Qafqaz İslam Ordusu: qardaş xalqların
ortaq qürur mənbəyi və tarixi zəfərin təminatçısı
Qafqaz İslam Ordusunun Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərinin nə dərəcədə böyük olduğunu bilmək üçün onun fəaliyyətinə qısa nəzər salmaq zəruridir. Bu ordu Azərbaycanın ən çətin anlarında onun dadına yetən türkiyəli hərbçilər və azərbaycanlılardan təşkil olunmaqla, Azərbaycan torpaqlarının quduz erməni-bolşevik birləşmələrindən qurtulmasında həlledici rol oynadı...
Qafqaz İslam Ordusunun Azərbaycanı xilas etmək üçün hərəkətə keçməsi ərəfəsində ölkəmizdə və onun ətrafında ictimai-siyasi durum çox qəlizləşmişdi. Hələ 1917-ci ildə Rusiyada baş verən fevral inqilabı və oktyabr çevrilişi birinci dünya müharibəsinin mühüm hadisələrindən biri oldu. Çünki, 1918-ci ilin martında sovet Rusiyası ilə Almaniya başda olmaqla müttəfiq dövlətlər arasında Brest-Litovskda sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə, rus ordusu qısa müddətdə Şərqi Anadolunu tərk etməli, Ərdəhan, Batum, Qars şəhərləri ruslar tərəfindən boşaldılmalı idi. Beləliklə, Brest-Litovsk müqaviləsi Osmanlı paşası Ənvər paşanın Qafqaz planının reallaşması üçün münbit bir şərait yaratdı. Digər tərəfdən, I Dünya müharibəsi illərində rus ordusunun köməyindən yararlanan erməni silahlı dəstələri Anadoluda 100 minlərlə türkün həyatına son qoyaraq "Böyük Ermənistan" planını reallaşdırmaq üçün soyqırıma başladılar. Lakin erməni hərbi birləşmələri öz mənfur planlarını həyata keçirə bilməyib, geriyə-Cənubi Qafqaza çəkilməyə məcbur oldular. Erməni hərbi birləşmələri Azərbaycanın cənubunda, qərbində və şimalında türk-müsəlman əhalisinə qarşı qırğınları daha amansızlıqla həyata keçirməyə başladılar. Bütün bunlar, müəyyən qədər özünə gələn Osmanlı dövlətini məcbur edirdi ki, din, dil və qan qardaşı olan azərbaycanlıları, eləcə də Qafqazı daşnak-bolşevik qırğınlarından qurtarmaq üçün əməliyyata başlasın. Ona görə də, 1918-ci ilin əvvəllərindən başlayaraq Osmanlı dövləti yaranmış tarixi fürsətdən maksimum istifadə etmək üçün Qafqaz yürüşünü gündəlik planına daxil etdi. Doğrudur, Cənubi Qafqazda mövcud dövlət qurumu olan Zaqafqaziya seymi Osmanlı dövlətinə isti münasibətdə deyildi. Arxivlərə nəzər yetirilərkən, qeyd edilir ki, həm Trabzon, həm də Batum konfranslarında məlum olur ki, erməni və gürcü nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin şərtlərini yerinə yetirmək fikrində deyil. Erməni və gürcü nümayəndə heyəti müqavilənin şərtlərindən doğan nəticələrlə barışmaq istəmir və Osmanlıya düşmən münasibətdə olduqlarını açıq şəkildə bəyan edirlər. Yalnız Azərbaycan nümayəndə heyəti Osmanlı dövlətinin ona göstərə biləcəyi yardımın nə qədər böyük əhəmiyyət kəsb etdiyini açıq-aydın hiss edir və Osmanlıya rəğbətini gizlətmir...
