa edilib. İki filial və yeddi şöbədə fəaliyyət
göstərən muzeyin 1930-cu ildə tikilən binası
artıq istismar müddətini başa vurmuş və istifadəyə
yararsız vəziyyətə düşmüşdü. Yeni
binanın tikintisinə isə 2013-cü ilin əvvəlində
başlanılıb. Xüsusi memarlıq üslubunda tikilən
bina bütün lazımi kommunikasiya xətləri və
müvafiq avadanlıqlarla təchiz edilib.
Muzeyin birinci mərtəbəsində İstiqlal bölməsi yerləşir. Burada dövlətçilik tariximiz dövrlər üzrə əksini tapıb. Bu bölmədə istiqlal tariximizlə bağlı maraqlı eksponatlar toplanıb. İkinci Dünya müharibəsinə aid eksponatlardan da zəngin tarixi məlumatlar əldə etmək mümkündür. İkinci Dünya müharibəsi illərində Xaçmaz rayonundan 8 min 739 nəfər döyüşlərdə iştirak edib. Onlardan 2 min 800-ü həlak olub, Moskvanın müdafiəsi döyüşlərində 124 xaçmazlı dünyasını dəyişib. Muzeydə döyüş iştirakçılarına aid döş nişanları, orden və medallar nümayiş olunur. Bu bölmədə, həmçinin 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinə aid eksponatlar da var. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Xaçmaz rayonundan 226 nəfər şəhid olub. Onlardan biri Milli Qəhrəman adına layiq görülüb. Müxtəlif tarixi formasiyalar zamanı əhali tərəfindən istifadə edilən pul nümunələrindən ibarət numizmatika guşəsi də muzeyə gələnlərdə maraq doğurur.
Xaçmazlıların
həyat
tərzini və
məişətini əks
etdirən eksponatlar
Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi də fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib. Xaçmaz rayonunun ərazisində 28 qədim kurqan aşkarlanıb. Ehtimal olunur ki, qədim türklərə aid olan kurqanların 4 min il yaşı var. Muzeydəki guşələrin birində dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və məşğuliyyətini əks etdirir.
Muzeydə Xaçmazdakı 28 min hektar meşə sahəsi ilə bağlı guşə də yaradılıb. Bu bölmədəki dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və məşğuliyyətini əks etdirir. Rayonun Ləcət kəndi ərazisində aparılan qazıntılar zamanı e.ə. I minilliyə aid saxsı küp aşkarlanıb. O vaxtlar bu küpdə ərzaq saxlanıldığı ehtimal olunur. Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir. Muzeydə ideoloji tədris bölməsi də yaradılıb. Burada Azərbaycan tarixinə, görkəmli şəxsiyyətlərə və dövlətçiliyimizə həsr edilmiş filmlər nümayiş olunur. Muzeydə eksponatların bərpası və qorunması məqsədi ilə ayrıca fond-bərpa otaqları da var. Gələcəkdə muzeyin birinci mərtəbəsində rəsm qalereyası da yaradılacaq.
Tarix-Diyarşünaslıq Muzeyində ayrıca konfrans zalı, fond və digər texniki otaqlar da var. Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, yeni fəaliyyətə başlayan muzeyi ziyarət edənlərin sayı artıb. Təxminən iki ay əvvəl yeni binasının açılışı olan muzeyə qısa müddətdə mindən çox ziyarətçi gəlib. Onların arasında yerli sakinlərlə yanaşı, əcnəbi turistlər də var. Muzeyin direktoru Aqil Əlisultanovun verdiyi məlumata görə, qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malik Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində rayonun tarixini əks etdirən və turistlər üçün maraq doğuran 5000-ə yaxın eksponat toplanıb.
