Gənc rəssam Ramil
Əhmədovun fərdi sərgisi
“Mənim üçün rəssamlıq bütün elmlərin cəm olunduğu
bir aləmdir”
Ötən həftə Azərbaycan Rəssamlar İttifaqında Vəcihə Səmədova adına sərgi salonunda gənc və ən əsası böyük istedada malik rəssam Ramil Əhmədovun fərdi sərgisi keçirildi. Sərgiyə dəvət olunan qonaqlar arasında xalq rəssamları, sənətşünaslar, görkəmli incəsənət xadimləri, tanınmış iş adamları da vardı. Sərginin açılışında öncə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış etdi F. Xəlilov çıxışında gənc rəssam Ramilin yaradıcılığının bu gün Azərbaycan rəssamlıq sənətində özünə məxsus yer tutduğunu qeyd etdi. Daha sonra sərgiyə baxış mərasimi başlandı. Sərgidə gənc rəssamın “Tənhalığın aynası”, “Hisslərin rəqsi”, “Zənginlərin məkanı”, “Cəngi”, “Gün keçdi”, “Unudulmuş xoşbəxtlik”, “Nuhun gəmisi”, “Nuhun gəmisi-2”, “Nə səninlə nə sənsiz”, “Fərqli gözlər-eyni baxış”, “Məğrurun cəngisi”, “Tənha qayıq”, “Yasaq sevgi”, “Tənha qayığın tufanla mübarizəsi”, “Köhnə Bakı yeni ahəng”, “Duyğuların fəryadı”, “Bulaq başı”, “Azərbaycan gözəli”, “Qağayıların rəqsi”, “Tənha balıqçı”, “Yaşanmamış arzular”, “Muğam”, “Toy” və başqa rəsm əsərləri nümayiş olundu. R. Əhmədovun əsərlərində fərqli dünya görünürdü. Əllərinin sehrindən kətan üzərində yaranan dünya sanki insan ruhunun aynası idi.
Gənc rəssam Ramil Əhmədov sərgi haqqında təəssüratını qəzetimizlə bölüşdü:
-Bu sərgidə ən çox üstünlük verdiyim mövzular natrümort və yaşadığım duyğuların təsviri idi. Əsərlərimdə ən çox dənizi, mavi səmanı, yamyaşıl təbiət təsvirlərini görə bilərsiz. Çünki, təbiət mənə çox doğmadır. Lakin gələcək işlərimdə öz təxəyyülümü, fikirlərimi, canlandırmağı düşünürəm. Buna da əsas səbəb yaşadığımız mühit, gördüyümüz işlərdir. Mənim üçün bir çox mövzuların, bütün elmlərin cəm olunduğu bir aləmdir. Rəssamlıq sənətində həm fizika, həm ədəbiyyat, həm də riyaziyyat elmi var. Düşünürəm ki, rəssam üçün yaratdığı rəsm əsərləri hər bir insanın daxili aləminin təzahürüdür.
Ramil Əhmədov Ramiz oğlu 1981-ci ilin fevral ayının 6-da Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olub. Fiziki cəhətdən qüsurlu olsa da, bu halı onun bir rəssam kimi yetişməsində əngəl olmayıb. Əvvəllər kağız üzərində cızma-qaralar edən Ramil Əhmədov sonralar yağlı boya ilə işləməyə başlayıb. Gənc rəssam, Səttar Bəhlulzadə, Pikasso,Bəhruz Kəngərli kimi görkəmli rəssamların yaradıcılıqlarından bəhrələndiyini, onların əsərlərini örnək kimi qəbul etdiyini deyir. İndiyədək Ramil müxtəlif janırlarda yüzədək əsər ərsəyə gətirib. Əsərləri Naxçıvan MR Rəssamlar İttifaqında, Şərur şəhərindəki Şərur Türk Liseyində sərgilənib. 2001-ci ildə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Ən yaxşı gənc rəssam” adına layiq görülüb. Əsərlərinin sorağı Amerikaya da çatıb. Bu yaxınlarda R. Əhmədov Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.
Xəyalə
GÜNƏŞ
Palitra.-2013.-10 sentyabr.-S.15.