1918-ci il mayın 26-da Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan Tiflisdə öz müstəqilliyini elan etdilər. Yeni elan olunan üç dövlətdən Gürcüstanın paytaxtı Tiflis, Ermənistanın paytaxtı İrəvan oldu. Azərbaycanın paytaxtı Bakı Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən işğal edildiyindən Gəncə müvəqqəti paytaxt oldu. Elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq və onu real dövlət qurumuna çevirmək milli-demokratik qüvvələrin ən çətin vəzifələrindən biri idi. Elan olunmuş dövlətin çətinlikləri çox idi:Azərbaycan dövləti özgə bir ərazidə - Tiflisdə elan olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin öz torpaqlarını qoruya biləcək ordusu yox idi. Azərbaycan xalqına düşmən olan, Azərbaycan torpaqlarını işğal edən və Bakını özünə paytaxt seçən Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin 20 mindən artıq nizamlı silahlı qüvvəsi var idi. Azərbaycandakı mövcud siyasi, iqtisadi və hərbi durum çox mürəkkəb idi. Sovet Rusiyası Bakı neftindən yararlanmaq üçün, nəyin bahasına olursa-olsun, Azərbaycanı əlində saxlamağa cəhd göstərirdi. I Dünya müharibəsində bir-birinə qarşı vuruşan İngiltərə və Almaniya Azərbaycanla bağlı müxtəlif planlara malik idilər. Çar Rusiyasından Azərbaycana qalan miras hərbi xidmətdən və silah daşımaqdan məhrum edilən əhalidən və primitiv qaydada mövcud olan dağınıq təsərrüfatdan ibarət idi. Bütün bunları nəzərə alan Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə sülh müqaviləsi imzaladı. Gürcüstan və Ermənistanla imzalanan müqavilədən fərqli olaraq Azərbaycanla bağlanan müqavilə daha səmimi və Azərbaycan xalqının xeyrinə idi.
Hələ 1917-ci ilin fevralında çarizmin devrilməsindən sonra Rusiyada Müvəqqəti hökumətin dövründə ermənilər və gürcülər öz milli qüvvələrini təşkil edərkən heç bir çətinliklə qarşılaşmadılar. Çünki, çar Rusiyası dövründə rus ordusunun tərkibində kifayət qədər erməni və gürcü əsilli əsgər və zabit var idi. Bunu azərbaycanlılarla bağlı demək mümkün deyildi. Çarizmin milli ayrı-seçkilik siyasətinin nəticəsi olaraq azərbaycanlılar hərbi xidmətə cəlb olunmurdular.
1918-ci il aprelin əvvəlində Osmanlı dövlətinin hərbi naziri Ənvər paşa Batumda Azərbaycan nümayəndələri ilə görüşdü. Azərbaycan nümayəndə heyətinin Osmanlı dövlətindən yardım istəməsi ilə Ənvər paşanın Qafqaz siyasəti üst-üstə düşürdü. Ənvər paşanın Qafqazda islam dövləti qurmaq və Osmanlı ilə Sovet Rusiyası arasında bir bufer dövlət yaratmaq arzusu Qafqaz türklərinin, o cümlədən azərbaycanlıların müdafiə olunmasını zəruri edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından bir az əvvəl 1918-ci il mayın 11-də Şimali Qafqaz Cümhuriyyəti elan edildi. Ənvər paşa Qafqaz maraqlarını təmin etmək məqsədilə Şimali Qafqaz Cümhuriyyətini tanıdı və bu dövlətə hərbi yardım göstərilməsi ilə bağlı göstəriş verdi. Şimali Qafqazın və az sonra Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövləti tərəfindən tanınması sovet Rusiyasını təsirli dərəcədə qıcıqlandırdı. Sovet Rusiyası yaxşı başa düşürdü ki, Osmanlı nüfuzunun Azərbaycanda və Şimali Qafqazda yayılması bu torpaqların Rusiyanın nəzarətindən çıxması demək idi. Xüsusilə, Sovet Rusiyasının Bakı neftindən məhrum olunması Rusiya iqtisadiyyatına ağır zərbə vurmuş olardı. Ona görə də, Sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerin 1918-ci il mayın 30-da Osmanlı dövlətinə nota göndərərək Qafqaz dövlətlərinin tanınma qərarına öz etirazını bildirdi. Lakin Osmanlı qərarından dönmək və Qafqaz yürüşünü təxirə salmaq fikrində deyildi.