Rayonun tarixi abidələri
Şöbənin təqdim etdiyi məlumatda qeyd edilir ki, Xaçmaz ilk baxışda çox gənc şəhər təsiri buraxsa da, qədim ərazidir. Vaxtilə tarixi Xaçmaz qalası qapılarının olduğu yerdə indi onun maketi ucalır. Şəhərin girişi sayılan yerdə köhnə qala qapılarını xatırladan yeni tikili buraya ayrı bir yaraşıq verir. Burada qeydə alınmış 60-a yaxın tarixi abidə var. Bürünc dövrünə aid yaşayış yerlərinin qalıqları, kurqanlar, daş kitabələr, məscidlər, qədim Xudat qala-şəhərini, Qraqurtlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şeyx Yusif (XV əsr) məscidi tarixi ekskursiyaları sevənlər üçün yaxşı nümayiş obyekti ola bilər. Ən qədim arxeoloji abidələr Mollabürhan, Hülovlu, Qaraçik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim kurqanlar və Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləridir. Rayon içində ən məşhur abidə qədim Alban kilsəsi və tarixi dəmiryol stansiyasıdır. Niyazabad limanı Xaçmazdakı tarixi-stratejik əhəmiyyətli obyektdir. Liman XVI əsrdən başlayaraq dəniz yolu ilə Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin yaradılmasında mühüm rol oynayıb. Bölgədən şimal ölkələrinə ipək, sənətkarlıq məmulatları, meyvə qurusu ixrac edilib. Xəzər dənizi ticarətində nəzərə çarpan yenilik Şirvanın Qərbi Avropa ölkələri ilə intensiv ticarətə bağlanması idi. Bu ticarətdən genuyalı və venesiyalı tacirlərin daha fəal istifadə etməsinə səbəb olub.
Mərkəzdə yerləşən dəmiryolu vağzalının möhtəşəm binası bu kurort şəhərinin gözəlliyini artırır. Dəmiryol stansiyasının geniş sahəsi mini şəhərciyi xatırladır. Dəmiryollarında çalışanların ailələrinin yaşaması üçün burada hər cür şərait nəzərə alınıb. Memarlığı ilə seçilən stansiya 1898-ci ildə inşa edilib. Zaqafqaziyada çəkilən ilk dəmiryollarındandır. Deyilənlərə görə, Quba quberniyasından məktubla çara müraciət edərək dəmiryollarının buradan keçməsini xahiş ediblər. Quba-Xaçmaz avtomobil yolunun da əsası o zaman qoyulub. İlk əvvəl faytonların buradan keçə bilməsi üçün yollara çınqıl səpilib. XIX əsrin ikinci yarısında kapitalizmin inkişaf etməsi ilə Qafqazdakı təbii zənginliklərin Rusiyaya daşınması üçün əlverişli və sürətli nəqliyyat vasitəsinə yaranan zərurətdən buralara dəmiryolları çəkilib. Rayonda mövcud olan yeddi tarixi dəmiryolu stansiyasının hamısı tarixi əsər statusu daşıyır. XX əsrin ilk illərində inşa olunmuş digər altı dəmir yol vağzalı binası və eləcə Su qülləsi indiyədək normal qaydada çalışır.
1903-cü ildə inşa
edilmiş Su qülləsi
memari quruluşuyla
diqqəti çəkir. Şirinsulu bulaqlarla zəngin olan Xaçmazdan böyük su sıxıntısı yaşayan
Abşeron yarımadasına və kapitalizmin sürətlə inkişaf
etdiyi, getdikcə böyüyən neft şəhəri Bakıya içməli su məhz buradan,
dəmiryolu vasitəsilə yollanırdı. Stansiyadakı Su qülləsi, su
anbarı rolunu oynayırdı. Buradan su sisternlərə doldurularaq dəmiryoluyla paytaxta
yollanırdı. Uzunluğu 175 km olan kəmər tarixi abidələr siyahısına daxildir. 1917-ci ildə istismara
verilmiş məşhur su
kəməri Xudat
yaxınlığındakı Şollar kəndindən
çıxır. “Şahdağ”ın ətəyindəki bu mənbə yeraltı bulaq
suyu olduğundan onun kimyəvi vasitələrlə təmizləməyə
ehtiyac qalmır. Kəmərin əsas hissəsi
torpağın altı ilə çəkilib. Bərk gildən
hazırlanan “Bakı-Şollar” xəttində fəaliyyət
göstərdiyi 100 ilə yaxın müddətdə bir dəfə də olsun,
hansısa qəza hadisəsi baş verməyib.
Anar Miriyev
Palitra.-2013.-7 sentyabr.-S.11.