Qafqaz İslam
Ordusunun
yardımını
zəruri edən səbəblər
Rusiyanın I Dünya müharibəsindən yarımçıq çıxması, rus ordusunun bir neçə cəbhədə başıpozuq vəziyyətdə fəaliyyət göstərməsi, ermənilərin Şərqi Anadoluda törətdikləri soyqırımı Azərbaycanda da həyata keçirmələri, azərbaycanlıları Osmanlıdan yardım istəməyə sövq etdi. Bu məqsədlə 1917-ci ilin oktyabrında Qafqaz türklərindən təşkil olunan nümayəndə heyəti Mosul şəhərində 6-cı ordunun rəhbərliyi ilə görüşdü. Altıncı ordunun rəhbərliyi Qafqazdakı vəziyyəti yerində öyrənmək məqsədilə 3 zabitini həmin nümayəndə heyəti ilə Qafqaza göndərdi. Qafqazdan qayıdan zabitlər Osmanlı qüvvələrinin bu əraziyə əlverişli yürüşü üçün münbüt şəraitin yarandığını təsdiq etdilər. Beləliklə, bolşevik çevrilişinin Rusiyada yaratdığı sarsıntı, Qafqazda rus hakimiyyətinin iflasa uğraması, Azərbaycanın demokratik qüvvələrinin Osmanlıdan yardım istəməsi, burada hərbi hərəkata başlamaq üçün əlverişli şəraitin yaranması Ənvər paşaya müharibənin əvvəlindən bəri gözlədiyi tarixi fürsəti həyata keçirməyə imkan verdi.
1918-ci il fevralın 16-da Ənvər paşa Qafqaz, Dağıstan, Türküstan və Rusiyaya tabe olan müsəlman ölkələrinə ehtiyac hiss etdikləri yardım və köməyi göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Əmrdə qeyd olunurdu ki, adıçəkilən bölgələrə dəyanətli və vətənpərvər zabitlərin göndərilməsi məqsədəuyğundur. Əmrə görə bizim indiki hərbi dildə desək, polkovnik-leytenant Nuru bəy (Ənvər paşanın ögey qardaşı) Tehran Mərkəzi Heyətinin rəhbəri, podpolkovnik Şövkət bəy Dağıstana, minbaşı Nazim Cavad bəy Əfqanıstana və Xəlil paşanın məsləhət gördüyü digər zabitlər isə Qafqazın digər bölgələrinə və Türküstana göndərilməli idi. Qafqazda türk və islam əhalisinin yaşadığı bölgələrdə təşkilatların yaradılması və bu xalqların nümayəndələrindən ibarət İslam ordusu təşkil etmək üçün Nuru bəyin təşkil etdiyi nümayəndə heyətinin Azərbaycana göndərilməsi Ənvər paşa tərəfindən məsləhət görüldü. Belə bir orduya Nuru bəyin polkovnik-leytenant rütbəsi ilə rəhbərlik edə biləcəyinə olan şübhələri yox etmək üçün ona fəxri general rütbəsi verildi. Eyni zamanda, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tərkibinə daxil edilən və Azərbaycana göndərilən zabitlərə də bir üst rütbə verildi.
1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid təlimatnaməni təsdiq etdi. Bu təlimatnamə Qafqaz İslam Ordusunun qarşısında duran vəzifələri və fəaliyyət istiqamətlərini müəyyənləşdirirdi. Təlimatnaməyə görə, "Qafqaz ordusunun təşkilində məqsəd qafqazlıların təşkil edəcəyi ordunun əsasını vücuda gətirmək, bu əsası tədricən genişləndirmək, qafqazlı əsgərlərə təlim vermək, Qafqazda yüksək islam mənfəətlərini və hüquqi-müqəddəsi-xilafəti və dövləti-Osmaniyyə ilə rəvabiti-siyasiyyə və əsgəriyyəni təsis etmək idi" - Türkiyə mənbələri bu barədə belə qeyd edirlər.
Qafqaz Ordusu
Almaniyanın
Bakı
planlarına qarşı
Ənvər paşa Qafqaz əməliyyatını Osmanlının müttəfiqi alman dövlətindən və onun qərargahından gizli saxlamağa çalışırdı. Bu barədə bizə məlumat verən tarixçi alim, professor Anar İsgəndərov qeyd edir ki, Almaniyanın Bakı nefti ilə bağlı siyasi planları Osmanlı qüvvələrinin Azərbaycanla bağlı Qafqaz yürüşünün həyata keçirilməsi üçün ciddi əngəllər yaradırdı: “Buna görə də, Ənvər paşa Qafqaz yürüşünü Osmanlı ordusunun hərbi əməliyyatı kimi yox, qurulacaq ordunun azərbaycanlılardan təşkil edilməsi kimi təbliğ edirdi. Qurulan orduya Qafqaz İslam Ordusu adının verilməsi Almaniyanı şübhələndirməmək üçün seçilmiş bir fənd idi”.
Nuru paşa Qafqaz İslam Ordusunun təşkili üçün Mosulda yerləşən 6-cı ordudan 149 zabit və məmur, 488 gizir və əsgər seçir: “Nuru paşa bu heyəti 20-30 nəfərlik qruplara bölərək 1918-ci il aprelin əvvəllərində Azərbaycana yola saldı.Nuru paşa 20 nəfərlik zabit heyəti ilə çətin yol şəraitini dəf edərək mayın 9-da Təbrizə çatdı. Cənubi Azərbaycanın böyük bir hissəsi, o cümlədən Təbriz şəhəri osmanlı qüvvələrinin nəzarəti altında idi. Urmiyə gölü ətrafında erməni silahlı dəstələrindən canını qurtaran yerli əhali türk qoşunlarından kömək istədilər. Osmanlı qoşunları yerli əhaliyə əllərindən gələn köməkliyi etdilər”.
Qeyd edək ki, hələ Təbrizdə ikən Nuru paşa Bakıya can atan ingilis qoşun hissələri barədə məlumat toplamaq üçün zabit heyətinə xüsusi tapşırıq verir. Nuru paşadan bu tapşırığı alan İbrahim Kamal bəy Urmiyə gölü ətrafından geri çəkilən ingilislərin vəziyyəti haqqında mümkün məlumatı topladıqdan sonra Gilan məntəqəsinin hakimi Kiçik xanla görüşərək, İslam Ordusu hissələri ilə Kiçik xanın silahlı dəstələrinin birgə fəaliyyətinin nizamlanması imkanlarını müzakirə edirlər. Nuru paşanın zabit heyəti mayın 12-də Savucbulaq-Təbriz-Alacücə yolu ilə hərəkət edərək mayın 20-də Araz çayına çatır. Nuru paşanın dəstəsi Azərbaycanın Zəngəzur bölgəsinə daxil oldu və ilk gündən yerli əhalinin böyük sevinci və rəğbəti ilə qarşılaşır. Dəstə Zəngəzura çatdığı vaxt erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğınları amansız bir şəkil almışdı. Bu qırğınların qarşısını almaq və yerli əhalidən müqavimət dəstələri yaratmaq üçün Nuru paşa bir neçə türk zabitini həmin bölgədə saxladı. Bir neçə türk zabiti isə Naxçıvan və Ordubad bölgələrinə göndərilir. f
Nuru paşa Cəbrayıl-Ağdam-Tərtər marşrutu ilə Yevlaxa gəldi. Mayın 24-də Yevlaxda Nuru paşanın təntənəli qarşılanma mərasimi oldu. Nuru paşa Qafqaz İslam Ordusunun qərargahının Nuxada yaradılmasını qərara almışdı. Lakin Nuxa ətrafında erməni dəstələrinin fəallığı və oranın əsas nəqliyyat xətlərindən kənarda qalması Nuru paşanı qərargahını Gəncədə təşkil etməyə məcbur etdi. Nuru paşa mayın 25-də Gəncəyə gəldikdən sonra Azərbaycanın müxtəlif bölgələri ilə əlaqə yaratdı və həmin bölgələrdə müqavimət dəstələrinin təşkilinə başladı. Az vaxt ərzində Gəncə, Qazax, Zaqatala, Nuxa, Ağdam, Ağdaş, Cəbrayıl, Qarabağ və Zəngəzurun şərq hissəsini əhatə edən ərazilərdə asayişin təmini üzrə idarə və komandalar təsis edildi. Nuru paşa Azərbaycana gəlməmişdən bir az əvvəl Azərbaycanın müxtəlif bölgələrində ermənilərə qarşı mübarizə aparmaq üçün könüllü silahlı dəstələr təşkil edilib. Bu dəstələrin başında I dünya müharibəsi illərində əsir düşmüş və Azərbaycana gətirilən türk zabitləri dayanırdı.
Nuru paşanın Azərbaycana yürüşü ərəfəsində azərbaycanlılardan təşkil olunmuş korpusda şəxsi heyətin sayı həddən ziyada az idi. Korpusda cəmi 1000 nəfərə qədər əsgər və zabit var idi və onların da yarısı keçmiş türk əsirləri idi. Beləliklə, Nuru paşa Azərbaycandakı mövcud vəziyyəti diqqətlə öyrəndikdən sonra Osmanlıdan əlavə qüvvə gəlmədən Bakı üzərinə yürüşün heç bir nəticə verməyəcəyinə əmin oldu. Bununla bağlı Nuru paşa Ənvər paşaya müraciət edərək Azərbaycanda mövcud olan qüvvələrlə Qafqaz İslam Ordusunun komandanlığı qarşısında qoyulan vəzifələrin həllinin qeyri-mümkün olduğunu onun nəzərinə çatdırdı.
Qüvvələr
nisbəti düşmənin
xeyrinə idi...
Nuru paşa Azərbaycanda siyasi vəziyyətin nə qədər ağır olduğunu Gəncəyə gəldikdən sonra daha müfəssəl anlamışdı.Azərbaycan xalqı bolşevik, rus və erməni təcavüzünə qarşı müdafiəsiz bir vəziyyətdə idi.Azərbaycan milli korpusunun adı nə qədər böyük səslənsə də, əslində, nizami ordu deyilən qoşun dəstəsi hələ yaradılmamışdı.Digər tərəfdən, osmanlıdan köməyə gələn türk zabitlərinin köməyi ilə yerli xalqdan təşkil ediləcək qüvvələrlə Azərbaycanın daşnak-bolşevik zülmündən xilas edilməsi mümkün deyildi. Bütün bunları diqqətlə öyrənən Ənvər paşa Şərq orduları qrupunda yerləşən Beşinci Qafqaz diviziyasının Qafqaz İslam Ordusunun tərkibinə daxil edilməsi əmrini verdi. Beşinci Qafqaz diviziyasının tərkibində 257 zabit, 5575 süvari var idi. Artıq Nuru paşanın tabeliyində iş görə biləcək nizamlı bir qüvvə mövcud idi. Ancaq Nuru paşa onu da dərk edirdi ki, Azərbaycanda mövcud olan daşnak-bolşevik qüvvələri ilə müqayisədə Azərbaycana göndərilən Osmanlı qüvvələri kifayət etmir. Buna görə də, 1918-ci ilin iyunun 20-də Ənvər paşaya göndərdiyi növbəti məktubunda əlavə olaraq 20 min tüfəng, hərbi sursat, bundan başqa nizamlı qüvvə və süvari qoşun təşkil etmək üçün zabit kadrlarına ehtiyacı olduğunu bildirdi. Bütün bunları nəzərə alan Ənvər paşa Qafqaz hərəkatının tam uğurlu alınmasını təmin etmək məqsədilə 15-ci piyada diviziyasını da Qafqaz İslam Ordusunun sərəncamına göndərdi. On beşinci piyada diviziyasında 157 zabit və 7636 sıravi var idi.On beşinci piyada diviziyasına polkovnik-leytenant Süleyman İzzət bəy komandanlıq edirdi. Həm 5-ci Qafqaz diviziyası, həm də 15-ci piyadadiviziyası I Dünya müharibəsi illərində özünü doğrultmuş və Osmanlı ordusunun ən şərəfli və döyüşkən ordusu adına layiq görülmüşdü…Düşmən qüvvələrinin say çoxluğunu bir daha önə çəkən Nuru paşa Ənvər paşanı inandırdıqdan sonra 36-cı diviziyanın 106 və 107-ci alayları da Bakı cəbhəsinə göndərildi. Müqayisə üçün onu qeyd etmək lazımdır ki, 1918-ci ilin iyunun axırlarında Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələrinin sayı 20 min nəfərdən çox idi…
Qəhrəmanlar
düşmənin sayca
üstün
güclərini darmadağın edirlər
Qaynaqlarda bildirilir ki, türk qoşun hissələri Azərbaycana gəldiyi gündən qaynar döyüş şəraitinə düşdülər. Bolşevik-daşnak qüvvələri həm Şamaxı yolu, həm də dəmir yolu xəttilə Qərbə doğru irəliləməkdə idi. Bakı Soveti qurumunun rəhbəri Şaumyan Gəncədə fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyəti hökumətini məhv etmək üçün bütün gücü ilə hücuma keçmişdi. Ona görə də, Qafqaz İslam Ordusu komandanlığı Bakı Soveti qüvvələrinə qarşı mübarizənin başlanmasına qərar verdi. Nuru paşa başa düşürdü ki, onun birinci vəzifəsi Gəncə ətrafında mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı erməniləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Həmin vaxt Gəncədə 20 mindən artıq erməni yaşayırdı. Şəhərin şərqində yerləşən ermənilər türk qoşunlarının Azərbaycana gəlməsi və Gəncədə qərargah yaratmaqları ilə razılaşa bilmirdilər. Onlar Bakı Soveti qüvvələrinin Gəncəyə doğru sürətlə hərəkətinin intizarında idilər. Gəncənin şərq hissəsində yaşayan ermənilər 600 nəfərlik bir silahlı dəstəyə malik idilər. Həmin silahlı dəstənin ixtiyarında hər cür atıcı silahlar, o cümlədən pulemyotlar və müxtəlif növ hərbi sursatlar var idi. Nuru paşanın əmrilə iyunun 10-da Gəncə ermənilərinin tərk-silah edilməsinə başlandı. İyunun 11-də Nuru paşa tərəfindən yaradılan Gəncə dəstəsi erməni məhəlləsini mühasirəyə aldı. Türk süvari alayının əsgər və zabitləri döyüşqabağı mövqe tutaraq 4 erməni müşahidəçisini və keşikçisini əsir götürdülər. İki türk zabiti erməni məhəlləsinə gedərək onlara tərksilah olunmağın zəruriliyini anlatdı. Ermənilər heç bir təklifi qəbul etmədilər və zabitləri atəşə tutdular. Sonra da bütün gücü ilə hücuma keçərək türk qüvvələrini mühasirəyə almağa cəhd göstərdilər. Baş verən ağır döyüşün gedişində Gəncə dəstəsindən 13 nəfər öldürüldü, 7 nəfər isə yaralandı. Gəncə dəstəsinin bölmələri bir qədər geri çəkilsə də, etibarlı mövqe tutaraq erməni hücumunun qarşısını aldı. Türk ordusu rəhbərliyi Yelenendorfdan olan bir alman vasitəsilə ermənilərə xəbər göndərdi ki, əgər atəşi dayandırıb təslim olmasalar, erməni məhəlləsi toplardan bombardman ediləcəkdir. Bu xəbərdarlıqdan sonra saat 11 radələrində bir keşiş, bir erməni zabiti və bir komissar əllərində ağ bayraq Gəncə dəstəsinin qərərgahına gəldilər. Danışıqlardan sonra ermənilər tərk-silah olmağa razılıq verdilər. Lakin ermənilər bu vədlərinə də əməl etmədilər. Axşam düşdüyü üçün əməliyyatı iyunun 12-də davam etdirilməsi qərara alındı. İyunun 12-də türklər tərəfindən atılan top atəşləri erməniləri təslim olmağa məcbur etdi. Türk qoşun hissələri 3 gün ərzində erməni məhəlləsini mühasirədə saxlayaraq tərksilahı başa çatdırdılar. Beləliklə, Gəncə şəhərində Qafqaz İslam Ordusu üçün mövcud olan təhlükə aradan qaldırıldı.
Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü. Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər şəhid vermişdi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid verdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri kifayət qədər idi.
Beləliklə, sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi.
Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı: "Cəsur türk əsgərlərinin Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır".
Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirtdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı…
Qafqaz İslam
Ordusu haqqında
hər şeyi
bilirikmi?
Əslində Qafqaz İslam Ordusunun qəhrəmanlıqları haqqında çox faktlar hələ də təfərrüatı ilə bizim üçün naməlum olaraq qalır.
Qafqaz İslam Ordusu yalnız Bakı şəhərinin azad edilməsilə məhdudlaşmadı, Gəncədən başlayaraq Bakıya qədər böyük bir ərazini daşnaklardan, ermənilərdən, bolşeviklərdən tamamilə azad etdi və Azərbaycan bunun nəticəsində müstəqilliyinin gerçəkləşməsinə nail oldu. Gəncədə, Göyçayda, Hacıqabulda, Kürdəmirdə, Ağsuda, Şamaxıda, Biləcəridə, Qobustanda, Güzdəkdə, Bakının digər ətraf ərazilərində qanlı savaşlar getdi və Azərbaycan azad edildi. Əgər 1918-ci ilin 28 mayında Azərbaycan cümhuriyyəti sözlə elan edilmişdisə, Bakı sentyabrda azad ediləndən sonra Azərbaycanın istiqlalı əməli bir şəkildə həyata keçirildi. Azərbaycanın istiqlalı yalnız Bakının azad edilməsi ilə mümkün ola bilərdi ki, bu da Qafqaz İslam Ordusunun sayəsində baş verdi. 1000-dən çox Osmanlı əsgəri həlak oldu,yüzlərlə yenicə formalaşan Azərbaycan ordusu əsgərləri həlak oldular. Bizə fikirlərini bildirən tarixçi alim Nəsiman Yaqubda qeyd edir ki, Nuru paşanın bu işdə xüsusi fədakarlığı və qəhrəmanlığı oldu: “Bu günə qədər Azərbaycanın heç bir ərazisində Nuru paşaya xatirə abidəsi qoyulmayıb. Halbuki Gəncədən Bakıya qədər olan ərazidə - hər bir addıma onun və qəhrəman ordusunun izləri var. Savaşlar getmiş bölgələrimizdə hələ də yaşlı insanlar Nuru paşa barəsindəki xatirələri özlərində yaşadırlar, onlar bu xatirələri həvəslə bölüşürlər. Bizim Nuru paşa və onun ordusunun xatirəsini əbədiləşdirməyə, ona abidə qoymağa, film çəkməyə borcumuz var. Nuru paşanın yalnız Türkiyə səfirliyinin həyətində kiçik bir heykəli var. Bakıda Nuru paşaya abidə qoyulmalıdır”.
Tarixçi alim onu da düşünür ki, Qafqaz İslam Ordusu haqqında çoxlu araşdırmalar aparılmalıdır,kitablar çap edilməlidir. Bu mövzu dərsliklərdə dolğun əks etdirilməlidir. Ali məktəblərdə, elmi-tədqiqat müəssisələlərndə bu mövzuda ciddi və fundamental araşdırmalar getməlidir. Azərbaycan mediası və telekanalları bu mövzuya ciddi diqqət yetirməlidir: “Qafqaz İslam Ordusu barəsində hələ Azərbaycandakı mənbələr belə, ciddi şəkildə araşdırılmayıb. Azərbaycan mənbələrindən başqa, Rusiya, erməni, gürcü və hətta, İngiltərədəki mənbələr ciddi araşdırılmalıdır ki, bizə məlum olmayan faktlar üzə çıxsın. Bu sahədə həm medianın, həm də alimlərin qarşısında böyük vəzifələr hələ də durur. Nuru paşanın nəvəsi Türkiyədə yaşayır, onunla, digər müharibədən bilavasitə xəbəri olan insanlara görüşlər təşkil etmək, fikirlərini, xatirələrini öyrənib kitab şəklində çap etmək lazımdır. Həmçinin, Qafqaz İslam Ordusunun şərəfinə xalq və bəstəkarlarımız tərəfindən qoşulmuş alqış, öygü mahnıları olub. Bu mahnılar öyrənilib, yeni formada cəmiyyətə yenidən təqdim edilməlidir.
Beləliklə, Qafqaz İslam Ordusunun 95 illik yubileyi millətimizin böyük zəfər günüdür. Bu zəfər gününün qeyd edilməsi Osmanlı Türkiyəsi ilə yanaşı Qafqaz İslam Ordusunu təşkil etmiş azərbaycanlıların da böyük haqqıdır.
Bu, bizim birgə qələbəmiz və gələcək
birgə qələbələrimiz üçün əsas
tarixi istinadgahlardan biridir...
İlkin
AĞAYEV
Palitra.-2013.-10 sentyabr.-S.13.